Qarabağ əbədi Azərbaycandır!
Buludlar hayqırır, şimşəklər dinir,
Hər əsən küləkdən qopur bu nida;
Ulduzlar sayrışır, mələklər dinir,
Yurd sevən ürəkdən qopur bu nida:
“Azərbaycan can içində bir candır!
Qarabağ əbədi Azərbaycandır!”
Hər qaya köksündə, hər dağ başında
Tarixim daşlarda dil açıb deyir;
Bu qədim torpağın hər qarışında
Şəhid məzarları gil açıb deyir:
“Azərbaycan can içində bir candır!
Qarabağ əbədi Azərbaycandır!”
Gecə-gündüz Xəzərin sahilində
Araza qovuşan çay pıçıldayır;
Ulu kainatın ulu dilində
Gündüz Günəş, gecə Ay pıçıldayır:
“Azərbaycan can içində bir candır!
Qarabağ əbədi Azərbaycandır!”
Biz savaş eşqini qoymarıq dincə,
Bizim ömrümüzün mənasıdı bu.
Biz bu dünyaya gəlmədən öncə
Bizim ruhumuzun duasıdı bu:
“Azərbaycan can içində bir candır!
Qarabağ əbədi Azərbaycandır!”
Gəlmədik dünyaya ağlamaq üçün,
Sıxa bilməz bizi bir küncə dünya.
Əbədi yadında saxlamaq üçün,
Qoy bir də eşitsin bu qoca dünya:
“Azərbaycan can içində bir candır!
Qarabağ əbədi Azərbaycandır!”
***
Vətən
Dağlarda düşmənə göz dağı-səngər,
Düzlərdə bir zərif çiçəkdi Vətən.
Hər məqamda sən düşmənə sinə gər,
Simurq qanadında lələkdi Vətən.
Tufanlı günlərdə dayağa dönər.
Dumanlı günlərdə mayağa dönər.
Qızara-qızara bayrağa dönən
Bir şəhid əynində köynəkdi Vətən.
Dünyanın özündə dünya qədərdi,
Onsuz yaşanan hər ömür hədərdi.
Bir ata cildində nər oğlu nərdi,
Bir ana cildində mələkdi Vətən.
Çiçək açsın deyə yurdda daş-kəsək,
Gərək məzarda da döyünsün ürək.
Gərəksiz adamın nəyinə gərək,
Gərəkli adama gərəkdi Vətən.
***
Qoyma bu dünyaya uduzaq sözü
Öz ruhundan ruh üfürər gecələr,
Abıra mindirir hər çılpaq sözü.
Şair ürəyinin yağı yandırar
Sizin gözünüzə o çıraq sözü.
Yeri, göyü bir də gözdən keçirək,
Hər nə görsək, bir-bir sözdən keçirək.
Uca göydən ulu qəlbə endirək
Sevən könüllərə uçuraq sözü.
İlahi kəlməni sən çağır, gələr,
Demə: “Söz, yoxsa ki, dağ ağır gələr”?
Dünyanın özündən çox ağır gələr
Qoysaq tərəziyə bir varaq sözü.
Bir söz de, cəhənnəm atəşi sönsün,
Bir söz de bu dünya cənnətə dönsün.
Qoy günəş, qüruba ensə də ensin,
Sən qoyma qüruba ensin haqq sözü.
Biz ki daş atmağın daşını atdıq,
Hər yıxılan sözün dadına çatdıq.
İlahi, dünyanı söz ilə udduq,
Qoyma bu dünyaya uduzaq sözü.
***
Adam kölgəsinə səsləmə məni
Olanım ömürdü, təkcə bu ömür,
Günlərim gah dolu, gah da boş keçir.
Adam kölgəsinə səsləmə məni,
Ağac kölgəsində günüm xoş keçir.
Adam kölgəsində bitən adamın,
Çörəyi olsa da, kölgəsi olmaz.
Kölgəsi kölgədə itən adamın,
Sirrini deməyə bir kəsi olmaz.
Özgə kölgəsində kölgəsiz qalıb,
Sən mənim kölgəmə həsəd çəkirsən.
Görürsən ki, kölgəm köməksiz qalıb,
Arzumun yoluna sərhəd çəkirsən.
Çəkil get gözümdən gecələr kimi,
Çəkil get, yolumdan eyləmə məni.
O adam kölgəsi tələdi, tordu,
Adam kölgəsinə səsləmə məni.
***
Könül durulanda dünya durulur
Adam var həyatdan doymur heç zaman,
Adam var təngiyir, tez bezib gedir.
Adam var adicə məzar daşına,
Adam var tarixə ad yazıb gedir.
Endirmə dağlardan sən o dağ sözü,
Bəzəmək olmur ha hər çılpaq sözü.
Gəlib çatmır dilə qəlbin şax sözü,
Yolun yarısından yol azıb gedir.
Könül durulanda dünya durulur,
Ruhumuz göylərdə çərpələng olur.
Baxma ki, su yumşaq, daş da bərk olur
Hər daşın içindən su sızıb gedir.
Kədər şillə, sevinc tumar kimidir,
Ümidlər dəryada avar kimidir,
Bu həyat özü də qumar kimidir,
Hərə öz ömrünü uduzub gedir.