Qar (hekayə) – Tezer Özlü  

15 Baxış

tezer-zoom

Esin”ə

Axşam çox gec düşmüşdü. Həmin axşamın gecəsi dəhşətli zil qaranlıq ətrafa hakim kəsildi. Ağacların altında gəzişdiyimizi xatırlayıram. Sonra yanımdakılar özlərini suya atdılar. Bəlkə də evə buna görə qayıtdım. Bilmirəm. Xatırlamıram.

Evimizdə hər gün üstündə oturduğum bir kreslo var. Şüşədən nizamsız bir divar, bir heyva ağacı. Torpaq yığıntılarına və qurumuş otlara baxıram. Gecə olsa da onları görə bilirəm. Çünki bu evə də, bağçaya da yaxşı bələdəm. İçəri girirəm. Hər tərəf zil qaranlıqdır. Gözlərim bu qaranlığa alışsın deyə çöl qapıya söykənib gözləyirəm. Gözlərim sözümə baxmır. Heç bir şeyi seçmək olmur. Hər şey imkansız və mümkünsüz kimi gəlir mənə. Əllərimlə əşyaları tapmağa çalışıram. Heç nə yoxdur. Qəfildən zalda bir şam parıldayır. O, ətrafa işıq saçmır. Zala doğru bir addım atıram. Üzümü döndərəndə hər tərəfimdə işıq saçmayan kiçik parlaq şamların alovlarını görürəm. Birdən sanki ayağımın altından yer qaçır. Ev, şamlar və mən dayanmadan fırlanmağa başlayırıq. Bu titrəyiş zamanı qəflətən bir siçan çıxır ortalığa. Mən uşaqlığımdan bəri (bu, birdən gəlir ağlıma) siçanlardan çox qorxuram. Siçan başını qaldırıb hərəkətsiz halda sıçramağa can atır. Başının iki tərəfində iri qara gözləri var (birdən bu siçanın uşaqlığımda gördüklərimə heç oxşamadığnın fərqinə varıram). Mən belə boz, başından böyük gözləri olan bir siçan görməmişdim. Bunu düşünərkən göz gəzdirdiyim hər tərəf siçanlarla dolub-daşır. Saysız şamlar və qara gözlü boz siçanlar. Bunların arasında yellənə-yellənə fırlanıram. Çox qorxuram. Arxamda bir qapı olduğunu xatırlayıram. Tez geriyə dönürəm, qapını açıb küçəyə çıxmaq istəyirəm. Elə o anda qapının qarşısında başımdan böyük, nəhəng, qara gözlü bir siçan üstümə tullanır, üstəlik, pəncələrini də köksümə sancır. Mən ondan qurtulmağa çalışdıqca o, caynaqlarını daha da dərinə keçirir. Bağırıram. İki əlim yaxamdadır. Sanki sinəmdən nəyisə söküb atmağa çalışıram. Dan yeri ağarmağa başlayır. Yenidən yuxuya getməkdən qorxuram.

Əyalətdəki evimiz yoxuşun üzərində tikilmişdi. Evin geniş bir dəhlizi, onunsa dörd tərəfində böyük otaqlar vardı. Biz qış aylarında bu otaqlardan birinə çəkilərdik. Çünki təkcə həmin otaq qızdırılırdı. Amma yuxum gələndə anam məni qışdan qorunduğumuz bu otaqdan çıxarıb onun qarşısındakı soyuq otağa göndərərdi. İsti və havasız otaqdan çıxanda dəhliz mənə olduqca soyuq, qaranlıq və qorxunc görünürdü. Qarşıdakı otağa girən kimi çarpayının altına baxar, sonra içəri girərdim. Yorğanı başıma çəkib özümü yatağa salardım. Çarpayıda tərləməyə və qorxmağa başlayardım. Nə fikirləşdiyimi heç xatırlamıram. Halbuki, bu böyük evin içində hər birimizin yuxusu dəhşətli yalqızlıqlarla dolu idi.

Nənəm uzun müddət ölüm döşəyində yatdı. Çarpayısı mənim çarpayımın düz qarşısındaydı. Mən böyüyürdüm, o isə yavaş-yavaş ölürdü. Gecələr yerimə girəndə onun nə vaxt öləcəyini düşünürdüm. Doğrusu, onun ölməyini istəyirdim. Ölməli idi. Çünki bədəni yavaş-yavaş əriyirdi: bir dəri, bir sümük qalmışdı. Elə bil, dərisi sümüklərindən aralanmışdı. Səhər yuxudan oyanan kimi onun qoynuna girirdim. Deyəsən, bu onun ölüm döşəyində olduğu vaxtlardan əvvəl idi. Gözlərimi açanda nənəmin çoxdan yuxudan oyandığını görürdüm. Yumru eynəyi də gözündə olardı. Gözyaşları yanaqlarından aşağıya doğru süzülərdi.

– Ağlayırsanmı? – deyə, soruşardım.

– Yox, gözlərim yaşarır, – cavab verərdi.

– Gözlərin gözyaşlarına çox öyrəşdiyi üçün belə olur, – deyərdim.

Bu nəhəng ev insanı səhər də ağladar, axşam da. Gecə yatmazdan əvvəl hiss etdiyim qorxu hələ də hər tərəfə hakim idi.

Bir gün dəhlizin qaranlıq qapısından mətbəxə girərkən (hələ qapıdaykən) nənəmi gördüm. Qarnını açmışdı. Bıçağı qarnına söykəyib nə isə gözləyirmiş kimi yerində donub qalmışdı. İçəri girmədim. Qapının yanında bir az gözlədim. O isə hərəkətsiz şəkildə dayanmışdı. Əli də tərpənmirdi. Heç nə etmirdi. Mən də bir şey etmirdim. O, məni görmürdü, amma mən onu görürdüm. Mətbəxə nə üçün gəlmişdim? Tamam yadımdan çıxmışdı. Sonra onun yanına getdim.

– Nə edirsən? – deyə. soruşdum.

– Özümü öldürürəm, – dedi.

Heç nə anlamadım. Bıçağı onun əlindən alıb-almadığımı da xatırlamıram. Amma bunu yaxşı bilirəm ki, o, özünü öldürmədi.

Bir gün yenə qaçmışdı evdən. Bu hadisə əyalətdəki evdə yox, yayda getdiyimiz yaylaq evində baş vermişdi. Evin qarşısında alma ağacları ilə dolu bağça və bir də göl var idi. Günlərimiz ağacların başında alma yeməklə keçirdi. Axşamlar da anam bir səbət alma toplayıb yenidən bizə yedirdərdi. Hamımız almadan bezmişdik.

Evdə qalan nənəm qaçdı. Hamımız onu axtarmağa çıxdıq. Mən təkbaşıma axtarmağa getdim. Onu çox uzaqda, şabalıd ağacının altındakı bir çuxurda tapdım. Başına şal bağlamışdı. Yumru eynəyi də gözündə idi. Mənə baxırdı, amma nə məni görür, nə də danışırdı. İncə və zərif çöhrəsi sapsarı saralmışdı. Qorxa-qorxa yanına yaxınlaşdım. Yox, qorxmadım. Onu tapdığım üçün sevinmişdim. Çox uzaqlara, onu heç tapa bilməyəcəyim yerlərə getdiyini zənn etmişdim. Çuxurdakı halı məni təəccübləndirdi.

– Niyə çuxura girmisən? – deyə, soruşdum.

– Bu dağların arxasındakı yerlərə gedib, orada yoxa çıxmaq, itmək istəyirəm, – deyib Bozdağları göstərdi.

Dağlarda gəzərək yoxa çıxmağın necə bir şey olduğunu anlaya bilmədim. Evə birlikdə qayıdıb-qayıtmadığımızı da xatırlamıram. Amma onun ölümü bugünkü kimi yadımdadır. Yatdığı xəstəxanada onu əməliyyat etmişdilər. Əməliyyat olmaq istəmirdi. (Bunu kimdən eşitmişdim? O vaxtlar çox balacaydım. Mənə xəstəxanaya getməyə icazə verməzdilər) O öldü. Ölümündən heç nə anlaya bilmədim. Qorxmadım da. Evin üst mərtəbəsindən küçəyə baxarkən cənazə arabasında onu apardıqlarını gördüm. Bir qadın başımı qatmaq məqsədilə məni oyuncaqlarla oynamağa məcbur edirdi. Güya, mən başqasının ölümünündən heç nə anlamırdım. Öz ölümümü anlaya bildimmi?

Bir il anamla birlikdə əyalətdəki evimizdə yalnız yaşadıq. O vaxtlarda anamla birgə yatırdım. Əyalət uzun müddət qarla örtülü olurdu. Biz nəhəng evdə, birlikdə yatdığımız o çarpayıda belə tənha idik. Mən öldüyümün fərqinə varmadan böyüdüm.

Bir gün hündür bir evin eyvanında tək əllə asılı qaldım göydə. Bədənim havada yellənirdi. Küçə izdihamlı və eyni zamanda bomboş idi. Aşağıda nənəmin cənazə arabası irəliləyirdi. Aşağıya baxmaqdan qorxurdum. Tək əlimlə eyvana atılmaq üçün etdiyim hər cəhd aşağıya düşmək ehtimalımı daha da gücləndirdi. Nə içəri girə bilirdim, nə də küçəyə düşürdüm. Yoxsa, bu, yuxu idi? Boşluqda asılı qalarkən bunun yuxu olduğunu fikirləşmişəm, görəsən? Bu hadisənin röya olduğunu düşünürəm. Halbuki, bu yuxudan oyanıb-oyanmadığımı xatırlamıram. Bilmirəm.

Anamla birlikdə yatmışdıq. Səhərə yaxın qapını döyüb bizi oyatdılar. Gələn məktəbin xadiməsiydi. Ağlayır və yalvararaq onunla birlikdə getməyimizi istəyirdi. Hələ heç kim yağan qarın içində cığır açmamışdı. Onlar qabaqda, mənsə arxada gedirdim. Qar onların dizlərinə, mənim çiynimə qədər çatırdı. O qadın hara aparırdı bizi? Evə qayıdanda gördüm ki, anam yenə də kədərlidir. Mən yenə heç nə anlamadım. Anam eyvandan düşdüyümü söyləyib dəhşət içində bağırırdı. Mənsə onun səsini eşidə-eşidə fikirləşirdim.

“Oyananda özümü yenə də anamın qoynunda tapacağam? Yoxsa tamamilə ayrı bir boşluqda olacağam?”

Mənbə: “Ustad” jurnalının 17-ci sayı.

Tərcümə etdi:

Aygün Ələkbərova

ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10