Qalina Dmitrukun kukla sərgisi- “Gecə nağılları”

16 Baxış

Kukla sərgisiMayın 13-dən 17-dək Muzey Mərkəzində Qalina Dmitrukun “KUKLA” art-qalereyası və Muzey Mərkəzi tərəfindən təşkil edilmiş “Gecə nağılları” adlı müəllif kuklaları sərgisi keçiriləcəkdir.

Həm Belarus, həm də xaricdə tanınmış müəllif interyer kukla ustası Qalina Dmitruk dünyamızı daha da gözəl etmək üçün öz yanaşma tərzini tapıb. Onun işləri Rusiya, Azərbaycan, Ukrayna, Almaniya, Belçika, Çexiya və İspaniyada bir çox beynəlxalq sərgilərdə nümayiş etdirilmişdir. Qalina Dmitrukun kuklaları doğma Belarusda hər zaman səbirsizliklə gözlənilir, çünki müəllif öz işlərini doğma vətənində olduqca nadir hallarda sərgiləyir. Belə ki, onların çoxunu yalnız şəkillərdə görmək olar. Onların, demək olar hamısı dünyanın dörd tərəfinə səpələnmişdir və hal-hazırda İsveçrə, Almaniya, Çexiya, ABŞ, Rusiya, Ukrayna, Belçika, İspaniya, Azərbaycan və digər ölkələrdə əsl incəsənət bilicilərinin şəxsi kolleksiyalarında yer alır.

Kukla dizaynı Belarusda demək olar ki, nisbətən yeni sahədir və on il bundan öncə inkişaf etməyə başlamışdır. Qalinanın gənc və ixtisasca jurnalist olmasına baxmayaraq Belarusda o, bu incəsənət sahəsinin banilərindən biri sayılır. Qalina Dmitrukun kuklaları yalnız interyerin bir hissəsi olmaqla qalmayıb, həm də özlərində əks emosiyalarla dolu daxili aləmlərini ehtiva edirlər.

Müəllifin aktivində olduqca gözəl və digər kuklalara bənzəməyən yüzdən artıq iş var. Qalinanın işləri ilə ənənəvi boşgözlü və qəlbsiz qızılı buruqsaçlı gözəlçələr arasındakı sərt təzad dərhal gözə çarpır. Onun kuklalarının hər birinin öz təkrarsız hekayəsi və taleyi var. Qırıq əl və ayaq xətləri, ifadəli baxışlar, kuklaların donub-qaldığı qeyri-adi duruşlar – bunların hamısı insanı ovsunlayır.

Bakıda keçirilən Beynəlxalq kukla biennalesinin daimi iştirakçısı olan müəllif ölkəmizin paytaxtında keçirilən ilk fərdi sərgisi üçün “Gecə nağılları” adlı xüsusi layihə belə fikirləşmişdir. Müəllifin fikrincə bunun üçün o, demək olar bütün il ərzində Azərbaycanın təkrarsızlığı və ecazkarlığını qadın gözəlliyi prizmasından parlaq şəkildə əks etdirən kuklalar hazırlamışdır. O, Bakıya ilk baxışdan aşiq olmuşdur və öz əsərlərində bu şəhərin ziddiyyətlərini göstərməyə çalışmışdır. “Deniz”, “Əminə”, “Məryam”, “Bella”, “Sara”, “Aylin”, “Sevil” – bir sözlə müasir Şəhrizadlar tamaşaçının diqqətini çəkir, onları öz “Gecə nağılları” ilə valeh edir və xəfif uşaqlıq ətri ilə böyüklər üçün möcüzələr aləminə çəkib aparır.

Sərgidə müəllifin 9 işi nümayiş etdiriləcəkdir.

Sərginin açılışı: 13 may, 18:30

Keçirilmə məkanı: Akt zalı (2-ci mərtəbə) Muzey mərkəzi

Təşkilatçılar: “KUKLA” Art Qalereyası və Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirliyinin Muzey Mərkəzi

Mayın 13-də giriş yalnız dəvətnamə ilə!

14-17 may tarixlərində giriş biletlədir. Biletin qiyməti 3 manatdır. 6 yaşadək uşaqlar üçün giriş pulsuzdur.

Sərgiyə giriş üçün biletləri Muzey Mərkəzi və ya “Kukla” art-qalereyasından əldə etmək olar.

Sərginin iş saatları: 11:00-dan 19:00-dək.

Əlavə məlumat üçün: +99412 493 58 83, 493 72 87 (10:00-dan 18:00-dək)