Profil şəkli dərsdə olanlar

25 Baxış

Fatime

Profil şəkli dərsdə olanlar

Şəmil Sadiq və Aytən Hüseynovanın Azərbaycan müəllimi (muellim.edu.az) qəzetində yayımlanan “Distant təhsil: üstünlüklər və çatışmazlıqlar” sorğu əsasında araşdırma məqaləsini oxuduqca, sorğunun nəticələrini gördükcə bir müəllim kimi əvvəlki dərslərim istər-istəməz gözlərimdə canlanır və müqayisəli şəkildə beyin ekranımı iki yerə bölüb izlədim, gülümsündüm, kövrəldim, qürurlandım.

Axı son üç ildə əlimizdə bayraq kimi qaldırdığımız bir ifadə vardı: Gör, toxun, et, öyrən! İndisə toxunmadan öyrənməyin yollarını axtarır dünyamız.

 

Distant Təhsil (DT) təhsilin internet vasitəsilə, rabitə şəbəkələrindən istifadə olunmaqla keçirilən bir növüdür və bu təhsil forması 7-dən 77-ə hər kəsə xitab edərək insanların komfort zonasından ayrılmadan təhsil almalarını əlçatan edir.

Dünyadakı DT təcrübəsi göstərdi ki, tədris prosesinin formasının dəyişməsinə və məsafəli rejimə keçilməsinə baxmayaraq, tədris prosesinə tələb (ilk növbədə müəllimlərə) heç bir şəkildə azalmır, əksinə, güclənir və onlara pedaqogikanın rəqəmsal kommunikasiya ilə qarşılıqlı əlaqəsi əlavə olunur.

Pandemiya dövründə orta məktəblərdə dərslərin dayandırılması insanları axtarışa sövq etdi. Yeniliklərə açıq olmağa vadar etdi. Ucqar kəndlərdə fəaliyyətini 40 il əvvəl öyrəndikləri ilə davam etdirən 60 yaşlı kompüteri yandırıb söndürmək üçün belə köməyə ehtiyacı olan Səməd (mətndə istifadə edilən adlar şərtidir) müəllim bu gün vəziyyətdən çıxmaq üçün qısa müddətdə onlayn təhsil vermək üçün effektiv platformaları araşdırmış və onlayn dərs keçməyə başlamışdırsa, gənc nəsil nələr edir, kim bilir.
Distant təhsil daha çox universitet təhsilinə şamil olunsa da, günümüzdə distant təhsildən istifadə etməyən ev, ailə, şagird, məktəb, universitet, tələbə, müəllim tapmaq çətindir. Buradan belə nəticəyə gələ bilərik ki, ən çətin vəziyyətlər yeni ideyaların, yeni yanaşmaların yaranmasına təkan verir. Odur ki, çətinlikdən qorxmayıb ona qalib gəlmək lazımdır.

Bəs distant təhsil kimlər üçün faydalıdır, nə kimi üstünlükləri, çatışmazlığı var, zərərli və xeyirli tərəfləri nələrdir, nələri edirik, nələr olmalıdır?

DT təbii ki, canlı dərs mühitinin yerini verə bilməz, canlı ünsiyyətdə şagirdlərin gözlərinin içinə baxaraq onların daxili dünyasını anlayan müəllimə, dərsin “Film otağı”nda, “Dədə Qorqud” çadırında keçilməsini arzulayan şagirdə zövq verməz. Hər halda bu təhsil vaxta qənaətdir, vaxta qənaət olduğu üçün az yorulmuş beyin yeni informasiyanı yaxşı qavrayır. Qeyd edim ki, bu təhsil formasına yanaşma hər şagird, valideyn və müəllim üçün fərqli ola bilər. Məsələn, texniki problemi olmayan məsuliyyətli şagird və valideyn üçün canlı dərsdən daha effektiv olacaq. Yəqin ki, statistikada da bu təhsil formasını bəyənənlər bu tip şagirdlərin valideynləridir. Çünki ona mane olacaq kənar təsirlər, sinfin səs küyü, dərsi pozmağa çalışan, diqqət mərkəzində olmaq üçün dərsdə qələmini atıb tutan Rəvan yoxdur, bütün suallara cavab verməyə çalışan Məleykə, dərs müddətində qələmqabını 7 dəfə yerə salan Səmra, dərsə 10 dəqiqə gec gəlib mövzunun ən maraqlı yerində dərsi bölən Nazim yoxdur. (Bunları yazdıqca klaviaturam belə gülümsəyir, darıxır keçmiş günlərimiz üçün. Arada ağlıma gəlir ki, eyha olmadı elə, oldu belə, görəsən onda necə olar. Axı biz bu müddətə müvəqqəti hal kimi baxdığımızdan hələ ki, o qədər narahat olmuruq, amma bu uzunmüddətli olsa… Olmaz, olmaz, olmasın da… Canlılığın yerinə heç nə verə bilməz ki..) Həvəsi və məsuliyyəti orta olan şagird üçün heç bir fərqi olmayacaq. Ancaq valideyn nəzarətindən uzaq internetin zərərli tərəfləri də yan təsirini göstərmiş olacaq. Məsuliyyəti aşağı olan şagird və valideyn üçün isə “distant təhsil pisdir” anlayışı formalaşacaq. Dərsə qoşulub texniki problemləri bəhanə edəcəklər, müəllim səsləyəndə cavab gəlməyəcək. Dərs bitsə də “dərsin bitməsini istəməyib” zəngi söndürməyi unudacaqlar, dərsin nə vaxt bitdiyindən bixəbərdirlər çünki. Axı onlar öyrəşiblər ki, hər zaman oxumağa məcbur edən bir müəllim olmalıdır. Müəllim də tam olaraq şagirdin nə işlə məşğul olduğunu izləyə bilmədiyi üçün şagird dərsdən yayına bilər. Çünki Təhsil Nazirliyinin tövsiyyə etdiyi, eləcə də Hədəf Liseyinin DT üçün istifadə etdiyi Microsoft Teams proqramı eyni anda ən çoxu 4 şagirdi izləməyə imkan verir. Profili dərsdə olub özü dərsdə olmayan, “su içməyə getmişdim” adı ilə oyuna başı qarışan Sakiti çox təəssüf ki, müəllim 10 dəfə çağırsa da, Sakitin səsini eşidə bilmək ümidi ilə dərsi yekunlaşdırmalı olur.

Bir qisim şagird isə uzun müddət kompüter və ya telefon qarşısında oturmağa alışmadıqları üçün şüalanmaya məruz qalır, bu da sağlamlıq baxımından müəyyən problemlərə yol açır. Baş ağrıları, halsızlıq, diqqətsizlik, ürəkbulanma və s. keyfiyyətli təhsil almalarına mane olur.

Murshud

Texniki problemlər də qaçılmazdır və bunlar içində birincisi internet(sizlik)dir. Bildiyimiz kimi, bütün məktəblərdə tədris onlayn təşkil olunmağa başlayandan ölkədə ciddi internet problemi yaşandığı müşahidə olunur. Bir sual da yaranır ki, bu gün onlayn dərslərdə iştirak etmək hər ailənin büdcəsinə uyğundurmu? Ucqar kəndlərdə yaşayan texnologiyadan uzaq və ya maddi durumu aşağı olan, evində ağıllı telefonları kompüterləri olmayan şagirdlər, müəllimlər, tələbələr onlayn dərslərə qoşula bilirmi? Təəsüüflər olsun ki, xeyr.

Hazırki vəziyyətə uyğun olaraq yarana biləcək internt(sizlik) probleminin ən başlıcası müəllimlərin və şagirdlərin fərqli məkanlarda fərqli provayderlərdən istifadə edərək dərsə qoşulmasıdır. Belə ki, yaşanacaq internet düşüşü dərslərin keyfiyyətinə zərər verə və dərsləri yubada bilər ki, bu da təhsilin keyfiyyətinə ağır zərbə deməkdir. Bunun üçün də həm Mobil Operatorlar, həm də yerli provayderlər bu iş üzərində ciddi dayanmalıdır.

Qısacası, həm təhsil, həm də texniki tərəflər tam işlək vəziyyətdə olarsa, o zaman məsafədən təhsillə əlaqədar heç bir problem olmaz.

Bir digər məsələ – imtahan…

DT varsa, deməli təhsilin keyfiyyəti və mənimsəmə kəmiyyətini yoxlamaq üçün distant imtahanlar da bu təhsilin ayrılmaz hissəsi olmalıdır.

“Evdən çıxmadan, rahatımı pozmadan, stressə düşmədən, güvəndə hiss edərək, kilometrlərlə yol getmədən imtahandan arzuladığım nəticəni toplamaq mümkündürmü?” sualı günümüzdə çoxlarını – əsasən də abituriyentləri maraqlandıran ilk sualdır.

Dünyada distant təhsil yarandığı və yayıldığı dövrdən onlayn imtahan da mövcud olmuşdur. Digər tərəfdən onlayn imtahan uğurlu təhsil təcrübəsi deməkdir.
ABŞ universitetlərinin 90%-i, Avropa ölkələrinin isə demək olar ki, hamısı distant imtahandan istifadə edirlər və bu sahədə bir xeyli təcrübəyə sahibdirlər. Ölkəmiz üçün isə distant təhsil 2009-cu ildən mövcud olsa da inkişafı 2020-ci ilin mart-aprel aylarına təsadüf edir və bir neçə ildir ki, onlayn sınaq imtahanı təcrübəmiz müəyyən qədər olsa da, nəticəsi birbaşa nələrəsə təsir edən onlayn qəbul imtahanı təcrübəmiz qənaətbəxş deyil. Onlayn imtahanın təşkil olunması üçün kifayət qədər maliyyə resursu, sürətli internet, keyfiyyətli avadanlıq əsas şərtlər hesab olunur. Onlayn imtahanlarda sıxıntı doğura biləcək əsas məsələ isə imtahan zamanı biliklərini sınayanların saxtakarlıq edib-etmədiklərinə nəzarətin 100% mümkün olub-olmayacağıdır. Bunun üçün müasir texnologiyalar zəruridir.

Bu günlərdə təhsil sektorunda onlayn imtahanlar həm Dövlət İmtahan Mərkəzini, həm də bir çox təhsil müəssisələrini düşündürən əsas məsələlərdən biridir. İstər universitetlərdə semestr imtahanları, istər məktəblərdə summativ imtahanları, istərsə də qəbul imtahanlarının onlayn şəkildə keçirilməsi üçün müzakirələr aparılır və qeyd olunan problemlərin həll yolları axtarılır, ən optimal variantın seçilməsi yolunda işlər davam edir. Hədəf STEAM Liseyinin nəzdində yerləşən STEM İnnovasiyalar Mərkəzi (STEMİM) də karantin dövrü 2019-2020-ci tədris ilinin sonuna kimi bitməsə və məktəblər açılmasa Hədəf Liseyi şagirdlərinin Böyük İnteqrativ Qiymətləndirmə (BİQ) imtahanlarının onlayn şəkildə təşkil olunması üçün problemlərin həll yolları istiqamətində işləri həyata həyata keçirir və bu məssələlərin yaxın günlərdə həllinin tapılacağı gözlənilir.
            P.S. Şagirdlərinin şiri atmacaları üçün, müəllimlərinin tələbkarlığı üçün darıxan müəllim və şagirdlər sevgilərlə…

Fatimə Mürşüdova

Bölmə : Elm, Manşet
ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10