Qəhrəman vətən oğullarının kino ömrü

18 Baxış

Fevralın 25-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbində Azərbaycanın Milli Qəhrəmanları Füzuli Rüstəmov və Əliyar Əliyevin həyat və döyüş yolundan bəhs edən “Xocalının zamini” və “Pəhləvan komandir” sənədli filmlərinin təqdimatı olub. Ekran əsərləri dövlət sifarişi ilə “Yaddaş” sənədli filmlər studiyasında istehsal edilib.

Xocalı soyqırımının 24-cü ildönümünə həsr olunan tədbirdə öncə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Hərbi məktəbin rəisinin şəxsi heyətlə iş üzrə müavini, polkovnik Tərlan Seyfullayev çıxış edərək bildirib ki, nazirliyin dəstəyi ilə Milli Qəhrəmanlardan bəhs edilən filmlərin tədris ocaqlarında nümayiş olunması təqdirəlayiq haldır. Xocalı soyqırımı barədə danışan T.Seyfullayev qeyd edib ki, Qarabağ döyüşlərində rəşadət göstərərək şəhid olmuş vətən oğullarının narahat ruhları bizi torpaqlarımızı azad etməyə səsləyir və xalqımız gec-tez düşməndən intiqam alacaq.

Təqdimatda çıxış edən nazirliyin Kinematoqrafiya şöbəsinin Kino yaradıcılığı sektorunun böyük məsləhətçisi Almaz Sultanzadə bildirib ki, Milli Qəhrəmanlar haqqında “Salnamə” və “Yaddaş” studiyalarında dövlət sifarişi ilə ekranlaşdırılan filmlər indiyədək Bakı və Sumqayıtda, Ağdam, Oğuz, Göyçay, Quba, Biləsuvar, Xaçmaz və digər rayonlarda ictimaiyyətə təqdim edilib. Nazirliyin sifarişi ilə bu silsilədən 40-dan artıq film çəkilib. Bu gün təqdim edilən sənədli filmlərin ilk tamaşaçıları da məhz zalda əyləşən gələcəyin hərbçiləridir.

Rejissor Nizami Abbas çıxış edərək Qarabağ döyüşləri və Milli Qəhrəmanlarla bağlı xatirələrini bölüşüb.

Sonra hər iki film nümayiş olunub. Filmlərdə Milli Qəhrəmanların keçdiyi şərəfli döyüş yolundan bəhs edən kadrlar, döyüşçü dostları və yaxınlarının fikirləri yer alıb. Filmlər hərbi məktəbin heyəti tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, “Pəhləvan komandir” filminin rejissoru Nizami Abbas, operatoru Üzeyir Abbas, “Xocalının zamini” filminin rejissoru isə Zamin Məmmədovdur.

Bölmə : Kino, Sənət xəbər, Tarix