“Qanlı gəlincik”

52 Baxış

anaminqanli

Senet.az “Anamın Kitabı” Ədəbi müsabiqəsinə göndərilən Ramin Hüseynsoyun “Qanlı gəlincik” peysini təqdim edir:

“QANLI GƏLİNLİK” FACİƏSİ

 

İştirakçılar

 

Humay – 13 yaşında bir qız.

Mahirə - Onun anası, 37 yaşında.

Abbas – Onun atası, 40 yaşında.

Gülay – 17-18 yaşlarında, onun bacısı.

Bəkir – Onun əmisi, 42-43 yaşında.

Həmidə - Onun bibisi, 44-45 yaşında.

Əziz – Onun evləndiriləcəyi şəxs, 33 yaşında.

Fizzə, Süray, Əli – Onun dostları, təxminən o yaşdadırlar.

 

I hissə

 

İl 1999. Qubanın bir kəndi. İsgəndərovlar ailəsi sevinir. Çünki bir neçə gün idi ki, ailələrində bir nəfər də artmışdı. Abbas kişinin gözəl bir qızı dünyaya gəlmişdi. Ona ad qoymaq istədilər. Birinci bibi Həmidə dilləndi:

Həmidə – Abbas, bilirsən qızın adını nə qoyaq?

Abbas – Düşünürəm, Fazilə qoyaq.

Həmidə – Eh! O nə addı elə? Fazilə, yox bir Fazil. (sonra) Ən yaxşı ad İradədir. Qoy böyüyəndə iradəli qız olsun.

Bu əmi Bəkirin xoşuna gəlmir.

Bəkir – Qız uşağını iradəli edib neynirsən? Sonra başımıza çıxacaq. Adını Zərifə qoyaq. Böyüyəndə ………………………………

Bu vaxt yataqda yatan Mahirə dillənir.

Mahirə – Abbas, Gülayın adını sən qoymusan. Bəlkə bunun da adını mən qoyum?

Abbas – Yaxşı de. Bir sən qaldın. Görək nə qoyursan? İnşallah, yaxşı ad taparsan.

Mahirə – Deyirəm ki, madam bu qız bizə xoşbəxtlik gətirdi, qızın da adını xoşbəxtlik gətirən – Humay qoyaq.

Abbas – Həqiqətən də, gözəl addır. (gedib uşağı götürür). Sənin adın Humaydır. Humay, qızım mənim.

Bu hal bibi Həmidənin xoşuna gəlmir.

Həmidə (Bəkirə) – Görürsən, Bəkir? Arvadının bir sözünü yerə salmır. Amma bacısını da saymır. Humay adı İradədən çox yaxşıdı?

Bəkir – Niyə əsəbləşirsən, bacı? Humay gözəl addır.

Həmidə – Külü qoyum sənin təpənə. Sən də qardaşına oxşadın.

13 il sonra…. 2012-ci il.

Humay böyüdü. Mavi gözlü, uzun sarı saçlı, sarışın bir gözəl qız oldu. 8-ci sinifdə oxuyur.

Məktəbdə ədəbinə görə sayılıb-seçilən qızlardandır.

Humaygilin evi. Humayla bacısı söhbət edillər.

Humay – Sən ərini sevirsən?

Gülay – Bu nə sualdır?

Humay – Nə bilim, verdim da! Cavab verməsən də olar.

Gülay – Yeni evlənəndə yox. Amma vaxt keçdikcə sevməyə baş­ladım. Mən elə bildim, o, kobud, qəddar adamdır. Sonra gördüm ki, səmimi, zarafatcıl, xoşxasiyyət biridir. İnşallah biri də sənin qarşına çıxar.

Humay – Necə? Mənim gör neçə yaşım var. Bu sözlər mənə aid deyil.

Gülay – Mən də indi demirəm. Gələcəkdə.

Humay – O gələcək dediyin 24-25 yaşda olacaq. Mən hələ məktəbi qurtarıb Bakıya ali təhsil almağa gedəcəm. Sonra yaxşı bir işə girəcəm. Sonra…

Gülay – Sayıqlama. Bunların hamısı xəyaldır.

Humay – Xəyal deyil. İnansan, hər şey yerinə yetəcək.

Bu vaxt anası gəlir.

Mahirə – Mənim cücələrim nə edirlər?

Gülay – Ana, cücə balacalara deyirlər.

Mahirə – Bilirəm…

Gülay – Humayı başa düşdüm. Bəs mənə niyə deyirsən?

Mahirə – Bah, guya bu çox böyükdü. Sən mənim üçün balaca olaraq qalacaqsan. Söhbəti dəyişdirməyin. Nədən danışırdınız?

Humay – Ana, əgər istədiyinin yerinə yetəcəyinə qəlbən inansan, o, yerinə yetəcək?

Mahirə – Bəli! Əgər sən istəsən, hər şey olacaq. Sən nə istəyirdin?

Humay – Mən istəyirəm məktəbi qutarandan sonra Bakıya ali təhsil almağa gedim. Sonra yaxşı bir iş tapacam.

Mahirə – Gözəl arzulardı.

Gülay – Mənə elə gəlir ki, Humay dərsə gecikir.

Humay – Doğrudan ha! Mən gedim, sağ olun.

Humay gedir məktəbə. Dərs başlanır. Humayla Fizzə söhbətə başlayırlar.

Humay – Salam, Fizzə. Necəsən?

Fizzə – Yaxşı. Sən necə? Niyə gecikdin?

Humay – Bacımla söhbətə başım qarışmışdı. Tələsə-tələsə gəlirdim. Ayaqqabım çıxıb aşağı düşdü. Bir də qayıdıb götürüncə gec oldu.

Fizzə – Humay, mən sabah Bakıya gedəcəyəm. Sənə nə isə alım?

Humay – Heç nə. Heç nə lazım deyil. Sənə yaxşı yol.

Fizzə – Yalan danışma! Nə vaxt Bakıya gedəndə sənə bir şey almaq istəyirəm, sən istəmirsən.

Sənubər söhbətə qarışır.

Sənubər – Qızlar, bilirsiniz, bu gün toy var!

Fizzə – Kimin toyudu, bilmirsən?

Sənubər – Güllü xalanın qızı Gülnarın toyudu.

Humay – Bilmirsən kimlə evlənir?

Fizzə – Mən bilirəm. Kərim adlı bir nəfərdi.

Əli – Sən bir bu qızların etdiyi söhbətə bax. ……………………

Fizzə – Biz nə dedik ki? Dedik ki, toy var. Gedib baxıb əylənəcəyik.

Əli – Mən də ona bir söz demirəm. Sizin nəyinizə lazımdı kim ərə getdi, kimə getdi? Yoxsa siz getməyə tələsirsiniz?

Humay – Əli! Həddini aşma! Qadınla elə zarafat etməzlər!

Əli – Yaxşı, yaxşı Humay! Əsəbiləşmə.

Sənubər – Məncə, Humay düz deyir. Sən çox kobudsan.

Əli – Fizzə, sən niyə susmusan? Sən də de, tamam olsun.

Fizzə – İlişməsən, olmur da? (Qızlara) Qızlar, gələcəksiniz?

Humay və Sənubər: -Hə, gələcəyik.

Axşam çağı. Toy mərasimi. Zurnaçılar, nağaraçılar çalır, kimi dü­şüb ortaya oynayır, kimi də qıraqda əl çalır. Humay, Fizzə, Sənubər də ordadılar.

Fizzə: -Gəlin harda qaldı gəlmədi?

Humay: -Gələr də. Bir az səbrin olsun.

Sənubər: -Ay qız, onda günah yoxdu. Doğrudan, bu gəlin harda qal­dı?

Birdən Humay qarşı cərgədə duran bir nəfərin onlara baxdığını gör­­dü və tez üzünü Fizzəyə çevirdi və onlara baxanı göstərdi.

Fizzə – Hansı, o? Nə bilim? Dəliyə də oxşamır. Bəlkə sənə gözü düşüb?

Humay: -Deyəsən, sən, həqiqətən, döyülmək istiyirsən? Əlidən qurtuluram Fizzəyə ilişirəm. Bir gün dediyiniz olacaq ha!

Bu vaxt “vağzalı” səsi eşidilir. Hamı sakit olur.

Sənubər: -Şşşş….sakit olun, gəlin gəlir.

Humay (sakitcə Fizzəyə):-Fizzə, zarafatsız, bu oğlan hey baxır. Gö­zünü bir dəfə də yana çevirmir.

Fizzə: -Gicdi, nədi bu? Camaatın qızına baxmağına bax. Fikir ver­mə, yəqin dəlidir?

Uzun sözün qısası. Toy olub qurtarır. Amma o oğlan gözünü qızlardan çəkmədi.

Sən demə, bu oğlan Əzizmiş. Humaya gözü düşüb. O, bu haqda anası vasitəsilə qızın bibisinə çatdırır. Bu işə maraqlı olan Həmidə Bəkiri də götürüb Abbasla danişmağa gəlir.

Həmidə – Salam əleyküm, Abbas. Nə var, nə yox?

Abbas – Əleyküm salam. Nə olsun, eh! Dolanırıq da. Sizdə nə var, nə yox?

Həmidə – Bizdə də yaxşılıqdır, -söz demək istəyir, amma dayanır.

Abbas: -Nədi bacı, sözdü adama oxşayırsan?

Həmidə: -Bilirsən necədi, qardaş? İndi deyəcəm, deyəssən sənin işin deyil. De, özləri gəlib danışsın.

Abbas: -Nəyi deyirsən?

Həmidə: -Sizin bu qonşu var e… Firudingil…

Abbas: -Hə var, nə olsun?

Həmidə: -Əşi, bir qoy sözümü deyim də. Hə, bu Firudinin oğlu Əzi­zin sənin qızına gözü düşüb.

Abbas: -Necə? Bəyəm bilmir ki, o, evlidi? Utanmır?

Həmidə: -Çığırma! Gülayı demir. O birini…

Abbas: -Humayı?

Həmidə: -Hə!

Abbas: -Utanmır! Humay ona taydır? Özünə məşuqə edir?

Həmidə: -Məşuqə yox, birbaşa kəbin istəyir.

Abbas bir neçə dəqiqə fikrə gedir. Sonra dillənir: -O bilir Humayın neçə yaşı var?

Həmidə: -Təxmini bilir də yəqin?

Abbas: -Bəs onun neçə yaşı var?

Həmidə – 33 yaşı var.

Abbas – Nə? 20 yaş böyükdü?! Başı xarab olub?

Bəkir də söhbətə qarışır: -Nə var e, Abbas! İbrahim Tatlısəs də özün­dən 30 yaş xırdayla evləndi. Bir söz deyən olmadı.

Abbas: -Bəkir, biz şou-biznesdə deyilik, belə şeylər olsun!

Həmidə: -Abbas, ağlını başına yığ. Ayağına gələn fürsəti təpmə! Deyirəm oğlan varlıdır. Bakıda market işlədir. Bilirsən nə qədər pu­lu var? Deyir, razı olsalar toyun bütün xərci mənlikdi. Nə qədər istə­yir­sən, o qədər başlıq pulu verəcək.

Abbas: -Bu sözləri o deyib, yoxsa özün uydurdun?

Həmidə: -Allah haqqı o deyib.

Abbas: -Belə baxanda burda eyib bir şey yoxdu. Nənə-babalarımız­da da belə hallar olub. De ki, dediyi şərtlərə əməl edəcəksə, gəlsinlər, bir danışaq.

Bu vaxt mətbəxdən Mahirə çıxıb söhbətə qarışır: -Mən burda Hu­ma­yın adını, ərə verilmək kimi sözlər eşitdim. Bu nə deməkdir?

Abbas: -Qızmız Humaya qismət çıxıb.

Mahirə: -Axı o hələ balacadır.

Həmidə: -Ay qız, indiki 5 yaşlı uşaq səndən çox bilir. Keçmişdə onun kimilər artıq ərdə idi. Sən sevinməlisən, qızına varlı talib çıxıb.

Mahirə: -Belə baxanda, həqiqətən də, burda eyib bir şey yoxdu. Ya beş il gec, ya da tez. Onsuz da gedəcək. Məktəbi oxuyub neyləyə­cək? Bu rayonda ali təhsilli qızları almırlar ki? Ha, ha, ha…

Hamı bu sözə gülür. Bir az söhbətdən sonra isə hamı gedir. Hu­may evə gələndə hamı onu xoş qarşılayır. Birinci atası xoş qarşılayır:
-
Salam, mənim ağıllı qızım. Dərslərin necə keçdi?

Mahirə: -Xoş gəlmisən, qızım! Yemək yeyirsən? Məktəbdən gəlmi­sən, yəqin acsan?

Humay: -Yox, ac deyiləm! Bilmək olar…

Abbas: -Sən necə də böyümüsən? Artıq böyük qızsan.

Humay: -Mənə elə gəlir ki, bu söhbətin sonunda nəsə var? Çəkin­mə­yin, deyin, -şıltaqcasına cavab verir.

Abbas: -Bilirsən, qızım, artıq sən böyümüsən. Səninlə açıq danışa­cam. Qonşunun oğlu Əziz sənə vurulub. Yəni səni istəyir.

Humay: -Necə? O, mənim neçə yaşım olduğunu bilir? Bəs siz nə dediniz?

Abbas: -Bilirsən, qızım, o, varlıdır. Pulu çoxdur. Səni xoşbəxt edə bi­lər. Qoymaz ki, əlini ağdan-qaraya vurasan.

Humay (ciddiyyətlə): -O, məni yox, sizi xoşbəxt edə bilər. Siz onu pu­luna görə bəyənirsiniz. Mən istəmirəm həyatım Leylilərin, Maralların, Firəngizlərin həyatına dönsün!

Abbas: -Niyə həyatın onların həyatına dönür! Onlar keçmişdə yaşa­yıb­lar, ona görə həyatları elə olub.

Humay: -Nə olsun? İndi 2012-ci ildir, amma mən də onlar kimi satılıram.

Anası Mahirə araya girir: -Nə satılmağı, qızım! Sən qulsan bəyəm? Həm də atanla elə danışma! Atan deyir olacaq, deməli, ola­caq. Humay bu hadisədən çox sarsılır və otağına qaçır. Qapını ar­xa­dan ki­­­litdləyib ağlamağa başlayır. Ağlaya-ağlaya Allaha yal­varır: -Allah, mənə kömək et. Bu nə haldır mən düşmüşəm. Atamla anam öz bil­dik­lərin edirlər. Deyirlər qul deyiləm, amma mənimlə qul kimi dav­ra­­nırlar. Öz xoşbəxtlikləri naminə məni qurban verirlər. Mənə bir yol göstər. Məni bu zalımların əlində qoyma!

Səhəri gün Humay məktəbə getmək istəyəndə qoymurlar. Deyirlər, bu gün qonaqları var. Qızı tənbeh edib qonaqlara xoş üz göstərmə­si­ni deyirlər. Qonaqlar gəlir. Xoş qarşılama ilə yerlərinə keçirlər.

Abbas: -Xoş gəlib, səfa gətirmisiniz. Həmişə siz gələsiniz.

Əzizin atası: -Çox sağ olun! Xoş gördük! Necəsiniz?

Abbas: -Yaxşılıqdı. Belə də, Allahın köməyi ilə dolanırıq da!

Uzun söhbətdən sonra əsas məsələyə gəlinir. Əzizin atası:
-Abbas bəy! Bəlkə məsələ sizə aydındır! Necə deyərlər, Allahın əmri, Peyğəmbərin izniylə qızınız Humayı oğlum Əzizə istəyirəm.

Abbas: -Doğrusu, bu, tez qərar veriləsi məsələ deyil. Amma əziyyət çəkib gəlmisiniz. Əzizi də tanıyıram. Çox yaxşı oğlandı. Daha nə deyək. Verdim getdi. Şirinçay gəlsin.

Əzizin atası: -Abbas bəy, qızı heç çağırmadın, görək, o da razıdımı?

Abbas: -Qızım mən nöqtə qoyan cümləyə, vergül qoymaz! Amma is­tə­yirsən, çağıraq. Humay, ay Humay! Bir bura gəl!

Humay başı aşağı gəlib atasının yanında durur.

Abbas: -Qızım, bu cavan sənə talib olmaq istəyir. Sən nə deyirsən?

Humay: -Sən yaxşı bilmisənsə, deməli yaxşıdır. Mən daha nə deyə bilərəm?

Abbas: -Gördün, Firudin! Mən dedim axı, qızım atasını üzməz! Firudin: -Şirinçay gəlsin!

 
II hissə

 

Bu işdən bir həftə keçməmişdi, artıq toy barədə danışıqlar baş­lan­mışdı. Buna görə Firudin kişi Abbasgilə yenə qonaq gəldi. Bir az söh­bətdən sonra toy məsələsi haqda danışmağa başladı.

Firudin: -Bilirsən, Abbas, bizim bu oğlan bir az tələskəndir. İstəyir toy bir az tez olsun!

Abbas: -Ay qonşu, bu nə tələskənlikdir?! Sən burda, mən burda. Firudin: -Bilirəm, heç yerə qaçmırıq. Amma neyniyim, Əziz istədi. Onu başa saldım. Hər işi yerli-yataqlı izah etdim. Dedim, gözləyək bir o tərəf də hazır olsun. Oğlum dedi ki, onların hazırlaşmağına ehtiyac yoxdu. Bütün xərclər mənlikdi.

Abbas: -Yaxşı deyil axı. Bu toy həm də bizim toydu. Bizim burda qatqımız olmalıdır.

Firudin (qürurla): -Ay kişi, niyə inad edirsən! Deyirəm, pul bizlikdi!

Abbas: -Yaxşı! Nə vaxta istəyirsən?

Firudin: -İki, üç günə olsun. Bir də ki kəbin dövlət kəbini olsun?

Abbas: -Sən deyən olsun. O ki qaldı kəbinə, dövlət kəbini olmaz!

Firudin: -Niyə?

Abbas: -Bəs bilmirsən, 18 yaşı tamam olmamış qız nigaha məcbur oluna bilməz! Molla kəbini kəsilər, 18 yaşı olanda da dövlət qeydiy­ya­tına düşər.

Firudin: -Düz deyirsən. Bax onu düşünməmişdim. Yaxşı, mən ge­dim, gec oldu.

Firudin gedir. Mahirə digər otaqdan çıxıb gəlir.

Mahirə: -Nə deyirdi gələcək qudan?

Abbas: -Heç, deyirdi toyu bir az tələsdirək.

Mahirə: -Məncə, düz deyir. Toy nə qədər tez olsa, yaxşıdı. Gec etmə­yin yeri yoxdu.

Abbas: -Nə deyim? Allah bilən yaxşıdı.

Humay isə məktəbdə idi. Onu kefsiz görüb səbəbini soruşdular.

Fizzə: -Humay, nə olub? Halın çox pərişandı.

Humay: -Heç! Dünən yuxusuz qalmışam!…

Fizzə: – Yalan deyirsən! De görüm nə olub?

Humay: -Heç kimə deməyəcəksən ki?

Fizzə: -Söz verirəm…

Humay (hirsli): -Axırda dediyin oldu? O qədər zarafatla dedin ki, axır­da həqiqi oldu.

Fizzə: -Nə həqiqi oldu? Bir əməlli başa sal görüm.

Humay: -Zarafat etmirdin ki, oğlan səni istəyir. Axırda həqi­qi oldu.

Fizzə: -Elə həmin oğlan?

Humay: -Hə! Həmin oğlan.

Fizzə: -Ha, ha, ha… Gözəl zarafatdı.

Humay: -Sən zarafat bil. Bu gün-sabah məni ağ paltarda görəndə inanarsan.

Bu sözdən Humay kövrəldi, gözləri yaşardı.

Fizzə: -Ay qız, Sənubər. Bu həqiqətən deyir? -(Humaya). -Ay qız niyə ağlayırsan?

Sənubər: -Kim həqiqi deyir, nəyi həqiqi deyir?

Fizzə: -Ay qız, Humayı evləndirirlər.

Sənubər: -Necə? Düzdən?

Fizzə: -Hə Vallah! -(Humaya), -Ay qız, atan-anan nə deyir?

Humay: -Atam-anam razıdır ki, evləndirirlər də!

Fizzə: -Bədbəxtçiliyə bax bir.

Humay bu sözdən sonra daha bərk ağlayır.

 

Bir neçə gün sonra
Toy günü…

 

Hamı sevinir, əylənir, musiqi sədaları qulaq batırır. Hazırlıq görən­lər o yan-bu yana qaçışır. Humay isə gəlin otağında hey ağlayır. Bacısı ona təsəlli verməyə çalışır.

Gülay: -Ay qız, eyib olsun! Gəlin öz otağında ağlayar?

Humay: -Özü istəməyəndə ağlayar.

Gülay: -Guya mən özüm istəmişdim? Amma heç ağlamadım. Yola salınanda bir az ağladım. Sən isə toy başlanandan ağla­yır­san.

Humay: -Sən 18 yaşında idin. Bir mənə də bax, 15 yaşım var. Heç ye­ni­yetmə deyiləm.

Bu vaxt anası gəlir. Humayı ağlayan görüb deyir: -Bu niyə belə gözəl gündə ağlayır?

Gülay: -Bilmirəm!

Mahirə: -Yəqin sevincindən ağlayır?

Humay: -Yox, sevincimdən deyil!

Mahirə: -Yalan danışma. Bilirəm, naz edirsən. Özün də istəyirsən. Utanma!

Humay: -Niyə heç kim məni anlamır?! Dediyimi də zarafat bilirlər. Elə bil heç mən yoxam!

Mahirə: -Toy günü belə şeylər olur! Hazırlaş, indi bəy gələcək. Gö­zü­nün yaşını sil. Hələ indi ağlamaq vaxtı deyil, -deyib gülə-gülə çı­xıb gedir. Humay anasının sözlərindən  gözünün yaşını silir. Bu vaxt vağzalı çalınır. Bir azdan sonra bəy görünür. Bəy gəlib gülü verir. Gə­­linlə bəyə təriflər veriləndən sonra çölə çıxırlar. Maşına əyləşib toy­­xanaya gedirlər. Masabəyi tərifə başlayır: -Bəh, bəh, bəh! Gəlinin yerişinə baxın. Həyat yoluna atdığı ilk atdımlara baxın. Qədəmlərin uğurlu olsun. Hələ bəyimizə baxın, aslan kimidir. Görün necə də bir-birilərinə yaraşırlar. Bəh, bəh, bəh!!

Qonaqlar gəlin və bəyə baxanda gülmək istəyirdilər. Çünki masabəyinin yaraşdırdığı gəlin bəyin çiynindən aşağı idi. Hamı yerini tutduqdan sonra həzin musiqi ətrafı bürüdü. Məclisdən bir az geçmiş masabəyi gəlin və bəyin ata-anasını ürək sözlərin demək üçün çağırdı: -İndi isə gəlin və bəyin atası və anası gəlib ürək sözlərini desin.

Abbas: -Mən gəlin və bəyimizi ürəkdən təbrik edirəm. Gələcək hə­ya­tlarında uğurlar arzulayıram. Oğullu, qızlı olsunlar. Bir daha səmimi qəlbdən təbrik edirəm!

Mahirə: -Əvvəla, gələn qonaqların ayaqları var olsun ki, bizi tək bu­rax­madılar. Qızım, səni təbrik edirəm! Pis gün görməyəsən. Gələcək həyatın uğurlu olsun. Oğullu, qızlı olun. Bir daha təbrik edirəm gəli­ni­miz və bəyimizi.

Həminki qaydayla bəyin anası və atası təbrik etdilər. Abbas və Ma­hi­rə nə kövrəldi, nə də bikef oldu. Masabəyi qudaları “Qudalar” rəq­si oynamağa dəvət etdi. Bu qədər sevincin içində bir kədər vardı. Amma bu kədər heç kimi maraqlandırmırdı. Humay ürəyində Allaha yalvarırdı: “Allahım! Bu nə bəladır belə düşmüşəm! Heç kim mənə kömək olmur. Bircə ümidim sənədir. Məni bu bəladan qurtar”.

Atası Abbas təbrik etmək bəhanəsiylə gəlib Humayı xəlvəti tənbeh etdi: -Humay! Niyə gülmürsən?! Deyəcəklər ki, qızın toyudu, amma qızın kefi yoxdu. Məni biabır etsən, gəlinliyin sənə kəfən olacaq!

Abbas bunu deyib gedir. Humay yenə yalvarır.

Humay: -Ey Allahım, bu nə zülm, bu nə haqsızlıq? Zorla ərə vermə­yi bəs deyilmiş, hələ deyir, biabır etmə, gülümsə. Dərdi vermisən­sə, dərmanını da ver.

Humay üçün gurhagurlu musiqinin səsi eşidilmirdi, elə bil boğunuq səslər kimi eşidilirdi. O, bunlara baxmayaraq atasının əmrindən çıx­mırdı. Qonaqlar da bundan xəbərsiz idi.

Uzun sürən toy, nəhayət, bitdi. Sonra gəlini yola salmaq mərasimi baş­landı. Abbas və Mahirə gəlini yeni evlərinə qədər ötürdü.

Mahirə: -Bax, qızım, ağıllı ol. Artıq sən bu evə mənsubsan. Bu oğlan sənin ərin, sən də onun arvadı. Özünü evli qadın kimi apar. Allah xoş­bəxt eləsin.

Humay: -Ana, məni buraxma!

Anası ona fikir vermədi.

Atası gəlir: -Səni xoşbəxt olasan, qızım! Yarıyanlardan olasan. Bax ha, artıq evli qızsan. Özünü də elə apar. Səni bir daha təbrik edirəm! -deyib Humayın alnından öpüb kənara çəkilir.

Əziz gəlib Humayın əlindən tutub gülümsəyərək dedi:

-Humay, ata-ananla yenə görüşərsən. Amma indi getməliyik. Gəl!

Humay qeyri-ixtiyari evə doğru getdi. Gələnlər də daha dayan­ma­yıb getdilər.

Artıq çöldə külək əsməyə başlamışdı. Küləyin vıyıltısı elə bil Hu­ma­yın bu halına ağlayıb nalə edirdi. Bircə külək Humaya acıyırdı.

Humay və Əziz içəri keçdilər. Əziz pencəyini çıxarıb sözə başladı.

Əziz: -Xoş gəlmisən, Humay, bizim bu kasıb evə.

Humay: -Yox, niyə elə deyirsən? Çox gözəl evdir. Mən hələ belə gö­zəl ev görməmişəm.

Əziz: -Doğrudan? Bax bu ev sənindir. Nə istəsən, sənə alaram. Təki sən qəmli olma. Yaxşı…

Humay başı ilə təsdiq edib sonda güclə: -Yaxşı, əmi, -deyə bildi.

Əziz: -A..a..a..! “Əmi” nədi? Artıq biz evliyik. Sadəcə Əziz.

Humay: -Oldu, Əziz.

Əziz: -Bax belə! Eh! Bilirsən, Humay, səni nə qədər sevirəm. Düz et­mədiyimi bilirəm. Amma nə edim? Sənin kimi gözəl bir qızı gö­rən­də istəmədim başqasına qismət olsun. Sən çox gözəlsən, Humay!

Humay: -Çox sağ olun! Artıq istədiyiniz olub.

Əziz: -Hə! Mənim istədiyim olub. Bəs sən nə istiyirsən? De, edim. Lap səni Türkiyəyə də apararam. Nə istəsən edərəm.

Humay: -Sən mənim istədiyimi edə bilməzsən.

Əziz: -Necə? Ha-ha-ha! Bu nə sözdür? De görüm, nə istiyirsən?

Humayın istədiyi Əzizin onunla evlənməkdən vaz keçməsi idi. O da bunu demək istəmirdi. Ona görə yalan deməli oldu: -İstanbula get­mək istəyirəm.

Əziz: -Ha-ha-ha. Bəs mən bayaq nə deyirdim? Səni nəinki İstan­bu­la, Parisə, Londona da apararam. Bəs deyirdin edə bilmərəm?

Humay: -Sən də heç zarafat anlamırsan! Dedim bir zarafat edim.

Əziz: -Ay səni! Bax belə ol. Gül, şənlən. Sənin başına qızıl səpələ­yə­cəm. Sən görmədiklərini görəcəksən.

Humay (söhbəti dəyişir): -Hə, de görüm İstanbula nə vaxt gedirik?

Əziz: -İstəsən, sabah… Yox, sabah olmaz. Gələn ayın ilk günlərində gedərik.

Humay: -Olar. Təki gedək. Nə vaxt getməyimiz vacib deyil.

Əziz: -Ən gözəl otellərdən birini tutacam. Hovuzu, əyləncə məkanı olacaq. Səni elə xoşbəxt edəcəm ki, ərəb şeyxləri də paxıllıq edəcək.

Humay: -İnşaallah…

Əziz: -Yaman yuxum gəlir. Toy yaman yorucuymuş. Gedək yataq.

Əziz keçir yan otağa gecə paltarını geyinməyə. Az sonra gəlib yatağı açır. Yatağa girməmiş deyir: -Humay, sənin yatmaq fikrin yoxdu?

Humay: -Var!

Əziz: -Onda get gecə paltarın geyin, gəl. Gözləyirəm.

Humay gedib gecə paltarın geyinib gəlir.

Əziz: -Gəl bu yatağa. Gör nə gözəl yataqdı?

Humay: -Düzdür, gözəl yataqdır. Mən də burada yatacam?

Əziz: -Bəs harda yatacaqdın?

Humay: -Nə bilim…

Əziz: -Humay, biz artıq evliyik. Bir yataqda yatmaqda eyib yoxdur. Gəl, qorxma. Bura daha rahatdı

Humay anasının sözlərini yadına saldı. Anladı ki, burda eyib bir şey yoxdu. Bir az düşünüb Əzizin əli ilə göstərdiyi yatağa uzandı.

Artıq gecəyarı olardı. Amma Humayın ürəyi partlayacaqdı. Sanki onun əvəzinə çöldəki vıyıldayan külək ağlayacaqdı. Humay bu vıyıl­tıya qulaq asa-asa sakitcə ağladı. O, nələrsə düşünürdü. O, birdən ayağa qalxdı. Gözünün yaşını silib ayağa durdu. Əziz bilməmək üçün  dedi: -İndi gəlirəm.

O, yan otağa keçib ağlına gələnləri dilucu deməyə başladı: -Bunun yeganə çıxış yolu budur. Mən ədalətsizliyə qalib gələ bilməsəm də, ədalətsizlik də mənə qalib gələ bilməyəcək!

Humay gəlinliyini geyinib çölə çıxdı. Sərt küləyə sinə gərərək sıldı­rım çay dərəsinə yaxınlaşdı. Bir az dayanıb ətrafa nəzər yetirdikdən sonra edəcəklərinə görə Allahdan bağışlanmasını istəyir.

Humay: -Allahım! Mən artıq dözə bilmirəm. Mənə heç kim arxa-da­yaq olmadı. Hər kəs haqqı yox, nahaqqı seçdi. Mənim çıxış yolum qalmadı. Bilirəm, intihar etmək günahdı. Məni bağışla. Sənin yanına gəlirəm. Vaxtımdan tez ailə qurdum, sənin yanına da tez gəlirəm.

Ətrafda şimşək çaxır, yağış yağırdı. Humay üzünü yuxarı qaldırdı. Sərin yağış damcıları sonuncu dəfə üzünə toxunur. O, bir az da irəli gedib özünü dalğaların, sərt qayaların qoynuna atır. Humay ağ gəlin­lik­lə yaralı göyərçin kimi yerə düşür.

Suyun üzündə Humayın cansız bədəni və qanlı gəlinlik qalmışdı.

 

 

 

 

 

 

 

 

 

 

 

KÖŞƏ YAZARLARI
TOP 10