Qara yoxsa qırmızı kitab?

134 Baxış

Mərhum Darvinin təkamül nəzəriyyəsi bizlər üçün ulu əcdad hesab edilən Meymundan yarandığımızı izah, hətta sübut edir. İnanıb-inanmamaq sonrakı məsələdi. Tarixdə və dünya elmində belə zırıltı nəzəriyyələrin çökdüyünün dəfələrlərə şahidi olmuşuq. Eynşteynin nisbilik nəzəriyyəsi də günümüzün reallıqlarına tab gətirə bilməyib belə iflas etməkdədir. Sözümün Mustafası bu deyil. Gəlin aramızda razılaşaq ki, özümüzdən Amerika kəşf edib Froyd fəlsəfəsini xırdalamağa cəhd etməyəcəyik. Bezdirici və yorucu söz-söhbətdən uzaq olacağıq. Heç olmasa sözümüzün üstündə bircə mətnlik olsa da, kişi kimi duraq. Yox, belə olmayacaq… Gəlin, and içək! Bir halda ki, hərənin çörəyi bir yerdən çıxır, bizim də qismətimizə düşən yazı-pozu işlərinə şükür etmək imandandı. Şükür İlahi! Lütfünə sığınırıq…

 

Lənət şeytana, fikrim bir az yayındı. Günün elə bir vaxtıdı ki, indi böyük ehtimalla bütün personajlar insan kimi dincəlirlər. Hansınısa narahat edib danışdırmağa vicdanım yol vermir. Monoloqu davam etdirmək daha ağlabatan gəlir…

Dərindən analiz aparıb, təhlil edəndə görürsən ki, dünyadakı real insan obrazlarının sayı, dünya əhalisinin sayından dəfələrlə artıqdır. Məsələnin qəliz tərəfi də burasındadır ki, əslində bu insanların hamısı əslində eyni növü – “dərrakəli insan”ı (homo sapienc) təmsil edir. Bu qədər “dərrakəli”lərin arasından şüurlularını seçib ayırmaq qabırğadan Həvva yaratmaqdan daha ağır işdi. Hərçənd ki, şüur yalnız insan beyninin xassəsidi. Şüurun uzun-uzadı tərifini bilərəkdən ixtisarla verdim (unutmamışam ha!).

 

96-cı ildə – səkkizinci sinifdə oxuyanda Qələndər müəllim “İnsan və cəmiyyət” dərsində bu tərifi elə şövqlə əzbərlətmişdi ki, gəl görəsən. Amma elə həmin gün dərsdən çıxanda Qələndər müəllimin bamiyə satan Tamilla xalanın “budka”sının yanında bizim sinif uşaqlarından “ştuçnı” siqaret strelyat eləməsi ilə də unutdum getdi o tərifi. Ta ki, sonralar ixtisasımdan dolayı şüursuzluğun da şüur kimi insan beyninin xassəsi olduğunu özümçün kəşf elədiyim günə qədər. Əslində həyatım boyu heç bir kəşf-zad eləməmişəm, belə deməyimə baxmayın.

 

….Özüm Allah şahidiyəm ki, bizim məmləkətdə hərdən adamın qabağına “insan adam”lar da çıxır. Tələbə vaxtı arxeoloq olan otaq yoldaşlarımızdan birinin hər dəfə müxtəlif rayonlardan qayıdarkən iri çamadanında süd, şor-pendir, qatıq, ət, yumurta deyil, niyə məhz əcaib heyvan sür-sümüyü gətirməsini lağ obyektinə çevirməyimizin özü, əslində klassik şüursuzluq idi. “İnsan adam”ı bir az gec tanıdıq, amma fikirlərimizi tez dəyişdi. Min şükür!

 

…Təkrar şükür edirəm ki, çörəyimiz yazı-pozudan çıxır. Universitetin üçüncü kursunda oxuyanda “darvinizm”dən mühazirə oxuyan Qeys müəllimin dərsdən sonra məsum Çarlzı söyüb-yamanladığının dəfələrlə şahidi olmuşam. Hətta Qeys müəllimin “təkamül təlimi” adlanan çox yekə bir nəzəriyyə ilə məzələndiyini kafedrada çoxları bilirdi. Onun da çörəyi yalan danışmaqdan çıxırdı. Özü bir qırağa, o qədər kafedra əməkdaşının çörəyinə necə bais olardı?!

 

…Günümüzə qədər dünya elmi hələ də insanın əmələ gəlməsini, daha doğrusu necə əmələ gəlməsini izah edə bilməyib. Və əlbəttə ki, müyəssər də olmayacaq. Hər şeyi insanabənzər meymunların üstünə atmaqla deyil ki. Onlar indi də var. Sual verib, cavab alan, bu məsələyə münasibətini öyrənə bilən var? Yoxdu. Bəlkə də yazıqlar heç insana bənzədilməsi fikirləri ilə razılaşmırlar…

 

Hə, bir də, elm son illər “meymunabənzər insan” növünün bir zamanlar yaşadığını, sonralar “insan”ların fəaliyyətinin nəticəsi olaraq nəsillərinin kəsildiyini “təsdiqlədi”. Kim bilir, bəlkə də az əvvəl haqqında danışdığım şüursuz və “dərrakəli insan”lar əslində nəsillərinin kəsildiyi təsdiqdən daha çox ehtimala bənzəyən həmin meymunabənzər insanların nadir nüsxələridir. İlahi, yalandısa, doğru olsun! Sən özün şahidsən ki, biz ümidimizi heç vaxt itirmədik…

 

İlahi, əgər belədirsə, yardım et onları xilas edək. Adlarını “qara kitab”dan çıxarıb “qırmızı kitab”a salaq. Böyük tirajlarla çap edib hamıya paylayaq. Əgər belədirsə, “meymunabənzər insan”ımızı qoruyaq, aramızda qalıb tələf olmasınlar…

 

P.S: Şüur – yüksək quruluşlu materiyanın – insan beyninin əsas xassəsi olub, ətraf aləmi ruhu surətdə əks etdirmək qabiliyyətinə deyilir. Və belə bir qabiliyyətin olmaması patoloji hal deyil.

 

 

Bölmə : Müşfiq XAN
KÖŞƏ YAZARLARI
TOP 10