Qəbələdə yeni filmlərin nümayişinə başlanılıb

5 Baxış

Qəbələ yeni filmlərİyunun 5-dən etibarən Qəbələ Mədəniyyət Mərkəzində Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının istehsal etdiyi filmlərin nümayişinə başlanılıb.

Filimlərin nümayiş olunmasında əsas məqsəd bölgəyə gələn turistlərin asudə vaxtlarının səmərəli təşkili və yeni çəkilmiş Azərbaycan filimlərinin təbliğ olunmasıdır.

Layihə çərçivəsində  “Dərs” və “Vəkil hanı?” bədii filmləri nümayiş olunur.

Məktəb həyatından, yeniyetmə məktəbli uşaqların qarşılıqlı münasibətlərindən, dostluğa və həyata baxışlarından, onların dünyagörüşünün formalaşmasından bəhs edən “Dərs” bədii filmi 2015-ci ildə tamaşaçıların ixtitarına verilib. 10 yaşlı Xalid oxuduğu sinifdə heç nə ilə fərqlənməyən bir oğlandır, kök olduğu üçün uşaqlar ona “Begemot” ləqəbi ilə çağırılar. Lakin onun nə dərəcədə iti zəkaya və xeyirxah ürəyə malik olduğunu demək olar ki, heç kəs görmür. Xalid əsl dost tapmaq arzusundadır, lakin onu ya ələ salmaqla, ya da dümsüklə cavab verirlər və bütün bunlara o, mətincəsinə dözür. Bütün bunlara baxmayaraq, zaman gələcək, gənc filosof öz yaşıdlarına və hətta böyüklərə belə dərs verəcək… Sonda film dostluq mesajı verən mahnının sədaları altında fləşmobla bitir.

Filmin ssenari müəllifləri Elza Ağayeva və Anastasiya Volkova, quruluşçu rejissorları Rafiq Əliyev və Cavid Təvəkkül, quruluşçu operatoru Rauf Qurbanəliyevdir. Filmdə Tamerlan Ağayev, Aliyə Əliyeva, Rəşid Əliyev, Ayna Zərbəliyeva və başqa Bakı məktəbliləri çəkiliblər.

Nümayiş olunan digər film isə rejissor Ülviyyə Könülün “Vəkil hanı?” bədii filmidir. Filmdə həmkarının xahişi ilə cavan vəkil onu əvəz etmək məqsədilə məhkəmə iclasına yollanır. Lakin məhkəmə salonlarını səhv salaraq başqa bir məhkəməyə gəlib çıxır və oradakı müttəhimi ağır təhqir edir. Çox keçmir ki, vəkili təqib etməyə, ölümlə hədələməyə başlayırlar. Vəkil qadın paltarı geyinib quldurlardan yayınmağa məcbur olur…

Filmin ssenari müəllifləri Elza Ağayeva və Ramiz Fətəliyevdir. Operatoru Rafiq Quliyev, rəssamı Rafiq Nəsirov, bəstəkarı Rəşad Haşımovdur.

Rollarda Bəhruz Vaqifoğlu, Toğrul Rza, Səidə Quliyeva, Qorxmaz Əlilicanzadə, Kamilə Babayeva, Bəhram Bağırzadə, Naina İbrahimova və başqaları çəkiliblər.

Qeyd edək ki, filmlərin nümayişi iyulun 5-dək davam edəcək.