Qafqaz səyahətlərim – Esse

25 Baxış

99916_0w9gdw4udp

Öncə onu vurğulamaq istərdik ki, Litva ədəbiyyatının məşhur klassiki Sigitas Gedanın yaradıcı şəxsiyyəti mədəniyyətimiz üçün qədim Azərbaycan ədəbiyyatının xaricdə tanıdılması baxımından ilk növbədə “Kitabi-Dədə Qorqud” eposunun Litva dilinə tərcüməçisi kimi böyük önəm daşıyır (epos litvacaya ədəbiyyatşünas Vaqif Arzumanlı ilə birgə tərcümə edilmiş və 1978-ci ildə Vilnüsdə “Vaga” nəşriyyatı tərəfindən çapdan buraxılmışdır).  

S. Geda Litva ədəbiyyatı tarixinə (XX əsrin son rübü – XXI əsrin əvvəlləri) özünəməxsus dəst-xətti və bənzərsiz yaradıcılıq yolu olan qüdrətli poeziya ustası, gözəl dramaturq, esseist, ədəbi tənqidçi və fitri istedada malik tərcüməçi olaraq daxil olub.

O, 4 fevral 1943-cü ildə Litvanın Lazdiyay rayonunun Pateray kəndində dünyaya göz açıb. 1966-cı ildə Vilnüs Universitetinin Litva filologiyası fakültəsini bitirib. “İzlər” adlı ilk şeirlər toplusu da 1966-cı ildə litvaca işıq üzü görüb. Həmin ildən başlayaraq Litvada 50-dən artıq kitabı çıxıb. Ona sağlığında ikən canlı klassik, XX əsr Litva ədəbiyyatının ən elitar simalarından birisi olmaq nəsib olub. Ədəbiyyat sahəsində Litvanın ən nüfuzlu ödüllərinin sahibidir. 1985-ci ildə ədəbiyyat üzrə Litva SSR-nin dövlət mükafatına, 1994-cü ildə mədəniyyət və incəsənət üzrə Litva Respublikasının milli mükafatına, 1998-ci ildə isə Baltik Assambleyasının ədəbi mükafatına layiq görülüb. 2002-ci ildə ədəbiyyat üzrə Nobel mükafatına namizəd olub. S. Geda 12 dekabr 2008-ci ildə vəfat edib və Vilnüsdəki Antakalnis Fəxri xiyabanında dəfn olunub. 

S. Geda “Kitabi-Dədə Qorqud”dan savayı, Xalq şairləri Səməd Vurğun və Rəsul Rza poeziyasından bir sıra nümunələri (“Şair, nə tez qocaldın sən?”, “Dostuma məktub” və b. şeirlər) öz tərcüməsində, 70-ci illərdə Litva oxucularına təqdim edib. O, həmçinin Litva-Azərbaycan ədəbi-mədəni əlaqələri haqqında məqalələrin, S. Vurğunun 1980-ci ildə Vilnüsdə litvaca çap olunmuş “Şərqin qapısı” adlı poeziya toplusu barədə ədəbi resenziyanın və 1909-1920-ci illərdə Bakıda yaşayıb-yaratmış Litva ədəbi klassiki Vintsas Kreveyə həsr etdiyi fəlsəfi qeydlərin müəllifi olaraq, Azərbaycan tarixinə, ədəbiyyatına və mədəniyyətinə ömrünün sonuna kimi maraq və məhəbbət göstərib, etnokultoroloji dəyərlərimizi Litvada yaymaq sahəsində olduqca faydalı işlər görüb…

S. Geda Azərbaycanda olarkən onu burada əhatə edən mühitdən və insanlardan aldığı zəngin təəssüratları, duyğu və assosiativ yozumları böyük ustalıqla “şeirləşdirmiş” və 1981-ci ildə Vilnüsdə çap etdirdiyi “Snayginas gölündə çiçəklənən alça ağacı” adlı kitabındakı “Qafqazda yazılmış şeirlər” başlıqlı lirik silsilədə tərənnüm etmişdir. Göstərmək lazımdır ki, şair hələ 1964-cü ildə “Qafqazdan qayıdış” adlı fəlsəfi şeirlər silsiləsini yaratmışdır. Odur ki, müəllifin Azərbaycan mövzulu lirik əsərləri onun Qafqaza həsr etdiyi poetik silsilənin vacib vektorunu təşkil edir.

“Qafqaz səyahətlərim” essesi S. Gedanın çox oxunan əsərlərindən biri olaraq ilk dəfə Vilnüsdə litvaca buraxılan “Siaures Atenai” adlı mədəniyyət həftəliyinin 4 dekabr 1992-ci il tarixli 48-ci sayında çap edilmiş və müəllifin sonralar buraxılmış kitablarında da yer almışdır.

Əsərləri ilk dəfədir ki, Azərbaycan dilinə tərcümə olunur.

Mahir HƏMZƏYEV

(Esse)

Sigitas GEDA (Litva)
Şair, dramaturq, tərcüməçi və esseist

Mən SSRİ-nin parçalanıb dağılmağına görə heyfislənmirəm, Qafqaz üçün heyfislənirəm. Çünki orada bir sıra dostlarım qaldılar. Özləri də o cür dostlar ki, elələri yalnız qafqazlı olurlar. Bilirəm ki, qafqazlılar bəzən bir-birilərini xoşlamırlar. Bir çox illətlərə görə. O cümlədən, dini, tarixi səbəblər və bəzi adətlərin fərqli olması üzündən. Amma dostluq edəndəsə ölənə qədər dostluq edirlər… Odur ki, dostluqda onlara çatan olmaz.

Bəs biz bu bədbəxt ölkə dağılandan sonra nə isə itirdiyimizi hiss edirikmi? Bu dünyada heç kəs əbədi deyil, Tanrı əsl dostları insana həyatda yalnız bircə dəfə verir, o da ki ilk gənclik illərinə təsadüf edir. Bu baxımdan yerdə qalan hər nə varsa, hamısı gecikmiş məhəbbət və dostluq axtarışlarıdır. Necə ki, biz kimləri itirdiyimizi unudub indi axtarışdayıq; gürcüləri, azərbaycanlıları, erməniləri, abxazları, acarları, meqrelləri, osetinləri, kürdləri unudub, yeni dostlar axtarırıq… 

Apar məni Gürcüstana, orda can verim əcələ
Amma öncə bir boylanım, qayalıqdan Siğnağiyə.
Bir də baxım  payız  necə  hücum çəkib üzümlüyə.
Səf-səf duran dağlar yenə papağın basıb gözünə.  

Məst et məni Alazanda o vadinin şərabıyla
Sonra bir xeyli qızılı, qozlu çurçxela çeynəyim.
Apar məni Gürcüstana, dost, yenə evimə gedim,
Yarım qalan nəyim varsa, burda  son qoyar ürəyim. 

Burda nəğmə söyləmişdi bir zaman Şota və Vaja,
Yalnız burda əngəl vardı hakimi-mütləq islama.
Burda billəm haracandır taleyimin hüdudları,
Gürcüstan şahid olacaq başlayan son dramıma.  

Qoy, təmizləsin ruhumu təpələrinin havası
Çulğalasın məni yenə bu yerin hökmü, qisməti
Bizans incəliyindən pay almış knyaz qızları,
Kəndlinin halal süfrəsi, mehribanlığı, hörməti…  

Apar məni Gürcüstana, orda can verim əcələ,
Dostların əhatəsində xiffət nədir, qəriblik nə?
Bir də… Bir də istərdim ki, Siğnaği ənginliyindən
O Alazan dərəsinin dalım dərinliklərinə.

Bəs Gürcüstan ruhu ilə yoğrulmuş bu misralar kimindir? Heyhat, mənimki deyil. Mən onları yalnız Litva dilinə tərcümə etmişəm (azərbaycancaya Günel Şamilqızı çevirib: – M.H.). Şeiri David Samoylov yazıb – Pyarnu şəhərində dünyadan köçmüş, Moskvanı görməyə gözü olmamış, qədim yəhudi nəslindən olan rus şairi və Bulat Okucavanın dostu!

Litva poeziyasının rus dilinə ən gözəl tərcüməçilərindən biri olan Yuri Yefremov da öz köklərini Gürcüstana bağlayır, arvadı isə Litvadandır. Yuri danışırdı ki, ər-arvad Moskva xəstəxanalarının birində müalicə olunan zaman onları Samoylov və Okucava ziyarət edirdi, bu zaman onlar araqdan bir-iki kiçik qədəh yüngülvari gillədirdilər. Onda Okucava gitaranı əlinə alırdı, həmin gitaranı ki, bizim gənclik illərinin şairi Voznesenski onu obrazlı surətdə incəbel qadına bənzədirdi (bilmirəm, bu obrazın kökləri hardandır, bəlkə kubizm cərəyanı ilə bağlıdır?)…

İçirdilər? İçirdilər nədir, Samoylov elə o halda da öldü – çıxışından qabaqkı fasilə zamanı səhnədəcə keçindi. Mən onun dəfninə Estoniyaya gedə bilmədim. Son mənzil yeri Pyarnu oldu; dəniz, sahildə yerləşən kiçik ev… Axı o zaman bizim hamımızı birləşdirən nə idi?..

Hanı bəs millətcə meqrel olub Abxaziyada yaşamış gənclik dostum Rene Kalandiya – böyük fransız modernist şairlərinin o gözəl tərcüməçisi? O, bəzən o qədər içirdi ki, damcılatma prosedurasını etmək lazım gəlirdi? Sonuncu dəfə mənə 1991-ci il 13 yanvar Vilnüs qanlı hadisələri zamanı zəng etmişdi… Dedi, içirəm, çünki Litvada əhalini qətlə yetirirlər… Baxmayaraq ki, V.Landsbergis ona içkini tərgitməyi məsləhət etmişdi…

O qədər İlahi vəhylər, Tanrı nuru ilə nurlandırılıb peyğəmbərcəsinə öncədən fikirlər deyilib ki! Amma yalnız Gürcüstanda başlanacaq böyük dramlar… Bəs harada tamamlanacaq? Litvada, Estoniyada, Latviyadamı? Biz hələlik heç nə bilmirik. Belə ki, dramların hələ ilk pərdəsi gedir…

Yaxud, elə götürək musiqiçi Vladimir Vısotskini; yəhudi əsgərləri onun mahnılarının yazıldığı valları patefona qoyaraq və ən güclü səs verərək tank hücumlarına gedirdilər… V. Vısotski Litvada özünü xüsusilə yaxşı hiss edirdi. Çünki Litva, Reç Pospolita, Avstriya-Macarıstan və Qaliçina torpaqları ilə bahəm yəhudilərin əsl vətəni olub. Rusiya isə bizim torpaqları “udduqdan” sonra, nəticədə yəhudiləri əldə edibdir… Tarixən Rusiyanın öz yəhudiləri olmayıbdır. Kiyev Rus dövləti dövründə belə bir olay olub, -  tarixini qarışıq sala bilərəm, qoy, Allah məni bağışlasın, amma dəqiq bilirəm ki, hardasa X əsrdə baş verib, – böyük mərhumiyyətlər içində təqib olunan yəhudilər knyaz Vladimirə müraciət edərək ondan sığınacaq istəyirlər.

- Siz bizə nə verə bilərsiniz ki? – onda Knyaz onlardan soruşur.

- Biz uşaqlarınıza dərs verib öz biliklərimizi onlara ötürə bilərik…

- Uşaqlarımızı necə öyrədə bilərsiniz ki, öz ayaqlarınız göydə qalıbdır. Əgər torpaqlarınızı itirmisinizsə, sizlərdən nə müəllim ola bilər…

Beləliklə, Knyaz yəhudiləri ölkəsinə buraxmadı. Amma nahaq yerə. Böyük Litva knyazı Gediminas bu məsələdə daha ağıllı çıxdı… Əgər öz torpağın yoxdursa, niyə özgədən torpaq istəyirsən?.. Bu, artıq başqa məsələdir.

Mənim Qafqaz səyahətlərim haqqında bəhs etməzdən əvvəl, ilk növbədə “çurçxela”nın nə olduğunu incələmək lazımdır. O zaman Rene Kandaliyaya yazıb xahiş etmişdim ki, mənə ondan bir az göndərsin. O isə iri bir bağlama yollamışdı. Çurçxela – ədviyyat və unla qatılaşdırılmış üzüm şirəsinin damcıları altında müxtəlif cevizlərdən hazırlanıb bərkidilmiş uzunsov şirni növüdür…

“Şeir yazarkən, mənə elə gəlir ki, sanki şərab şüşəsi havada vıyıldayıb divara çırpılır və çiliklənir. Bax, mən hər dəfə şeir yazanda o şərab şüşəsi kimi çiliklənirəm”, – Kandaliyanın bu sözlərini mənə sonralar bir dostum çatdırmışdı. Şeir yazmaq barədə bundan gözəl və obrazlı söz deyən olubmu? O cür şairlər Litvada çoxdurmu? Yoxdur, bizdə inersiya üzrə yazırlar. Heç kəs də çiliklənmir. Baxmayaraq ki, fransızca yaratmış Litva şairi Oskar Miloş litvalıların mənşəcə basklarla bağlı olmazını təsdiq edirdi. Bu isə o deməkdir ki, biz qafqazlıların qardaşlarıyıq. Hansı səmtdən baxsan da, fərqi yoxdur. Ya alan tayfaları nə vaxtsa İspaniyaya köçüblər, ya da əksinə… Bəs bu qohumluğu litvalılardan kim birinci olaraq daxilən duyubdur? Bəlkə bunu poeziyamızın klassiklərindən biri olan Baron – şair Antanas Baranauskas duyduğu üçün “Anikşşay meşəsi” adlı poemasında “kötüklü dağları, dazlaşmış yamacları” ilhamla tərənnüm edibdir..? Bəlkə də böyük bəstəkar və rəssam M. K. Çürlyonis bunu hiss etdiyinə görə, Kazbek dağının döşündəki Devdorak dərəsini yaradıcılığında bir bacı kimi məhəbbətlə dindiribdir?

Böyük ədəbi klassik Vintsas Kreve vaxtilə deyirdi ki, biz düzənlik adamlarıyıq.  Mənsə bu fikrə əlavə edərək deyirəm ki, buna baxmayaraq, litvalıların canına-qanına dağların ruhundan çiləntilər hopubdur…

Litvanın Dzukiya mahalının məşhur bəstəboy yazıçı oğlu V. Krevenin özü isə, dediyi fikrinin əksinə olaraq, fəaliyyəti üçün məhz Qafqazı – Azərbaycanı seçmişdi. Bakıda yaşamışdı, müəllimlik edib Azərbaycan uşaqlarını öyrətməklə məşğul olmuşdu, 1917-1920-ci illərdə isə onların müstəqil dövlətinin qurulmasında iştirak etmişdi… Şərq onun Vətəni idi, doğma yurdu Litvadan ayrılmaz hissəsi olan Vətəni…

lll

Bütün türklərin qədim eposu “Kitabi-Dədə Qorqud”u tərcümə edən zaman Türkiyə sərhəddindən çox da uzaq olmayan Kəlbəcərdə yaşayırdım (“Qorqud” bir sıra türk ləhcələrində “Korkut” kimi anılır ki, bu da bu adın Litva dilindəki tələffüzü ilə tamamilə səsləşir…). Günortadan sonra dağlara qalxırdım, çimmək üçün, orada sanki mərmərdən hazırlanmış tabutun içi ilə axan Tərtər şırıldayırdı… Ətrafdakı açıq rəngli çay daşlarından yığıb özümə qədim yunan vannasına bənzər çimmək yeri düzəltmişdim. Orada rahatca uzanıb, çayın üzərində salınmış və Makedoniyalı İsgəndər dönəmini xatırladan qədim tağbənd daş körpülərə baxırdım. Bu yerlərdən keçərək Şərqin ucsuz-bucaqsız çöllərinin sanki aralanmış nəhəng cəhəngləri tərəfindən tədricən sümürülüb udulan və beləliklə, hər dəfə getdikcə gözdən itə-itə Hindistana qədər addımlayan qədim yunan və ya Roma qoşunlarının yürüşünü təsəvvürümə gətirirdim… Və bəzən mənə elə gəlirdi ki, hətta İsa peyğəmbər gəzən zaman əgər ayağını təsadüfən haradasa yaralamışdısa, həmin yer Qafqaz dağları olmalı idi… Müqəddəs Yevangiliya da büsbütün Qafqazdadır.

Bəlkə də biz İsrailə can atmadığımız üçün, kürdlər elə burada yaşayırlar…Azərbaycan dağlarında yaşayan qədim kürdlər…

lll

Onda aprel ayı idi. Bütün telefon dirəkləri aşıb yıxılmışdı, elektrik enerjisi tamamilə kəsilmişdi, yalnız sel sularının yuyub apardığı dağ yamaclarında fəlakətə düçar olmuş ailələri daşıyan yük maşınları görünürdü (onda 1965-ci il idi, amma dağlarda bu cür torpaq sürüşmələri, sel və uçqunlar milyon illər öncə də baş veribdir)…Onlar bizi özlərinin ən sevimli xalçalarının üstündə oturtdular. Yorulub taqətdən düşmüşdük, çox üzgün halda idik… Öncə bizə yemək verdilər, daha sonra yəhərli atlar və rezin çəkmələrlə təmin etdilər ki, gedib Şuşaya çata bilək… Bu, həmin Şuşa idi ki, bu gün artıq qalmayıbdır. Televizorda yalnız uçurulmuş evləri, uşaqların və qocaların meyitlərini görürük. Şuşa… Biz orada qədim qazqazlıların dağ ətəklərindəki evlərində qoruyub saxladıqları Litva içkisini – Anikşşyay çaxırı içdik. Bilirsiz, uzaq yola çıxan zaman buralarda minik heyvanlarının belindən aşırılan torbalardan – xurcunlardan istifadə olunur. Həmin xurcunlara lazımi şeyləri, o cümlədən, yemək və su qoyub aparırlar…Atlara minib uzaq yol gedirik, nəhayət ki, az qala yuxularda olduğu kimi, dağlarda qurdların ulama səslərinin müşayiəti və atların çimçişməsi ilə (atlar bu üsulla insanı xəbərdar edirlər…) dağ ətəklərindən bir vadiyə enirik. Atları talvarın altında bağlayırıq və dostumun babası bizi soyuqdan donub amanımız kəsilmiş halda, az qala əlləri üstündə evə gətirir. 147 yaşı vardı… İndi yaşadığı üçüncü arvadı isə 72 yaşında idi… O, heç tanımadığı və demək olar ki, tamamilə yad adamları ocağında sığındırdı… İçəri gətirdi ki, itlər bizi haça-paça edib gəmirməsinlər. İtlərinsə sayı-hesabı yox idi, hamısı da dünyanın sonunun gəlməsi xəbərini yayırmışlar kimi, durmadan və bərkdən hürürdülər…

Səhər isə… Litva səhərinə öyrəşmiş balaca gözlərimi açmağa macal tapmamış, özümü bu vadidə yaşayan bütün başıpapaqlıların əhatəsində gördüm. Və onlar məni, elə bil nağıllarda olduğu kimi, bir meydana gətirdilər, burada yerləşən idarəyə apardılar. Divarda Leninin kiçicik şəkli asılmışdı, əsil türkə oxşayırdı (litvalılar Leninin şəklini çəkəndə, o, həmişə litvalıya oxşar alınırdı, latışlar çəkəndə isə latışa bənzəyirdi o atbaş zavallı…).

Burada elə bir vəsvəsəli hadisə baş vermədi. Yalnız meydanda dairə vurub durmuş bütün dəliqanlı igidlərlə birbəbir əl verib salamlaşmalı oldum… Axı ruslar öhdənizdən necə gələ bildilər? – deyib, onlardan cüzi eyhamla soruşdum.

Deyirlər ki, burada hər daşın altında bir aslan azərbaycanlı – türk yatır…

Sonra Naxçıvanik qəsəbəsinin yaxınlığındakı ərazilərdə, – haralarda ki, kəndlərdə ev donuzları ora-bura qaçışırdılar, harada ki, öz rəqiblərini kabinetində kürəyindən güllələmiş məşhur qozbel Baqramyan anadan olubdur, bir daha azacıq da olsa Qafqazın ruhunu hiss edə bildim. Burada hara baxırsan, başı buludlardan nəm çəkən dağlar, köhnə məzarlıqlar görünür… Ətrafda üzərində qoç təsvirləri çəkilmiş və üstünü mamır basmış qədim daşlar görsənir… Görəsən, qədim türklər əsrlər boyu qoyun toteminə sitayiş ediblər?! Bəs qədim litvalılar nəyə sitayiş ediblər? Romantiklər deyirlər ki, aya və ulduzlara sitayiş etmişik. Axı ay-ulduza bütün xalqlar sitayiş ediblər. Hətta mən Miçiqanda qədim hindilərin torpaqlarını ziyarət edərkən (uşaqlıq illərimizin kitablarından “Sonuncu mohikan”, “Çingaçkuk” yadıma düşdü) digər heç bir şeyi ağlıma gətirə bilmirdim. Harada ki təbii şərait mövcuddur, orada aya və ulduzlara pərəstiş olubdur. Təbiətin belə həyatverici qüvvəsi olmasaydı, onda biz nəyə çevrilərdik?! Böyük Litva yazıçısı və filosofu Vidunas vaxtilə izah edirdi ki, Nyamunas (Neman) çayının ətrafındakı ərazilər ən münasib həyatverici məkandır və litvalıların genofondu məhz burada son olaraq tamamilə formalaşmışdır.

lll

Daha sonra yolumuza davam edib dağların yüksəkliyində yerləşən kurort mərkəzinə çatırıq. Bir həftə öncə burada təzəcə toyları olmuş bəy və gəlini aparan maşın dağ başındakı yoldan sürüşüb çıxaraq dərin uçuruma yuvarlanmışdı. Dərənin dibində maşının yalnız paslanmaqda olan dəmir skeleti qaralırdı, maşında sağ adam qalmamışdı. Odur ki, burada qara kəlağayı örtmüş dağlı qadınların arasından keçib at çapmağın “bütün ləzzətini” ilk dəfə duydum. Bu hadisə uşaqlıq dövrümün Puşkin və Lermontovu yadıma saldı. Daha doğrusu, Puşkinin bir povestini xatırladım, harada ki, o, Hərbi Gürcüstan yolu ilə hərəkət edərkən rastına çıxdığı karvanı təsvir edibdir. Əsgərlər, ulaqlar, atlar və bələdçilərdən ibarət bir karvanı. “Nə aparırsınız?” – deyərək, Puşkin, ya da kimsə başqa birisi karvanbaşdan soruşur. Və aparılan yükün üstü açılanda öldürülmüş rus səfiri Qriboyedovun cənazəsi görünür…

lll

Gənclik illərimdə Qafqazda gördüyüm ən qəribə və heyrətamiz mənzərələrdən biri eşşəyin səhər tezdən su quyusunun yanında lap ucadan anqırması idi! Elə bil ki, bu dünyanın sona çatmasını bəyan edən cahanşümul şeypur səsi yayılırdı.

Və yaxud, kənddə bir daxmadan o biri daxmaya gedən zaman, bir də görürdün ki, əyin-başı geyilməkdən yararsız hala düşüb cır-cındır içində olan balacaboy bir qafqazlı rastına çıxdı. Lakin arvadı ondan fərqli olaraq, xalis İsveç “blondinka”sını xatırladırdı. Qorxuram yalan deyəm, təxmin edirəm ki, qəhqəhə ilə gülən o sarışın şən qadın ya Tuladan, ya da Boronej ətrafından olmalı idi. Dolu bədəni vardı, çətinliklə qucaqlamaq olardı, amma olduqca seksual görünürdü. Çöllərdə qoyun otaran cırtdanboy qafqazlı çoban beləsinin qabağında dözüb özünü saxlaya bilərdimi? Əsla! Belə blondinkaları vaxtilə Leninqrad Opera və Balet Teatrının tamaşaçıları arasında çox görmüşəm. O vaxtlar dost Konqo ölkəsindən gəlmiş şanlı təmsilçilər o blondinkaları “Traviata” operasının qəlbləri riqqətə gətirən musiqi sədaları altında dörddişli dəmir dırmığa oxşayan uzun meymun barmaqları ilə yaxşıca əzib yumşaldırdılar… (“La Traviata” italyan dilində “Yolunu azmış qadın” və ya “Doğru yoldan çıxmış qadın” mənasını verir: – M.H.).

Mənim gənclik illərimin gözəl Qafqazı! Bəs nə vaxt mən sənin haqqında müfəssəl danışa biləcəyəm?! Həqiqətlərin, indi orada hökm sürən yalan, zorakılıq və ədalətsizlik barədə söz aça biləcəyəm? Ən başlıcası isə – dinc insanların vəhşicəsinə qətlə yetirilməsi ilə bağlı ürək ağrılarımı nə vaxt açıqlaya biləcəyəm?..

Olduqca mehriban və müdrikliyi ilə seçilən tanış tərcüməçi xanım D.L. bir dəfə danışırdı ki, norveçlilər axşamlar televizoru qoşub ekranlarda qan töküldüyünü görəndə Tanrıya şükür edirlər. Şükür edirlər ki, həmin qan doğma Norveçdə yox, başqa ölkədə tökülür. Yox, qətiyyən sevinmirlər, amma məmnunluq hissləri yaşayırlar ki, qan axan ölkəyə baxanda onların evlərində sakitlikdir. Litvalılar da eynilə düşünürlər. Bəs, nə vaxta qədər belə davam edəcək?!

Vilnüs, 4 dekabr 1992-ci il.
Litva dilindən tərcümə edən: Mahir Həmzəyev
Vilnüs – Bakı, sentyabr-noyabr, 2017-ci il.

KÖŞƏ YAZARLARI
TOP 10