Qara Şapka

49 Baxış

AVT_Katherine-Mansfield_2668Katherine Mansfield  

“Qara Şapka”

İngilis dilindən tərcümə etdi: Aytəkin Mirişova

 (Qadın və əri səhər yeməyi yeyir. Kişi tamamilə sakitdir, qəzet oxuyur və yeməyini yeyir; qadın isə həyəcan keçirir, səyahət üçün geyinib və özünü yeyirmiş kimi göstərir.)

Qadın: Flanel köynəyini geyinmək istəsən, paltar şkafının sağ aşağı rəfindədir.

Kişi (Ət İxrac Şirkətinin kollegiya iclasındaymış kimi): Yox.

Qadın: Nə dediyimi eşitmədin? Deyirəm ki, flannel köynəyini geyinmək istəsən, paltar şkafının sağ aşağı rəfindədir.

Kişi (pozitiv): Mən tamamilə razıyam!

Qadın: Çox qəribədir ki, mənim harasa getməyə hazırlaşdığım səhərlər sən beş dəqiqə də olsun qəzeti əlindən yerə qoymursan.

Kişi (mülayim): Əzizim, mən getməyini istəmirəm. Əslində, getməməyini xahiş etmişəm. Bir dəfə də görmədim ki…

Qadın: Yaxşı bilirsən ki, vacib olduğu üçün gedirəm. Hər dəfə təxirə sala-sala gedirdim, amma axrıncı dəfə diş həkimi dedi ki,…

Kişi: Yaxşı! Yaxşı! Bunlara təkrar qayıtmayaq. Biz bunu yaxşı-yaxşı müzakirə etmişik, elə deyil?

Xidmətçi: Taksi burdadır, xanım.

Qadın: Zəhmət olmasa, yüklərimi yerləşdirin.

Xidmətçi: Oldu, xanım.

(Qadın köks ötürür.)

Kişi: Qatara çatmaq istəyirsənsə, çox vaxtın yoxdur.

Qadın: Bilirəm. Mən gedirəm. (Dəyişik səs tonuyla.) Əzizim, qoyma belə vidalaşaq. Bu məni kədərləndirir. Niyə sən həmişə əyləncəmi məhv etməkdən zövq alırsan?

Kişi: Düşünmürəm ki, diş həkiminə getmək bu qədər əyləncəlidir.

Qadın: Onu nəzərdə tutmadığımı bilirsən. Sən sadəcə məni incitmək üçün danışırsan. Suallardan yayınırsan.

Kişi (gülür): Və sən qatarını qaçırırsan. Çərşənbə axşamı qayıdacaqsan, elədir?

Qadın (asta, ümidsiz səslə): Hə, çərşənbə axşamı. Hələlik. (Kişiyə yaxınlaşır və əlini əlinə alır.) Doğrudan, heç bir fərqi yoxdur? Ən azından, mənə bax. Bütün bunlar vecinə deyil?

Kişi: Əzizim! Bu kinoteatrdan çıxışa bənzədi.

Qadın (əllərini yanına salır): Lap yaxşı. Hələlik. (Sürətlə otağa kədərli nəzər salır və gedir.)

(Stansiya yolunda.)

Qadın: Həyat necə də qəribədir! Düşünməzdim ki, nə vaxtsa bu cür hiss edə bilərəm. Belə görünür ki, bütün cazibə gedib. Niyə taksini döndərib geri qayıtmaq üçün heç nə etmirəm. Ən maraqlısı isə elə hiss edirəm ki, əgər o məni sevdiyinə inandıra bilsəydi, onu tərk etmək daha asan olardı. Amma bütün bunlar absurddur. Necə tünd ot iyi gəlir. Görünür ki, bu gün çox isti olacaq. Mən bu sahələri bir də heç vaxt görməyəcəm. Heç vaxt! Heç vaxt! Amma digər tərəfdən baş verənlərə görə şadam; nəhayət ki, mən düz olanı etdim. O, ümumiyyətlə, qadın istəmir. Qadın onun üçün heç bir məna daşımır. O, özündən başqa kimləsə maraqlanan insan tipi deyil. Mən onun yuyulmalı köynəklərini seçmək üçün lazım olan insana çevrilmişəm – sadəcə bu. Bu mənə bəs deyil. Mən cavanam, məğruram. Mən kənddə böyüyüb, öz tərəvəzlərini tərifləyən qadınlardan deyiləm. Sən evlənəndən bəri məni itaət altında saxlamağa, öz kölgənə çevirməyə çalışırsan, mənə elə güvənirsən ki, elə bil üzümə baxanda vaxtı dəqiq görə biləcəksən. Sən mənlə maraqlanmamısan, heç vaxt ruhumu kəşf etmək istəməmisən. Yox, sən öz dincliyin üçün məni yatırtmaq istəyirdin. Sənin korluğun məni necə də təhqir edir ̶  ­Buna görə necə də sənə nifrət edirəm! Mən çox şadam ̶ şükürlər olsun ki, səni tərk etmişəm. Mən sadəlövh yeniyetmə qız deyiləm. Mən lovğa deyiləm, amma öz gücümü də bilirəm. Yanlış anlama, mən həmişə var-dövlət, ehtiras və azadlıq arzusunda olmuşam və hiss etmişəm ki, onlar mənim haqqımdır. (O arxa oturacağa söykənir və pıçıldayır.) “Sən kraliçasan. Qoy mənimki də krallığını sənə verməyin sevinci olsun.” (O, kraliçasayağı əllərinə baxıb gülümsəyir.) İstərdim ki, ürəyim belə gərgin döyünməsin. Bu, həqiqətən, məni incidir. Məni çox yorur və özümdən çıxarır. Bu kiminsə qapını tələsik, şiddətlə döyməsinə bənzəyir. Taksi də elə bil sürünür; bu sürətlə stansiyaya çatmayacağıq. Tələs! Tələs! Sevgilim, bacardığım qədər sürətlə gəlirəm. Hə, mən də sənin kimi əzab çəkirəm. Bu dəhşətdir, bir-birimizsiz son yarım saat, necə də dözülməzdir… Aman Allah! At təkrar yeriməyə başlayıb. Niyə o heyvanı vurmur… Bizim möhtəşəm həyatımız! Biz birlikdə bütün dünyaya səyahət edəcəyik. Sevgimizə görə bütün dünya bizim olacaq. Səbirli ol! Bacardığım qədər sürətlə gəlirəm… Aha, indi enişdəyik; indi həqiqətən sürətlənirik. (Qoca kişi yolu keçməyə cəhd edir.) Yolumdan çəkil, axmaq qoca!  O, uça-uça getməyə layiqdir. Əzizim! Mən demək olar ki, ordayam. Sadəcə səbr et.

(Stansiyada.)

Hələ çox vaxt var. Tam on dəqiqə əvvəl qatar gedib. Burada olmamağı təəccüblü deyil. Onu axtarırmış kimi görünməməliyəm. Amma məyus olduğumu deməliyəm. Mən heç vaxt ilk gəlib çatan olmağı arzulamamışdım. Düşünürdüm ki, o burda olacaq, fayton kirayə etmiş, qəzetlər və güllər almış olacaq. Necə qəribədir! Mən xəyalımda çəhrayı qərənfillər canlandırırdım. O, qərənfilləri necə sevdiyimi bilir. Amma çəhrayı olanlar favoritim deyil. Mən tünd qırmızıya və solğun sarıya üstünlük verirəm. O, indi gəlməsə, həqiqətən gecikəcək. Gözətçilər qapıları bağlamağa başlayıblar. Nəsə baş vermiş ola bilər? Qorxulu nəsə. Bəlkə də, o son anda özünü vurub… Mən sənin həyatını məhv etdiyim düşüncəsinə tab gətirə bilmərəm. Amma sən mənim həyatımı məhv etmirsən. Bəs hardasan? Mən vaqona minməli olacağam… Bu kimdir? Bu o deyil! Bu ola bilməz ̶ hə, odur.  Aman Allah, o başına nə taxıb? Qara şapka. Amma bu dəhşətdir. O büsbütün dəyişib. O nə üçün qara şapka geyinib? Kaşki onu tanımazdım. Onun bu iyrənc şapkada mənə tərəf gəlməsi, gülümsəməsi necə də mənasızdır!

Kişi: Sevgilim, mən özümü heç vaxt bağışlamayacam. Amma ən cəfəng, tragikomik bir şey baş verdi. (Onlar faytona minir.) Papağımı itirdim. O, elə bil qeyb oldu. Oteldə onu axtarmağım yarım saat apardı! Əsər-əlamət yox idi! Axırda, çarəsizlikdən orda dayanan başqa birindən bunu borc almalı oldum. (qatar hərəkət edir.) Əsəbi deyilsən. (Qadını qollarına almaq istəyir.)

Qadın: Eləmə! Biz hələ stansiyadan çıxmamışıq.

Kişi (şəfqətlə): Ay Allah! Bütün dünya bizə baxmış olsun, nə vecimədir? (Qadını qucaqlamaq istəyir.) Möcüzəm! Sevincim mənim!

Qadın: Zəhmət olmasa, eləmə! Qatarda öpüşməkdən zəhləm gedir.

Kişi (küskün): Lap yaxşı. Sən əsəbisən. Bu ciddi bir şeydir. Gecikməyimin üstündən keçə bilmirsən. Əgər necə əzab çəkdiyimi bilsəydin…

Qadın: Mənim dar düşüncəli olduğumu necə düşünə bilirsən? Mən heç də əsəbi deyiləm.

Kişi: Bəs niyə səni öpməyimə icazə vermirsən?

Qadın (Əsəbi gülür): Sən fərqli görünürsən, necə deyim, qəribə.

Kişi (atılır və həyəcanla, sərsəmliklə şüşədə özünə baxır, qadın qərarını verir.): Axı hər şey qaydasındadır, elə deyil?

Qadın: Hə tam qaydasında, hər şey qaydasındadır. İlahi! (O qəzəblə gülməyə və qışqırmağa başlayır.)

(Gəlib çatırlar).

Qadın (Kişi taksi tutarkən):  Bunun üstündən keçməliyəm. Sadəcə vəsvəsədir. Nəyinsə birini bu qədər dəyişməsi ağlasığmazdır. Ona bunu deməliyəm. Əlbəttə, bunu çox sadə şəkildə demək olar: Düşünmürsən ki, özünə daha yaxşı papaq ala biləcəyin bir şəhərdəsən? Lakin bu ona necə qorxunc şapka taxdığını göstərər. Və qəribəsi budur ki, o, öz-özünə bunu görə bilmir. Mən demək istəyirəm ki, əgər o,  güzgüdə özünə baxıb və şapkanın gülünc olduğunu düşünmürsə, bizim baxışlarımız fərqli olmalıdır… çox fərqli! Məncə onu küçədə görəndə bu cür şapka taxmış birini sevməyimin qeyri-mümkün olduğunu deməliydim. Hətta onu tanımamalıydım. O, ümumiyyətlə, mənim tərzim deyil. (Ətrafa baxır.) Hamı ona gülür. Yaxşı, mən heyrətlənmirəm! Bu onun qulaqlarını dik göstərir və başını çevirməyə belə qoymur.

Kişi: Taksi hazırdır, sevgilim. (Minirlər).

Kişi (Əlini tutmaq istəyir): Birlikdə gedə bilməyimiz möcüzədir, sadəcə… belə bir şey…

(Qadın örtüyünü sahmanlayır.)

Kişi (çox istəklə əlini tutmaq istəyir): Kirayə bir otaq götürəcəm, sevgilim.

Qadın: Yox! Əlbəttə ki, ikisini götürməlisən.

Kişi: Amma mən düşünürəm ki, bu şübhə yaratmamaq üçün daha ağıllı yoldur.

Qadın: Mənim öz otağım olmalıdır. (Özünə.) Sən şapkanı öz qapının arxasına asa bilərsən! (Əsəbi gülməyə başlayır.)

Kişi: Şükür Allaha! Kraliçam yenə də xoşbəxtdir.

(Oteldə.)

Otel müdiri: Oldu, cənab, başa düşdüm. Fikrimcə, sizin üçün hər şeyimiz var, cənab. (onları kiçik salona, oradan da yataq otağına aparır) Bu sizə uyğun olmalıdır, elədir? İstəsəniz divanda da bir yataq hazırlaya bilərik.

Kişi: Təqdirə layiqdir! Təqdirə layiq!

(Otel müdiri gedir.)

Qadın (qəhərlə): Sənə demişdim ki, özümə bir otaq istəyirəm. Mənlə oyun oynayırsan! Mən sənə dedim ki, otağımı paylaşmaq istəmirəm. Məni aldatmağa necə cəsarət edirsən? (Yamsılayır) Təqdirə layiq! Təqdirə layiq! Səni buna görə heç vaxt bağışlamayacam!

Kişi (həll etməyə çalışır): Ay Allah, nə baş verir! Mən başa düşmürəm  ̶  hər şey qaranlıqdı. Niyə sən günün bu günündə qəflətən mənə sevginə son qoydun? Axı mən nə etmişəm? De mənə!

Qadın(divana çökür): Çox yorğunam. Məni sevirsənsə, zəhmət olmasa məni tək qoy. Mən  ̶   mən yalnız bir az tək qalmaq istəyirəm.

Kişi(nəvazişlə): Lap yaxşı. Mən başa düşməyə çalışacam. Mən başa düşməyə başlamışam da. Bir saat yarımlıq gedəcəm, sonra sən daha sakit olacaqsan, əzizim. (Kişi ətrafa ötəri nəzər salır.)

Qadın: Bu nədir?

Kişi: Ürəyim mənim, sən şapkamın üstündə oturmusan. (Qadın pozitiv bir ah çəkir və yataq otağına gedir. Kişi otağı tərk edir. Qadın bir müddət gözləyir, örtüyünü çıxarır və çamadanını götürür.)

(Taksidə.)

Qadın: Bəli, Vaterlo. (Arxaya söykənir.) Xilas oldum  ̶   Xilas oldum! Evə vaxtında olmaq üçün günorta qatarına çatmalıyam. İlahi, bu yuxuya bənzəyir  ̶   Mən şam yeməyinə kimi evdə olacam. Ona şəhərdə çox isti idi, ya da diş həkimi səfərdəydi deyəcəm. Nə fərqi var? Mənim öz evimdi… Stansiyadan gözəl gəzinti olacaq; tarlalar ləzzətli qoxacaq. Şam yeməyi üçün dünəndən qalma quş əti var, bir də portağal jeli… Mən dəli olmuşdum, amma indi ağlım başımdadır. Mənim əziz ərim!

Bölmə : Manşet, Nəsr, Ədəbiyyat