Namaz Məmmədoğlu
Şaxtalı bir qış günü yetmiş yaşlı tənha Zibeydə müəllimənin yandırılmış cəsədini evindən tapdılar. Ev gecə yanmışdı, tavan uçmuşdu, səhərə qədər yanğını söndürə bilməmişdilər. Axır ki, saat onda yanğın tamam söndürüldü və içəri keçmək mümkün oldu. Meyitdən, daha doğrusu yanıb qaralmış sümüklərdən də onda xəbər tutdular.
Əvvəl elə bildilər ki, müəllimə yataqda xəstə olub, ona görə də yanğından gec xəbər tutub və tüstüdən boğulub, sonra da tamam yanıb. Bunu təsdiq edən dəlillər də vardı, çünki giriş otağının qapısı arxadan bağlı idi. Qapının bir hissəsi yanmışdısa da arxadan bağlı cəftə hissəsi salamat idi, həm də hər şeydən məlum olurdu ki, ev içəridən yanıb. Amma yolun əks tərəfindəki qonşu dedi ki, yox, müəllimə axşam saat 12-yə qədər onlarda “Sahilsiz gecə” adlı ərəb filminə baxıb, sonra qonşunun 17 yaşlı böyük oğlu müəlliməni darvazaya qədər ötürüb və darvazanı açıb həyətə boylana-boylana soruşub ki, müəllimə daha qorxmur ki? Bu vaxt qaranlıq pilləkanların altında, zirzəminin qapısı ağzında elə bil kimsə cəld aşağı sinib özünü dondurub. Uşaq bərk eymənib və özünü inandırmağa çalışıb ki, gözləri alacalanıb. Hər şeydən xəbərsiz müəllimə isə həyətə girib və ağır darvazanı arxadan bağlaya – bağlaya:
-Get, oğul, daha qorxmuram,- deyib. Oğlan müəllimənin evinə baxa-baxa geri dönüb və heç on metr aralanmamış həyətdən nə isə çox qəribə bir səs gəlib. Oğlan onu pişik savaşına da, adam səsinə də, başqa heç vaxt eşitmədiyi səslərə də bənzədib və geri qayıtmaq istəyib, amma yadına düşüb ki, darvaza arxadan bağlıdır. Oğlan yenidən bayaq gördüyü qaranlıq həyəti xatırlayıb və anlayıb ki, pilləkanın altında doğrudan da kimsə vardı, bir az irəli getsəydi onunla üz-üzə gələcəkdi. Amma uşaq özünü o yerə qoymayıb və ona elə gəlib ki, axşam çox yeyib deyə qarabasma olub, bir də hər tərəfi bağlı həyətdə kim olacaqdı ki! Evlərinə qayıda-qayıda qəfildən oğlanın kürəyi buza dönüb, qorxudan tükləri biz-biz olub və xatırlayıb ki, bayaq qaranlıq həyətdə- pilləkanların altında gözləri çox dəhşətli bir şeyə sataşdı, elə bil sinən adamın əlində iri bir bıçaq da vardı. Oğlan beləcə gah gördüyü mənzərəni inkar edə-edə, gah da inana-inana evə gəlib və hər şeyi atasına danışıb, amma atası onun sözlərinə fikir verməyib, elə bilib ki, uşaq bir az qorxub, vəssalam.
Məlum olurdu ki, müəlliməni əvvəlcə çarpayıya bağlayıb sonra od vurub-lar. Yorğan-döşək, tavan, evdəki əşyalar yanmışdı, kömürə dönmüş sümüklə-rin ustündə kəndir izləri gözə dəyirdi, həm də əllər məftillə bağlanmışdı. qatillər məftilin əriyib izin itəcəyini düşünmüşdülər və ya tələsiklikdən belə eləmişdilər. Amma polad qarışığı olan məftil yumşalıb qaralsa da əriməmişdi. Yanğından gecə saat üçdə xəbər tutmuşdular ki, o vaxt artıq evin pəncərələri, damı da yanırdı. Qəsəbədən yanğınsöndürənləri çağırıb gətirənədək qonşular, xəbər tutan kənd adamları su ilə, torpaqla odu şöndürməyə çalışmışdılar, amma mümkün olmamışdı. Bir tərəfdən də evin çardağı yandıqca şiferlər partlamağa başlayıb camaatı pərən-pərən salmışdı. Yanğınsöndürənlər saat 5-də gəlib çıxmışdılar, amma məlum olmuşdu ki, maşınlar boş gəlib, su doldurmaq gərəkdir. Su axtarıb maşınları doldurana kimi iki saat keçmişdi və içəridən gələn qəribə şirin kabab iyi hamını sarsıtmışdı. Bu vaxt ərzində evin damı, tavanı yanıb içəri tökülmüşdü və müəlliməni də onda xatırlamışdılar. Amma heç kəs inanmırdı ki, müəllimə evdə yana bilər. Hamı elə bilirdi ki, evdə heç kəs yoxdur. Bircə qonşunun 17 yaşlı oğlu bərk qorxurdu və dərk eləyirdi ki, gecə doğrudan da dəhşətli nə isə baş verib, amma uşaq qorxulu fikri özündən qovmaq istəyirdi. Həm də axşamkı hadisəni danışırdı, amma müəllimənin cəsədi tapılana qədər ona heç kəs inanmadı. Saat onda evə girmək mümkün oldu və çarpayıya bağlı sümüklər də onda tapıldı. Rayondan gələn müstəntiq oğlanın dediyini təsdiqlədi və onu da söylədi ki, qatillər bir nəfər yox, üç, ya dörd nəfər olublar. Oğlan müəlliməni ötürməyə gələndə doğrudan da qatillərdən biri zirzəminin qapısı ağzında gizlənib müəlliməni gözləyirmiş. Beton zirzəmi salamat qalmışdı və orada iri, palşıqlı kişi çəkmələrinin izi açıq-aydın görünürdü.
Müstəntiq bildirdi ki, çox güman ki, qatillərdən ikisi tavandan evə düşüb içərini axtarırmış, üçüncüsü damda küçəni güdürmüş, dördüncüsü isə zirzəminin qarşısında gizlənib müəlliməni gözləyirmiş ki, açarı alıb qapıları açsın. Çünki pəncərələrə dəmir tor vurulmuşdu və xalçaları tavandan aparmaq mümkün deyildi.
Yol tərəfdən hasar da, darvaza da hündür idi, bir də ki, qatillər yoldan ehtiyat eləyib o tərəfdən gəlməzdilər, çünki buradan bütün gecə boyu gəlib-gedənlər olurdu. Həm də arxada da , irəlidə də qonşular vardı. Bircə bağ tərəfdən gəlmək mümkün idi.
Bağda dörd kişi çəkməsisnin izləri qalmışdı. Həm də izlər bir neçə dəfə bağın arxasına gedib-qayıtmışdı, alçaq çəpərdə də, çəpərdən o tərəfdə də ayaqlanmış yerlər aydın seçilirdi. Yük maşını xəlvət küçədə dayanıbmış, amma it iyləri aşkar edə bilmədi, çünki qatillər gedərkən arxalarınca nə isə səpmişdilər.
Ekspertlər evdə yanmış xalçaların izlərini tapmadılar, demək 10-a qədərbahalı xalça, müəllimənin qızıl protez dişləri, 5 ədəd sırğası, bir qızıl bilərzikli saatı, iki qalın boyunbağısı aparılmışdı. Çünki yanğın zamanı hər şey əriyib külə dönmüşdü, amma qızıl ərintisi və gəbələrin külü tapılmadı.
Müəllimə kənddə qəddarlığı ilə ad çıxartmışdı və onun adı gələndə indiyaşlı adamlar olan keçmiş şagirdlərinin hələ də kürəkləri gicişirdi. Müəllimə cavanlıqda şofer Quluya ərə getmişdi və o vaxtlar Qulu onu hərdənbir, amma günahsız, həm də qəddarcasına döymüşdü. Qulu ilə keçən iyirmi il müəlliməni yaman qəddarlaşdırmışdı. Əri onu həm də uşağı olmadığına görə döyürdü və bu da müəllimədə ona qarşı nifrət yaradırdı.
Quludan ayrıldıqdan sonra müəllimə öz puç olmuş gəncliyinin, uğursuz sevgisinin heyfini hamıdan almağa çalışmışdı. Sonra sonu görünməyən üfüqlər kimi uzun illərin tənhalığı başlanmışdı. Məktəbdə təkcə uşaqlar yox, müəllimlər də ondan çəkinirdilər. Uşaqları bağına yer əkməyə, ağacları sulamağa, pəncərələri silməyə, su daşımağa və s. göndərirdi. Getməyəni səhəri günü heç bir səbəb olmadan döyürdü. O vaxtilə bizə də nəğmə dərsi demişdi, yadıma gəlir ki, müəllimə qara kabus kimi partalardan arxada dayanıb sinfə göz qoyurdu, nəinki səs salan, hətta bir balaca tərpənən olanda yavaş-yavaş yaxınlaşıb qapazı kürəyinə, başına- hara gəldi endirirdi. Ona görə də müəllimədən hamı qorxurdu və ən pisi o idi ki, şagirdlərdən bəziləri müəllimənin özü kimi qəddarlaşırdılar. Çünki yersiz döyülmək, alçalmaq qəddarlıq doğururdu.
Amma bunlar beş il əvvələ qədər olmuşdu, beş il əvvəl müəllimənin
altmış beş yaşı tamam olmuşdu və onu da məktəbdəki digər yaşlı müəllim-
lər kimi zor-xoş təqaüdə göndəmişdilər. Müəllimə yaşlaşdıqca həm də ya-
man xəsisləşmişdi. Yeməyindən-içməyindən kəsib ildən-ilə yeni – yeni boyunbağılar, üzüklər, sırğalar almışdı, ağzündakı bütün dişlərini qızıllatmışdı. Amma bu üzüklərdən, sırğalardan, boyunbağılardan cəmi bir neçə qonşunun və qohumların xəbəri vardı ki, müəllimə onların da çoxu ilə küsülü idi. Bütün bu üzüklərə , sırğalara baxmayaraq heç olmazsa kiçik bir televizor almamışdı. Çünki televizor alsaydı qətran kimi uzanan tənha gecələrdən yaxa qurtarmaq üçün qonşulara getməyə bəhanəsi də olmayacaqdı.
Hadisədən bir neçə gün əvvəl müəllimə gecə çölə çıxarkən bağda gəzi-
şən qara kölgələr görmüşdü və ilk dəfə ağlına qorxulu bir şey gətirməyərək:
“Köpəy uşağı, nə gəzirsiniz orda, tanıdım hamınızı”,– deyə qışqırmışdı və üç-dörd nəfər adam bağın arxasına tərəf qaçaraq gözdən itmişdi. Səhəri günü müəllimə əhvalatı küsülü olmadığı bir-iki qonşusuna danışmışdı, amma heç kəs fikir verməmişdi. Həmin hadisədən 3 gün sonra gecə saat 11-də evdə oturarkən müəllimə üzərində nə isə qəribə bir təsir hiss eləmişdi və bağ tərəfin qaranlıq pəncərə pərdəsini çəkəndə şüşə arxasında iri kişi sifəti ilə üz-üzə gəlmişdi. Qəfil yaxalanmadan naməlum adam da özünü itirmişdi və qaranlığa-bağın arxasına doğru qaçaraq yox olmuşdu. Həmin gecə müəllimə qorxudan çölə də çıxa bilməmişdi və səhəri günü yenə hadisəni qonşulara danışmışdı. Amma bu dəfə də fikir verən olmamışdı və müəllimə and-aman eləmişdi ki, qarabasma deyildi, başı papaqlı kişini öz gözlərimlə gördüm, qaçanda tappıltılarını eşitdim, həm də bağda izləri qalıb. Lakin yenə müəlli-
məyə fikir verən olmamışdı, elə bilmişdilər ki, qocalıb deyə qorxur.
Axırda müəllimə: “Öldürəcəklər məni onlar, vallah öldürəcəklər. Bir adamdan şübhələnirəm, onun işi olacaq, o bilir mənim evimin sirrini”, – demişdi. Amma heç bir ad çəkməmişdi. Həmin izlərsə bağa baxan pəncərənin qarşısında hələ də qalırdı. Belə məlum olurdu ki, qatillər gecəykən qaranlıq pəncərədən otağın içini, müəllimənin hərəkətlərini izləyib fürsət axtarırmışlar. Çünki gecələr evin içi işıqlı olduğundan bayırdan yaxşı görünür, içəridən isə qaranlıq bağ görünmürdü.
İkinci hadisədən sonra bir həftə sakit keçmişdi, amma bir həftədən sonra müəllimə yenidən bağda kiminsə gəzdiyini görmüşdü və yenə qonşulara xəbər vermişdi, amma əvvəlki kimi heç kəs onun sözlərinə məhəl qoymamışdı. Müəllimə hər gün küçələrindən keçən kənd soveti Qədirin qabağını kəsib:
– A, Zvırdış, bağımda gecə 3-4 nəfər adam gəzir, öldürəcəklər məni,– demişdi. Müəllimə Qədirə də dərs demişdi və “Zvırdış” ləqəbini də o vaxtlar qoymuşdu. Çünki Qədir o vaxdan çox küt və yaltaq uşaq idi. Müəllimə isə uşaqlara ad qoymaqda sərraf idi. Bu ləqəblər çox vaxt dəqiqliklə qoyulurdu, bəzən isə elə oludu ki, yüz etnoqraf da yığışsaydı bu ləqəblərə bir məna verə bilməzdi. Qədirin ləqəbi də belələrindən idi və bəlkə də müəllimənin dilində küt, yaltaq demək idi.
Müəllimə Qədirin qolundan tutub bağa aparmışdı və sulanmış bağda qurumuş iri çəkmə izlərini göstərmişdi, amma Qədir zarafata salmşdı: “Ay müəllimə, səni (Sizi yox- Qədir də qisasını bu yolla alırdı) öldürməyə kimin hünəri çatar, səni qörəndə indi də sarımızı uduruq, sənin nəyin var ki, nəyini aparsınlar. Toyuq-cücə oğruları olar, toyuq hinini möhkəm bağla. Şübhə-ləndiyin adam varsa , xəbər verim, aparıb bassınlar qoduqluğa , gözləri lıppıldasın”, – demişdi. Müəllimə müəmmalı cavab vermişdi:
– Şübhələnirəm, amma əmin deyiləm.
Hadisə bütün kəndə yayılmışdı və müəllimə bir səhvə də yol vermişdi, qonşu qadınlardan birinə demişdi ki, özüm qorxutmaq üçün tanıyıram dedim, bir adama oxşatdım, amma tanımadım. Qonşu qadınsa xəbəri digər qonşulara çatdırmışdı və hadisə də həmin gündən 3 gün sonra baş vermişdi. Demək qatillər üç gün gözləmişdilər ki, görsünlər müəllimə doğrudanmı onları tanıyır. Əmin olandan sonra ki, müəllimə sözü elə- belə deyib, heç kəsi tanımır, onda çirkin əməllərini yerinə yetirmişdilər. Şübhəli şəxslər kimi bir neçə kənd avarasını tutub rayon qazamatına salmışdılar və polislər onları hər gün döyüb əziyyət verirdilər.
Buna baxmayaraq kələfin ucu görünmürdü. Yarıyanmış qapının içəridən bağlanması müəmma olaraq qalırdı. Doğrusu, müəllimənin çarpayıya sarınması, bağdakı izlər, qızıl protezlərin aparılması və s. işdə cinayət olduğunu sübut edirdi, amma qapının içəridən necə bağlanmasından əlavə kim tərəfindən bağlanması da müəmma olaraq qalırdı. Çünki qonşular bildirirdilər ki, müəllimə həmişə qapıları çöldən bağlayırdı və hətta tələsik qonşuya, mağazaya və ya başqa bir yerə gedəndə də bütün qapıları və darvazanın qapısını çöldən bağlayıb açarı özü ilə götürürdü. Hadisə baş verdiyi gündən bəri hərə bir mülahizə yürüdürdü.
Vahid müəllimin oğlu Sahib ilk gündən deyirdi ki, bu ancaq Elyarın işidir. Elyargil dörd qardaş idilər, kənddə boş-boşuna gəzən avaralar kimi tanınmışdılar. Böyük qardaş Xalid axır bu avaraçılıqdan bezib kəndin aşağı tərəfində özünə bir kümə qaraltmışdı. O biri qardaşların da adları kiçik dava-dalaşlarda, xırda oğurluqlarda çıxmışdı, amma heç kəs onların belə bir ağır cinayət törədəcəklərinə inanmırdı. Sahib isə sözündə duraraq deyirdi ki, Elyar bütün yayı Zibeydə müəllimənin evinə suvaq çəkib, otaqları təmir edib, bu ancaq onun işidir. Sürücü İlqar da onun sözlərinə qüvvət verib bildirirdi ki, bu yaxınlarda Elyarı bir yerə aparmışdım, qayıdanda birdən-birə dedi ki, sən yaxşı oğlansan, gedək evə motosikletim var , sənə verim. Deyirəm mənim nəyimə lazımdır motosiklet. Deyir yox, sənə verirəm. Özü də bir var yalandan deyəsən, bir də var həqiqi verəsən. Bu həqiqi verirdi motosikleti. Götürmədim. Bütün dişlərini qızıllatdırıb, acından ölənin biriydi, hardandı onda o qızıllar?.
Sonra xəbər çıxdı ki, qəsəbədə bir ləzgi qızıl satırmış. Zibeydə müəllimin qohumu Elman, müəllimənin üzüklərindən birini tanıyıb alır, ləzgini tovlayıb deyir ki, pul evdədi, qızılların qalanını da alacam. Ləzgini gətirir evlə-rinə, yaxşıca yedirdib-içirdir və ləzgi qızılları kimdən aldığını deyir ona. Guya qızılların bir-ikisi Zibeydə müəllimin imiş. İki gündən sonra məlum oldu ki, bu da yalan söhbətdir, heç bir qızıl-filan tapılmayıb.
Polis bir neçə şübhəli adamı tutub salmışdı qazamata, onları hər gün döyüb incidirdilər, işgəncə verirdilər, amma heç kəs heç nəyi boynuna almırdı. Bakıdan müstəntiq çağırmışdılar, hamının ümidi ona idi. Nəhayət şənbə günü əcaib geyimli, saqqallı müstəntiq gəlib çıxdı. Müstəntiq rayon polis idarəsinin qara “Volqa”sından düşən kimi:
– Hm, hm, hadisə burda törədilib,– dedi.
Deyirdilər bu müstəntiq çox qarışıq işləri açıb, bu onun əlində nədir ki? Di , gəl, hələ ki, bir şey yox idi. Müəllimənin öldürüldüyü, öz-özünə yanmadığı gün kimi aydın idi. Çarpayıya bağlı skelet də, bağdakı çəkmə izləri də – bir sözlə hər şey bunu göstərirdi, amma hələ ki, mülahizələr birnəticə vermirdi. Nədənsə bu əcaib müstəntiq uşaqları arı pətəyi kimi daim özünə cəlb eləyirdi və müstəntiq təcrübəsinə əsasən onları heç vaxt qovmurdu, çünki bilirdi ki, bəzən ən ağır cinayətlər belə təsadüfi deyilən bir sözlə açılır. Həm də ən düzgün məlumatı məhz uşaqlardan öyrənmək olardı.
Bu dəfə də elə oldu…
Əcaib müstəntiq dedi:
– Hm, hm, onlar damdan da çıxa bilərdilər, amma xalçaları damdan çıxarıb apardıqlarına inanmıram. Bəlkə əvvəl hər şeyi qapıdan aparıblar, sonra axırıncı qatil qapını arxadan bağlayıb, içərini yandırıb, damdan qaçıb? Axı qapını içəridən necə bağlamaq olar?
– Əmi, mən çöl tərəfədə durub qapını içəridən bağlaya bilirəm, – səkkiz yaşlı qonşu uşağı qəfildən dedi.
Müstəntiq dərhal sözdən yapışdı və uşağı ürkütməmək üçün:
– Yox, elə şey olmaz, – dedi,– axı çöldə durub qapını içəridən necə bağlamaq olar?
Qonşu uşaq cəsarətlənib irəli gəldi:
– İp var? – soruşdu.
Tez polislər ip tapıb gətirdilər.
Uşaq ipi bir dəfə qapının siyirmə rəzəsinə doladı, ipin ucunu əlində tuta-tuta çöl tərəfə çıxdı və ipi asta-asta çəkdi. Qapı çöldən bağlandı, amma ip üstündə qaldı. İpi çəkdilər, qırıldı, amma yarısı içəri tərəfdə- rəzənin üstündə qaldı. Müstəntiq bir an fikirləşdi və tələsik:
– İpək sap gətirin,- dedi.
İpək sap tapıb gətirdilər, bu dəfə müstəntiq özü ipi içəri tərəfdən rəzəyə do-
ladı və çölə çıxıb asta-asta ipi çəkdi, qapı bağlandı. İpin uclarından birini
buraxıb o birini çəkməkdə davam elədi sürüşkən ip asanlıqla siyrilib çıxdı.
– Vot eta da, – müstəntiq rusca dedi, – və yenidən üzünü uşağa tutdu:
– Oğlum, bəs sən qapını belə bağlamağı kimdən öyrənmisən?
– Yayda Elyar Zibeydə müəllimin evini suvayırdı, bir dəfə məni çağırıb
dedi ki, sən içəri tərəfdə dur, gör mən qapını çöldən necə bağlayıram. Özü
çölə çıxıb qapını belə bağladı, mən içəridən açdım.
Qazamatda əziyyət verilən adamların arasında Elyar yox idi. Tez Elyarı tutmaq üçün operativ dəstə göndərildi, amma məlum oldu ki, o Moskvaya
uçub.