Qafqasyada müəllimlər – Hüseyn Cavid

13 Baxış

6

Qafqasyanın ibtidai məktəblərində türkcə dərs verən müəllimlər təqribən üç qismə bölünür:

Birinci qism – Araz aşırı qoşub gələn fanatizm dəllalları.

İkinci qisim – seminariyada (darülmüəllimində) ikmali-təhsil etmiş əfəndilər.

Üçüncü isə yeni üsulda tərbiyə görüb müəllimliyə həvəskar olan gənclərdir.

Birinci qismi təşkil edənlər müəllimdən başqa hər şeydirlər. Həzarpeşə və çox qurnaz hərifdirlər. Buqələmun kimi hər saatda min rəngə girməyə müstəiddirlər.

Araz kənarına varır-varmaz hərif bir kərrə düşünür, hər şeydən əvvəl, sərmayə arar. Bir yerə baxar, bir göyə baxar, aradığı özü üçün bir sərmayəni iki arşın göy bezdə bulur. Marağada darğa şagirdi ikən, Araz suyu içər-içməz anadan doğma seyid olur. Sonra ağa mübarək qədəmləri ilə Qafqasyanın bu otlu, sulu torpağını müzəyyən buyurur. Beş-on gün üz suyu tökər, yalvarır-yaxarır, amma fırıldağı işləməz, fəryadı bir yana çatmaz, çünki camaat həpsi etiqadsız, seyidə baxan yox!…

Bir də baxarsan ki, hərifin ağlına bir şey gəldi. Belindən göyü açıb, bir yana fırlatdı. Özünü bir əttar dükanına verdi. Beş-altı şahılıq həbdən, tozlu-torpaqlı otdan-filandan aldı, şələsinə cibləşdirdi. Ya Əli, ya mədəd, önünə gələn qəsəbələrə, kəndlərə üz qoydu. İndi kəndin hər tərəfinə qulaq versən, təbib başı cənablarının seyti-şöhrətşüarı təninəndaz olmaqdadır. Lakin iş təbibliklə də bitməz. Bir ucdan öldürdüyü, tələf etdiyi zavallıları öz əlilə kəfənlər, öz əlilə məzara qoyar. Sonra icab edərsə, mərsiyəsini də özü oxur. Hasili, para çıxacaq yer bulundumu, yəhudi bəzzazı kimi sağına-soluna, eninə-boyuna, hər tərəfinə ölçər-biçər, yeri gəldikdə fala da baxar, dua da yazar, cin də tutar. Fəqət… Fəqət, xudanəkərdə, bu işlərin hamısında bir rəvacsızlıq, bir etinasızlıq görürsə, büsbütün məsləkini dəyişdirər. Kitabçılarda “Vətən dili” çox, tuhafiyəçilərdə vorotnik, qalstuk bol…

Vorotnik, qalstuk boyna keçirildikdən sonra məzadçılardan, genə mal satanlardan bir dəst də gözəl kostyum alıb əyninə taxar. Bir məktəbə davam etməyə başlar.

İştə sənə yeni fabrikadan çıxmış qanlı-canlı “abrazovannı” bir müəllim!.. Yalnız bircə diplomu (attestatı) əskik…

Lakin orası da qolay, zira çənəsi gevşək bir para cahil mühafizəkarlara qarşı beş-on gün boyun büküb yaltaqlıq edərsə, hər saçmasına bəli, bəli deyərsə şübhəsiz ki, ən zəki, ən təcrübəkar müəllimlər sırasına keçmiş olar. Fəqət ədəbsiz imiş, əxlaqsız imiş, baş yox, keçər-gedər, yalnız hacı əfəndinin, yaxud kərbəlayi kişinin boş damarını tapdımı, artıq əsrin əflatunlarına şıllaq atmağa başlar. İşi yoluna qoyduqdan sonra həmiyyət, qeyrət qanı coşub-daşaraq qızğın, dəhşətnak nitqlər söyləməyə başlar, iştə kiçicik bir nümunə:

“Cəmahət, cəmahət! Vətən, məmləkət xərab oldu. Bahəme bunnan belə piş əzvəqtdən irəli, əqsam mütənəvviə məktəbxanələr açmaq lazımdır. Qazutlərin dilsuz və yürəkyandıran həvadisati insanın qulağındə güşzəd olanda dər həqiqətdə vətən dər həqqində nə eyliyəcağını bilmiyüb, gözlərinin sirişki abi-nisanın suyu kimi axır.” Bu bir.

İkinci qisim də rusca təhsil edib, türkcə dərs verən əfəndilərdir ki, dəröhdə etdikləri dərslər əksəriyyətlə ibtidai məktəblərə münhəsir kimidir.

Muşikafanə bir nəzərlə baxılsa, sair müəllimlərə nisbətən onlar çox eyidirlər, çox faydalıdırlar. Hissiyyati-milliyyəyə azacıq biganə olmaqla bərabər bir para çürük, təhlükəli mövhumata aşina deyillər ki, bu da çox böyük qazancdır. Onlarda olan fəzilətlər və qüsurlar ayrı-ayrı nəzəri-diqqətə alınmalıdır.

Onların seminariyalarda və sair məktəblərdə görüb öyrəndikləri şeylər həp müntəzəm, mürəttəb sistematiki bir tərzdə olmuşdur. Onların təhsilində çürük və faydasız şeylərə çox az təsadüf edilir. Gördükləri fənn ilə, elm ilə bərabər fənni-tərbiyəyə – “pedaqogika”yə də eyicə diqqət edirlər. Bir çox dəfələr nümunə üçün müdirlər, nazirlər tərəfindən onlara dərslər verilib, gözəlcə tənqid olunurlar.

İştə on-on iki illik təhsil və təcrübə sayəsində, hər necə olsa, müəllimlik üçün bir istihqaq qazanmış olurlar. Onun üçün Qafqasyanın çox yerlərində ən ciddi çalışanların qismi-küllisini onlar təşkil edirlər. Hətta bir çox ufaq-tefek yeni təb olunmuş əsərlər belə onların həmiyyətilə meydani-intişara atılır ki, bu da xalqı mütaliəyə alışdırmaq üçün böyük bir müvəffəqiyyətdir. Lakin bəzi əfəndilər müstəsna olmaq şərtilə, bir çoxları azacıq sapırlar ki, o sapqınlıq da bir para yanlışlıqlar, uyğunsuzluqlar doğurmuş olur. Nümunə olmaq üzrə bir neçə sətir yazı bu yanlışlığı isbata kafidir. İştə rusca oxumuş, türk dilində müəllimlik edən arxadaşlardan birisinin məktubundan bir parça: “Əfəndim, mən istəyirəm getmək iyunun on beşində mineralnı sulara, hansı ki, olar çox mənfəətli məndə olan cüzi naxoşluğa… Bəy də gedəcəkdir mənilə bərabər, ancaq qalmaq üçün orada iyirmibeş gün hərgah siz də istərsiniz gəlmək, olar mənim üçün çox yaxşı, və çox xoşbəxtlik… “ Bu da iki.

İlk nəzərdə insan bu cümlələrin türk dilində olduğuna əsla şübhə etməz, çünki hər kəlməsinə diqqət etsə, düzgüncə türk sözləri olduğunu təsdiqdən özünü alamaz. Lakin cümlələrdəki ahəngə, o qarışıq mübtəda-xəbərlərə bir musiqişünas sameəsilə qulaq versə, dərhal “xaxol” ruhilə düşünülmüş, türk kəlmələrilə vücuda gəlmiş bir əcubə olduğunu anlar.

Bu hal, bu qarışıqlıq yalnız bəzi müəllimlərə məxsus deyildir. Şəhərlərdə iqamət edən, ruscaya azacıq aşina olan tüccar və kəsbəni dəxi ifsad etməkdədir.

Elmsiz, saf bir köylünü (kəndli) qonuşdurunuz, onunla həsbi-hal ediniz, eyicə diqqət edəcək olursanız, şəhərlilərə nisbətən onları türk ləhcəsinə, türk ruhuna daha yaxın, daha munis bulursunuz.

İmdi yuxarıda yazılmış iki qismi bir arada müxtəsərcə xülasə edək.

Əvvəlinci qisimdə göstərilən budalaların nə fikri, nə duyğusu, nə lisanı, nə də əxlaqı ki, əxlaqsızlıqdan başqa bir şey deyildir. Bizə gəlməz Qafqasya üçün lüzumsuz və bimənadır. Hələ lisanları, ədəbiyyati-atiyəmizi rəxnədar edəcək dərəcədə müzürr və təhlükəlidir, onun üçün də şayani-ehtirazdır.

İkinci qisim isə fikircə, əxlaqcə, maarifcə şayani-istifadədirlər. Hələ türk və lisan və ədəbiyyatını azacıq nəzəri-diqqətə alsalar, türk sərf və nəhvinə beş-on ay qədər göz gəzdirsələr, şübhəsiz ki, vətənə, millətə çox, həm də lap çox xidmət etmiş olarlar. Fəqət əhəmiyyətsiz bir vəziyyət alacaq olsalar, təbiidir ki, lisanımızı bərbad etməkdə əvvəlinci qisimdən geri qalmayacaqdır.

KÖŞƏ YAZARLARI
TOP 10