Qəzənfər Paşayevin portreti “Şəxsiyyətlə yaradıcılığın vəhdəti”ndə

9 Baxış

118503_3dibtggvps

Bu yaxınlarda Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitunun Elmi Şurasının qərarı ilə şair, ədəbiyyatşünas, publisist Gülxani Pənahın dilçi, alim, professor Qəzənfər Paşayevin həyat və yaradıcılığına həsr olunmuş “Şəxsiyyətlə yaradıcılığın vəhdəti” monoqrafiyası işıq üzü görüb.

“Elm və təhsil” nəşriyyatında nəfis tərtibatda çap edilmiş əsərin redaktoru və ön sözünün müəllifi AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi Kamran Əliyev, rəyçisi Kərkük Kültür Dərnəyi başqanı, şair, publisist Şəmsəddin Kuzəçidir. Araşdırmaçı bu kitabında Qəzənfər Paşayevin çoxşaxəli yaradıcılığını müxtəlif yönlərdən tədqiqata cəlb edib.

Kitab Ümumilli lider Heydər Əliyevin müsahibəsindən bir sitatla başlayır: “Tarixi araşdıranda gördüm ki, Güney Azərbaycan, Quzey Azərbaycan və İraq türkmanları bir bütövün parçalarıdır”.

K.Əliyev “Yollar Kərkükdə kəsişir” adlı Ön sözündə müəlliflə onun tədqiqat obyekti Qəzənfər Paşayev arasındakı oxşarlığı belə mənalandırır: “Gülxani Pənah da fəallıqda elə Qəzənfər müəllimə bənzəyir. O da yazmağı ailə-məişət işlərindən çox-çox üstün tutur. Tale elə gətirib ki, indi ədəbiyyatşünaslığımızın iki məhsuldar nümayəndəsi yaxşı mənada üz-üzə gəliblər: Gülxani Pənahın professor Qəzənfər Paşayevin həyat və yaradıcılığından bəhs edən kitabı meydana çıxıb”.

Professor yazır ki, Gülxani Pənah monoqrafiyada məhz Qəzənfər müəllimin haqqında irəli sürdüyü tezislərdə Qənfər müəllimin özünün və Qəzənfər müəllimdən bəhz edən tədqiqatlardakı müddəların qırılmaz əlaqəsini – ahəngini yarada bilmişdir.

Əsər ümumilikdə “Giriş”, “Q.Paşayev və İraq-Tükman folkloru”, “Q.Paşayev və Çağdaş Kərkük ədəbi mühiti”, “Q.Paşayev və Azərbaycan folklorşünaslığı”, “Q.Paşayevin ədəbiyyatşünaslıq fəaliyyəti”, “Q.Paşayev dilçi alim kimi”, “Q.Paşayevin tərcüməçilik fəlaiyyəti” adlı altı fəsil və “Nəticə”dən ibarətdir. Sonda isə Şəmsəddin Kuzəçinin “Q.Paşayevi anlamaq” adlı məqaləsi çap olunub.

Hər fəslində Qəzənfər Paşayevin həyat və yaradıcılığındakı bir-birindən fərqli və tamamailə yeni məziyyətlərindən, çoxşaxəli fəaliyyətindən söz açan monoqrafiyanın özünəməxsus xususiyyətlərindən biri də hər bölmənin epiqraflarla başlanmasıdır. Çox böyük zövq və ustalıqla seçilmiş epiqraflarda Qəzənfər Paşayevin həyatı və fəaliyyəti müəllif tərəfindən deyil, ayrı-ayrı ziyalılar, söz adamları tərəfindən sanki bir müddəalar şəklində şərh edilir. Anar, Yaşar Qarayev, Tofiq Hacıyev, Mahir Naqib, Nizami Cəfərov, Gündüz Əlizadə, Sübhi Saatçı, Elçin, İsa Həbibbəyli kimi şəxsiyyətlərin Qəzənfər Paşayev yaradıcılığına, onun İraq-Kərkük folklorşünaslığı, Azərbaycan-Kərkük mədəni əlaqələrinin inkişafındakı yüksək fəaliyyətinə verdikləri yüksək qiymət elmi araşdırmanın bütövlüyünü təmin edir.

Tədqiqatçı “Giriş”də yazır: “Qələm dostları, alim həmkarları içərisində hörmət və izzət sahibi olan, hər birimizin böyük insani keyfiyyətlərinə bələd olduğumuz  Qəzənfər müəllimin folklorşünaslıq sahəsindəki tədqiqatlarını araşdırarkən onun İraq-Türkman folkloru sahəsindəki misilsiz xidmətlərini görürük və bunu xüsusilə qeyd etməliyik”.

Ş.Kuzəçi özünün “Qəzənfər Paşayevi anlamaq” məqaləsində monoqrafiyanı belə dəyərləndirir: “Əlinizdəki, doktor Gülxani Pənah tərəfindən yazılan “Şəxsiyyətlə yaradıcılığın vəhdəti” adlı bu əsəri Qəzənfər Paşayevin həyat yolunun yığcam şəklidir. Onun insanlıq yaşamındakı çalışmasının bir budağıdır. Onun əkdiyi ağacın kökünün dərin və güclü olduğu qədər, o budağın da nə qədər varlıq yaydığını görürük.

… Kərkük sevdalısı professor Qəzənfər Paşayevi anlamaq və başqalarına anlatmaq…əlbəttə, bir yazıyla mümkün deyildir; ancaq əlinizdəki bu əsəri yaxşıca oxumaq, yaxşıca analiz etmək və yaxşıca anlamağa çalışmaqla mümkündür…”