Qədim türk yazılı abidələri haqqında dəyərli monoqrafiya

32 Baxış

108094_5q4aipep5u

Bugünlərdə Almaniyanın paytaxtı Berlində, tanınmış “Lambert Academic Publishing” nəşriyyatında AMEA-nın Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru Əbülfəz Quliyevin rus dilində “Neliçnıe formı qlaqola v yazıke orxono-eniseyskix pamyatnikov” (“Orxon Yenisey yazılı abidələrində feilin təsriflənməyən formaları”) adlanan monoqrafiyası işıq üzü görüb. 

Həmin monoqrafiyada qədim türk yazılı abidələrindəki feili bağlama və feili sifət kateqoriyaları Azərbaycan dili və digər Oğuz qrupu türk dilləri ilə tarixi-müqayisəli planda tədqiq edilib. Məlumdur ki, müstəqillik illərində dilimizin, ədəbiyyatımızın, soykükümüzün tarixinə, onun əsl elmi şəkildə öyrənilməsinə maraq xeyli artıb. Bu mənada türkologiya məsələlərinin, türk dillərinin tarixi və qohumluq əlaqələrinin öyrənilməsi xüsusilə aktuallaşmışdır və bu iş xalqımızın ümummilli maraqlarına xidmət edib. Bu baxımdan AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin bu əsəri böyük elmi əhəmiyyətə malikdir. Doğrudur, qədim türk abidələrindəki feilin təsriflənməyən formaları haqqında bir sıra tədqiqat əsərlərində ötəri şəkildə bəhs edilib, amma bu problem küll halında, kompleks şəkildə ilk dəfədir ki, adını qeyd etdiyimiz əsərdə tədqiqata cəlb edilib.

Monoqrafiya müqəddimə, giriş, üç fəsil, qısa nəticələr və ədəbiyyat siyahısından ibarətdir. İşin birinci fəslində qədim türk Orxon-Yenisey abidələrindəki feilin təsriflənməyən formalarının beynəlxalq miqyasda tədqiqi tarixindən bəhs olunur. İkinci fəsildə bu abidələrdəki feili sifət şəkilçiləri, onların etimologiyası, atributiv, predikativ və substantiv funksiyada işlənmə xüsusiyyətləri diaxronik aspektdə araşdırılır. Üçüncü fəsildə bu abidələrdəki feili bağlamalar ilkin və törəmə olmaq üzrə iki qrupda tədqiq edilib. Dəyərli alim bu kateqoriyanın Orxon-Yenisey abidələri dövründən başlayaraq müasir dövrümüzə qədərki inkişaf tarixini, xüsusilə Azərbaycan və Oğuz dilləri ilə müqayisəli planda izləmiş və maraqlı nəticələr əldə etmişdir. Müəllifin qənaətinə görə, qədim türk dili səviyyəsində morfoloji dil vasitələri daha aktiv olmuş, sonrakı inkişaf mərhələlərinə doğru gəldikcə sintaktik vasitələrin istifadəsinə meyillilik artmışdır. Monoqrafiyanın əksəriyyəti rus, alman və türk dillərindəki 165 əsərin adından ibarət olan ədəbiyyat siyahısı göstərir ki, əsər yüksək elmi səviyyədə yazılmış və bu sahəni mükəmməl bilən alim həmin problemlə dərindən məşğul olmuş, elmi qənaətlərini tamamilə əsaslandırmışdır. Onu da qeyd etmək lazımdır ki, müəllif yeri gəldikcə abidələrdəki mətnşünaslıq, epiqrafika məsələlərinə toxunmuş, qədim kitabələrdəki bəzi sözlərin yenidən oxunması, transkripsiyası üzərində dayanmış, bir çox mübahisəli məqamlara öz münasibətini ifadə etmişdir.

AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin Almaniyada nəşr edilən “Orxon-Yenisey abidələrində feilin təsriflənməyən formaları (Azərbaycan dili ilə müqayisədə)” adlı monoqrafiyasının həm Azərbaycan dilçiliyi elminə, həm də türkologiya elminə layiqli, dəyərli bir töhfə olacağına inanırıq.

Aygün ORUCOVA
filologiya üzrə fəlsəfə doktoru AMEA Naxçıvan Bölməsi