“QARA BERETLİ FİKRƏT QOCANIN TƏLƏBƏLİYİ…”

12 Baxış

Atajan TaganSenet.az “Ustad” jurnalının ikinci sayında “Türkün sözü” rubrikasında dərc olunan yazını təqdim edir.

Atacan Taqan

Türkmənistandan yazır.

 

“QARA BERETLİ FİKRƏT QOCANIN TƏLƏBƏLİYİ…”

 

BİZİ BİR-BİRİMİZƏ ÇOXƏSRLİK KÖKLƏRİMİZ BAĞLAYIR

 

“İstərəm mən Azərbaycan elini,

Muğan dağlarının qarı bax, qarı…”

(Qədim türkmən mahnısından)

Mən türkmən ədəbiyyatının ağsaqqalı olan Berdi Kerbabayevin müxtəlif yerlərdə və müxtəlif vaxtlarda bu sözləri təkrarladığının tez-tez şahidi olmuşam: “Xalqımızın savadsızlığının aradan qaldırılmasında Azərbaycan və tatar ziyalılarının göstərdiyi qardaş qayğısını heç vaxt yaddan çıxartmaq olmaz”.    Onun xatirələrinə görə, ötən əsrin 30-cu illərində bizdə savadlı insanları barmaqla saymaq olardı. Dilləri bizim dilə yaxın olan azərbaycanlılar və tatarlar isə burada açılan məktəblərdə müəllimlik etmək üçün yüz-yüz, min-min axın edirdilər. Onların köməyi olmadan Türkmənistanda savadsızlığın aradan qaldırılması işi hələ çox uzana bilərdi.

Türkmən-Azərbaycan mədəni əlaqələrindən danışmaq üçün tarixə gömülmək vacib deyil, bu ölkənin ədəbiyyatı və mədəniyyəti ilə bağlı olan və mənim özümün şahidi olduğum bir sıra hadisələri xatırlamaq yetərlidi. Yeniyetməlik illərimdə oxuduğum ilk Azərbaycan kitabı Mirzə İbrahimovun “Gələcək gün” romanı idi. Sən demə romanı türkmən dilinə Berdi Kerbabayev tərcümə edibmiş. Bu məqamda mən tale, bəxt anlayışları haqqında bir neçə kəlmə demək istəyirəm. “Gələcək gün” romanını oxuduğum zaman kolxozda suvar işləyirdim. Bu kitabı oxuduqda heç ağlıma da gəlməzdi ki, nə zamansa –heç olmasa həyatımda bircə dəfə də olsun Azərbaycanda olacaq və yazıçı Mirzə İbrahimovu görəcəyəm.

Tale elə gətirdi ki, mən Moskvaya – M.Qorki adına Ədəbiyyat İnstitutuna girdim və oranı bitirdikdən sonra işləmək üçün SSRİ Yazıçılar Birliyində qaldım. Həmin illərdə müxtəlif ölkələrdən olan bir çox məşhur yazıçı ilə tanış oldum. Onların arasında Mirzə Əjdər oğlu İbrahimov da var idi. Bizim münasibətlərimiz ata ilə oğul münasibətinə bənzəyirdi. Hörmətlə “Mirzə müəllim” adlandırdığım yazıçı Türkmənistanda keçirilən ədəbi tədbirlərə böyük məmnuniyyətlə qatılır və öz yazıçı nüfuzu, sözdən ustalıqla istifadə etmək bacarığı ilə bu tədbirlərə xüsusi hörmət qazandırırdı.

Türkmən oxucuları Azərbaycan nasirlərinin və şairlərinin əsərləri ilə böyük məmnuniyyət və sevgi hissi ilə tanış olurdular. Azərbaycan yazıçısı A.Şirvanzadənin “Vicdan” kitabını türkmən dilində oxuyan bir tanışım – o Murqabda müəllim işləyirdi – öz ilk oğluna əsərin qəhrəmanının adını vermişdi: Seyran.

Oraz Qadamovun tərcüməsində Mehdi Hüseynin “Abşeron” romanını bizim oxucular böyük sevinc hissi ilə qarşıladılar, sanki oxuduqları bu əsər türkmən yazıçısının əsəri idi. Mənə elə gəlir ki, “Abşeron” romanı Berdi Kerbabayevin yazdığı “Nebitdağ” romanının qələmə alınmasında əsas rol oynamış, yazıçıya təsir göstərmişdir.

Bilirsinizmi, mən nə haqda düşünürəm?! Hətta buna əminəm ki, Üzeyir Hacıbəyovun “Arşın mal alan” operası (türkmən tamaşaçılarının heç ağlına da gəlməzdi ki, bu əsərin müəllifi hansısa başqa bir milliyyətdən ola bilər), Qara Qarayevin musiqisi, Bülbülün, Zeynəb Xanlarovanın sehrli səsi türkmən tamaşaçılarının da yüksək sənət zövqünün formalaşmasında böyük rol oynayıbdır. Və əgər əvvəllər Türkmənistanda Mirzə İbrahimovun “Kəndçi qızı”, Cəfər Cabbarlının “1905-ci il”, “Od gəlini” kimi əsərləri teatr səhnələrinin bəzəyi idisə, “Arşın mal alan” bu gün də səhnədən düşmür. Uzun illərdir ki, Rüstəm İbrahimbəyovun “Yaşıl qapı arxasında qadın” pyesi də tamaşaçı məhəbbətini itirmir. Bütün bunlar heç vaxt zəifləməyən Türkmən-Azərbaycan mədəni əlaqələrinin sübutudur.

Məncə, türkmən mədəniyyətinin inkişafına bizim tanınmış şairimiz, uzun illər Türkmənistanın mədəniyyət nazirliyinə rəhbərlik edən Qara Seytliyevin də öz töhfəsi olmuşdur. Belə desəm, yanılmaram. Onu da xatırlatmaq istəyirəm ki, o ali təhsilini Bakıda almışdır. Və elə orada da Azərbaycan mədəniyyəti məktəbini keçmək imkanı əldə etmişdir.

İtalmaz Nuriyev – bütün həyatı boyu Azərbaycanın yaradıcı insanları ilə sıx əlaqə saxlayan, bir çox Azərbaycan şairinin şeirlərini türkmən dilinə çevirən, bu gözəl ölkəyə xeyli şeir ithaf etmiş şairdir. Bu ölkəyə və onun ədəbiyyatına marağının əsas səbəblərindən biri Ədəbiyyat İnstitutunda oxuduğu illərdə Bakılı oğlanlarladostluq etməsi idi. Düzünü desəm, azərbaycanlı tələbələrin hazırlıq səviyyəsinin bizim hazırlıq səviyyəmizdən yüksək olduğu həmişə hiss edilirdi və bu, nəinki İtalmaz Nuriyevin, eyni zamanda da mənim mədəni səviyyəmin inkişafına təsir göstərmişdir. Və maraqlı olan budur ki, XX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən biri və bizim gözəl şairimiz İ.Nuriyevin yaxın dostu Fikrət Qoca tanınmış nasir Əkrəm Əylisli ilə dördüncü kursda oxuduqları vaxt istehsalat təcrübəsi keçmək üçün Bakıya deyil, Aşxabada gəlmişdilər. Yarım il ərzində onlar Türkmən qəzetlərinin redaksiyalarında təcrübə qazandılar, buranın nasir və şairləri ilə tanış oldular, türkmən dilini öyrəndilər.

Və institutu bitirdikdən sonra İtalmaz Nuriyev yaranan hər imkandan istifadə edərək Bakılı dostlarına tez-tez baş çəkirdi. Azərbaycan torpağında onun onlarla gözəl şeiri yarandı. “Üzür Azərbaycanım”, “Şəkidə Səməd Vurğun gecəsi”, “Vidalaşma”….

İlk dəfə Bakıya gəldiyində İtalmaz Fəxri xiyabanda iki ağac əkmişdi. Və onun bu hadisəyə həsr olunmuş şeiri də vardı…

…İtalmaz Nuriyevlə Fikrət Qoca yaxın dost idilər,mühazirələrə də birlikdə gedirdilər, kinoya da. Tələbə yataqxanasında bir otaqda qalırdılar. O otağın da qapısı heç vaxt bağlı olmazdı. Çünki açarı həmişə itirirdilər. Məişət məsələsinə gəlincə, ikisi də səhlənkar və tənbəl idilər. Heç vaxt otaqlarını səliqə-sahmana salmazdılar, yanan lampanı dəyişməklə araları yox idi. Əvəzində yaxşı geyinməyi, özlərinə fikir verməyi sevirdilər (deyilənə görə, xüsusi istedadları olan insanlar özlərinə, məişətlərinə az fikir verirlər, onları əhatə edən səliqəsizlikdən narahatlıq duymurlar). Fikrət Qoca və İtalmaz Nuriyevlə beş il bir yataqxanada  yanaşı otaqlarda yaşayaraq onların bu xasiyyətlərinin dəfələrlə şahidi olmuşam. Fikrət həmişə qara beret qoyar, qara kostyum geyinərdi. Qara çəkmələri həmişə par-par yanardı. İtalmaz da yaxşı geyinərdi. Mən bu barədə ona görə danışıram ki, qoy gələcək nəsillər öz ölkələrinin ədəbiyyatında dərin iz buraxmış bu iki böyük insanı təbəssümlə xatırlasınlar. Bu xatirəni gündəlik-essem olan “Qırx il ərzində yazılan kitab”a da salmışam.

Bir dəfə hansısa səbəbdənsə institutdan mühazirəni yarımçıq qoyub yataqxanaya qayıtmalı olmuşdum. Və yalnız yataqxanaya çatanda xatırladım ki, otağın açarı kurs yoldaşımda qalıb. Belə hallarda İtalmazla Fikrətin otağı dadımıza yetirdi. Çünki dediyim ki, otağın qapısı heç vaxt bağlanmazdı. Mən də elə bu otaqda yoldaşımın qayıtmasını gözləməli oldum.

…İçəri girdim… O dəqiqə də otaqdakı dəhşətli dağınıqlıq diqqətimi çəkdi.  Aşağı düşüb təsərüffat müdiri Nina Akimovnadan süpürgə və lampa aldım. Elə ilk işim stula qalxaraq yanan lampanı dəyişdirmək oldu. Otaq o dəqiqə işıqlandı. Çarpayıları düzəltdim, üstlərinə adyal sərdim, yastıq qoydum. Sonra döşəməni süpürdüm, zibili, siqaret kötüklərini bir küncə yığdım.Hər iki stolun üstündəki kitabları səliqə ilə üst-üstə yığdım. Əlimə düşən ilk kitab Səməd Vurğunun“Seçilmiş əsərləri” idi. Təsadüfi bir səhifəni açdım, “Şair, nə tez qocaldın sən” şeirinə gözüm sataşdı (Bu barədə bir qədər sonra danışacağam).

Elə bu vaxt otağın qapısı aralandı və Fikrətin qara beretigöründü, altından isə onun böyük gözləri… Amma elə o dəqiqə də, – “Bağışlayın”, – deyib qapını bağladı. Mərtəbələri səhv saldığını düşünən Fikrət bir neçə dəqiqədən sonra yenə də astanada peyda oldu. Qapını açaraq ayaq saxladı. Başını yelləyə-yelləyə gülümsədi: “Qardaşım, bu doğrudan bizim otaqdır? Mən İtalmazı belə təmiz otağa buraxa bilməyəcəyəm”.

…Həmin gün Səməd Vurğunun gözümə dəyən “Şair nə tez qocaldın sən” şeirinə gəlincə, bu misralarmənə böyük şairi kəşf etməyimə kömək etdi. Eyni zamanda da onun bu məşhur şeirini türkmən dilinə çevirməyə və əzbərləməyə…

İndi yazıçıların beynəlxalq görüşlərində çıxış edərək çox dil bilməyən bir adam olsam da, poliqlot kimi çıxış edirəm. Əvvəlcə Məhtumqulunun “Pukarayım” şeirini rus dilində oxuyuram,sonra Puşkinin “Çadayevə” şeirini türkmən dilində. Sonra da, – “İndi də eyni şeirin iki dildə necə səsləndiyinə qulaq asın”, – deyərəkSəməd Vurğundan bir bənd Türkmən, bir bənd isə Azərbaycan dilində səsləndirirəm.

                Seýran etdim müň agşama,

Pervana dek ýandym şeme.

Gözünden ýaş dama-dama,

Şem-de dile geldi birden:

“Şahyr, nä  tiz gojaldyň sen?”

Dinləyicilər həmişə mənim bu virtuozluğumu böyük şövqlə qarşılayırlar.

Bizim yaradıcı rəhbərlərimiz – institutda olan şairlər əmin idilər ki, İtalmaz və Fikrət əsl şair olacaqlar. Onlar yanılmadılar. Biz hələ o zamanlar Fikrətin “Quzu” kimi bir çox şeirlərini çox sevirdik. Ya da bu sözlərlə başlayan şeirlərini:

Otuz doqquzda doğuldum

Otuz yeddidə öldürdülər…

Türkmən-Azərbaycan mədəni əlaqələrinin dərinləşdirilməsi üçün Türk-mənistanda yaşayan Fəxrəddin Əliyev də bir çox işlər görmüşdür. Türkmən klassiklərinin Azərbaycan dilinə tərcümə edilmiş cildliyi onun zəhmətinin məhsuludur. Bizim üçün bu, həqiqətən, də şah hədiyyəsi oldu. Öz zamanında bir çox Azərbaycan şairlərinin əsərləri bizim ustad şairlərimiz Mamed Seyidov, Allaberdı Xayıdov, Çarı Aşir, Jurmenek, Kerim Kurbannepesov, Ata Atacanov, D.Xaldurd tərəfindən tərcümə edilib. Amma poetik tərcümə nümunələri həm keyfiyyəti, həm də kəmiyyəti baxımından daha çox Fikrət Qocanın yaxın dostu İtalmaz Nuriyevin tərcüməsində gözəl alınıb.

Yaradıcılıq eşqi ilə Nizami Gəncəvinin “Müdrik misralar”ını, Azərbaycanın tanınmış şairlərinin, o cümlədən, heyrətamiz şair taleyi olan Mirzə Şəfinin, Bəxtiyar Vahabzadənin, Fikrət Qocanın, Məmməd İsmayılın, Vaqif İbrahimin, Əli Kərimin şeirlərini Türkmənistanın xalq şairi Atamurad Atabayev tərcümə edib. Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Molla Pənah Vaqifin kitabını isə tanınmış türkmən yazıçısı və şairi Kurbandurdı Kurbansaxatov tərcümə edib və mən bu tərcüməni həqiqətən də uğurlu iş hesab edirəm.

Bu yaxınlarda bizim “Ədəbiyyat və sənət”  qəzetimiz Azərbaycan şairi Abbas Abdullanın türkmən alimi və şairi Nazar Qullayevə şeirlə yazdığı məktubunu türkmən dilinə tərcümə edərək dərc etdi. Bu məktubda da türkmən-Azərbaycan ədəbi əlaqələrindən misallar gətirilir, iki xalqın mədəni irsinin köklərinin yaxınlığından danışılırdı.

Öz məqaləmdə mən türkmən ədəbiyyatının təbliğatı üçün çox işlərgörmüş şair Əliağa Kürçaylının da adını böyük hörmətlə xatırlamaq istəyirəm. Türkmən şair-sərkərdəsi, Hindistandan olan Bayramxanı Türkmən ədəbiyyatı üçün kəşf etmiş alim Qəzənfər Yunus oğlu Əliyevin də adını çəkmək lazımdır. O, Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda fundamental elmi tədqiqatlarla məşğuldur.

Bizim ölkəmizdə milli liderin təşəbbüsü ilə “Dünya ədəbiyyatı” jurnalının çap olunmasıtürkmən ədəbiyyatı üçün dəyərsiz hədiyyə idi. Beş il ərzində jurnalın səhifələrində dünya klassik ədəbiyyatından yüzlərlə nümunə dərc edilib. Eyni zamanda, Aşıq Ələsgərdən, Bəxtiyar Vahabzadədən, Çingiz Hüseynovdan, Tahir Arslanlıdan əsərlər də bu nümunələr arasında var. Məşhur yazıçınız Anarın “Dantenin yubileyi” də, istedadlı yazıçı Şəmil Sadiqin “Arvadsız kişi” kimi gözəl hekayəsi də bu jurnalda çap olunub.

Bizim xalqlarımız arasında münasibət uzun əsrlər boyu yalnız dostluq və qardaşlıq münasibəti olub. Qədim tarix də buna şahiddir, ağsaçlı Xəzər də. Və bunun gələcəkdə də belə olacağını Xəzər də təsdiqləyər, tarix də… Biz heç vaxt buna şübhə etmirik.

 

Tərcümə etdi: Nərgiz Cabbarlı

Bölmə : Manşet, OxucuKlubu