Namaz Məmmədoğlu
Hekayə
Həmin ili biz axırıncı kursda idik, dərslərə elə-belə, daha çox bir-birimizi görmək üçün gedirdik. O günlərdə şəhər get-gedə sahibsiz itlərlə, bir də dilənçilərlə daha da dolurdu. Heç biri də əvvəllər fala baxan, vağzallarda , şəhər kənarlarında yatan dilənçilər deyildilər, çoxu sifəti tanınmasın deyə üz -gözünü qara şalla örtürdü.
Universitetedən metroya gedən yolda başdan-ayağa qara paltarlı, arıq, beli əyilmiş bir qarı otururdu. Yerdə oturmaqdan donunun arxası həmişə toz-torpaq olurdu, amma paltarını çırpmağa belə taqəti yox idi. Göğzlərinin ağı-qarasına qarışmışdı. Həmişə dalgın-dalğın uzaqlara baxırdı. Qarı görürüdümü- görmürdümü-bunu heç kəs bilmirdi. O heç kəsə təşəkkür eləmirdi, heç kəsə baxmırdı, daha doğrusu nə ötüb-keçən adamlardan, nə ovcuna atılan pullardan xəbəri vardı.
Biz səhər də, günorta da, axşam da həmin kor qarını görürdük və nədənsə adam onu görəndə yazığı gəlirdi, həm də xəcalət çəkirdi. Bacım hər axşam dərsdən qayıdandan sonra çox vaxt da təsadüfən həmin qarıdan danışırdı.
Biz dərslərə həm darıxa-darıxa, həm də təssüflənə-təssüflənə gedirdik ki, bu beş il belə tez keçdi- gah pəncərədən görünən akademiya binasına, yaşayış evlərinin yuxarı mərtəbələrinə, qovaqların yaşıl yarpaqlarına, mavi səmaya, hər şeydən bezəndə də mühazirə söyləyən müəllimin üzünə baxırdıq.
Tarix dərsində kef olurdu. Saçları kəsik, həm də kömür kimi qapqara rənglənmiş yaşlı, qaşları sürməli, üzü boyalı Ceyran xanım illərdən qalma, saralmış konspektləri çıxarıb tribunanın üstünə düzür, eynəyini taxıb oxuyurdu. Uşaqlar ona yalnız ona görə bir az hörmət eləyirdilər ki, onun dərsində bütün səksən dəqiqəni doyunca söhbət eləmək, qızlara söz atmaq, yatmaq bir sözlə nə desən eləmək olurdu. Hərdən səs-küy lap həddini aşanda Ceyran xanım eynəyini çıxarıb səs salan adama yox, hamıya deyirdi ki, niyə səs salırsınız, imtahanda hamınızı kəsəcəyəm. Amma biz əvvəlcədən yuxarı kurslardan bütün müəllimlərin xasiyyətlərini öyrənirdik, bilirdik ki, hansılar tapşırığa , hansılar biliyə baxır, ona görə də heç kəs qorxmurdu.
Müəllimlər də cürbəcürdülər, bəzilərinin bilikləri yoxdu, amma özlərini çəkirdilər- tələbələr belələrini xoşlamırdılar. Bəzilərinin bilikləri vardı, di gəl ki, yumşaq idilər, tələbələr belələrini saymırdılar. Amma bəzi müəllimlərin həm bilikləri, həm də zəhmləri vardı, tələbələr belə müəllimlərdən həm qorxurdular, həm də hörmət edirdilər. Belə müəllimlərdən lap az- hər kursda cəmi bir-iki nəfər olurdu.
Bu axırıncı kursda da bircə belə müəllimimiz Aytəkinin atası idi. Boyu hündür deyildi, üst-başı tərtəmiz, həm də ütülü olurdu. Universitetin həyətində ağ “Volqa”sından düşürdü, asta-asta, lap elə professor yerişiylə pillələri qalxırdı. Tələbələr onu hətta küçədə, dəhlizlərdə də görəndə danışıqlarını, zarafatlarını kəsib sakitcə dayanırdılar. Dərslərdə elə bil od–alova dönürdü:
“Oxuyun, indidən oxuyun, bax o qızım olsun, bilməsə, keçmərəm”,-deyirdi. Aytəkin özü də qorxurdu, həmin ili ancaq klassik şairləri oxuyurduq, qalanları “elə-belə” imtahanlar idi.
Hərdən də dərsdən çıxan kimi gedirdik “dərdimizi dağıtmağa”, özümüzü verirdik iki nömrəli yataqxanaya, Azərnən Pərvizin pilləkanın qabağındakı yarım otağına. İçəri girən kimi adamı “yataqxana qoxusu” vururdu.
İçəridə iki sınıq çarpayı, bir köhnə dolab, biri iri, biri də kiçik qabaq stolu, iki-üç də o yan- bu yana ləngərlənən stul vardı. Divarlara sinəsi, qolları açıq xarıcı müğənnilərin, yaşılgözlü türk qızlarının qırağı təqvimli, rəngli şəkilləri yapışdırılmışdı.
-Azər,-deyirdim,- özünüzü cənnətə veribsiniz.
Azər gülürdü, Pərviz isə hələ key-key gözlərini döyürdü.
-Pərviz, nə küt-küt gözlərini döyürsən, qonaq gəlmişik, tez elə kolbasa qızart,- Firuz Pərvizi cırnatmaq üçün qışqırırdı.
Pərvizin kök sifəti qəribə, uşaqtəhər bir görkəmə düşürdü:
-Əə, vallah pulum qurtarıb.
Firuz bizə göz vururdu:
– Ürəkli oğul deyilsən, bax yenə ağlayırsan. Pulun qurtarıb, pul verərik,-əvvəlcədən üçdən- beşdən yığdığımız pulu Pərvizə uzadırdı:
– Get çörək- kolbasa al.
Birimiz isə başqa mağazaya araq dalınca qaçırdıq.
Pəncərədən qarşıdakı xarici tələbələr yaşayan yataqxananın üçüncü, dördüncü, beşinci mərtəbələri görünürdü. Üçüncü mərtəbədə çox vaxt heç kəs gözə dəymirdi, balkonlar boş olurdu, beşinci mərtəbədə bir zənci, bir də ondan bir az fərqli- qəhvəyi rəngli bir ərəb tələbə maqnitofon oxudurdular. Dördüncü mərtəbədə isə əndamlı, üzdən acıqlı, cavan bir mulat qadın həmişə yuyulmuş uşaq əskiləri, kişi köynəkləri sərirdi.
Birazdan hamı yığışırdı, balaca qabaq stolunu ortaya çəkirdik, kimi çəngəllə, kimi bıçaqla, kimi də əliylə,- çünki çəngəl-bıçaq çatmırdı,- kolbasa qızartmasıyla çörək, salat yeyirdi, arağı çay stəkanlarına bölüb bir-bir hamımızın sağlığına içirdik. Sonra Vasif hansısa mahnının sözlərini dəyişdirib müəllimlərdən, imtahanlardan məzəli bir mahnı düzəldirdi, xorla oxuyurduq. Firuz ləzgilər haqda qoşduğu, ya da kənddən təzə öyrənib gəldiyi lətifələri danışırdı, hamımız uğunub gedirdik. Mehman yenə ehtiyatla yeyə-yeyə ki, şax ütülənmiş kostyum- şalvarına, köynəyinə, qalstukuna ləkə düşməsin, yavaşca Namiqin ayağını basırdı:
-Keçəl, bir Pərvizi cırnat,- deyirdi.
Namiq pəncərədən çölə baxıb əsgi sərən qadını göstərirdi:
-Pərviz, yenə sevgilin çıxıb səni axtarır.
-Eləsi sənə yaraşar,- Pərviz yeyə-yeyə cavab verirdi.
-Pərviz, gəl insafnan danışaq, insan gərək tayını tapa, qoy uşaqlar desin o kimə yaraşır?
-Pərviz kişi kimi de, gecə zəncilər səni niyə çağırmışdılar, Mamadu səni niyə döymək istəyirdi?- Eldar soruşurdu.
-Mamadu kimdi, əə, orda heç elə adam yoxdu, başqa şeyə getmişdim.
Sən mumla, bütün günü parnikdə işləməkdən başqa nə bilirsən sən?
-Pərviz heç nəyi vecinə almırdı.
Axır Azər son kələyə əl atırdı:
-O, zəncinin yanına “elə-belə” gedir, o bircə Samirəni sevir,- deyib bizə göz vürurdu.
-Bura Samirənin nə dəxli var , Azər! Qurtardıq sənnən daha, danışdırma məni,- Pərvizi od götürdü, amma beş dəqiqədən sonra uşaq kimi hər şeyi yaddan çıxarırdı.
Üçüncü kursda bir gün gördük ki, Pərviz aşiq olub, siqareti-siqaretə calayır, tənəffüslərdə də, dərslərdə də gözlərini zilləyib kədərli-kədərli Samirəyə baxır, dərsdən çıxanda Samirənin arxasınca gedir və şeir yazır. Məmməd Arazın, Nüsrət Kəsəmənlinin şeirlərinin ora-burasını dəyişdirir, “sevgilim” olan yerlərə Samirə yazır. Həm də başqa işlərdə olduğu kimi burda da Azərin şeir deməyini yamsılayır, gözlərini onun kimi yumur, səsini onun səsinə oxşadır, hərəkətlərini təqlid eləyir. Gombul Nigar deyirdi ki, Pərviz bir sən özünə bax istə, sən kök o arıq, sən hündür o balaca, bu nətəri olur axı?
- Sən yeri öz işinlə məşğul ol, yeri,- Pərviz hirslənirdi.
Pərviz beləcə bir il əlləşdi, bir şey çıxmadı, bir gün gəldi ki, qurtardım ,
daha sevmirəm onu. Amma hərdən də gəlirdi ki:
-Mən Samirəni daha sevmirəm, amma onu görəndə elə oluram ki, lap özümü itirirəm, səncə nədən olar?
- Hələ sevginin ilişgənəsi qalıb,- mən cavab verirdim.
-İlişgənə nədi, əə? Səndən də qəribə sözlər çıxır. Yox-yox, qurtarmışam daha, bacım olsun, gəlmədi mənə, özü bilər.
Bir gün eşitdik ki, Samirəni də nişanlayıblar. Qırmızısifət, fağır bir oğlan idi, hər gün gətirib düz auditoriyaya qədər ötürürdü Samirəni.
- Eləliyinə baxmayın, xasiyyəti yaxşıdı, – Samirə özünü təmizə çıxartmağa çalışırdı.
- Gör səni kimi oğlanı qoyub kimə getdi,- biz Pərvizi qızışdırırdıq.
- Əyə, yadıma salıb odlandırma məni,- Pərviz siqaret çıxarıb yandırırdı.
İndi nə desək cırnamırdı, Samirənin adını çəkən kimi küsürdü.
Hərdən eynəyini çıxarıb, bədənini oxlov udmuş kimi dümdüz tutub Vüsal da məclisimizə gəlirdi. O gələndə Pərviz yaddan çıxırdı, həmişə də cuşa gəlib elə goplar danışırdı ki, axırda özü ilişirdi.
- Müharibə vaxtı,- deyirdi,- bir dəfə babam göldə çimirmiş, bir də görür kimsə batır. Tez üzüb özünü çatdırır, birtəhər batan adamın saçlarından tutub qaldırır, birtəhər belinə qoyub üzə-üzə qırağa tərəf gətirir.Tərslikdən batan adam da çox ağırmış, az qalır babamı da batırsın, axır birtəhər, ölüm-zülüm,- çünki babam özü də yaxşı üzə bilmirmiş,- onu sahilə çıxardır. Baxanda görür ki, bir tərəfdə orkestr hazır dayanıb, bir tərəfdə qoşun “smirna” durub, bir tərəfdə də camaat onu alqışlayır. Tez orkestr təntənəli marş çalmağa başlayır. Babam çaşbaş qalır, dönüb belindəki adama baxanda görür kim olsa yaxşıdı? Stalin! Sonra xeyli vaxt hər ikisini atıb-tuturlar. Stalin babamla şəxsən tanış olur, evinə dəvət edir. Babam həmişə gedib- gəlirdi, deyir hər gedəndə görürdüm rəhmətlik qayğanağın üstünə gilas mürəbbəsi töküb yeyir.
Biz gülməkdən keçinirdik, amma Vüsal ciddi-ciddi bizə baxırdı. Namiq birtəhər özünü düzəldirdi:
-Vüsal bir sən canın o teatr əhvalatını danış.
-Hə, bir dəfə istədiyim ağıllı, tərbiyəli, həm də gözəl bir qız vardı.
Bir-birimizə çox yaraşırdıq, küçədə gedəndə hamı dayanıb bizə tamaşa eləyirdi. Bir gün bu qız dedi məni teatra apar. Nə qədər dedim indiki tamaşalar heç nədi, gəl kinoya gedək, dedi yox, teatra istəyirəm. Axır əlacsız qaldım, getdik teatra. Gördük tamaşa başlayıb, iynə atsan yerə düşməz. Qıza dedim sən dur burda, mən yer taparam. Birbaşa girdim teatrın direktorunun yanına, o vaxt babamın veteran vəsiqəsi cibimdəydi, çıxartdım onu, dedim necə eləyirsən-elə, mənə bu saat iki bilet tap. Dedi bu nə sözdü, ayıb şeydi. Biletimiz yoxdu, amma sizə lap qabaqda iki kreslo qoyduraram.
İki yupyumuşaq xarici kreslo gətirdib lap qabaqda qoydurdu. Tamaşa başlayan kimi qıznan mən də başladıq qucaqlayıb öpüşməyə, heç nə vecimizə deyil.
-Vüsal, ağ eləmə dəə, bəs işıqlar keçmədi?- Azər dillənirdi.
-Bəxtimizdən keçmədi. “Ağ eləmə” dedin bir əhvalat da yadıma düşdü.
Əsgərlikdə sizdən yaxşı olmasın, bir rus dostum var idi- Petka. Canlara dəyən oğlan idi. Amma bir axmaq xasiyyəti vardı ki, hər gün yatmazdan əvvəl deyirdi gəl eşşəkbeli oynayaq. Əvvəl axmaqlıq məndə oldu ki, dedim qoy buna da öyrədim, milli oyunumuzdu, qoy hər yerdə bilsinlər ki, necə gözəl oyunlarımız var. Hə, öyrətdim, peşiman oldum, necə xoşuna gəlibsə, hər gün deyir gəl eşşəkbeli oynayaq. Bir gün yenə bərk yorulmuşam, gəlib belimə minib düşmür ki, gəl oynayaq. Axır boğaza yığılıb lap hirsləndim, dedim, ay rus, xvatit daha, tıy uje belıy izdelal. Gördü hirslənmişəm, düşdü belimdən, dedi, tıy prav, ya uje belıy izdelal.
Sonra ulduzlar göy üzünü bürüyənə qədər musiqiyə qulaq asırdıq, axır gecəyarı hamımız dağılırdıq.
O ili qızlarımızın neçəsini- Natavanı, İradəni, Gülçini, Aytəkini, Laləni, Sevinci də nişanladılar. Biz nişanlanan qız gözəl olanada kədərlənirdik ki, heyf bu da əlimizdən çıxdı, çirkin olanda vecimizə gəlmirdi. Qızların bəzilərinin nişanlıları qabağına gəlirdi, bəzilərininki yox. Aytəkinin də nişanlısı- əmisi oğlu hər gün onu qarşılamağqa gəlirdi, amma görürüdük ki, Aytəkin necə həvəssiz-həvəssiz, kədərli-kədərli onun yanınca addımlayır. Həmişə oğlan nəsə danışırdı, amma o cavab vermirdi, heç onun üzünə belə baxmırdı. Bəzən həftələrlə üzü gülmürdü, görürdük elə hey fikirləşir. Qızlar deyirdi ki, oğlanı istəmir, atası zorla verib.
Sonra bir gün gördük ki, Aytəkin qapqara qıvrım saçlarını başqa cür düzəldib, akasiya balı rəngli gözləri gülümsəyir. Pərvinə dedi ki, canını qurtarıb- nişanını qaytarıb.
Qış tətilinə gedəndə Aytəkin xəstələndi, qızlar danışırdılar ki, ürəyində qüsur var, Kiyevə aparacaqlar.
Həmin ayazlı, aydın yanvar gecələrində hər gün heyva rəngli ay doğurdu, mən həyətə çıxıb ağacların gecə kölgələrinə, ikimərtəbəli ağ evlərin ay işığında bozaran şiferlərinə, sükut içində sakit-sakit uyuyan, bir az da tülə bürünmüş qış gecələrinə, cılpaq cinar ağaclarına, uzaqda- üzüm bağlarından da o yanda işıldayan dəmiryol relslərinə baxırdım. Anam səmanın lap uzaq güncünə – günbatana baxıb deyirdi ki, bax o qara buludlar gəlsə yaman boran qopacaq, hər şey alt- üst olacaq.
Tətildən qayıdandan sonra şəhər suyu sovulmuş dəyirmana bənzəyirdi, heç dərsə getməyə belə həvəsimiz yox idi.
Yenicə dərsə başlayırdıq ki, gördük qapı döyüldü. Aytəkinin atası,- hamımızın zəhmindən tir-tir əsdiyimiz professor müəllimlə nəsə danışdı və əlində bir qucaq ağ qızılgüllə içəri girdi və çalışırdı ki, heç kəsin üzünə baxmasın, amma biz onun əllərinin , sifətinin necə əsdiyini də gürürdük və qızılgülləri Aytəkinin partasının üstünə qoydu. Və biz onun necə cib dəsmalını çıxarıb gözlərini tutduğunu gördük…
Həmin ili ağaclar çox gec, amma məxmər kimi daha yaşıl yarpaqladılar.
Biz bu dəhlizlərdən bir daha tələbə kimi keçə bilməyəcəyimizə və tanımadığımız – bilmədiyimiz adamları bir yerə yığıb doğmalaşdıran bu beş ilin bir göz qırpımında keçib necə mənasız sonluqla başa çatdığına təəssüflənə-təəssüflənə dəhlizlərdə havalı kimi gəzirdik. Həvəsimiz olmasa da yadigar qalmaq üçün çoxlu-çoxlu şəkillər çəkdirirdik.
İmtahanda professor heç bircə nəfəri də kəsmədi, amma biz onu görəndə özümüzdən də asılı olmadan xəcalət çəkirdik ki, biz-Aytəkinin yoldaşları -beləcə sağ-salamat gəzirik, amma Aytəkin ölüb.
Və bir gün metrodan çıxanda gördük ki, kök, pəzəvəng cavan bir milisioner qara paltarlı qarını qovur:
-Get,-deyir,- başqa yerdə dilən, burda icazə yoxdu. Amma qarı ona baxmırdı və görürdümü- görmürdümü- bunu heç kəs bilmirdi.