Qadınlara kişilər üzərində deyil, öz üzərlərində hakimiyyət arzulayıram

69 Baxış

 birSenet.az Aytən Nəsibbəylinin təqdimatında “Dünyanı dəyişən qadınlar” layihəsinin üçüncü yazısını təqdim edir:

 

Layihənin birinci yazısı - Çıraqlı mələk

Layihənin ikinci yazısı – Kraliça Boudika

 

                                                           Meri Uolstonkraft

 

Ona “jüponlu kaftar” ləqəbivermiş və hər yerdə sosial terrorist kimi tanıyırdılar. Bəs o, bütün bunlara layiq olmaq üçün nə etmişdi?

Meri 1759-cu il aprel ayının 17-də Londonda Edvard Con və Elizabet Diksonun ikinci uşağı olaraq dünyaya gəlmişdi.  Atası Edvard toxucu olsa da, sonra fermerliklə məşğul olmuş, ancaq hər iki işində də uğur qazana bilməyib içkiyə qurşanmışdı. Ömrü boyu ərinin təhqirlərinə, zülmünə dözməli olmuş Elizabet Diksonsa adi bir evdar qadınıydı, yeganə himayədarısa böyük qızı idi. Anasını atasının işgəncələrindən qorumaq üçün hər gecə yatağını onların qapısı ağzında salan Meri qadının dözülməz həyatıyla ilk dəfə elə anasının timsalındatanış olmuşdu. İkinci dəfə isə o, ailədə oğlan və qız uşaqlarına qoyulan fərqin şahidi və birbaşa qurbanı olur. Onun yerinə  böyük qardaşı Ned məktəbə göndərildikdə Meriyə evdə oturub kiçik qardaş-bacılarına baxmaq tapşırılır. Ancaq elə uşaqlığından inadkar, üsyankar olan Uolstonkraft oxuyub-yazmağı fermada  gizlincə qoca eşikağasından öyrənir.

18-ci əsrdə  təhsil almaq hüququ olmayan qızların gələcək həyatlarını qurmaq üçün yeganə yolları evlənmək idi. Lakin artıq yetkinlik yaşına çatmış Uolstonkraft bundan imtina edir. Evi tərk edərək yaxın rəfiqəsi Fanniilə ev tutan Meri bir müddət dayəlik, qulluqçuluq, xəstə baxıçılığı və s. kimi dövründə qadınların işləyə biləcəyi bütün işlərdə çalışır. Bir tərəfdən də öz üzərində işləyərək alman, fransız və italyan dillərini öyrənən bu cəsarətli qadının  əslində böyük bir arzusu var idi: təhsil sahəsində düşündüyü yenilikləri tətbiq edə biləcəyi məktəb aça bilmək. Nəhayət, 1784-cü ildə Fanni, Meri və bacısı Elizanın səyi ilə Nyuqton Qrində (Londonun şimal hissəsi) yeni bir məktəb açılır. Lakin, təəssüf ki, hər şey planlandığı kimi getmir. Fanninin ölümü və Merinin onun uşağına baxmaq üçün Portuqaliyaya getməsi məktəbin işini xeyli geri salır və nəhayət,  məktəb bağlanır.

Əslində müəllimlik işini elə də sevməyən Uolstonkraft bundan sonra  bir tərəfdən tərcüməçilik, bir yandan da yaradıcılıqla məşğul olmağa başlayır. Dayəlik etdiyi müddətdə yazdığı “Meri”adlı hekayə və “Qızların təhsili”adlı kitabı dövrünün məşhur nəşriyyatı “Fleet Street”də nəşr olunur. İnqilabçı fikirləri naşir Cozef Conson tərəfindən çox bəyənilən yazıçı  nəşriyyata redaktor vəzifəsinə dəvət edilir. Qısa kariyerası ərzində bir neçə roman, hekayə, elmi araşdırma yazan Meri Uolstonkrafta ilk böyük şöhrəti isə 1790-cı ildə siyasətçi və filosof Edmund Burkeyə qarşı yazdığı “İnsan haqlarının qorunması” adlı siyasi pamflet gətirir.  Burada o, Edmund Burkeninəksinə olaraq  konstitusiyalı monarxiya, aristokratiya və xristian kilsəsini kəskin tənqid edərək  özünün Fransa inqilabı, respublika barəsindəki cəsarətli fikirlərini müdafiə edirdi. O qədər də tanınmayan adi bir qadının dövrün məşhur siyasətçisinə qarşı yazdığı  məktub böyük səs-küyə səbəb olur. Meri Uolstonkraft “jüponlu kaftar” ləqəbini belə qazanır.

Yazıçıya ikinci böyk şöhrəti 1792-ci ildə Fransa dövlət xadimi Taleyrana cavab olaraq yazdığı “Qadın haqlarının müdafiəsi” kitabı gətirir. Altı həftədə yazılan kitab Uolstonkraftı feminizm ən güclü yazarlarından və banilərindən birinə çevirir. Qadınların təhsili, azadlığı, cəmiyyətdə və ailədəki qul vəziyyəti haqda yazan Uolstonkraftı özü kimi düşünənlərdən ayıran cəhət onun düşüncələrini yüksəs səslə deməsi,onu müdafiə etməsi və düşündüyü kimi də yaşaması idi.

Həm yazdıqları, həm də şəxsi həyatı ilə çoxları tərəfindən təqdir olunmayan Meri azad həyat sürmüş, evliliyin əleyhinə olmuşdur. Lakin, təəssüf ki, isveçrəli rəssam və yazıçı evli Henri Fuseli ilə yaşadığı  münasibət,  evlilikdən kənar doğulan birinci qızı onun cəmiyyətdəki nüfuzunu sarsıtmış, Uolsonkraftın yazıçı kimi də arxa plana atılmasına səbəb olmuşdu.  “Əxlaqsız” , “fitnəkar”, “sosial terorist” Uolstonkraftın 1795-ci ildə özü kimi evliliyin əleyhinə olan yazıçı-filosof Vilyam Qodvinlə bağladığı nikah da əslində doğulacaq qızlarının cəmiyyətdəki mövqeyini qorumaq cəhdi idi. Ancaq bu evlilik uzun çəkmir. 1797-ci il sentyabr ayının onunda ikincı qızını (Frankeştayn romanının müəllifiMeri Şellini) dünyaya gətirən Uolstonkraft doğuşdan on gün sonra vəfat edir. Ölümü ilə “Qadının doğuşu” və uşaqlar haqqında yazılan kitabı yarımçıq qoyan yazıçı uzun müddət kitabları ilə deyil, şəxsi həyatı ilə anılır. Bu haqsız yanaşma 1975-ci ildə isveçrəli naşir və qadın haqları müdafiəçisi Berta Rahmin Uolstonkraftın “Qadın haqlarının müdafiəsi” kitabını nəşr etməsinə qədər davam edir. Kitabın ön sözündə B. Rahim yazır: “Onu oxuyanda məndən əvvəl niyə  bu qədər qadının ona heyranlıq  duyduğunu və özlərinə bu sualı verdiklərini başa düşdüm:niyə biz daha irəli səviyyədə deyilik?”

Bu gün biz Meri Uolstonkraftı  bu qədər yaxşı tanımağımızı bir az da  Vilyam Qodvinə borcluyuq. Qodvin yazdığı“Memuar”la (1798) gələcək nəsillərə Meri Uolstonkraftın necə cəsarətli, ağıllı, azad və güclü qadın olduğunu bir daha sübut etdi.

 

 

“Qadın haqlarının müdafiəsi” kitabından seçdiklərimiz:

 

“Qadınların işləyə bildiyi məhdud sayda  peşələrin çoxu ev işləriylə bağlıdı. Halbuki qadınlar əczaçılıq oxuyub tibb bacısı və eyni zamanda həkim də ola bilərlər…. Qadınlar siyasi təhsil alıb fəaliyyətlərini pik həddə genişləndirə bilərlər”.

 

“Buradan çıxardığımız nəticə kifayət qədər aydındır. Qadınları ağıllı, azad vətəndaş kimi yetişdirmək lazımdır. Ancaq bu halda qadınlar yaxşı bir həyat yoldaşı və ana ola bilərlər. Əlbəttə ki, kişilərin ər və ata kimi vəzifələrinə laqeyd yanaşmamaları şərti ilə”.

 

“Qadınlara kişilər üzərində deyil, öz üzərlərində hakimiyyət arzulayıram”.

 

“Pul üçün evlənmək leqal fahişəlikdir”

 

“Qadınların kişilərdən asılı olduğu müddətcə onlardan hansısa bir uğur gözləmək əbəsdir”.

 

“Qadın düşüncəsini onu genişləndirməklə gücləndir, o zaman təfəkkürdə kor itaətin sonu gələcək”.

 

“Despotlar və şəhvət düşkünləri haqlı olaraq qaranlıqda saxlamağa çalışırlar qadını:çünki birincisinin yeganə  istədiyi  qul, ikincisinin istədiyi isə oyuncaqdır”.

 

“Kişini dostum olaraq sevirəm. Ancaq onun layiq olunmuş, ya da güclə ələ keçirilmiş iqtidar əsası mənim tabe olmağımı məntiqli bir səbəbə görə tələb etmədiyi müddətcə məni ələ keçirə bilməz. Bu vəziyyətdə də baş əymək kişinin yox, məntiqin qarşısındadır”.

 

“Əgər qadının əqli qabiliyyəti kişidən asılı olaraq inkişaf etdirilərsə, bir ər tapıb məqsədinə çatdıqda belə əhəmiyyətsiz uğura görə fəxrlə bütün həyatını davam etdirə bilər. Bununla da gördüyü işlərlə heyvanlar aləmindən bir az daha yüksək bir mövqeyə yerləşib vəziyyətindən razı halda yerlərə düşüb şükr edər”

 

“Qadının kişi üçün yaradıldığı dominant fikri, yəqin ki, Musanın poetik nəqlindən irəli gəlir. Bu barədə yaxşıca  fikirləşən biri Həvvanın Adəmin qabırğasından yaradıldığı əfsanəsini tamamilə inkar edər. Kişilərin lap qədim vaxtlardan bəri qadınları boyunduruq altına salmağa haqları olduğu və bütün varlıqların onların zövq və əyləncələri üçün yaradılmış olduğu tezi bütünlükdə etibarsızdır”.

 

 

 

 

 

 

 

Bölmə : Manşet