Qələbəyə ehtiyacı olan xalqım!

71 Baxış

Fil.ü.f.d., dos. Şəmil Sadiq Şəmil Sadiqq

Qələbəyə ehtiyacı olan xalqım!

Hər dəfə bu ifadəni qəlbimin dərinliyində səssizcə səsləndirirəm: susuzluqdan cadar-cadar olmuş torpaq kimi qələbəyə ehtiyacımız var…Bir dəfə Qarabağ futbol klubunun qələbəsini görəndə elimizin sevincinə gözlərim martda budağı kəsilmiş ağac kimi yaşarmışdı. Mənim kimi milyonlarla insan buna sevinmişdi…

Bir dəfə də bir amerikalının Azərbaycanca danışdığını sosial şəbəkələrdə camaatın sevinclə paylaşımında qələbəyə ehtiyacımızın olduğunu hiss etmişdim…

Əslində, bu qələbə falan deyildi. Sadəcə bir xaricinin bizə verdiyi dəyərə görə hamı, hətta ziyalılarımız belə sevinirdilər.

Bir dəfə də Avrovizion yarışmasında birinciliyi əldə edəndə olmuşdu bu hiss…

Bir dəfə də…

Bir dəfə də  2014-cü ildə ordumuzun Qarabağdakı bir-iki ciddi həmləsini qələbə kimi göylərə qaldırıb sevindik. Hamıda böyük bir qürur hissi var idi…Fikir verirsinizmi, nə qədər kiçik şeyləri qələbə kimi qəbul edib sevinmişik… Əslində, bu sadaladıqlarımın və sadalamadıqlarımın, (hansılar ki, sizin hər biriniz bu kimi hadisləri çox sadalaya və nümunələr gətirə bilərsiniz) hamısı çox kiçik qələbə idi. Qaranlıqda Günəşə ehtiyacı olan birinin qığılcıma sevinci kimi idi bu sevinc…

Bu məqamı diqqətlə düşünəndə adamın ürəyi ağrıyır, demək ki, ən az 300 ildir ki, böyük qələbələrdən bixəbərik, uzağıq. Bizi toyuq altına itələnmiş qartal yumurtasından çıxan toyuq kimi təsəlli etdilər. Həmişə “mən qartalam, yüksəklərə uçmaq istəyirəm dedikcə, sən toyuq balasısan dedilər. Sən uça bilməzsən. O uca zirvələr qartal üçündür, sənin buna gücün çatmaz dedilər, o qədər dedilər ki, biz bu yalanı həzm edib qartal balası olmağımıza baxmayaraq, toyuq balası kimi böyüdük. Nə şığımağı bacardıq, nə ucalmağı. Olduğumuz yeri eşələyib taleyimizlə barışdıq.

Son iki gündə baş verən hadisələr bir daha göstərdi ki,  bizim özümüzü dərk etməyimiz üçün qələbəyə ehtiyacımız var, həm də çox böyük ehtiyacımız var. Bir neçə yüksəkliyi almağımızı dünyanı işğal etməyimiz qəbul edib sevinirik. Evlərə gedən şəhidləri, onların analarını, bacılarını, sevgililərini, uşaqlarını heç düşünmədən sevinirdik. Yovşan ətrindən məst olmuş ağ at kimi şahə qalxmağa hazır idik. Hamıda vətənpərvərlik hissi yaranmışdı onda. Hamı döyüşməyə, müharibəyə hazır idi.  Bunu bir dəfə də Mübariz İbrahimovun qəhrəmanlığında görmüşdük. Qanlar coşmuş, damarlarda elə sürətlə axmışdı ki, bir əmrə hamı silahlanmağa hazır idi.

Halbuki bir zamanlar 2 milyon kvadrat metr ərazini öz hökmranlığında birləşdirən Şah Xətaimizin əsgəri də, yurddaşı da sevinmişdi. Amma o sevinclə bu sevincin fərqini heç birimiz təsəvvür edə bilmərik. Biz indi bir postun, bir təpənin qaytarılmasına sevinəcək duruma niyə düşdük, niyə gəldik, suallarına cavabın həlli ən az itirdiyimiz, uzaqlaşdığımız 300 il qədər ağırdı. Sonuncu bu cür sevinci Nadir şahla yaşamışdıq… Bəlkə onda da bu qədər sevinməmişdik, çünki onda bunlar bizə xas idi və o qədər də təəccübləndirmirdi bizi… İnsan edə bilmədiklərini edəndə təəccüblənir.

Bəzən milli əzmi qaytarmaq üçün böyük çətinliklərdən keçməli, qırıb, qırılmalıdır bir xalq. İndi mənə kimsə “yazıçı, müəllim qan istəməz” deyib yalançı humanistlik etməsin. 10 manat pulunuzu əlinizdən alıb verməyəndə bu mənim haqqımdır deyib şivənlik edən yalançı insansevərlər erməni əsgərinin anasının çəkdiyi əzabı gözümə soxub filosof kimi davranmasın. Sizin insan sevginiz əlinizə dürtülən pul qədər saxtadır.

Bəli, şəhid acısı yaşamayan, başının üstündə güllə viyiltısı eşitməyən, sadəcə qan verən kiçik iynənin verəcəyi ağrıdan qorxub üzünü yana çevirən də, bu gün haqqını istəməkdə haqlıdır. Ən azından tapdalanmış mənliyini ayaqlar altından yığışdırmaq üçün, kimliyini sübut etmək üçün.

Qəlbəyə ehtiyacımız var… Susamışıq. Amma qana yox, özümüzü təsdiqə susamışıq, özümüzə güvənə susamışıq. Bu gün çox az adam olar ki, desin, bu da sifarişlədir. Hamı dövlətimizə, ordumuza, gücümüzə, qeyrətimizə bələddir. İnanır ki, başlasaq, bitirərik. Əmindir ki, bitmərik, bitirərik. Ola bilsin çox şeyimizi itirərik, amma itməməyimizdən daha çox əminik.

Məncə, zamanıdır, gözüqıpıqlığımızı unutmağımız üçün döyüş və müharibə labüddür, sanki yazda qan dəyişməyimiz kimi gələr bizə. Axı bizim qələbəyə ehtiyacımız var.

Bığ yeri təzəcə tərləmiş oğlanlarımızın da, kəkil çıxarmış qızlarımızın da, gözləri tutulmuş, beli bükülmüş ahıllarımızın da, sevgili dodağı görməmiş gənclərimizin də, itimizin də, pişiyimizin də, yalquzaq və kimsəsiz şəkildə Qarabağ dağlarında yaşayan boz qurdun da qələbəyə ehtiyacı var.

Bütün bu ehtiyacı olanları qələbə ilə qovuşduran komutan nə şanlı biri olacaqdır…

Qələbəyə götür məni, Komandir, buna ehtiyacım var!