Qağayı gülüşü

102 Baxış

qagayi25Senet.az Vəfa Mürsəlqızının şeirlərini təqdim edir:

 

 

Yum gözlərini.

Yağlı sifətlərdəki yalançı gülüşləri,

Sırtıq təbəssümləri,küncə sıxılmış doğruları,

özünün olmayanı qamarlayan oğruları,

unut!

Üzünə yapışmış sözssüz nəzərləri,

bütün günü qulağını cırmaqlayan şeirləri,

qəzəlləri,

Çirkinləri, gözəlləri, unut!

Fotoşəkilə çevrilir adamlar,

ildə bir dəfə geydikləri təbəssümləri ilə.

Gözlərinin dibinə qovduqları qüssələri ilə,

utulu kostyumları, qırış-qırış vicdanları ilə.

Sil yaddaşından bu fotoları, unut!

Unut hər şeyi, hamını,

unut evləri. ağacları, quşları, adamları.

Cavanları, qocaları, uca görünən alçaqları,

alçaqda dayanan ucaları,

unut!

Və bircə qağayıları unutma!

Tər-təmiz qağayı gülüşlərini və qağayı gülüşlərinin

fonunda dünyanın

ən təmiz öpüşünü!

 

 

 

Hamı mənə bənzəyirmiş
Bu həsrətin zəhər kimi,

Tamı mənə bənzəyirmiş,

Hamı bir az məndən fərqli,

Hamı mənə bənzəyirmiş.

 

Bir ömür yoluna çıxdım,

Dərdimi köksümə sıxdım,

Hamının gözünə baxdım,

Hamı mənə bənzəyirmiş.

 

Dərdini bölən adamlar,

Dərdinə gülən adamlar,

Əzizi ölən adamlar,

Hamı mənə bənzəyirmiş.

 

Ağlaya-ağlaya gəlir,

Hıçqıra-hıçqıra gülür,

İşə bax ey, hamı ölür,

Hamı mənə bənzəyirmiş.

 

Özümü mələk bilirdim,

Qarğayıb fələk bilirdim,

Mən özümü tək bilirdim,

Hamı mənə bənzəyirmiş.
 

 

ANA VƏTƏN!

Qara qızın qara dərdi,

Adlayıb illərdən keçdi,

Qanı çaylardan dolanıb,

Ağrısı çöllərdən keçdi.

 

Vətəni bazar elədik,

Satdıq yarısını satdıq,

Canından bezar elədik,

Bürcü – qalasını satdıq.

 

Ha çağırdım atam oğlu,

Hayıma çatan olmadı,

Vətəndən nə desən oldu,

Vətəndən vətən olmadı.

 

Torpaq alıb satan oğlan,

O torpaqda rahat yatmaz,

Barı “Ana vətən” demə,

Adam anasını satmaz!
 
Ətək

Bu qız görən nə vaxt belə böyüdü,
Gözündəki gülüşləri azaldı,
Əynindəki günahdımı, dondumu?
Böyüdükcə ətəkləri qısaldı.

Bəlkə bu qız, qız deyil heç, şəkildir,
Ruh oxşayan nəğmədir, ya şeirdir,
Bu dünyanın neçə gözütoxları,
Bir ətəyin arxasınca yüyürdü.

Paris kimi əldən verib hər şeyi,
Yandırdılar Yelenanın oduna,
Yaxşı baxın dəyişməyib mənzərə,
Elə həmin “Troya”-dır bu dünya.

O qız gedir ətəkləri yellənir,
Bütün dünya arxasınca sürünür,
Gözü, qaşı, qəlbi, ruhu görünmür,
Elə bircə ətəkləri görünür.

Neçə qadın göz yaşını axıdır,
Gedənlərin arxasınca ağlayır,
Ətək, ətək deyilmiş ki, ay zalım,
Gör nə qədər göz yaşını saxlayır.

Bu qız görən nə vaxt belə böyüdü,
Gözündəki gülüşləri azaldı,
Əynindəki günahdımı, dondumu?
Böyüdükcə ətəkləri qısaldı.

 

 

 

Bəlkə də qadın budur!

Saçlarmın ətri hopar əlinə,
Əllərini ovundurma saçımda,
Axı hardan bilirsən ki, mələyəm?
Bəlkə elə şeytan yatır içimdə.

Qadın qadın deyil , balam, qəfəsdir,
Gülüşüylə tovlayacaq tutacaq,
Bir qara qız gözlərindən süzülüb,
Asta-asta ürəyinə yatacaq.

Bu dünyada bir qadına inanma,
Şeytan yatır hər qadının içində,
Şeytan yatır bir az qara gözündə,
Gülüşündə, öpüşündə, saçında.

Tiryək kimi tutularsan ətrinə,
Gecələri baş qoymazsan balınca,
Bu dünyanı tullayarsan bir küncə,
Yüyürərsən bir qadının dalınca.

Saçlarının ətri hopar əlinə,
Ən kədərli şeirini yazarsan,
Əzrayıla qıymadığın canını,
Bir qadının tellərindən asarsan!

Sən onunçün bu dünyadan keçərkən,
Dodağında dolaşan ad yadınmış,
Qadın kimi sevimlidir bu dünya,
Bu dünyanın cinsi demə qadınmış!

 

 

Xanım əllərim.

Günlər düzüm düzüm boyunbağıydı,
Asdıq boynumuzdan, üzüldü düşdü,
Mənim barmaqlarım gül yarpağıydı,
Tikan əllərinlə necə görüşdü?

Çığıran ürəklər bir cüt qağayı,
Həsrət dənizinin sonu görünmür.
Qismətim elə bil lal olub axı,
Ha fəryad edirəm dinmir ki, dinmir.

Çoxdan öləzimiş ocaq kimiyik,
Açırıq, örtürük yad qapıları,
Biz iki adamsız otaq kimiyik,
Soyuq divarlarda yad fotoları.

Mən elə bilirdim min bir canı var,
Dünyaya yenə də gələcək bu eşq,
Sıxdım ovucumda quş balası tək.
Axı nə biləydim öləcək bu eşq.

Küləyə çevrildin, tufana döndün.
Yoldu saçlarımı dəli inadın,
Kəklik ayağı tək, qürub çağı tək,
Xanım əllərimi qana boyadın.

 

Bölmə : Poeziya
KÖŞƏ YAZARLARI
TOP 10