Qadın azadlığı

641 Baxış

NicatQadın azaddırmı? Ümumiyyətlə insan azad ola bilərmi? Əgər azad ola bilərsə hansı şərtlər altında öz azadlığını təmin edə bilər ? Əgər azadlıq əldə etsə bu şans ona nələr verəcək , nə qazandıracaq ?

Əsrlər boyu qadın azadlıq arzusuyla yaşayıb, əsarətdən xilas olmaq üçün mübarizə yolları axtarıb. Nə qədər ki, bəşər övladının həssas olduğu nəsnələr var, o heç zaman azad ola bilməz, yalnız sahib olduğu hər şeyi və hər kəsi itirən insan azad ola bilər. Əgər itirəcək kiminsə, nəyinsə qalıbsa azadlıq haqqında düşünməyə zaman sərf etmə.

Düşünürəm ki,  kişilər qadınları sevgi sözləriylə aldadıblar, sevgi adlı hissi kişilər uydurub ki, qadınlarla pul xərcləmədən yata bilsinlər. Əbədi sevgi olmadığı kimi əbədi azadlıq da yoxdur, lakin əbədi əsarət var. Və buna dözmək çox çətindir.

Qadın azadlığı anlayışını kişilər özləri yaradıb. Onlar (kişilər ) ərli qadınları sevdilər, lakin qadın azad olmadığı üçün ehtiraslarını təmin edə bilmədilər, nəticədə qadın azadlığı anlayışını meydana gətirdilər.  Əslində ilkin olaraq Şərqdə qadın yüksək hörmət sahibi hesab edilib, Qərbdəsə qadın yalnız şəhvət tələbinin ödənilməsi üçün Tanrılar tərəfindən kişilərə bəxş edilmiş ruhdan deyil, yalnız vücuddan ibarət varlıq sayılırdı. Müasir dönəmdə ölkəmizdə qadın azadlığı anlayışı müxtəlif təhriflərə uğramaqdadır. Qərbdə sivil ölkələr qadına azadlıq vəd edəndə onun ictimai sferadakı fəaliyyətini nəzərdə tuturdu. Azərbaycandasa qadınlar azadlığı azad geyimdə , kosmetik vasitələrdən vəhşicəsinə istifadə etməkdə görürlər . Ölkəmizdə azad qadın dedikdə yalnız Qərb əxlaqsızlığını nümayiş etdirən, soyunan, şərab içən, söyüş söyən qadın başa düşülür.

Amma acınacaqlı bir həqiqət var. Nitsşe hesab edirdi ki, qadın ləyaqətli kişiylə dost olur, ləyaqətsiz qadınısa sevir. Azərbaycan qadınlarının əksəriyyəti alicənab kişidən imtina edib vəhşi erkək tipinə üstünlük verir, mental dəyərlər imkan vermədiyi üçün ləyaqətli kişiylə dost olmaq hüququndan məhrum olur. Nəticədə məğlub olan qadın dünyaya uşaq gətirəndə artıq nevrozlaşmış anaya çevrilir. Ana qızına varlı ər axtarır, lakin dərk etmir ki, zəngin kişi əslində taleyin uğursuz personajı ola bilər.  Cəfər Cabbarlı “Sevil ” pyesini yazmaqla sanki Şərq qadınlarının azadlığı üçün bir yol açdı.  Adıçəkilən pyes 1927- ci ildə yazıldı. Lakin müasir dövrü müşahidə edən zaman şahidi oluruq ki, Azərbaycan qadını azad ola bilmir. Bəlkə də heç bu azadlığa layiq deyil. Savadsız insanın əldə etdiyi azadlıq xalqı uçuruma apara bilər.

Kişilər öncə zənn etdilər ki, azadlıq əldə edən qadınlar onların şəhvət duyğusunu söndürəcək, lakin sonra qadınlara sahib çıxa bilmədilər. Qadınların azadlığı kişilərin ölüm hökmünə çevrildi.

Nicat Həşimzadə

 

 

Bölmə : Nəsr, Ədəbiyyat
KÖŞƏ YAZARLARI
TOP 10