Tər-təmiz, ağappaq səhifəyə bircə cümlə yazdı: Ağrıtmır ki!

52 Baxış

33364911_973374829494286_7431198663747043328_n

Senet.az “Ustad” jurnalının 21-ci sayında yayımlanmış Cəmilə Məmmədlinin “Ümid” hekayəsini təqdim edir:

Həkimin dedikləri hələ də qulağımda cingildəyirdi: “Sizdə sinə xərçəngi var.” Qəribədir, əslində, buna təəccüblənməməli idim. Axı, mən bilirdim, bunun ola biləcəyini bildiyim üçün həkimə getmişdim. Amma bu sözlərin ağırlığı indi çiyinlərimi elə əzir ki… Bəlkə də, tək olsaydım heç qorxmazdım. Mübarizə edərdim – eynilə, anam kimi. Bəlkə, ondan fərqli olaraq mən qalib gəldim? Axı həkim də dedi ki, indiki müalicə vasitələri daha güclüdür, tez-tez yoxlandığım üçün vaxtında tapıblar, şansım çoxdur. Nə olsun ki, həkim elə deyir, bəs insanlar? Gülümsəsələr, təsəlli etsələr, mənim üçün dua etsələr belə, onların gözlərində oxuyuram “Yazıq, ölə bilər” fikrini. Yəqin, elə məni gücdən salan da budur – mənə inanmamaqları. Axı niyə?.. Bilsələr nə qədər incidir…

 

 

– Ana!

Gənc qadın qələmi dəftərdən qaldırmağa macal tapmamış, otağın qapısı taybatay açıldı. Cəld dəftəri bağlayıb, siyirməyə atdı. Üzünə bayaqkından tamamilə fərqli bir ifadə yerləşdirib, şən səslə dedi:

– Nədir, başımın bəlası?

Məktəbli formalı kiçik qızın yanaqları pörtmüşdü. Qara, qıvırcıq telləri tərləmiş alnına yapışmışdı. Hiss olunurdu ki, qaçaraq gəlib. Hələ ayaqqabıları belə ayağındaydı. Elə özü də bunun fərqinə varıb, qapının arxasında gizləndi. Toppuş dodaqlarını büzə-büzə nazla dedi:

– Ana, nənə dedi ki, həkimdən gəlmisən. Həkim əmi nə dedi? Yaxşısan hə, daha başın ağrımır ki?

Anası ayağa qalxıb, yanına gəldi. Qolundan tutub qapının arxasından çəkdi. Məktəbli formasının cibindən təmiz, ütülü əl yaylığını çıxarıb qızcığazın alnını sildi, yaxasını düzəltdi. Balacanın səbirsizliklə yerində vurnuxduğunu görüb bağrına basdı, yanağından öpdü. Yox, baxışlarındakı narahatlıq keçməmişdi. Gülümsəyib başını buladı:

– Hə, ağrımır. Bəs sənin niyə ayaqqabıların ayağındadı? – deyib saxta qəzəblə ayaqqabılara işarə vurdu.

– Akkaşları çıxarmaq yadımdan çıxdı… Nənə dedi ki, sən uzanmalısan, hə?

Gənc qadın duruxsa da, özünü topladı.

– Aha. Gərək bir az uzanım. Həkim əmi deyib.

– Həəə. Həkim əmi dərman da verib? Bəs iynə?

– Verib… çox verib, qızım.

Balaca qız anasının səsinin niyə titrədiyini anlamırdı. Lap anası ona danışsaydı da, çətin ki, başa düşərdi. Amma yenə nəyinsə yaxşı olmadığını hiss edirdi. İri, qara gözlərini anasına dikib susdu. Sonra birdən ağlına nə gəldisə, gombul əlləri anasının yanaqlarından yapışıb, dilboğaza qoymadan danışmağa başladı:

– Eybi yoxdu, eybi yoxdu. Dərmanlar çox olanda nə olur ki? Heç acı olmurlar ki! Lap iynə də olsa olar. Balacalarından yox ee, böyüklərindən! Ağrıtmırlar, vallah, ağrıtmırlar! Yalan demirəm ki! Yadındadı, mən keçən il qızılca olanda Səkinə xala mənə çoxlu iynə vurmuşdu. Heç ağrıtmadı ki! Mən bir az ağladım, amma, elə-belə ağladım. Yalanpışdan ağladım. Ağrıtmırdı, valla! Sənə də iynə vurarlar, keçər!

Qadın kiçik qızı cəld bağrına basdı ki, gözlərinin yaşardığını görməsin. Qəhərli səsi ilə:

– Hə, əlbəttə. Heç ağrıtmayacaq. Anaya dərman verəcəklər, lap yekə iynələrdən vuracaqlar, keçib-gedəcək. Sonra da biz o böyük parka gedəcəyik, hə?

– Hə, hə! Sən tez sağal, tez gedək!

Anası uşaqdan ayrılıb gülümsəyərək dedi:

– Yaxşı. Amma indi sən get ayaqqabılarını çıxar, əl-üzünü yu. Tez ol, görüm. Bir də evə ayaqqabı ilə girmə ha, nənə də hirslənər, mən də.

Uşaq başını yelləyib, gəldiyi kimi qaçaraq getdi. Qadın onun arxasınca gülümsəyərək baxdı. Əvvəlki yerinə qayıdıb, siyirməni açdı. Dəftəri çıxarıb açdı. Yarımçıq səhifə qarşısında idi. Küncündən tutub, dartaraq cırmaq istədi. Amma nə fikirləşdisə, təkcə vərəqi çevirməklə kifayətləndi. Qələmi əlinə alıb, yeni, tər-təmiz, ağappaq səhifəyə bircə cümlə yazdı: Ağrıtmır ki!

Bölmə : Nəsr