“Qafqazda dinlər” kitabı çap olunub

7 Baxış

1481888046270896526_1000x669

TEAS Press Nəşriyyat Evi Azərbaycanda “Multikulturalizm ili” çərçivəsində ingilis dilində “Qafqazda dinlər” (Religions in Caucasus. Baku:TEAS Press publishing House, 2016) adlı kitab nəşr edib. Kitab London Şərq və Afrika Araşdırmaları Məktəbində keçirilən Beynəlxalq konfransın materialları əsasında tərtib olunub. Burada Qafqazda konfessiyaların tarixinə dair tanınan dünya və Azərbaycan ilahiyyatçıları, tarixçiləri, arxeoloq, etnoqraflarının məqalələri toplanıb.

TEAS-dan Senet.az-a verilən məlumata görə, məqalələr “Qədim konfessiyalar: zərdüştlük və iudaizm”, “Qafqazda xristianlıq”, “Qafqazda İslam”, “XIX-XX əsrin əvvəllərində Qafqazda konfessiyalar”, “Dinin ümumi problemləri” bölmələrində qruplaşdırılıb. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Milli Aviasiya Akademiyasının kafedra müdiri Fəridə Məmmədovanın Alban kilsəsi və onun yeparxiyaları, Frankfurt Universitetinin professoru Cost Hippertin və Elmi Araşdırmalar Mərkəzinin (Fransa) direktoru, tarix və filologiya elmləri doktoru Bernard Utyenin alban yazısı, Gürcüstan Milli Elmlər Akademiyasının müxbir üzvü, tarix elmləri doktoru Liana Melikişvilinin Gürcüstan apostol avtokefal kilsəsi, Ruan Universitetinin əməkdar qədim tarix müəllimi Fransua Telyamonun Qafqazın yevangelizasiyası, Tarix İnstitutu, II Pavel İoann Yepiskop Universitetinin vitse-direktoru Martin Rezepkanın XIX əsrin birinci yarısında Qafqazda xristianlıq, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Bakı Dövlət Universitetinin ilahiyyat fakültəsinin dekanı Vasim Məmmədəliyevin Qafqazda İslam və digər müəlliflərin məqalələri elmi dəyəri, yenilikləri ilə Qafqaz dinşünaslığına mühüm töhfədir. Kitabda Qafqazın ən mühüm dini təsisatlarına dair verilmiş illüstrasiyalar onu daha da zənginləşdirilib.

Avropa Azərbaycan Cəmiyyətinin təsisçisi və sədri Tale Heydərov kitaba ön sözündə Qafqazda dinlərin tarixi, müasir vəziyyətinin öyrənilməsinin aktuallığından, Azərbaycanın multikulturalizm və tolerantlıq ənənələrinin əhəmiyyətindən bəhs edib. Ön sözdə qeyd edilir ki, Avropa ilə Asiyanın, Şərqlə Qərbin qovşağında, Qafqaz regionunun cənubunda yerləşən Azərbaycan cəmiyyəti qədim zamanlardan etibarən multikultural səciyyə daşıyıb. Tarixin qədim qatlarından başlanan bu ənənə zaman keçdikcə Azərbaycanda həyat tərzi olub, müasir dövrdə isə bitkin bir sistemə çevrilib. Azərbaycanın multikulturalizm modeli tarixin sınağından uğurla çıxıb, daim yaşadılıb. Bu multikulturalizm modeli müasir dünyada baş verən etnik, konfessional və siyasi çəkişmələr, geniş vüsət alan terrorizm şəraitində, Şərqdən olan miqrantlar ilə Avropa ölkələri arasında ziddiyyətlərin kəskin şəkil aldığı bir dövrdə problemlərin həlli üçün mühüm çıxış yollarından birini təşkil edir.

Kitab Qafqazda dinlərin keçmişi və müasir vəziyyəti ilə maraqlananlar üçün dəyərli bir vəsaitdir.

KÖŞƏ YAZARLARI
TOP 10