Qəzənfər Paşayevin yubileyi AMEA-da qeyd olundu

5 Baxış

96063_4uqcfoowdh

19 sentyabr 2017-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında (AMEA MEK) görkəmli ədəbiyyatşünas, filologiya üzrə elmlər doktoru Qəzənfər Paşayevin 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə millət vəkilləri, ziyalılar, ədəbiyyatşünaslar, AMEA-nın əməkdaşları və media nümayəndələri iştirak ediblər.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Q.Paşayevin həyat və yaradıcılığı haqqında geniş məlumat verib, onu Azərbaycan cəmiyyətinin ən dəyərli və zəhmətkeş alimlərindən biri kimi dəyərləndirib: “Qəzənfər müəllim Azərbaycan ədəbiyyatına, cəmiyyətinə özünü çoxdan isbat etmiş alimdir. Azərbaycan cəmiyyəti onu ilk növbədə böyük ziyalı kimi qəbul edib. Onun ziyalı baxışları ilə şəxsiyyətindəki bütövlük bir-birini tamamlayır. O, hər şeydən öncə ədəbiyyatşünasdır. Onun ədəbiyyatşünas kimi fəaliyyəti çoxşaxəlidir. Məşğul olduğu sahələrin hamısında professionaldır, ustaddır. Onu dünya elmi ictimaiyyəti haqlı olaraq, böyük kərkükşünas alim, kərkükşünaslığın banisi kimi tanıyır. Kərküklərin bütün mahiyyətini, həyatını Azərbaycan üçün məhz Qəzənfər müəllim açıb. Bunların nəticəsidir ki, kərküklər də özlərinin bu ağır vaxtlarında Qəzənfər müəllimin yubileyinə hədiyyə kimi onun haqqında kitab yazıb gətiriblər. Kitabın adı da “Kərkük sevdalısı”dır. Deməli, burada olduğu kimi, orada da Qəzənfər müəllim kərkük sevdalı alim kimi tanınır”.

Akademik yubilyar alimin A.Zamanov, B.Nəbiyev, A.Axundov, Z.Yaqub, N.Rəfibəyli kimi şəxsiyyətlərə həsr etdiyi tədqiqat əsərlərini xatırlayaraq qeyd edib ki, Q.Paşayev həm də örnək mətnşünasdır: “O, nədən yazırsa, ciddi söz deyir. O, Azərbaycan elminin ağsaqqalıdır. Onun haqqında bu sözü 30 il öncə də demək olardı. Ağsaqqallıq yaşla deyil, biliklə, savadla, şəxsiyyətdəki bütövlüklə, xeyirxahlıqla, yüksək insani keyfiyyətlərlə ölçülür. İnanırıq ki, Qəzənfər müəllim hələ uzun illər Azərbaycan ədəbiyyatına, milli siyasi şüurun inkişafına çox töhfələr verəcəkdir”.

İ.Həbibbəyli yubilyara AMEA-nın nəşri olan “Muğamlar və miniatürlər” kitabını hədiyyə edib.

Professor Şirindil Alışanovun Q.Paşayevin həyat və yaradıcılığı haqqında məruzəsi dinlənilib. Məruzədə alimin “Altı il Dəclə-Fərat sahillərində” kitabına, Kərkük-türkmən tədqiqatlarına, dilçi kimi fəaliyyətinə, folklorşünaslıqla bağlı əsərlərinə və yüksək insani keyfiyyətlərinə diqqət çəkilib.

Millət vəkili Fəttah Heydərov deyib ki, Qəzənfər müəllim xoşbəxt insandır: “O, özü kimi alimlərlə, ziyalılarla birgə Azərbaycanın müxtəlif rayonlarında insanların maariflənməsi, cəmiyyətin savadlanması uğrunda çox böyük işlər görüb, getdiyi hər yerə elmin nurunu saçıb”.

Akademik Teymur Bünyadov da fikirlərini bölüşüb: “Deyirlər, insan təbiətin tacı, Yer üzünün əşrəfidir. Qəzənfər müəllim əşrəf insandır. Sadə, səmimi, ağayana, təmkinli, çalışqan, sədaqətli, səxavətli insandır. O, ləkəsiz, boyasız, tərtəmiz, dupduru ziyalıdır, daxili mədəniyyəti olə fərqlənən insandır, yüzlərlə, minlərlə tələbələrini xoş gələcəyə uğurlayan müəllimdir”.

Ankaradakı İraq-Türkman Kültür Mərkəzinin başqanı Mustafa Ziya isə Qəzənfər Paşayevi İraq-Azərbaycan dövlətləri arasında mənəvi körpü adlandırıb.

Q.Paşayevi hər zaman xalqı üçün çalışan, elmimizin inkişafında əvəzsiz xidmətləri olan alim kimi qiymətləndirən akademik Nizami Cəfərov qeyd edib ki, o, böyük alim olmaqla yanaşı, həm də çox səmimi insandır: “Məncə, onun ən böyük istedadı məsuliyyətidir. O, nə qədər keçmişə doğru baxsa da, bir dənə də səhv tapa bilməyəcək. Hər adamın ən böyük əsəri tərcümeyi-halıdır. Bu baxımdan onun tərcümeyi-halı zəngindir. Qəzənfər müəllim həyatını gözəl və dəyərli yaşayıb. Biz həm də ona ona görə təşəkkür etməliyik ki, o, bu həyatı yalnız özü üçün yaşamayıb”.

Xalq şairi Sabir Rüstəmxanlı yubilyarı dörd cəhətdən xarakterizə edib: “Qəzənfər müəllim ilk növbədə gözəl insandır. Keçdiyi həyat yolu bunun parlaq nümunəsidir. O, son dərəcə etibarlı dostdur, əqidəli, qeyrətli vətəndaş-alimdir. Ömrünü elmə həsr etməklə yetinməyib, bu elmin Azərbaycan xalqına lazımlı tərəfinə çiynini verib. Bir ordunun görə bilməyəcəyi işi təkbaşına görən böyük ziyalıdır. Qəzənfər müəllim İraq-Türkmən torpaqlarını Azərbaycanın mənəvi xəritəsinə daxil edib. O, Kərkük və Azərbaycan pərvanəsidir. Qəzənfər müəllim haqqında çox yazılıb, çox sözlər deyilsə də, məncə, onu ən gözəl şəkildə iki nəfər dəyərləndirib. Ayaz Vəfalı deyirdi ki, o, bir dəfə çörək yediyi yerə 40 dəfə salam verən adamdır. Yaşar Qarayev isə onun əsərlərindəki milli qeyrəti ayrıca vurğulayırdı”.

Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid bu qurumun adından yubilyarı təbrik edib, ona yeni uğurlar arzulayıb: “Qəzənfər müəllim Yazıçılar Birliyinin fəaliyyətində, uzun illərdir, ardıcıl şəkildə, çox yaxından iştirak edir. Demək olar ki, hər həftə bizim qəzetdə onun yüksək dəyər verdiyi imzalar haqqında yazıları dərc olunur. Bu da onun ədəbiyyata münasibətinin göstəricisidir. Bir ədəbiyyat sevdalısı kimi Qəzənfər müəllim mənim yeniyetməlik illərimdən yadımdadır. Elə kitablar var ki, bizim gəncliyimizin kitabları adlandıra bilərik. Onlardan biri də “Altı il Dəclə-Fərat sahillərində” kitabıdır. Qəzənfər müəllimin araşdırmaları, tədqiqatları sayəsində tanış olduğumuz Kərkük düşünürəm ki, elə həmin dövrlərdən Azərbaycanın ayrılmaz hissəsinə, bizim ruhumuzun bir parçasına çevrilib. O qədər xoş auralı insandır ki, ona qarşı ancaq sevgi bəsləmək olar. Ancaq bu sevgilər içərisində onun qızı Təranə xanımın sevgisi o qədər kövrək, duyğuludur ki, bunu ayrıca qeyd etməmək olmaz. Qəzənfər müəllimin yubileyinə həsr olunmuş “Foto dastan” kitabına yazdığı və “525-ci qəzet”də çap etdiyimiz ön sözündə gördüm ki, onun Qəzənfər müəllimə sevgisi ancaq qızın ataya məhəbbəti deyil, bir İlahi varlığa məhəbbətidir. Bunun özü də çox böyük xoşbəxtlikdir”.

AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov yubilyar alimlə birgə çalışdığı illəri xatırlayıb: “Mən Qəzənfər müəllimlə Azərbaycanın ilk müstəqillik illərində, ən çətin dövrlərində Bakı Dövlət Universitetində birgə çalışmışam, uzun illərdən bəri dostluğumuz, yoldaşlığımız var. Buna görə də onu çoxlarından yaxşı tanıyıram. O dövrdə maddi çətinlik ucbatından bizim çox alimlərimiz başqa ölkələrə işləməyə gedirdilər. Qəzənfər müəllimin şəxsi vəsaiti hesabına çox alımlar burada qalıb işləyə bildilər. Onlarla, yüzlərlə imkansız tələbənin təhsilinə dəstək olub. Olduqca xeyirxah insandır. Qəzənfər müəllimin uğurlarının başlıca səbəblərindən biri də onu bu qədər sevən, ona daima dəstək olan ailəsidir”.

Kərküklü şair Şəmsəddin Kuzəçi 2007-ci ildə Qəzənfər Paşayevə həsr etdiyi “Gətirmişəm” şeirini oxuyub, İraqın və İraq türkmənlərinin milli bayraqlarını hədiyyə edib.

Alimə yubiley münasibətilə təbrikini çatdıran Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayev qurumun adından Q.Paşayevi ədəbi və ictimai fikrin inkişafında önəmli xidmətlərinə və 80 illik yubileyinə görə fəxri diplomla təltif edib.

Professor Buludxan Xəlilov çıxışında yubilyarın elmi fəaliyyətilə yanaşı, bədii yaradıcılığına da diqqət çəkib, hekayələrindən söz açıb.

Tədbirdə Tovuz rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalovun təbrik məktubu oxunub.

Sonra dəyərli alimin həyat və yaradıcılığına həsr olunmuş filmdən fraqmentlər  nümayiş etdirilib.

Yekunda söz alan Qəzənfər Paşayev tədbirin təşkilatçılarına, xüsusən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyliyə, çıxışçılara təşəkkürünü bildirib.

KÖŞƏ YAZARLARI
TOP 10