Qəndin vücudumuza olan faydası – Abbas Səhhət

12 Baxış

16

Bu aləmşümul müharibənin təsirindən bütün müharib və qeyri-müharib dövlətlərin həyati-ictimaiyyələrində bir çox təbəddülat vaqe olduğu hər kəsin məlumu olsa gərəkdir. Xüsusən ən zəruri məkulat cümləsindən olan qənd böhranı hər kəsin zehnini məşğul etdiyi kimi, su üzünün hakimi-ələlitlaqı olan İngiltərə əhalisini də düşündürmədədir. Odur ki, “V.Z.” jurnalında İngiltərə doktorlarından Sili adlı bir nəfərin fövqəzzikr ünvanla mündəric bir məqaləsi vardır ki, onun xülasəsi budur: istemalına mail olduğumuz bəzi əşya var ki, qaliba vücudumuza zərərdir. Onlardan təhriz etməmiz lazımdır. Lakin bəzi şeylər də var ki, sövqi-təbiətlə ona həvəskar və məyyal olduğumuz halda, tibb nöqteyi-nəzərincə də bəqayi-vücudi insanidə onun böyük əhəmiyyəti müşahidə olunur. İştə qənd o qəbildəndir ki, hər kəsin mötadı olduğu kimi, vücudumuzun səhhət və səlamətinə də ən nafe, ən müfid bir şeydir.

İndiki halda şəkli-zahirisi ilə məlumumuz olan qənd əyyami-sələfdə belə deyildi. Keçmiş zamanlarda Avropa əhalisi qəndin olmasından belə xəbərdar deyildilər. Sevdikləri və yedikləri şirin meyvələr və arılardan əxz olunan bal olmuşdur. Şəkər qamışından qayrılmış qəndi birinci dəfə Hindistandan tacirlər Avropaya gətirdikdə Qərb əhalisinin heyrətinə mucib olmuşdur.

Şirin şeyləri yalnız insanlar sevmirlər, heyvanlar da sevirlər. Ayının bal yeməyə olan həvəsini bilməyənlərimiz yoxdur.

Şəkər qamışından qənd qayırmağı neçə il bundan müqəddəm Çin əhalisi ixtira etmişdir. Sonralar Yunani-qədim və ərəb ətibbaları öz xəstələrinə sükkər deyə onu daxva qəbilindən olaraq təcviz edirdilər. Get-gedə şəkər qamışını əkmək üsulu insanların arasında şüyu bulub biləxərə tamam isti məmləkətlər və sair əkinəcəklər zümrəsinə daxil oldu. Qəndin istemalı adi məkulat sırasına daxil olduqdan sonra ətibba onu ədviyə zümrəsindən saymağı qət etdilər. Fəqət indiki əsrdə haziq ətibbanın əksəri qəndi insanın əzası üçün ən nafeqida cümləsindən saymaqdadırlar. Xüsusən zəfi-qəlbə mübtəla olan xəstələrə əlac etmək üçün qənd istemal edirlər. Hətta zəfi qəlbdən ariz olan bəzi böhranlı dəqiqələrdə ən yaxşı təbiblər duz ilə şəkərdən istehzar edilmiş bir məhlul ki, qlyukoz adlayırlar. Həmin davanı bədənimizdə olan göy damarların birinə şirinğə edirlər. Bununla xəstənin ürəyi təqviyət bulub zərban artır və haləti-təbiiyyə yaxşılaşmağa şüru edir. Əlbəttə, indiki belə qəribə müalicələr məşhur Calinus və Bokratın heyrət və təəccübünə mucib olsa gərəkdir.

Bundan anlaşılır ki, qlyukoz qayətdə nafe bir şey imiş. Boş meyvələrdən üzümdə əksəriyyətlə mövcud olduğu kimi, balda və qeyri süni şeylərdə də mövcuddur. Üzüm müalicəsi də bu nöqteyi-nəzərdən nəşət etmişdir. Ondan əlavə ağzımızda olan qüdədi-ləabiyyə və bağırsaqlarda olan sair vəzlər yediyimiz qidalardan vücudumuz üçün qlyukoz istehsal edirlər.

Nə üçün mədəni insanlar qeyri-mədənilərə görə gec qocalır?

Tamam meyvələrdə olan şirni vücudumuza daxil olduqdan sonra sürətlə qlyukoza mübəddəl olur. Süddə süd qəndi deyilən bir maddə mövcuddur ki, körpə uşaqlar üçün qayətdə nafe olan bu qidanın qlyukoza təbdil olması da sərihdir.

Bu mülahizata görədir ki, şəkər qamışından və biyan kökündən və zılxdan qayrılan qənd istemalına mötad olan mədəni insanlar kəsrətlə şirni şeylər yedikləri üçün qeyri-mədəni insanlara nisbətən artıcaq ömür edib gec də qocalırlar.

Əgər insanlar bilkülliyyə qənd istemalını tərk edərlərsə, onda nə məzərrət hasil olar?

O halda ya gərək insanın bədəni sair məvaidi-qizaiyyədən qənd tədarük etsin və yaxud qara ciyərimiz istehzar və zəxirə etdiyi qəndi sərf edib bitirdikdən sonra artıq yaşamayıb ölməyə məhkum olsun. Buğda və düyü kimi hübubatdan istehsal olunan nişasta da qəndin ən gözəl səhlül-məxəz bir mənbəyidir. Pəs yediyimiz çörək də vücudumuzda dəyişib qənd olurmuş! Lakin qəndə təbdil olması ilə bərabər nişastanı məvaidi-məğziyyədən saymaq xətadır. Zira bunun üçün qəvi bir qüvveyi-haziməyə malik olmaq lazımdır. Həmin mülahizəyə görədir ki, doktorlar zəif xəstələri nişastalı şeylər yeməkdən mən edirlər. Pəs bundan anlaşılır ki, şəkər qamışından istixrac olunan qənd yovmiyyə qidalarımıza daxil olması ilə bədənimizə nə qədər nafe imiş! Lakin kürreyi-ərz üzərində yaşayan insanların miqdarı gündən-günə təzaid etdiyinə görə yalnız şəkər qamışından qayrılmış qənd insanlara kifayət etmir. Odur ki, sair nəbatatdan qənd istehsalı üçün insanlar çalışıb istədiklərini əldə etmişlər.

İndiki halda zavodlarda qayrılan qəndin iki sülsü zılx və biyan kökündən əxz edilir. Bu fənn XX əsrin I nisfində almanlar tərəfindən icad olunmuşdur. Sonra fransızlar bu icadın əhəmiyyətini anlayıb daha artıq bu fənndə tərəqqi etmişlər. Əgər Almaniya məmləkətində qənd istehzar etməyə kifayət edən qədər zılx və biyan kökü olmasaydı, yaxud məvaidinariyyə hazırlamağa lazım olan spirt olmasaydı, Almaniya hökuməti müttəfiqlər qarşısında çoxdan tərksilah etməyə məcbur olmuşdu. İngiltərə hökuməti Almaniya səvahilini abloka etdiyi kimi, Almaniya hökuməti də Böyük Britaniya adalarını abloka edə bilərsə, belə ki, ətrafdan yalnız qənd gəlməsi külliyətən müntəqe fəna olar isə, o halda İngiltərə əhalisinin halı qayətdə fəna olar.

Qəndi, konfeti hər kəs bilir ki, çocuqlar artıcaq sevirlər. Onun dişlərə müzürr olduğu iddəasını edənlər də bulunur. Halbuki şimali Hindistan əhalisi arasında kəsrətlə saf dişli adamlar mövcuddur ki, sübhdən axşamacan çeynədikləri şey şəkər qamışıdır. Birinci olaraq bu sözü Herbert Spenser demişdir ki, atalar övladlarını qənd yeməkdən əbəs mən edirlər. Zira ki, baliğ şəxslər də çocuqlar qədər şirniyyə maildirlər. Fəqət əksər adam papiros, tənbəki və spirtli məşrubat ilə qüvveyi-hazimələrini xələldar etdikləri üçün o zövqü itirmişlər. Çocuqlar vücudca daha artıq cəld və çapıq olduqları üçün və həm də mədə-bağırsaqları sair məvaidi-ğizaiyyədən qənd hazırlaya bilmədikləri üçün bədənlərinə lazım olan qəndi sövqi-təbiətlə yeməyə həvəskardırlar və yenə ətfalın vücudu baliğlərə nisbətən soyuqdan tez mütəəssir olduğundan öz hərarəti-qəriziyyələrini baliğlərinki dərəcəsinə yetişdirmək üçün hərarət törədici şeylər yemələri təbii bir əmrdir.

Pəs məlum oldu ki, zərbani-qəlbin idaməsi üçün qənd ən zəruri bir şeydir. Qənd yemək isək, ürəyimiz hərəkətdən qalar, əzəlat boşalar, daha doğrusu, ölüm yetişər. İtalyan alimlərindən məşhur Musso yazır ki, yorğunluğu rəf etməkdən ötrü qənd ən səriül-əsər bir əlacdır və həmin mətləbə məbnidir ki, Almaniya hökuməti öz əskərlərinə verilməkdə olan yovmiyyə qəndin miqdarını artırmışdır.

Yuxarıdan bəri zikr etdiyimiz bəyanatın müləxxəsi odur ki, qənd insanın vücudu üçün ən zəruri, ən müqəddi və ən ucuz bir müvəllidilhərarə amildir. Ona görə mədəni məmləkət əhalisi müharibədən sonra kəsarətlə qənd istehzar etmək üçün lazım olan bütün vəsilələrə təşəbbüs etməlidirlər ki, nəsli-ati bir daha onun böhranına düçar olmaq bəlasından özlərini xilas edə bilsinlər. Bunun üçün də yerlərin hasilavərliyinə diqqət etməklə bərabər, yaxşı taxıl məhsulu verməyən yerlərə zılx və biyan kimi qiymətli şeylər əkməyə sərfi-hümmət olunsa gərəkdir.

1917

KÖŞƏ YAZARLARI
TOP 10