Qara donlu – Günel Natiq

9 Baxış

Без названия

Hekayə

 Kazım kişi qonşu kənddən qayıdanda şər qaralmışdı. Ona görə kəsə yolla getməyi qərara aldı. Şər qarışanda gözdən-könüldən uzaq bu yerdən keçmək bir az təhlükəli idi, amma qarısının danlağından çəkinən Kazım kişi nəyin bahasına olursa- olsun evə tez yetişmək istəyirdi.

Qıraq yolun yoxuşundan üzüaşağı yürüyəndə kişinin gözünə qaraltı göründü. Əvvəl yolçunu xof basdı, bir az yaxına gələndə gördü, bu bir qadın cəsədidir, görünür canavar parçalamışdı, hətta gecənin qaranlığında da qadının üstündəki qara don seçilirdi…

Onlar üç qardaş idilər. Böyükləri Davud bığ yeri tərləməmiş anası Məsumə arvadın təkidilə ailə qurmuşdu, qızın da 14 yaşı yenicə tamam olurdu. Rayonun bir az çağdaş olan yazı-pozu əhli qınamışdı bu evliliyi. Elə toya da həmin o yazı-pozu əhli gəlməmişdi, öz təbirlərincə desək, tədbiri boykot eləmişdilər. Düzü, Davudun atası Mövsüm kişi bu “boykot eləməyin”nə demək olduğunu bilməsə də, öz aləmində gənc yaşda oğul evləndirməyin nə demək oluğunu yaxşı bilirdi. Birincisi, uşağın (evlənən oğlanın yəni) ayağı evə-ocağa bağlanırdı. İkincisi, gözü “onun-bunun artığında qalmayıb”, öz halalının üstündə olurdu. Üçüncüsü, bir az yekələnirdi, özündə məsuliyyət hiss edirdi. Dördüncüsü… Mövsüm kişi bunlar haqqında fikirləşməyə macal tapmamış Davudun ailəsi dağılmışdı. Özü də elə dağılmışdı ki, tikəsi ələ gəlməmişdi. Məsələ burasında idi ki, toydan bir neçə ay sonra Mövsüm kişinin gəlini bir oğlana qoşulub qaçmışdı. Demə, öz məktəb yoldaşıymış, istəklisiymiş, əhd-peyman eləyibmişlər ki, ölsək də bir yerdə öləcəyik. Elə bu niyyətlə də ailələrini, böyüklərini, bütün el-obanı gözə alıb qaçmışdılar. Qızın atası söz vermişdi ki, xəyanətkarları tapsa öldürəcək. Bakının ucqar məhəllələrindən birində tapmışdı da. Amma öldürməyə qıymamışdı. Qız da nə qışqırıb köməyə adam çağırmış, nə də qaçıb gizlənməyə cəhd etmişdi. Eləcə atasının gözlərinin içinə baxmışdı. Özü də elə baxmışdı ki, ancaq işığa, günəşə, göy üzünə elə baxarlar. Kişi başa düşmüşdü ki, məğlub olub, əli ətəyindən uzun evə qayıtmışdı, evdəkilərə də tapşırmışdı ki, qızı da, bu məsələni də birdəfəlik unutsunlar.

Davud bir neçə gün havalı-havalı gəzmiş, sonra Mövsüm kişinin nəsihətlərini, Məsumə arvadın yalvarışlarını eyninə almayıb Rusiyaya getmişdi. Əslində, niyyəti baş götürüb uzaqlara getmək, hər şeyi unutmaq idi. Əvvəl həmkəndlilərinin yanında fəhləlik eləmiş, işin çəmini-qaydasını, sirlərini öyrəndikdən sonra müstəqil işə başlamışdı. Atası o vaxt deyirdi ki, kiçik ticarət daha çox qazanc gətirər. O da kiçik ticarətlə işini böyütmüş, mağaza açmış, öz işinin sahibi olmuşdu.

Mövsüm kişiylə Məsumə arvad daha oğullarını geri qaytarmağa cəhd göstərməmişdilər. “Evə – ocağa yığmaq istədik də, nə oldu”, deyib “Allaha əmanət etmişdilər”. Davud da işlərini yerbəyer etdikdən sonra özünə bab bir tatar qızıyla evlənmiş, bu evlilikdən qıyıqgöz, sarışın üç oğlu dünyaya gəlmişdi. Məsumə arvad oğlunun Rusiyadan göndərdiyi şəkilləri öpüb bağrına basdıqdan sonra ən fəxri yerə –  servantın şüşəsinə keçirib göz dolusu seyr edirdi. O qədər baxırdı ki, gözüqıyıq, sarışın uşaqlar yurd yerinin günəşindən yanıb, qaralıb doğma övladlara oxşayırdılar. Məsumə arvadın dünyaya olan sevgisi indi servantın o üzündən ona baxırdı. Mövsüm kişinin bu sevgini paylaşmağa gücü yetməmişdi. Onun əbədi sevgisi Aşıq Veysəl demiş, artıq qara torpaq idi. Məsumə arvad məzarlıqda onu hər ziyarət edəndə bu gerçəkliyi anlayırdı…

İndi Məsumə arvadın nigarançılığı ortancıl oğlu Yaqub sarıdan idi. Düzü Davudun başına gələnlərdən “başına gələn başmaqçı olar” deyib çox irəli durmurdu. Elə bu səbəbdən idi ki, Yaqub hələ ki, subaylığa soltanlıq deyirdi. İşsiz-gücsüz gəzib-dolaşır, kənd mərkəzində dostlarıyla yığışıb domino oynayır, pivə içirdi. Gecədən xeyli keçəndən sonra darvazadan içəri keçəndə itlər hürüşür, Məsumə arvad da o tərəf-bu tərəfə qurcalanırdı. Kənddə gözaltı etdiyi qızlar vardı, amma arvadda xof əmələ gəlmişdi, hər qıza potensial xəyanətkar kimi baxırdı. Hər birinin yerişinə, duruşuna, baxışına göz qoyur, özlüyündə qərar çıxarır, “hansı yuvanın quşu olduğunu” müəyyən edirdi. Arvad əməlli-başlı “psixoloq” olmuşdu, bircə dəfə baxmaqla öz hökmünü çıxarırdı. Axır vaxtlar Əsliylə göz-gözə gəlirdi, bunun da səbəbini özlüyündə anlayırdı…

Əslinin özündən başqa iki bacısı vardı. Atası illər əvvəl vəfat etmişdi. Anası həyətdəki təsərrüfatdan gələn qazancla ailəni saxlayırdı. Bakıda müştəriləri vardı, həftədə bir dəfə meyvə tərəvəzlərdən bağlama bağlayıb Bakıya yola düşərdi. Əsli belə vaxtlarda kənd mərkəzinə yollanar, cavanların çox olduğu yerlərdə görünməyə çalışardı. Qızın yaşı keçirdi, yaşıdları çoxdan ailə-uşaq sahibiydi. Əslinin ərə getmək üçün lazımi “göstəriciləri” yox idi. Nə xüsusi gözəlliyi, nə ağır oturub batman gəlməyi, nə də bütün qəbahətləri ört-basdır edəcək varlı ailəsi vardı. Başına özü çarə qılmalıydı, başqa yolu yox idi. Bir neçə dəfə rəhmətlik Davud kişinin oğlu Yaqubla üz-üzə gəlmişdi. Yaqub elə Əsli istəyən adam idi – başıaşağı, üzüyola. Əsli onu plastilin kimi istədiyi tərəfə əyə bilərdi. “Yonula bilən materialdan” idi. Əsli adamlara odun, daş, taxta parçası, bir sözlə material kimi baxmağa alışmışdı.

Yaqubla üz-üzə gəldiyi vaxtlarda Əsli bütün qadınlığını işə salır, dodaqlarını büzür, işvəkar bir görkəm alırdı. Yaqub “odun” olsa da, alışan materialdan idi. Əslinin işvəkarlığına laqeyd qala bilmir, özü də fərqində olmadan qızın dalınca düşüb gedirdi. Əsli də kənd mərkəzindəki bütün gedilə bilən yerlərə – dərzixanaya, gözəllik salonuna, mağazaya və s. baş çəkir, Yaqubu dalınca süründürürdü.

Yaqubun Əsliyə olan mərəzi kəndə yayılanda artıq gec idi. Məsumə arvad daş atıb başını tutsa da, “onlar bizə tay deyil, illah da ki, o qız, ölərəm onu evimə gəlin qoymaram” və s. dedikləri köpük kimi havaya buxarlanırdı. Yaqub iki ayağını bir başmağa dirəmişdi ki, öldü var, döndü yox, varsa da, yoxsa da, elə Əslidi ki, Əsli.

Məsumə arvad bir öləcəyi günü bilmirdi. Əslidə hiss etdiyi “zəif damar” yavaş-yavaş üzə çıxırdı. Gəlinin açıq-saçıq paltarları kənd arvadlarının qeybət mövzusu olmuşdu. Kənd içinə çıxanda arvadlı-kişili adamların arasına pıçhapıç düşürdü. Hərə öz nəzərləriylə baxırdı Əsliyə. Arvadlar əlini-əlinə vurur, başını yelləyir, kişilər isə ağzını marçıldadıb tamarzı-tamarzı ardınca baxırdılar.

Gəlin gələn gündən on gün sonra Yaqub evin kişisi olduğu məsuliyyətini anlamış, iş dalınca Bakıya üz tutmuşdu. Xırda-para malların alveriylə məşğul idi. Ucuz dükanlardan aksesuarlar alıb şəhərin mərkəzində baha qiymətə satırdı. Topdansatış mağazalarında diqqət çəkməyən aksesuarlar, oyuncaqlar şəhər mərkəzinin rəngli ab-havasında modern görünürdü. İşinə elə aludə olmuşdu ki, qumar da, içki də yaddan çıxmışdı. Amma unutmadığı bir şey var idi, o da arvadı Əsliyə olan sevgisiydi. Gündə neçə kərə Əsliyə zəng edir, gün ərzində nə etdiyiylə maraqlanır, onsuz boğazından loxma keçmədiyini deyirdi. Əsli də işvəylə gülür, naz edirdi, amma bir Allah bilirdi ki, o anda Əsli nəyə gülür və niyə gülür.

Məsumə arvad bircə sonbeşiyi Əli sarıdan arxayın idi. Bilirdi ki, özü kimi oxumuş, tərbiyəli birini alıb ona gəlin eləyəcək. Allah elə bil ürəyindən keçəni eşitmişdi, Əlini “halalsüdəmmişə” ürgah eləmişdi. Güllü rayon mərkəzində Əliylə bərabər kənd təsərrüfatı texnikumunda oxuyurdu. Güllünün tək istəyi oxuyub yaxşı mütəxəssis olmaq, kənd təsərrüfatında yenilik etmək, öz bacarığını göstərmək, uğur qazanmaq idi. Rəfiqələri onun arzularına gülüb deyirdilər ki, Güllü 70-ci illərin romantik sovet qəhrəmanına oxşayır. Güllü isə bütün bunları qulaqardına vurur, ürəyinin dərinliyində özünü film qəhrəmanı “Maya bacı” kimi hiss edirdi.

Yaqub özünü Əliylə Güllünün toyunun şıdırğı vədəsinə yetirmişdi. Məsələ burasındadır ki, kənddə gəzən dedi-qodular Bakıda alverə başı qarışan Yaqubun da qulağına çatmışdı və hirsindən dil-dodağını gəmirən Yaqub 1-2 gün səbr edib, elə toy vədəsinə özünü yetirmişdi.

Kəndə yenə pıçhapıç düşmüşdü. Yaqubun nə edəcəyi, nələr edəcəyi hamıya maraqlı idi və əslində, camaat toydan çox elə bu məsələnin axırını gözləyirdi. Yaqub mağara daxil olduğu andan aşıqlar da elə bil qəsdən çal-çağırın yönünü dəyişib yanıqlı havaya keçmişdilər. Hər şey vəziyyətin ciddiliyini göstərirdi.

Məsumə arvad özünü mağara yetirəndə oğlunun qırımından hal-qaziyyəni bildi. Qollarını açdı ki, Yaquba xoş gəldin eləsin; əslində, niyyəti qara buludları qovmaq idi. Elə bu vaxt mağara uzun qara donlu, hicablı naməlum qadın daxil oldu. İstər-istəməz baxışlar qadının ardınca dikildi. Qara donlu qadın xəfif addımlarla toya gələnlərin önündən keçib toy sahibinin yaxın qohumları üçün nəzərdə tutulan oturacaqların birində əyləşdi. Məsumə arvadın əli havada qaldı. Bu qadının kim olduğu iki nəfərə sirr deyildi. Gəlin gətirən gündən kəndin bütün dedi-qodularının ağırlığına qatlaşan Məsumə arvada, bir də bu qara donlunun hər bir titrəyişini ciyərlərində hiss edən Yaquba…

O gündən dedi-qodular seyrəldi. Hicablı gəlin haqqında kimsə danışmağa cəsarət eləmirdi. El içində deyirdilər ki, hələ namaz da qılmağa başlayıb. Sonra bu haqda ümumiyyətlə danışmağı artıq hesab eləyib (ən çox da o “gözəgörünməzdən” çəkinib)  söhbətə xitam verirdilər.

Yaqub təzədən iş dalınca Bakıya getmişdi. Əsli axşamlar qara donunu geyinib məscidə gedirdi, yolda onu görənlər ehtiramla salamlaşır, ardınca dönüb baxmağa cəsarət etmirdiər. Qara dona hamının sayqısı vardı.

…Kazım kişinin ucqar məhəllədə qara donluya rast gələcəyi gün Əsli adəti üzrə məscidə getmişdi.  Axşam düşür, qadın isə evə gəlmək bilmirdi. Gecə qaranlığında şər xofu vardı. Məsumə arvad doqqazdan çıxıb gözlərini yola zilləyir, sonra başını yelləyə-yelləyə yenidən içəri girirdi. Yaqubun zəngləri cavabsız qalmışdı, Əsliyə zəng çatmırdı.

Yoldan-izdən əl-ayaq çəkilib ətrafdan insan hənirtisi kəsiləndə yolun üstündə Kazım kişi göründü… Qara donludan- Əslidən xəbər gətirmişdi…

Yaqubu bu hadisədən sonra kənddə gördüm deyən olmadı. Heç Əslini son mənzilə yola salmağa da gəlmədi. Eləcə hamının həyatından çəkilib getdi. Daha onu gördüm deyən olmadı. Elə bil, ölüb yerin içinə girdi. Görünür, onun üçün ən yaxşısı elə bu idi.

Məsumə arvadın ümidləri qurd-quş kimi onu paralayanda Güllü qaynanasının qucağına nur topu kimi oğlan uşağı verdi. Məsumə arvad ölənə qədər bu körpənin qoxusu onun həyanı oldu.

Mövsüm kişinin ocağı Əliylə Güllüyə əmanət idi. Zaman keçdikcə reallıq “həddini aşır”, Güllünün kənd romantikası əvvəlki cazibəsini qeyb edirdi. Kənd təsərrüfatıyla bağlı yeni layihələr qəbul edilmirdi. Artıq buna ehtiyac yox idi. Bu layihələr olsa-olsa bir-iki təsərrüfat ərazisinə xeyir gətirməyə yarayardı.

Allı-güllü arzular gerçəkliyin girdabına dalmışdı. İnnən belə yaşananlar Əliylə Güllüyə vicdanı olmayan yalan kimi görünürdü.

İkisi də yorğun düşmüş, bir-birindən soyumuşdu. Adi insanlıq münasibətlərinə də gücləri qalmamışdı. Depressiyada olan Güllü Əslinin qara donunu geyinib güzgünün qabağına keçir, dünyanın sonunu təsəvvür edib özlüyündə ovunurdu.

Axşamların birində əynində uzun qara don olan Güllünü Əslinin köhnə gəlinlik otağında tavandakı ipdən asılmış vəziyyətdə tapdılar. İntihar etmiş cavan gəlini anlayan olmasa da, qınayan da olmadı.

Güllünü el adətiylə dəfn edib qayıdan kənd camaatını qara donlu müqəvva qarşıladı. Tanış donu görən camaatın tükü ürpəşsə də, bunu tale bir gərdişi kimi qəbul edib sakitləşdilər. Kəndçilərdən biri onu müqəvvaya geydirib şər ruhları qovmaq üçün doqqazının yanına sancmışdı…

Mənbə: “Ustad” jurnalının 14-cü sayı.

KÖŞƏ YAZARLARI
TOP 10