“Qətldən sonrakı düşüncələr”- Arif Alimdən YENİ ŞEİRLƏR

139 Baxış

Arif AlimGünəşi kölgəsində dəfn edənlərin türküsü

Biz müharibə uşağıydıq:

ata görmədik,

sevinc görmədik,

bayram görmədik.

Gördüyümüz dostlarımızın atalarının cəsədləriydi-

əsgər paltarıyla dəfn etdilər.

“Atam öldü”, “atam öldü” deyib parta arxasında

ağlayan uşaqlar gördük,

köhnə pencəklərinin qolları ilə

burunlarının suyunu üzlərinə yaydılar.

Ölmüş sevgililərinin iyini

yad nəfəslərdə unudan qadınlar gördük,

ac qalmış yetimlərinin

qarnında itirdilər insan sevgisini.

Qardaşının cəsədini dəfn edən qardaşlar gördük,

“dəli” olub çöllərə düşdülər.

Mehdi vardı kəndimizdə

Müharibədən sonra nişan üzüyü taxmağa barmağı qalmamışdı.

Nələr gördük, nələr…

Ehh…Elə müharibə qəhrəmanları var

Dilənməyə əl də tapmır…

 

Qətldən sonrakı düşüncələr

Baxışın yetərdi,

mehriban bir baxışın,

qatil olmayım deyə.

Nəfəsinin istiliyi yetərdi
isti nəfəsin,

isti nəfəsin,

əlimdəki bıçağı gizlədim deyə.

Bir sözün yetərdi

Bircəcik sözün,

Hər şeyi yenidən başlayaq deyə.

Mənə sarılmağın yetərdi

Ya da incə bir nəvazişin

üç balam yetim böyüməsin deyə.

Yetərdi, yetərdi…

 

Salam, Xərçəng.

Zamanın nəmini çəkmiş

sümüklərini günün istisində

qızışdıra-qızışdıra

həsrət və təəssüflə

dönüb geriyə baxmaq,

qayğılı təbəssümünü səpmək

baxışlarının yollarına,

sinə dolusu havanı ciyərlərinə daşımaq

və ah çəkmək-

məğlubiyyətinin şəklidir

həyata.

 

Aliyə arvadın

“can bala” sən nə gün gördün ki”

pıçıltısını eşitmək,

arxanca yüyürən nəzərlərin

kürəyini yalaması,

qaçmaq zamanı insanlardan

iki dəqiqəlik yolun iki əsrə dönməsi-

məğlubiyyətinin şəklidir

həyata.

 

Qohumlarının

“hər şey yaxşı olacaq” təsəllisinin

qəlbində yaratdığı əks ovqatı,

qonşu gəlinin sən məhləyə daxil olanda

uşağının əlindən tutub

tez evə keçməsi,

çay içdiyin stəkanın

yuyulub ayrıca qoyulması,

süfrənin kənarda salınması,

əzizlərinin gecələr yorğanın altından

eşidilən göz yaşlarının səsi-

məğlubiyyətinin şəklidir

həyata.

 

Hər şey başqa cür ola bilərdi…

 

 

Hamınıza həbsxanadan salam var!

Bu qış da

isitmədi səni qucağımın istisi.

Bu qış da

balalarım qaçmadı

“atam dəldi, atam dəldi” deyə-deyə

məni qarşılamağa.

Keçən dəfə yazırsan ki,

böyük qızım

pəncərənin şüşələrinə çəkir

unutmağa başladığı atasının

rəsmini.

Darıxma, axı arzun idi, “böyüyümüz”

rəssam olsun.

Həyat ən böyük rəsm müəllimidir-

məni bir görsən,

bilərsən.

Üzümdə həsrətin şəkilləri

İndi

soyuq divarların arasında

əllərimi nəfəsimin istisində qızdıra-qızdıra

məktub yazıram.

Bilirəm, sənə ağırdı

qızlarımın nağıllarındakı almaları

mənə sovqat göndərmək.

 

 

 

KÖŞƏ YAZARLARI
TOP 10