Qafqazlılar rus qadınlarını orada başlı-başına buraxırlar

51 Baxış

ordubadiSenet.az Məmməd Səid Ordubadinin xatirələrini təqdim edir:

Mən 1914-cü ilin yanvarında Ordubaddan Saritsin şəhərinə sürgün edildiyim zaman Bakı həbsxanasında ay yarım qalmışdım. Bu mənim Bakını birinci kərə görməyim idi. Bakıya ikinci kərə 1920-ci ilin mayında gəldim. Bir mən qadınım ilə bərabər Astraxandan (Həştərxan – N.S.) Mahaçqalaya qədər paroxod ilə gəlmişdim. Mahaçqaladan Bakıya qədər yük vaqonlarında gəldik. Çox xəstə idik, xüsusən Mahaçkaladan Bakıya qədər olan iki günlük yol bizi tamamilə yormuşdu. Lakin bizdə yorğunluğu unutduracaq böyük ümidlər var idi, çünki bizim Astraxanda işlədiyimiz yoldaşların hamısı Bakıda hökumət üzvləri idi. Onların bizim rahətliyimizi təmin edəcəklərinə heç də şübhəmiz yox idi. Özləri də bunu təkrar olaraq bir neçə kərə bizə tapşırmışdılar. Biz mayın 2-də gündüz saat on birdə Bakıya yetişdik. Mahaçqaladan Bakıya qədər bizdən hara və nə üçün gəldiyimizi heç bir kəs soruşmadı. Yalnız bizdən deyil, bizimlə bərabər gələn yüzlərcə qonaqlardan da bilet və vəsiqə soruşan olmadı. Burası hər kəsi düşündürürdü. Təzə inqilab etmiş bir şəhər barəsində açıq qapı məsələsi bizi düşündürməyə bilməzdi. Çox qələbəlik idi. Bunsuz da mən Bakı xoşlamazdım. Bakı şəhəri haqqında eşitdiklərim və qəzetədə oxuduqlarım hadisələr heç bir vaxt xatirimdən çıxmazdı. Xüsusən Bakı qoçularının hərəkətləri barəsində danışılan hekayələr məni doğrudan da Bakıdan iyrəndirmişdi. Hətta Əhməd bəy Ağayevin mənim “İrşad” qəzetəsində baş mühərrirlik vəzifəsinə və Haşım bəy Vəzirovun isə “Tazə həyat” və “Səda” qəzetələrinə əlverişli vəzifəyə dəvət etdiklərinə baxmayaraq mən Bakıya gəlmək istəməmişdim. Vaqondan düşüb vağzalın qabağındakı bağın yanına gəldik. Qadınımı şeylərlə bərabər orada qoyub mənzil axtarmağa getməli idim. Lakin bundan mən də, qadınım da razı deyildik. Mən onu tək buraxmağa cürət etmirdim. Xəstə qadının əlindəki şeyləri götürüb qaçmaq oğrular üçün heç bir çətinlik tələb etmirdi. Qadınımın qorxusu isə başqa tərəfdən idi. Biz Saritsindən Astraxana hərəkət etdiyimiz zaman ona demişdilər ki, Qafqaza getmə, qafqazlılar evləndikləri rus qadınlarını orada başlı-başına buraxırlar. Buna baxmayaraq qadınım istər-istəməz şeylərin yanında oturmağa razı oldu. Biz vaqonda Astraxan taciri Zeynalabdin Səfərovun aşpazı Hüseyn ilə tanış olmuşduq. O, Bakıını yaxşı tanıyırdı. Dadaş Bünyadzadəni tapmaq üçün mənə kömək göstərəcəyini təklif etdi. Təşəkkür etdim. Küçələr bekar camaatla dolu idi. Xüsusən XI Ordunun qoşun hissələrini hər tərəfdə görmək mümkün idi. Mən özüm-özümə deyirdim: Bakıda bir həftədən artıq yaşamayacağam, köçüb Ordubada gedəcəyəm. Oradan çoxdan çıxmışdım. Ora getmək və orada yaşamaq mənim hər bir arzumdan böyük və müqəddəs idi. Doğrudan da mən elə bilirdim ki, Ordubada yetişən kimi qiymətli olan gənclik günlərimi görəcək və onu ziyarət edəcəyəm. Bunun üçün də bir çox qocalara köhnəpərəst və keçmişi sevən fanatik adını verənlərlə razılaşa bilmirəm. İnsan öz gəncliyini keçmişdə buraxdığı üçün onun gözü daima keçmişi axtarmalıdır. Mənim Ordubada tələsdiyimin başqa bir səbəbi də var idi. Mən Bakıda qalsaydım ancaq yazıçılıq ilə yaşamalı idim, lakin mən yazıçılıq sənətini məişət mənbəyi qərar verməyi sevmirdim. Gənclikdə işlədiyim ipək zavoduna qayıtmaq istəyirdim. Orada mənim ən səmimi gənclik yoldaşlarım çalışırdı.1 Lakin Ordubada getmək mümkün olmadı, çünki yollar ixtişaşçıların əlində idi, hər tərəfdə milli çarpışmalar davam etdiyini eşitdim. Olginski küçədə təsadüf etdiyimiz gürültular məni fikrimdən ayırdı. Metropol mehmanxanasının qarşısı müxtəlif siniflərə məxsus camaatla dolmuşdu. Burada tacirlər, ziyalılar, müəllimlər, hətta başı sarıqlı mollaları da görmək mümkün idi. Bir nəfər faytondan düşdü. O, Metropola tərəf yönəldi, mehmanxananın qarşısında duranların bir çoxu onun dalınca mehmanxananın dəhlizlərinə soxuldular. Dişarıda qalanlar isə cürbəcür sözlər danışdılar. – Papaqçıların qardaşıdır. – Maarif komissarıdır. – Yarımsavadlı bir müəllimdir. – Rəhmətlik kişinin qardaşı Cəfər yaxşı adam idi. Biz ancaq bu sözlərdən sonra faytonla gəlib mehmanxanaya girən adamıın Dadaş Bünyadzadə olduğunu anladıq. – Bəs nə üçün o məni tanımadı? Mən ki, qapıya yaxın durmuşdum! – Mən özümə belə bir sual verdim, eyni zamanda – vaxt elə vaxt deyil, 1943-cü ilin sentyabrında Ordubadda istirahət etdiyim zaman zavoda getdim, yoldaşlarımdan bir çoxunu orada gördüm.

Hökümətin təşkilinin dördüncü günüdür, işləri çoxdur, gecə- gündüz yatmırlar, ola bilər ki, məni görməmişdir – deyirdim. Pilləkanlarla üzü yuxarı dırmaşanlarla bərabər mən də yoldaşımla bərabər yuxarı çıxdıq. Dadaş Bünyadzadə yaşayan otağın qapısında həddən artıq adam yığılmışdı. Heç bir kəsi içəri buraxmırdılar. Qapıda iki saatdan artıq durduq. İkimiz də tələsirdik. Xüsusən mən xəstə qadınımdan nigaran idim, onu şeylərlə bərabər vağzalda buraxmışdım. Ona baxmayaraq mən yenə də yoldaşıma təsəlli verib: -Tələsmə, Dadaş bu saatda bizə rahat mənzil verəcəkdir – deyirdim. Bizim bu söhbətimizdə Dadaş otaqdan çıxıb məni gördü, yarımçıq və tələsik kəlmələrlə: – Xoş gördük. Bu saat vaxtım yox, sabah bu zaman gəl danışaq – deyərək başqa bir otağa keçdi. Bu anda başımı qaldırıb yoldaşımın üzünə baxmaq mənim üçün ən çətin və utandırıcı işlərdən birisi idi. Çünki Mahaçqaladan Bakıya qədər yoldaşlarımın mənə bəslədikləri məhəbbət haqqında ona uzun-uzadı söyləmişdim. Məhəmmədhüseyn (yoldaşım) mənim çıxılmaz vəziyyətdə qaldığımı dərhal anladı və əlini çiynimə qoyub: – Gəlin gedək, indi umub küsməli zaman deyil, başları qarışıqdır, böyük adamın böyük işi olar. Eybi nədir? Biz onlarsız da mənzil tapa bilərik. Gəl gedək, xanım da intizardadır. Şübhəsiz ki, acdır – dedi. Heç bir söz demədim, pilləkanlardan yavaş-yavaş düşüb dəniz kənarına tərəf yol aldıq. Lakin mən Dadaş Bünyadzadənin otağının qapısında eşitdiyim sözləri heç də unuda bilmirdim. Danışılan sözlər onların hansı sinif və hansı təbəqəyə mənsub olduqlarını göstərirdi. – Görəsən bunların əsas əqidələri nədən ibarətdir – deyib soruşanlar var idi. Bu suala cürbəcür cavab verirdilər: – Bolşevik, malşərik. – Dövlətlilərdən alıb kasıblara verəcəklər. – Biz də kasıb adamıq da. Borcdan-xərcdən düzəldib bir dükan açmışıq. Bizə gərək versinlər. – İşlərində hər millətdən var. – Bu da bir təzə dindir ya yox?! – Bolşeviklik din deyil, firqədir. – Dadaş Bünyadzadə əvvəldən elmə, maarifə diqqət verən adamdır. – Papaqçıların nəcibliyinə söz ola bilməz. – Bakılıdır, ətimizi yesə, sümüyümüzü çölə tüllamaz. – İşimi düzəltməyə söz veribdir. Qarayev ilə danışacaq. Bəlkə də buraxdırdı. – Söz versə düzəldər. Olduqca alicənab bir şəxsiyyətdir. Dadaşın şəxsiyyətcə nə qədər iyrənc və dəyərsiz olduğunu bilənlər onu xariqüladə bir sima kimi görməyə calışırdılar. Onun orta savada malik olmadığını anlayanlar belə: – Özü də alim və bilikli bir simadır – deyərək o tərəf – bu tərəfə baxırdılar, çünki qapıda yığılanlar içərisində Bün- yadzadənin adamları olmamış deyildi. Ümumiyyətlə, yerli xalqın arasında özünü vəziyyətə uy- ğunlaşdırmağa çalışanlar çoxdur. Mən Bakıya birinci kərə girdiyimdə gələn kimi bunu hiss etdim. Bakıda yaşayan yığıntı xalq hələlik özünü müstəqil bir şəxsiyyət kimi təşkil edə bilməmişdir. Buna görə də onlar müxtəlif adamlar tərəfindən ortalığa atılan hər cürə müsbət və ya mənfi fikirlərin fərqinə varmaq istəməz və yeri gəldikdə bunların hər ikisi ilə barışmaq istər. Bunların fikrincə, hər şey və hər iş məişətin keçməsi üçün bir vasitədir ki, insan onlardan mütləq istifadə etməlidir. Bu fikir Bakı xalqı içərisindən doğan oricinal bir fikir deyildir. Bu fikri islamiyyətdən daha əvvəl Suraxanı atəşgədəsinin ətrafına yığılan atəşpərəst iranlılar və hindistanlılar gətirmişdir. Dəniz kənarında Hacınskinin evinin dalında kiçik bir otaq tapdıq. Dərhal vağzala qayıtdıq. Şeylər yanında çıxılmaz bir vəziyyətdə oturan qadınımı da «təzə binaya» köçürdük. Həddindən açtıq razı qaldım.

 

 

BAKI ZİYALILARI

Bakıya gəldiyimin ikinci günü də Dadaş Bünyadzadə ilə görüşmək mümkün olmadı. Komissariatda iclas var imiş, nahar yeməyinə də harada isə qonaq imiş. Zatən Dadaş Bünyadzadə qonaq getməyi çox sevirdi. Mən onun evində görüşməyi məsləhət bildim. Bu fikrim də boşa çıxdı. Çünki onun Bakıya gələn kimi qadınından ayrılmasını eşitdim. Buna heç də təəccüb etmədim, çünki Dadaş Bünyadzadə Astraxanda olduğu vaxt avropalı qadınlarla oturub durmuşdu, o heç bir vaxt öz savadsız və şərqli olan qadını ilə yaşamaq istəməyəcək idi. O, bir neçə gündən sonra söhbət arasında mənə dedi ki, qadınım ilə yaşaya bilmədim, çünki səviyyəmizdə böyük fərq var idi. Nə isə, mən Dadaş ilə mənzil danışmaq istəmədim. Çünki Bakıda sabiq İran inqilabçılarına rast gəldim. Onlar mənə Zavedinski küçədə otaq verdilər. Bakıya gəldiyimin beşinci günü Maarif Komissarlığına getməyi qərara aldım. Çünki Ordubada getmək mümkün deyildi. Bakıda qalıb işləmək lazım idi. Maarif Komissarlığı dəniz kənarında, məşhur oxuyan Seyid Mirbabayevin mülkündə yerləşirdi. Qapıda çox adam var idi. Bu izdihamın içərisində üç gün əvvəl Metropolda gördüyüm adamlara da təsadüf olunurdu. Lakin qapıçı çox dərin bir istintaqdan sonra tək-tək adamları yuxarı buraxırdı. Mən çox təlaşdan sonra qapıçının yanına keçə bildim. Qapıçı mənimlə heç bir istintaq aparmadı, bir anda ayağımdan başıma qədər gözdən keçirdi və qısa cümlə ilə: – Yuxarı çıxmaq olmaz, çəkil, gəlib-gedənə mane olma! – dedi. O, buna haqlı idi. Əynim, üstü-başım tökülmüşdü. Doğrudan da qapı qabağına yığışanlara göz gəzdirdim. Özümdən yoxsul və xəstə adam görmədim. Qapıçının yanında durub düşünürdüm. Qapıya bir nəfər qara saqqallı və dəri papaqlı adam yanaşdı. Qapıçı ayağa qalxıb baş endirdi. Qara saqqallı adam məni görüb soruşdu: – Nə istəyirsən? Müəllimsən? – Xeyir, müəllim deyiləm – dedim. – Bəs nə iş üçün gəlmisən? – Bünyadzadə yoldaşı görəcəyəm. Bu sözdən sonra naməlum adam mənim bütün varlığımı nəzərindən keçirdi və hər şeydən qabaq ayaqlarıma baxdı. Çünki ayaq barmaqlarım ayaqqabının cırıqlarından dışarı çıxmışdı. Naməlum adam bütün dişləri görünəcək qədər güldü. Lakin onün dişlərinin ağlıgı məni o qədər məşgul etdi ki, onun təhqirli gülüşünün acılığını hiss edə bilmədim. O mənə istehzalı bir nəzər ataraq soruşdu: – Möhtərəm Bünyadzadə sizin gənclik və məktəb yol- daşınızdırmı? Mən də onun cavabında: – Bəli, hər ikisidir. Şübhəsiz ki, mənim kimi yoxsul bir adamın Xalq Maarif Komissarına yoldaş deməyim naməlum adama çox qəribə gəlirdi. O bir də gülərək dedi: – Adınızı deyiniz, mən Bünyadzadəyə burada durduğunuzu xəbər verərəm. – Adım Məhəmməd Səid Ordubadidir – dedikdə o yenə də gülüb əlimi sıxdı və: – Xoş gəlib, səfa gətiribsiniz. Üzr istəyirəm, sizi tanımadım – dedi. Mən bu sözlərdən sonra anladım ki, bu adam həmişə gülən adamlardandır. Daima onun ağ dişləri görünməlidir. Tanış olduq. Hacı Mehdiqulu bəyin oğlu İsa bəy Aşurbəyov idi. O mənim qolumdan tutub yuxarı çıxardı. Dadaşın kiçik bir müşavirəsi var imiş. Kiçik salona girdim. Müşavirədə müəllimlərdən Nurməhəmməd Şahsuvarov, Rza bəy Fətullabəyov vəyaki Fətulla bəy Rzabəyov, Ağaəli Qasımov və komissar müavini şair Nemət Bəşir iştirak edirdi. Salam verib əyləşdim. Dadaş salamımı aldı, lakin müəllimlərlə tanış etmədi. Müəllimlər də mənə əhəmiyyət vermədilər, öz işlərinə məşğul idilər. Lakin komissarın müavini Nemət Bəşir qalxıb yanıma gəldi. Bir qədər oturub söhbət etdi. Səhhətimi xəbər aldı. Mən 16-cı ildə Saritsin şəhərində sürgündə olduğum zaman Nemət Bəşir qadını ilə bərabər qaynanasını görmək üçün Saritsin şəhərinə gəlmişdi. Biz orada tanış olmuşduq. Müşavirə başlandı. İclasa mane olmayım deyə Dadaş Ağaəli Qasımova belə bir əmr verdi: – Öz şöbəndə Səidə münasib bir iş düzəlt! – dedikdə Ağa Created by Neevia Personal Converter trial version dərhal mənim qolumdan tutub: – Buyurun gedək – dedi. Hara getdiyimi bilmirdim. Dadaşın məni müəllimlərlə tanış etməməsi, mənə qarşı etinasızlığı, hətta əlimi belə sıxmaması doğrudan da qəlbimə toxunmuşdu. Buna görə də Ağəli Qasımov ilə gedərkən Dadaşın Astraxandan çıxarkən mənə dediyi sözləri xatırlayırdım: “Bakıya gələndə mehmanxanaya düşmə, bir baş gələrsən bizə. Papaqçılar desən, hamı sənə nişan verər. Bir parça çörəyimiz vardır, səni qonaq edə bilərəm”. Dadaş Astraxandan Bakıya yola düşəndə Zaqafqaziya Komissarlığının bayrağı üçün aldığımız on metr qırmızı məxməri də götürüb: – Balaca və gözəl bir qızım vardır. Bu məxməri qızım üçün paltoluq aparıram – dedi. Ağaəli Qasımov məni təlif və tərcümə şöbəsinə gətirdi, orada boş bir stol göstərib: – Sabahdan buyurub burada əyləşərsiniz – dedi və müşavirəyə getmək üçün tələsdi. Mənə nişan verilən stolun vəzifəsi çox da ağır bir vəzifə deyildi. Orada tərcüməyə verilən kitabların adını qeyd etməli idim.

 

 

 

 

 

 

 

 

 

Bölmə : Manşet, Ədəbiyyat
KÖŞƏ YAZARLARI
TOP 10