Qələbə tvitləri – Sabir RÜSTƏMXANLININ şeirləri

39 Baxış

176974_i4hpl5zder

Murovun, Dəlidağın üstündən çəkilir çən,
Qəddini yavaş-yavaş dikəldir yorğun Vətən.
İntizarı dağılır yad  olmuş sahillərin
Süsləndikcə üçrəngli bayraqla Xudafərin.
Otuz il ümid verib bizi susduran susur,
Ümidini qırdıqca Azərbaycan ordusu.
Bayram havası gəzir şəhərləri, kəndləri
Paylandıqca hər axşam qələbə tvitləri.

Ax dünya, qəddar dünya, əsiridir yalanın,
Başını əzib keçmir bu zəhərli ilanın,
Köhnə səlib havası dolaşdıqca başında
Neçə ölkə səf tutur yenə din savaşında.
Tanrı da əsir düşüb siyasətə, sir deyil,
O özü bir olsa da elçiləri bir deyil.
Şükür, yıxıb dağıdır bu çürüyən bütləri
Qanımdan qanad taxan qələbə tvitləri.

Şeytan üskük oynadır erməni kilsəsində,
Nə Allah sevgisi var, nə inanc hiyləsində.
Hər keçənə əl açır, hər tərəfdən pay umur,
Dosta xəyanət edib kənardan haray umur.
İnsanlıqdan danışır, ancaq xəyalında qan,
Nə keşişdən əl çəkir, nə ayrılır molladan.
Pozur bu oyunları yurdumun igidləri
Yayıldıqca dünyaya qələbə tvitləri.

Qartal kimi açılır Şuşanın qanadları,
Yorur Cıdır düzünü Qarabağın atları.
Haq tutur öz yerini, kökü kəsilir şərin,
Dağıdır matəmini səsimiz Kəlbəcərin.
Açır öz qollarını Kirs yolu, Laçın yolu,
Düzlənir ayağımda dağların qırçın yolu.
Aşıb keçir əsgərim divarları, sədləri.

Dilində nəğmə kimi qələbə tvitləri!

Bu bizim haqq işimiz, ədalət savaşımız,
İntiqam ala-ala dikələcək başımız,
Vur, əsgərim, vur!- deyə əmr eləyir komandan
Qoy bir də yurdumuzda tokülməsin nahaq qan.
Qayıtsın Qarabağa yenə xoşbəxt çağımız,
Başımızın üstündə üçrəngli bayrağımız!..
Qovur öz yuvasına quduzlaşan itləri!
Ali baş komandanın qələbə tvitləri.!