Qədimliyimizi yaşadan Novruz bayramı

32 Baxış
Novruz-Bayrami

Onun mahiyyətində türkün halının yetkin ifadəsi var.

Novruz bayramında milli ruhumuzun, qədimliyimizin çalarları yaşayır. Minillər öncə əcdadlarımız inanıblar ki, həyatı var edən od, su, hava və torpaqdır. Sonradan bu əski inanc cilalanıb, sistemli təsəvvürlər halına gəlib. Yüzillərdən bəri yol gələn, çoxlu müqavimətlərə, dəyişmələrə məruz qalan Novruz ötən müddətdə türk ruhunun özünəməxsusluğunu qoruyub saxlayıb. Millət o zaman var olur ki, qədim ruhunun soraqlarını, adət-ənənəsini, bir sözlə, özünəməxsus nəyi varsa, həmısını qoruyub saxlayır.Belədə həmin millət tarixin dolanbaclarında sarsılmır, başını itirmir. Novruzda qədimliyimizin bütün çalarları var. Hər halda bunun səbəbindəndir ki, tariximizin ən çətin məqamlarında belə bu bayram ürəklərdə yaşanıb. İnsanın ta qədimdən tonqaldan atlanması əslində onun yaşamağa inamını, pisliyin məhv olacağına əminliyini ifadə edib. Bu gün Novruz bayramı Azərbaycanda dövlət səviyyəsində qeyd olunur. Şübhəsiz, bayram hər şeydən əvvəl insanın içində olmalıdır. Novruzun mahiyyətində türkün halının yetkin ifadəsi var. Elə etmək lazımdır ki, qədimliyimizin soraqları qloballaşma həşirində gözümüzdə qətiyyən adiləşməsin, məzmunsuzlaşmasın.
Digər tərəfdən də Novruz bayramında başqa bayramlarda olduğu kimi zəngin süfrənin olması təəssüratının yaradılması ideyası da səhvdir.Təbiidir ki, insanlar imkanları çatan səviyyədə Novruz süfrəsi açmağa çalışırlar. Novruzda bişirilən şirniyyatların çoxu qədim türk düşüncəsindən soraqlardır. Məsələn, bayramda bişirilən sarı rəngli qoğal günəşi rəmzi şəkildə ifadə edir. Professor Azad Nəbiyev deyir ki, ilaxır çərşənbələriylə bağlı görüşlər ulu əcdadın, ilkin insanın yaranmasında iştirak edən su, od, yel və torpaq mifizmi ilə bilavasitə əlaqədardır. Törəniş düşüncəsi təsəvvürünü formalaşdıran bu ünsürlər mərasim folklorunda müxtəlif kult və mif sistemləri şəklində öz əksini tapıb: «Onların hər biri ilə bağlı silsilə nəğmə və miflər yarandı. Çərşənbələrin hər biri milli yaddaşda insana uğur və xoşbəxtlik gətirən rəmzlər kimi geniş məna və məzmuna malikdir. Mərasim folklorunda çərşənbələrin sayı və sıra düzümü ilə bağlı müxtəlif mülahizələr mövcuddur. Bir sıra hallarda çərşənbələr 5-7-12 arasında göstərilir.
Bu isə ümumilikdə Novruz mərasimi, onun keçirilməsi vaxtı və ölçülərinə uyğun gəlmir. Mərasim sistemində Novruza hazırlıq dekabrın 21-dən başlayır və bayram üç mərhələdə davam etdirilir. Birinci mərhələ — Böyük Çillə ilə Kiçik Çillənin arası (21 dekabr-1 fevral). İkinci mərhələ — Kiçik Çillənin davam etdiyi müddət (1-20 fevral). Üçüncü mərhələ — dörd həftəlik axır çərşənbələri əhatə edən Boz Aydır. Bundan sonra isə Novruz gəlir. İlaxır çərşənbələrin sıra düzümündə su, od və yel çərşənbəsindən sonra torpaq çərşənbəsi gəlir. Bu sıra düzümü mərasim folkloru sistemində pozulmazdır».Azərbaycanlıların ötən minilliklər ərzində çoxsaylı bayramları olub. Şübhəsiz ki, həmin bayramların heç də hamısı bu günümüzə gəlib çıxmayıb. Azərbaycan bayramlarını təsnifləşdirən Azad Nəbiyev deyir ki, bayramlar xalqın ritual və mərasim folklorunun ən əsas göstəricisidir. 40-a yaxın bayramı olan xalqımızın tamam unudulub gedən mərasimləri də var, unudulmaqda olanı da: «Hələlik milli bayramlarımızın 3 tipindən danışmaq mümkündür. Birincisi, mövsüm mərasimləri, yəni, əmək həyatının başlanması, ilin fəsilləri ilə bağlı keçirilən bayramlardır. İkincisi, məişət həyatını əks etdirənlərdir, üçüncüsü isə, dini bayramlardır. Birinci qrupa daxil olan bayramlar əsasən Xıdır Nəbi ilə başlayıb Gül, yaxud Güləkən bayramı ilə başa çatır. 20-yə qədər belə bayramların ən böyüyü Novruzdur. Xıdır Nəbi bayramı türk tayfalarının bir sıra başqa bayramları kimi bolluq, firavan yaşayış etiqadları ilə bağlı meydana gəlib. Bu bayramda əski inanclarımız, ulu əcdadlarımızın təbiətin müqəddəs ünsürləri ilə bağlı mifik və yarımmifik dünyagörüşü əks olunub. Həmin bayramda təbiətin müqəddəs ünsürlərinə inam və etiqad əks olunur.
Su və torpaq kultu bayramın əsas atributları kimi bütün mərasim və ayinləri bəzəyir».Bütün bu bayramların, adət-ənənələrin zirvəsində qədimliyimizi, ucalığımızı, idrakımızın ənginliyini, ruhumuzun bütövlüyünü özündə yaşadan Novruz bayramı durur. Novruzda Zərdüştlükdən gələn xeyrin şər üzərindəki qələbəsinə inam yaşayır, təsdiq olunur: «Azərbaycan türkləri çox əzəli çağlardan əcdadlarının yaranış və törənişi, əski maldar və əkinçilik görüşləri, zaman və fəsil anlayışları, bolluq və firavanlıq istəkləri ilə bağlı silsilə bayramlar yaradıblar. Türkün bayramları bayramdan-bayrama təzələnir, zinətlənir, daha geniş torpaqlara, uluslara, ölkələrə yayılır. Türkün bayramına gələn qonşu ellər onun min bir adət-ənənəsini, mərasimini özü ilə aparıb, türkün bayramını öz elində öz bayramı kimi qoruyub saxlayıb, onu böyük təntənə və toy-büsatla keçirib. Türkün belə böyük, ulu mərasimlərindən biri də hər il yeni təqvimlə martın 20-22-də keçirilən Novruz bayramıdır.
Qədim Oğuz mifində Novruzun həm maldarlıq, əkinçilik, həm də təqvim bayramı olduğu öz əksini tapıb. Türk oğlu firavanlığa çıxdığı ildən, yəni taxıl əkib-becərdiyi, sürülər saxlayıb böyütdüyü, özünə paltar biçib-tikdiyi, un üyüdüb çörək yapdığı günü Novruz adlandırıb. Hər il onu həyat, yaşayış, firavanlıq və bolluq günü kimi bayram edib. Novruz mifoloji düşüncəsi türk xalqları tarixində çox dərin qatlardan xəbər verən əski bayramdır. Novruzun Zərdüştilik və İslam düşüncələrindən çox-çox əvvəl, insan yaranışının dörd ünsürü — su, od, yel və torpaqla bağlı etiqadları onun türkün əski təbiət kultları ilə sıx bağlı olduğunu göstərir».

Mifoloq-alim Seyfəddin Rzasoy qeyd edir ki, Novruz bayramının tarixi təqribən 5-6 min il əvvələ gedib çıxır: «Alimlərimizin araşdırmalarına görə, qədim turanlılarda bizim indiki Novruz bayramımızda olduğu kimi, Tura bayramı olub. Bu „tura“ „törə“- „yaranma“ sözündəndir. Novruz bayramı insanın, təbiətin, kainatın yaranış bayramıdır. Köhnə il ölür, yeni il doğulur: „Novruz bayramı mərasimlərində “Kosam ikicanlıdır» ifadəsi işlədilir. Burada «ikicanlı olmaq» Kosanın ilin obrazı kimi anlaşılmasıdır: mərasimin ortasında Kosa ölür, hamı qışqırışır; Kosanın ölməsi-dirilməsi əslində ilin ölüb-dirilməsi, təbiətin yenidən doğulması deməkdir. Əslində bu təsəvvürlərdə zamanın ölüb-dirilməsi durur. İlin axır çərşənbəsində zaman qurtarır. Mifoloji təsəvvürlərdə səthi zaman olmayıb. Novruz bayramında ilin olmaması, yəni konkret rəqəmin dəqiq şəkildə göstərilməməsi əslində zamana mifoloji münasibətdir.

Aydın olur ki, burada yaşadığımız tarixi zaman yoxdur. Novruz bayramı mifoloji zamanla bağlıdır və burada birinci, ikinci, üçüncü, bir sözlə, illərin sıralanması yoxdur, burada cəmi bir zaman var; o, ilin əvvəlində doğulur, böyüyür, qocalır, axırda da ölür. Bunun da əsasında mifologiyamızdakı ölüb-dirilmə haqqındakı təsəvvürlər durur. Ölüb-dirilmə Novruz bayramında bütün çalarlarıyla yaşayır. Xüsusilə kənd yerlərində qadınlar evdəki köhnə şeyləri təzələyirlər: yorğan-döşəyi yuyurlar, divarları ağardırlar, köhnə şeyləri atırlar. Qabaqlar valideynlər balalarına nəsə təzə şey almaq istəyəndə bunu mütləq Novruz bayramına salardılar. Bu, arxetipik şüurla bağlı idi: yəni burada başdan-başa təzələnmə nəzərdə tutulurdu. Bu mənada Novruzun əsas mahiyyəti təzələnmə, yeniləşmə bayramıdır. Novruz bayramının həmin ritualları indi də yaşayır”.

Novruzun əsas atributlarından biri də səmənidir: “İnsanın həyatında taxıl, yumurta yeni doğuluşu simvolizə edən elementlərdir. Novruz elə bir geniş mənaya malik bayramdır ki, Şərqdə minillərdən bəri qeyd edilir. Şübhəsiz, Novruz bayramı ilkin, əsas arxetipləri səviyyəsində xalqımızın qədim köklərinə bağlı olan, heç bir mədəniyyət tərəfindən verilməmiş, heç kəsdən götürmədiyimiz öz bayramımızdır”.

Elçin Qaliboğlu
KÖŞƏ YAZARLARI
TOP 10