Qəlbimin guşəsindəki gözəllik məbədi – Kitabevim.az

28 Baxış

11044565_830204707015119_2031960330326212239_oKitab marketlərində də şagirdlərin mütaliəsini stimullaşdırmaq üçün maraqlı təşəbbüslər var. Yaxşını görüb yaxşı deməmək insafdan deyil. Yaxşı nümunə göstərilərsə, yaxşılıq artar.

İlk təəssüratı hər gedişimdə təzələnən “Kitabevim.az” marketinin bir ili tamam olduğu bugündə qəlbimin bir guşəsində gözəllik məbədi kimi buldum onu. Bakı şəhərində maraqlı təşəbbüsləri ilə şagirdləri mütaliəyə cəlb etmə istiqamətini hədəfləyən marketlərdən biri “Kitabevim.az” marketidir.

Marketin içi öz dizaynı ilə ilk baxışdan diqqəti çəkir. Kitab seçmə imkanlarına şərait yaradan bu dizayn alıcıların işini asanlaşdırır. Marketin özəlliklərindən və yeniliklərindən biri “Qoy-götür” guşəsinin təşkilidir. Bu guşəyə marketə üzv olan şəxslər bir kitab hədiyyə etməklə oxucu olmaq şansı əldə edirlər. Guşəyə hədiyyə etmək üzvlərə bu guşədəki kitabları götürüb müəyyən bir müddət ərzində oxuyub qaytarmaq imkanı qazandırır. “Kitabevim.az” marketində kitab oxumaq üçün də ayrıca bir məkan ayrılmışdır ki, bu da alıcıların istirahət edərək mütaliə etmək tələbatını ödəyir.

“Kitabevim.az” marketi xüsusi tədbirləri ilə də orta məktəb şagirdlərini mütaliəyə meylləndirir. Burada müəlliflərlə görüşün, kitab təqdimatının, məktəbəqədər yaşlı uşaqların əyləncəli öyrənmələrə cəlb olunması mütaliənin təşkili istiqamətində atılan təqdirəlayiq fəaliyyətlərdəndir. Bu fəaliyyətləri sayəsində şagirdlər həm ictimailəşmiş olur, həm də mütaliə vərdişlərinin artırılmasına nail olunur. Kitab evində 43 nömrəli məktəbin şagirdlərinin Şəmil Sadiqlə görüşü təşkil olunmuş, həmçinin yazıçının “Odərlər” əsərinin təqdimatı keçirilib. Uşaq yazıçısı olan Reyhan Yusifqızının da oxucuları ilə görüşü təşkil olunub. X-XI sinif şagirdlərinin və tələbələrin iştirakı ilə Çingiz Abdullayev,Varis Yolçuyev, Elxan Elatlı kimi yazıçılarla görüşlər keçirilib. Yeri gəlmişkən, qeyd edək ki, marketin satıcılarının vurğuladığı bir cəhət yuxarı sinif şagirdlərinin daha çox dedektiv əsərlərə üstünlük vermələridir.

“Kitabevim.az” marketi altı nəşriyyatla əməkdaşlıq edir. Hansı nəşriyyatların kitablarının daha çox satılması sualımızın cavabı olaraq “Hədəf”, “Altun”, “Parlaq imzalar” nəşriyyatlarının adı çəkildi. Hər nəşriyyatın kitabları ayrıca dolablarda yerləşdirilərək sərgilənir. “Kitabevim.az” marketi öz üzvləri ilə sıx əlaqə saxlayır, təşkil etdikləri tədbirlərdə onların iştirakını təmin edir. Buna görə də burada alıcılıq qabiliyyəti yüksək olan şagirdlər də müəyyənləşdirilib. Həmçinin yaradıcılıq istedadı olan şagirdlər və gənclərlə tanışlıq üçün də marketdən məlumatlar almaq mümkündür.

 

Könül Nemətova

Filologiya üzrə fəlsəfə doktoru, AMEA Məhəmməd Füzuli adına Ədəbiyyat İnstitutunun böyük elmi işçisi

KÖŞƏ YAZARLARI
TOP 10