Qəzetçi Seyid – Nizami Hüseynov

22 Baxış

 sablon ustad paylasim

İki il çəkməyən müstəqillik dövrümüz 1920-ci ilin aprelində başa çatdı. Yarımçıq qalan arzular, yarımçıq qalan ümidlər və gülüşlər…1918-ə qədər ölkədəki ən qoca insan belə, gözünü açandan rus işğalını görmüşdü, insanlar əzaba vərdiş idilər. Yalnız 1920-də artıq gülüşün, sevincin, qorxusuz nəfəs almağın dadını alan millət yenidən bunlardan məhrum edilmişdi.

Aprel ayının 20-də xəbər yayılmışdı ki, ölkədə hakimiyyət dəyişikliyi olacaq. Elə öz millətimizdən olanlar yeni kabinet yaradacaqlar və kabinetin işi cümhuriyyət əsaslarını möhkəmləndirmək, müstəqilliyi qorumaq olacaqdı. Aprelin 27-i küçələrdə fərqli ab-hava vardı.

Bu gün biz şəhərə gəzintiyə çıxmalı olsaq da, müdirlər icazə verməmişdilər. Yaşadığımız binanın pəncərələrindən küçədən keçən əsgərlərə baxırdıq. O vaxt heç kimin ağlına gəlmirdi ki, bu əsgərlər bizim torpaqların işğalına gəliblər. Millətin gözünü elə boyamışdılar ki… Əsgərlər keçən yerlərdən türk bayraqları asılırdı, insanlar onları türkcə salamlayırdılar. Böyük qardaş kiçik qardaşın başını əzməyə gəlmişdi. Rusiya və Türkiyə arasında olan ilkin müqaviləyə görə, rus qoşunu Azərbaycan ərazisindən keçərək Türkiyə sərhəddinə çatmalı və orada Türkiyə tərəfdən döyüşməli idi. Ancaq ya aldadılmış, ya da elə razılaşdırılmış şəkildə rus ordusu Azərbaycanda ilişib qalmışdı. Bütün ordusunu Qarabağda baş verən üsyanı yatırmağa göndərən Mehmandarov da heç nə edə bilməmişdi.

Nə muxtariyyət, nə hüquq, nə də müqəddəratı naminə söz demə haqqı vermədən türk bayraqlı rus qoşunu Azərbaycanı yenidən işğal etmişdi.

Həmin gün mən internatdan qaçıb çıxmışdım. Mən də digər insanlar kimi küçələri gəzir, əsgərlərin ardından addımlayır, gülür, gələnləri sevinclə, fərəhlə alqışlayırdım. Hər kəs gələnləri türk ordusu kimi qəbul edirdi. Deyirdilər ki, 1918-də baş verən qırğınlar zamanı da Bakını türk-islam ordusu xilas edib. Sonralar öyrəndim ki, elə 1918-ci ildə də bizə ilk olaraq müstəqillik deyil, Türkiyə tabeliyində azad olma hüququ tanınıb. Uzun danışıqlardan sonra, nəhayət, Nuru paşadan razılıq alınıb, bir şərtlə ki, hakimiyyət dəyişilsin. Əgər xalq hakimiyyətdən narazı qalarsa, türk ordusu buraya daxil olmalı və cümhuriyyət devrilməli imiş. Və indi yenidən küçələrə sancılan türk bayraqlarının əhatəsində biz hamımız özümüzü güvəndə hiss edirdik. Ancaq çox yox, cəmi bir neçə gün sonra bir çox mətləblər aydın olmağa başlayacaqdı…

Aprelin 27-si gecə internatda həyəcan var idi. Direktor yoxa çıxmışdı. Mənim günorta çıxıb, gecə saat 11-də qayıtmağımı da heç kim hiss etməmişdi. Müdirimiz müsavatda söz sahibi, sayılıb seçilən insan idi. Onun məhz bu gecə yoxa çıxması ciddi həyəcan və şübhə yaratmışdı. Çünki həmin gecə yoxa çıxan tək müsavatçı bizim müdir deyildi. Qorxu, narahatlıq, təlaşla keçən bir gecə başa çatdı, müdirdənsə xəbər gəlmədi. Ertəsi gün səhər yeməyinin ardınca bu gün dərs olmayacağını dedilər. Mən də fürsət tapıb şəhərə çıxdım. Yenə küçələri gəzirdim. Bu gün artıq dünənki sevinc yox idi. Hər küçədə on-on beş əsgər növbə çəkirdi. Camaat sanki yoxa çıxmışdı. Bu sakitlik və anlaşılmaz vəziyyət məni də bərk həyəcanlandırdı. Çünki eyni səssizlik iyirmi beş ay öncə də baş vermişdi. Bazarda işlədiyim vaxt, qırğını öz gözlərimlə gördüyüm günün səhəri də eyni sakitliklə üzləşmişdim. Canıma bərk qorxu düşdü. Birdən qaçmağa başladım. Yaşadığım internata doğru arxama baxmadan qaçırdım.Budur, artıq internatın küçəsindəyəm. Və…

Uzaqda atılan güllə səsi. Yıxıldım, dizim qanadı. Güllələrin sayı artdı, qalxıb qaçdım. İnternatın həyətinə girdim. Hamı yoxa çıxmışdı. Birdən müəllimlərdən biri qolumdan yapışıb, məni zirzəmiyə saldı. Hamı buradaydı, uşaqlar ağlayır, böyüklər təlaş içində, heç kimə çölə çıxmağa icazə verilmirdi. Bir həftə ərzində heç bir uşağa zirzəmidən çölə çıxmağa icazə verilmədi. Sonra qalxdıq. Yeni həyat, yeni köləlik bizi salamlayırdı…

Keçən bir həftə ərzində nələr baş verdiyini anlamaq çətin olmadı. Gələn qoşunun burada daimi qalacağı öyrənilmiş, üsyan qalxmışdı. Əsas siyasi liderlər ya güllələnmiş, ya da həbs olunmuş, sağ qalanların bəziləri ölkədən qaçaraq canlarını qurtara bilmişdilər. Bizim müdiri də güllələmişdilər. Üsyandan sonra küçələr qan gölünə dönmüş, Bakıya növbəti faciəni yaşatmışdılar. Bu hadisə 1918-ci ilin soyqırımını belə kölgədə qoymuş, talan, soyğun bir həftə boyunca davam etmişdi. Qırğınların bu qədər genişlənməsinə baxmayaraq, o zamankı siyasi müttəfiqlər geri durmuş, məhv olunan Azərbaycana sadəcə tamaşa etməklə kifayətlənmişdilər.

1920-ci ildən sonra yeni qayda-qanun, yeni idarəçilik yaradıldı. Yenə bütün sahələrdən rus qoxusu gəlməyə başladı. Bu qoxu tez bir zamanda bizim internata da yayıldı. Yeni təyinolunan rus müdir özü ilə birlikdə yeni qaydalar da gətirdi. Əvvəla dərs saatları azaldıldı və həftənin şənbə gününə salındı. Dərslərdə isə rus dili tədris olunurdu. Bazar günü istirahət və təmizlik günü oldu. Digər beş gün isə əmək günü kimi qəbul edildi. Həmin günlərdə bizi də işə aparacaqlarını, yeni qurulan hökümətə bizim də töhfə verəcəyimizi dedilər. Bütün bunlar 1920-ci ilnin sentyabrına kimi davam etdi. Çünki sentyabrdan yeni üsyan dalğası başlandı. Bu dəfə Gəncə və Qarabağ istiqamətində döyüşlər baş verdi. Yeni qurulmuş rus hökuməti ölkə idarəetməsini başlı-başına buraxıb üsyanları yatırmağa qaçdı. Biz də başsız qalanlar sırasına qoşulduq.

Üsyanlar pərakəndə, ayrı-ayrı vaxtlarda və planlaşdırılmamış şəkildə aparıldığına görə, heç bir fayda vermədi. İşğal altında qalan Azərbaycan yenidən köləliyinə davam etdi. Mən də internatın rəhbərliyi idarəetməni buraxdıqdan sonra ordan qaçdım. Ölmədim, əvvəlkindən daha çətin, daha əzablı olsa da, sırtıqcasına yaşadım o küçələrdə. On iki yaşımda bacaracağıma çox da ümidim olmayaraq şaxtalar düşənə qədər dolana bilmək üçün bir yuva və gecələr başımı soxacağım bir yuva tapmalı idim.

Bir gün səhər yatdığım karton kağızlarının üstündə məni bərk yağış tutdu. Yerimdən sıçrayıb bir binanın dalanına girdim. Mənimlə eyni vaxtda başqa uşaq da bu dalana sığındı. Onun əlində bir topa qəzet vardı. Qəzetlərdən çoxu rus dilində, bəziləri isə Azərbaycan dilində idi. Bu oğlan qəzet satırdı. Ondan adını soruşdum, tanış olduq. Yağış dayanana qədər burada qalmalı olduğunu dedi, çünki qəzetləri islatmaq olmazdı. On beş-on altı yaşlarında olan bu oğlanın adı Seyid idi. Mətbəədən qəzetləri götürür və küçələrdə satmaqla məşğul olurdu. Həmin gün mən də Seyidə özüm haqqında – son vaxtlar başıma gələnləri, internatı, küçələrdə gecələməyimi danışdım. Seyid özünə ev tutub qaldığını dedi və mənə onunla birlikdə qalmağı, həm də qəzet satmaqda ona kömək etməyimi təklif etdi. Bu, əla təklif idi. Bir payız yağışı mənə həm ev, həm də yaşamağa yer vəd edirdi. Bunu dəyərləndirməyə bilməzdim. O gün yağış çox gec kəsdi. Yağış bir az azalan kimi dalandan çıxıb Seyidin evinə üz tutduq. Evə çatana yaxın yağış yenidən bizi yaxaladı. Qəzetlər islanmasın deyə onları köynəyin altından qarnımıza qoyub əyilərək qaçdıq. Evə çatan kimi Seyid sobaya od saldı. Öz köynəyini dəyişmədən qəzetləri sobanın ətrafına düzdü.

– Rəngləri qarışmayıb hələ, satmaq olar, – dedi.

O gün bütün gecəni söhbət etdik. İlk dəfə idi ki, qarşımdakı həmsöhbətimdən bu qədər zövq alırdım. O, hər şeydən danışırdı – ədəbiyyatdan, siyasətdən, musiqidən, teatrdan, silahlardan, müharibələrdən… İlk gecəni xoşbəxt yatdım.

Bu evə gələn günün səhəri artıq işə çıxdım. Seyidlə birlikdə evdən çıxdıq, o, dünənki qəzetləri mənə verdi, özü isə nəşriyyata getdi. Mən az qəzet sata bildim, çünki hərkəs yeni – bu günün qəzetini almaq istəyirdi. Seyid işimi bəyəndikdən sonra məni də səhərlər nəşriyyata aparmaq qərarına gəldi. Getdikcə işimiz genişlənir, satış artırdı.

Bir ildən artıq işlərimiz əla getdi. Bir gün yenə qəzetləri satıb evə qayıtdım. Otağa girib sobaya od saldım. Oturub Seyidi gözlədim. Hava qaralsa da, Seyiddən xəbər yox idi. Gecə düşdü, ancaq Seyid gəlib çıxmadı. Səhəri açdım, Seyid hələ də yox idi. Onu harda axtarmalı olduğumu da bilmirdim. Evdən çıxdım, gəzdiyimiz küçələri dolaşdım, onun gedə biləcəyi məhəllələri gəzdim, amma heç bir xəbər çıxmadı. Üç gün nəşriyyata da getmədən sərasər Seyidi axtardım. Üçüncü gün evə qayıdanda gördüm ki, evin qapısı açıqdır. Tez içəri qaçdım. Döşəməyə sərilmiş, güclə nəfəs almağa çalışan, bədəni gömgöy olmuş Seyidi gördüm. Tez onu ayağa qaldırdım,aparıb yatağa uzatdım. İsti çay gətirdim, dərman tapıb yaralarını sarıdım. O gecə heç nə danışmadıq. Səhər oyananda Seyid bir xeyli özünə gəlmişdi.

Hara yox olduğunu soruşdum. O isə başına gələnləri danışdı. Seyidi milislər tutub, qeyri-qanuni qəzet satdığına görə üç günlük həbs etmişdi. O vaxt küçələrdə hər kəs qəzet satırdı. Niyə məhz Seyidi həbs etdiklərinin səbəbi isə onun siyasi baxışı idi. Hələ cümhuriyyət dövründə vətənpərvər kişiliyi ilə onu şəhərin bir çox məhəllələrində tanıyırdılar. İndi də sovet hökuməti qurulandan bu adamların izinə düşüb onlara yaxşıca gözdağı verməyə çalışırdılar. Seyidin qəzetlərini götürmüş, ancaq arasında heç nə tapmayıb sadəcə üç günlük həbs etmiş, bu üç gündə də onu yamanca əzişdirmişdilər.

Seyidin yaralarının sağalması bir aya yaxın çəkdi. Artıq mənim üçün də təhlükəli vəziyyət yaranmışdı. Mümkün qədər Seyidlə az görünməli idim küçələrdə.

1923-24-ü beləcə keçirdik. Tez-tez yolda bizə milis əməkdaşları yaxınlaşır, qəzetlərimizi didib-tökür, nəsə axtarırdılar. Mən onların nə axtardığını bilmirdim, amma onlar bizi küncə sıxışdırır, kobud davranır, döyür, söyür, bəzən milis idarəsinə aparır və orada saatlarla sorğu-sual edirdilər. Bu suallar yalnız bizə – Seyidə və mənə verilirdi. Digər küçə qəzetçiləri sakitcə başlarını aşağı salıb, işlərini görürdülər. Axi niyə milis tez-tez bizə ilişirdi?

Artıq yaşım artmış,olğunlaşmış, bığ-saqqal çıxarmışdım. Seyid bir gün məni yanına çağırdı. Belə xırda işlərlə məşğul olmaq üçün böyük olduğumu söylədi. Elə dəfələrlə ÇEKA[1] tərəfindən saxlanılmağımızın səbəbini də həmin gün öyrəndim. Seyidin Türkiyədə yaşayan müsavatçılarla çox sıx əlaqələri varmış. Gizli şəkildə davam etdirilən bu münasibətlərin üstünü rus milisi nə qədər aşkarlamağa çalışsa da, mümkün olmamışdı. İndi onun üzərinə xüsusi məsul öhdəlik qoyulmuşdu. Azərbaycan Cümhuriyyətinin Türkiyədə buraxılan qəzetini Bakıda insanlara paylamalı idi. Bu işi ən yaxşı şəkildə Seyid və onun yaxın adamı – mən – görməli idi. Seyid eyni zamanda bu işlə əvvəlkindən xeyli yaxşı pul qazana biləcəyimizi söylədi. Qəzetləri pulsuz paylayacağımızı, ancaq satacağımız hər qəzetin pulunu əvvəldən nəğd alacağımızı dedi. Seyidin həmin pulu zərrə qədər də önəmsəmədiyi açıq-aşkar hiss olunurdu. Seyidlə yaşadığım bu illər ərzində mən də xeyli dəyişmişdim. Əlbəttə, pula ehtiyacımız vardı, ancaq bu işi pulsuz görəcəyimi, ona kömək edəcəyimi dedim.

Ertəsi gün Seyid səhər açılmamış evdən çıxdı və yeni tərtibatda qəzet gətirdi. Qəzetin yuxarı hissəsində iri hərflərlə “Yeni Kafkasiya” yazılmışdı. Yeni qəzetləri evdə qoyub hər gün satmalı olduğumuz qəzetləri almaq üçün nəşriyyata getdik. “Yeni Kafkasiya”ları hər satdığımız qəzetin arasına qoyub verirdik. “Yeni Kafkasiya” həftədə bir dəfə gəlirdi. Seyid hər həftənin bir günü səhər işıqlanmadan çıxır, qəzetləri götürüb qaldığımız yerə gətirirdi. İki həftə sonra biz yaşadığımız evi dəyişdik. Seyid bunun daha təhlükəsiz olduğunu dedi. Artıq “Yeni Kafkasiya” şəhərdə insanların əlində görünməyə başlamışdı. Xəbər təbii ki, ÇEKA-ya da çatdı. Bu qəzetlər inqilabı yenidən alovlandıra bilərdi. Sovet hökümətinə qarşı açıq həqiqətlər, onların törətdikləri qırğın və özbaşınalıqlar qəzetlər vasitəsilə insanların dilində dolanmağa başladı.

1926-cı ilin martında isə hər şey bir anda sona çatdı. Həmin il Novruza üç gün qalmış Seyid yenə evdən tez çıxdı, hava işıqlananda artıq evə qayıtmışdı. Yükü çox ağır idi, qəzetləri daşımaq üçün özünə təkərli araba da düzəltmişdi. Seyid bütün qəzetləri masanın üstünə düzdü. O, gətirdiyi qəzetlərə sərvət kimi baxırdı. İnanırdı ki, bu qəzetlər insanların gözlərini açacaq və millət yenidən istiqlaliyyətinə qovuşa biləcək.

Seyidlə yenə birgə nəşriyyata getdik. Hər gün satdığımız “Raboçi”ləri, “Komsomol”ları alıb evə qayıtdıq. İçəri girəndə bayaq Seyidin masanın üstünə düzdüyü qəzetlərin yerə səpildiyini, cırılıb-töküldüyünü gördük. Və hər şey bitdi. Bircə əmr verildi:

– Həbs edin!

Həmin gün ikimiz də həbs olunduq. İki saat sonra məhkəməyə bənzər bir iclas oldu. Seyidə güllələnmə, mənə sürgün cəzası verildi. Məhkəmə zalından çıxdıqdan on beş dəqiqə sonra Seyidin cəzası yerinə yetirildi.

[1]Sovethakimiyyətinin ilk illərindəəks-inqilab, sabotajvəehtikarlamübarizəaparanfövqəladəkomissiya