Qadın istəyi – Azər Qismət

33 Baxış

Без названия

….Maşın şütüyürdü.

Dağların arası ilə…

Sonra ətrafı əkin sahələri ilə uzanan yolla…

Yanındakı oğlana baxdı. O isə baxmadı…

Qadın düşündü ki, niyə məhz bu oğlanı ona verdilər? Qaradinməz baxışlarını ancaq yola dikmişdi. Heç yerindən tərpənmirdi. Nə onunla danışır, nə də gülümsəyirdi…

Arzuladığı adam deyildi….

Ölkənin ən ucqar yerinə getmək üçün beş saat vaxtı vardı… Darıxırdı… ürəyi partlayırdı…

Ərindən ayrılandan sonra gərginliyin nə olması barədə rəfiqələrinin danışdığını indi özü duyurdu. Səhv etdi. Bircə səhvini əri bağışlamadı.

Yan güzgüdə arxadan siqnal verən maşının sürücüsünə dil çıxardı. O da dil çıxardı… Bilmirdi nə edir… Heç bir hərəkətinin məsuliyyətini daşımırdı. Ona elə gəlirdi ki, heç bir məsuliyyət hissi duyulmayan bir boşluğa düşüb. Gözəl dövrdür. Amma sərhədləri yoxdur, uçuruma doğru gedir… Sonu bilinməz bu dövrün…

Oğlansa düz qabağa baxır, onu dindirmirdi…Yaraşıqlıdır. Onunla xoş gecələr keçirmək olardı. Yox, beləsi ilə yox. Quru taxta ilə yatmayacaqdı ki. Ruhunu ortaya qoymalı idi… Qadın bədəninə ruhsuz taxta nəyə lazımdır axI… Hər öpüşdə, hər pıçıltıda ruh görünmədisə, istənilməz belə sevgi…

Traktorlar əkin sahəsində yonca biçirdi. Arxasınca tayalar atırdı. Necə də gözəl idi. Qadın maşını saxlatdırıb bu mənzərəyə baxdı. Adamlar zəhmət çəkir. O isə dalğındır. Adamların məşğul olmağa, vaxtlarını xoş ovqatla öldürməyə nələrisə var. O isə gecələrini üzüqoylu keçirib ağlayır… Hey ağlayır…

Maşın yenə şütüyürdü… İt nəfsinə keçən taleyini öz əllərilə dağıtdı…Əri onu bağışlamadı…

Yanındakı oğlan isə susurdu. Yox, tüpürüm bunun yaraşığına. Lənət olsun hündür boyuna, qalın qaşına, iri əllərinə, geniş sinəsinə… Tanrı sənə öz ruhundan üfürməyibsə, get özünə qəbir qaz… Get özünü as… yandır… sənin bu yaraşığın kimə lazımdır…

Yanacaqdoldurma stansiyasında gözlərini yumub benzin qoxusunu iylədi. Bu qoxudan nədən xoşlandığını bu günlərdə öyrənmişdi… Qanında dəmir çatmırmış…

Oğlan yenə maşından düşmədi. Gözlərini qabağa zilləyib matdım-matdım baxırdı. Nə bir hərəkət, nə bir əlamət, nə bir canlanma.

Maşın yenə şütüyürdü.

Yol kənarında bir dəstə qadın-kişi sevinclə addımlayıb harasa tələsirdilər… saf baxışlara bax… belə saflıq istəyirdi… Qırmızı paltar geyinən qız-gəlinlər əllərində xonça mağara girirdilər. Mahnı eşidilirdi.

–Gedək ora?

Oğlan dinmədi, onun ardınca düşmədi də.

Qadın mağara girdi. Ev yiyələri tanımadıqları qadına qulluq etdilər. Camaata qoşulub tum çırtlaya-çırtlaya xanəndəyə qulaq asdı. Sərxoş ərlərini sakitləşdirən qadınların hansı fitnə-feldən istifadə etmələrinə baxıb uğundu. Gəlinin arxasındakı xalçanın üstündə yazılan “Xoşbəxt ol” sözündə hərf səhvi tutdu. Milad oyuncaqlarını sındırıb xalçanın üzərində bu sözləri yazanda, yəqin, gəlin gələcək taleyinin də belə parıltılı olacağaını düşünübmüş. Xoşbəxt ol, gəlin. Getdiyin ocağı isindir.

Maşın yenə şütüyürdü. Yenə də dağlar.

Axı bu oğlan niyə danışmır? Bəlkə heç əlinə qadın əli alıb yanağına sürtməyib, soyuq gecələrdə nəfəsi ilə isitməyib? Bəlkə heç kişi deyil? Kişi cildində qadın veriblər ona?

12 yuxu həbi atıb yatanda yuxusuna gərgədan girmişdi. Buynuzu ilə böyrəyini deşirdi. Murdar nəfəsini üzündə gəzdirirdi… Qəribə heyvan idi. Gah öldürür, gah da sağ qalıb-qalmadığını bilməyə çalışırdı.

Bacısının zənglərinə cavab verməməsi həyatını xilas etmişdi. Qapını sındırıb onu qucaqlarında həkimə çatdırmışdılar… Sonra hər gün evində bir yaxını qaldı. Bıçağı, çəngəli, dərmanları gizlətdilər ki, bir də intihar etməsin. Bircə əri gəlmədi. Kinli əri. Yanındakı oğlan yüz il qala ona çatmazdı. Onun köstəbəyə oxşayan ərinə… Gülümsədi. Qarazırtığa bənzəsə də, əclafın ruhu var idi. Baxışlarından sümüklərinə qədər üşənən qadın, indi haradasan? Hər sözündən hissiyatını oyandıran köstəbək kişi, çoxmu uzaqlardasan?

Daha beləsi kimi yox. Pinokio.

–Pinokionu tanıyırsız?

Oğlan yenə dimədi.

–Deyirlər ki, əslində, taxta burunlu oğlanın prototipi Pinokio Sançes olub. Danışım, yoxsa danışmayım?

Oğlan gözlərini zilləyib dinmədi.

–Yaxşı danışım. Çünki indi onun taleyini yaşayırsınız. Sizə maraqlı olar keşmiş həyatınız. Pinokio Sançes liliput olub. Lap balaca oğlan… Gözünüzü zilləməyinizdən belə anladım ki, “liliput” sözünün mənasını bilmirsiz. Nə olar, bu əziyyətə də qatlaşıb deyərəm. Ay Allah, mənim günümə bax. “Liliput” balaca adamlara deyirlər. Dayan, göstərəcəm indi sənə, –  deyə qadın maşını saxladı, düşüb boynunu əydi. – Bax belə adamlara… Hə, o Sançes orduda 15 il xidmət edib. Günlərin birində dağlarda hərbi təlim vaxtı yıxılıb sümüklərini sındırır. Usta Karlo Bestulci onun sınan burnuna əlac edir. Taxta burun düzəldir.

Maşına oturub mühərriki işə saldı.

–Bax, bu dünyada elə taxta adamlar hələ də var. O bədbəxtin heç olmasa burnu taxtadan idi. Amma indi elə yaraşıqlı adamlar var ki, taxta ondan yaxşıdır. Heç olmasa, taxtadan ayaqyolu düzəldib içinə zad edirsən. Taxta adamlardan isə ayaqyolu da çıxmaz. Anlayırsan da nə demək istədiyimi.

Oğlan dinmədi. Gözlərini yola zillədi.

Maşın yenə də şütüyürdü.

Acmışdı. Kafelərin birində əyləşib kəndin özünəməxsus yeməyindən sifariş etdi. Maşından düşməsi üçün oğlana əlini yellədi. O isə maşından düşmədi.

Qadın telefonu hirslə götürüb masadan uzaqlaşdı.

–Siz mənə kimi vermisiniz? Kimdir axı bu? Sizə dedim ki, həyatım ağırdır… Mənə qəlbimi açan adam balası verin…O isə taxtadır… danışmır, gülmür, yemək yemir, heç üçsaatlıq yolda ayaqyoluna da getmədi… Ümumiyyətlə, bu insandır, yoxsa taxta? Necə? Tənha qadınların ən çox sifariş verdiyi adamdır? Kim, bu? Bu taxta? Güldürməyin məni. Hamınız cəhənnəm olun. Geri qayıdıram.

…Maşını işə saldı. Geriyə –  paytaxta döndülər. Oğlan dinmir, düz yola baxırdı. Bu da qadının taleyi… Bu da qəlbinin açılması üçün çəkdiyi əziyyət… Gərgədan ona görə yuxusuna girib böyrəyini deşirmiş, murdar nəfəsini sifətində gəzdirirmiş də… Mayallaq aşıb həyatını maraqlı etməyəcəkdi ki?

Alınmır da onda. Ərli həyatı da alınmadı.

Maşın paytaxta çatdı. Oğlanı götürdüyü yerdə düşürdü. Getmək istəyəndə soruşdu:

–Mən, doğrudan, qadın deyildim ki, yolboyu dinib-danışmadın? Yəni, heç qəlbi açılası qadın deyildim?

Oğlan üzünü paytaxt küləyinə çevirib, nəhayət, dilləndi.

–Yox.

O, kişi-qadın dialoqunda hərdən baş verən sükuta da imkan vermədi. Belə halda sükut yarana bilməzdi. Belə cavabın sükutu olmur.

–Anlamadım. Mən qadın deyiləm ki?

–Yox.

–Gözəl də deyiləm?

–Bəlkə də nə vaxtsa olmusunuz.

–Məndən qadın ətri gəlmir?

–Sizdən qurumuş ağac iyi gəlir, – deyə oğlan qapını çırpıb uzaqlaşdı.

O, pencəyinin düymələrini bağlaya-bağlaya gedirdi. Alnına dağılan saçlarına əhəmiyyət verməyib başqa maşını saxlayıb əyləşdi. Və arxaya baxmadan getdi.

Qadın onun arxasınca baxıb çantasını eşələyə-eşələyə telefonunu axtardı.

–Dayan, alçaq. Sənə həyatı başa salaram. İndi mən həyatımı dəyişərəm, sən də baxarsan. Göstərərəm kimdən ağac iyi gəlir. Gözəlliyimi görərsən, əclaf. İt oğlu itttt….Eşşəkkkkk…. Alo, Etimad Bürosudur? Düz bir həftədən sonra ən uzaq rayona səyahətə çıxıram.

Mənə bu oğlanı verərsiz. Ancaq bu alçağı…

Mənbə: Ustad jurnalının 7-ci sayı.

KÖŞƏ YAZARLARI
TOP 10