Koroğlu aşığı Aşıq İmran

250 Baxış

fas“…Daşnak ermənilərin Qarabağa iddiası, torpaqlarımıza təcavüz etməsi aşıq İmranı əməlli-başlı sarsıtmışdı” Bütün yolların son ucunda, axırında ayrılıq var… Qəribədir ki, insanlar təbiətin sərt soyuğuna, ayazına öyrəşib onunla barışa bilmir, yorulmadan ona qarşı mübarizə aparır, ancaq ayrılığa əbədi öyrəşirlər, sanki belə də olmalıymış kimi hicrana dözürlər. Biz türklərin ulu babası, ozanlar sərvəri Dədə Qorqudun sözü ilə desək gəlimli gedimli, son ucu ölümlü dünyada hələ heç kəs ölümdən, əbədi hicran atəşinə yaxılmaqdan can qurtara bilməyib… Lakin yer üzünün bütün haqq aşiqləri, bütün dili sözlü, döşü sazlı, bülbül avazlı aşıqları, ozanları, Yaradanın seçdiyi insanlar ölümlə qeyri-bərabər mübarizədən qalib çıxıblar… Ölümlərilə ölümsüzlük zirvəsinə ucalan bu insanlar Tanrının lütfi sayəsində mənəvi əbədilik qazanıblar. O haqq aşiqlərindən, həqiqət carçılarından biri də iyirminci yüzilliyin qüdrətli aşıqlarından olan aşıq İmran Həsənovdur.

Aşıq İmran Həsənovun adı aşıq sənəti tarixinə əbədi həkk olunub… Əslində, aşıq İmran Həsənov kimi ustad sənətkarlar tarixdə yaşamasaydılar aşıq sənəti kasıb və miskin görünərdi. Çünki aşıqlar sultanı İmran Həsənov misallı sənətkarların mövcudluğu aşıq sənətinə çox böyük dvideynlər gətirib, onlar bir növ sənətin üzağlığına çeviriliblər. Bu gün çağdaş aşıq sənətinin bir qədər zəif düşməsi İmran Həsənovların işıqlı dünyada olmaması ilə bağlıdır. Bu sənətkarın fiziki yoxluğu sənətin axsamasına səbəb olub… Ancaq bununla belə, Azərbaycan aşıq sənətinin daşıyıcısı olan aşıqlar ustad aşıqların yol-izini tutub irəli getməyə çalışır. Aşıqlıq sənətinin keşikçisi… Aşıq sənəti, aşıqlıq, ozanlıq böyük məsuliyyətdir, bu ağırlığı, bu şərəfli yükü dərk edənlər hər zaman xalqın yaddaşında qalıblar… Aşıq İmran Həsənov bu yerdə görək nə deyib: Qoy izin getməsin Vətən mülkündən, Sözlərin düşməsin xalqın dilindən, Aşıq İmran, ilham alıb elindən Sənət meydanında şərafətli ol… Əlinə saz götürüb bu sənətə ömür-gün vermək istəyən gənclər bu deyimi qulağına sırğa etməlidirlər. Çünki aşıq ağzını açanda həqiqətdən, təriqətdən, dünyanın gizlin sirrlərindən xəbər verməlidir. Yoxsa aşıq da hamı kimi danışdısa, hamı kimi oldusa, dinləyicini, tamaşaçını heyrətləndirmədisə ondan aşıq olmaz… Aşıq dinləyicinin qəlbinə, ruhuna hakim kəsilməli, nüfuz etməlidir. Aşıq İmran Həsənov tamaşaçının, dinləyicinin qəlbinə nüfuz etməyi bacaran qüdrət sahibi idi…

Ustad ozanın məclislərini izləyən ağsaqqallar deyirlər ki, aşıq İmranın qeyri-adi, heyratamiz dərəcədə məclis idarə etmək başarığı, istedadı olub. O istənilən səs-küylü məclisi öz danışığına, öz ifasına ram edə bilirmiş… Təbii, hər aşığa nəsib olmayan keyfiyyətdir bu… Aşıq İmran Həsənov sağlığında heç vədə imkan verməyib ki, kim isə aşıq sənətinə hörmətsizlik gətirsin. O, ulu ozanların gözünün işığı, ürəyinin təpəri, eşqi olan aşıq sənətinin hər zaman vicdanla, şərəflə keşiyində durub… Bilirik ki, Azərbaycan Respublikasının “Şərəf nişanı” ordenli (aşıq İmran Həsənov yeganə aşıqdır ki,o, bu ordenə layiq görülüb-İ.S), dəfələrlə ümumittifaq və beynəlxalq festivalların laureatı və diplumçusu olmuşdur, neçə-neçə fəxri fərmanlara layiq görülən aşıq İmran Mehralı oğlu Həsnovun 2013-cü ildə 85 illik yubileyi qeyd edildi. Dekabrın 15-də isə böyük sənətkarın xatirə günü idi. 1999-cu ildə sevimli həyat yoldaşının vəfatına tab gətirə bilməyən ustad bu fani dünyaya “əlvida” deyib… Aşıq İmran Həsənovun fiziki ömrünün başa çatması sözsüz ki, onun mənəvi ömrünün başlanması deməkdir. Ancaq aşıq İmran kimi adı bəlli, ustad görmüş, özü onlarla aşıq yetişdirən bir aşığın dünyadan köçü aşıq sənəti meydanında uzun və dərin bir boşluq yaratdı… Ürək üzən, könül dağlayan bu boşluq sənətəböyük zərbə vurdu. Aşığın halını sazından soruş Ustad ozanlar aşıq Məhərrəm Hacıyev, aşıq Hüseyn Quliyev kimi sənətkarların sənət bulağından içən İmran Həsənov gəncliyinin əzəmətli sənətkarları olan aşıq Mirzə Bayramov və aşıq Əsəd Rzayevdən də bəhrələnib. Aşıq sənəti qayim-qədim, dünaynın özü kimi ağır, ləngərli, dağları yerindən oynadan bir sənətdir. İmran Həsənov da o sənətin dağ vüqarlı, qartal əzəmətli sənətkarıdır…

Qeyri-adi səsə, ifaçılıq manerasına malik aşıq İmranın səsi perspektivli, daim formada olan, qaynayan bir səs olub, o səs heç vaxt gücdən düşməyib, çağlayan çeşmə kimi susmayıb. Əslində aşıq İmran Həsənovun səsinə heyran olmamaq, ifasının ardınca getməmək, onu dinləmək üçün həsrət çəkməmək mümkün deyil. O səs bu gün də çox doğma səs kimi insanların, aşıqsevərlərin qəlbində, yaddaşlarında yaşayır… Bütün varlığı ilə saza hopan İmran şəxsiyyəti sazı bir qədər də yüksəyə qaldırıb. Ümumiyyətlə, aşıqlıq sənətində hansı aşığın şəxsiyyəti ucadırsa bu istər-istəməz özünü onun sənətində ehtiva edir. Şəxsiyyətin sənətə təsiri hər zaman olub, var da. Sənət Koroğlusu aşıq İmran… At ayağı yeyin, aşıq dili yüyrək olar… Aşıqlıq sənətində günü-gündən şöhrətlənən aşıq İmran tezliklə Azərbaycana səs saldı, radioda, konsert salonlarında aşıq İmranın səsi gəlməyə başladı…

Yeni uğurlar və yeni müsabiqələr, yeni qələbələr İmranın yolunu gözləyirdi. İmran Həsənov 1956-cı ildə Azərbaycanda keçirilən xalq yaradıcılığı festivalında yüksək səviyyəli çıxışlarına görə rəhbərlik etdiyi Tovuz aşıqlar ansamblı ilə birlikdə qızıl medala və birinci dərəcəli diploma layiq görülüb. Bu səsin əks – sədası Moskvada da duyulmağa başlayıb. Azərbaycanda özünə böyük tamaşaçı auditoriyası qazanan aşıq İmran Moskvada keçirilən festivallarda uğurla iştirak edib. 1957-ci ildə Moskvada keçirilən tələbə və gənclərin 6-cı Ümumdünya Festivalının birinci dərəcəli qızıl medalına və laureat adına layiq görülüb, 1959-cu ildə isə Azərbaycan ədəbiyyatında və mədəniyyətindəkı xidmətlərinə görə “Şərəf nişanı” ordeni ilə təltif edilib. 1963-cü ildə isə ustad sənətkar “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb. O, Azərbaycan Aşıqlar Birliyinin üzvü kimi aşıqların III, IV və V qurultaylarının iştirakçısı olub. Aşıq İmran Həsənov aşıq sənətinin Koroğlusu, daha doğrusu “Koroğlu aşığı” kimi şan-şöhrət tapıb. Onun ifasında Koroğlu havaları özünün daha yüksək ifaçılıq zirvəsinə ucalıb. O, sənətdə olduğu kimi həyatada da Koroğlu ərdəmli, Koroğlu hünərli kişi olub. Aşıq İmran Həsənov haqqında məqalələr müəllifi, ustadın “Sənətimin sultanıyam” kitabına ön söz yazan aşıq Hüseyn Məhərrəmli ustada həsr etdiyi şeirdə deyir: Dərya təlatümlü, salsal ləngərli, Ozanlar gövhəri-kanı İmrandır. Koroğlu nərəli, Davud bənzərli Sənətin şahənşah xanı İmrandır. Aşıq İmran Göyçə mahalında doğulub. Bu yurdun qədim ozanlar diyarı, saz-söz sənət ümmanı olduğu bəllidir… İmranın pərvazlandığı ata ocağında da hər zaman saz dinib. Atası Mehralı kişi də saz çalıb. Əmisi aşıq Dünyamalı və atası Mehralı kişi İmrana saz tutmağı öyrədib. Sonra teleyi sənətkarı Tovuza gətirib, o ustad aşıq kimi sənətə buradan başlayıb… Professor Bülbül onu Operaya gətirmək istəyib… Aşığın oğlanları Cümşüd Həsənov və Firdovsi İmranoğlu bizimlə söhbətdə dedilər ki, 1957-ci ildə Moskvada keçirilən tələbə və gənclərin 6-cı Ümumdünya Festivalında iştirak edən gənc İmranın istedadı, qaltanlı, gur, oynağan, tükənməz səs imkanları professor Bülbülün diqqətindən yayınmır…

Qızıldan qiymətli səslər xiridarı olan Bülbül gənc aşıq İmranın səsinə valeh olur və elə o festivaldaca aşıq İmrana təklif edir ki, gəlib Opera və Balet Teatrında (Azərbaycan Respublikası Akademik Opera və Balet Teatrı) işləsin… Firdovsi müəllim deyir ki, Bülbülün məqsədi aşıq İmranı teatra gətirmək və ona burada Üzeyir Hacıbəyovun “Koroğlu” operasında Koroğlu rolunu həvalə etmək olub: “Bülbül çox istəyirmiş ki, atamı Opera Teatrına gətirsin… Atamın səs imkanları, aktyorluq bacarığı, səhnə mədəniyyəti Bülbülün diqqətini cəlb edib. Bülbül ona deyib ki, aşıq İmran, səndən yaxşı Koroğlu çıxar, gəlin sizi Opera Teatrında işə götürək, burada Koroğlunu oynayın. Atam isə, bu təklifi qəbul etməyib, deyib ki, mənim Tovuzda yaşlı valideynlərim, ailəm, uşağım var, gələ bilmərəm. Bülbül ona Operaya gəlib işləməsi üçün evlə, yüksək şəraitlə təmin olunacağını vəd edib, lakin atam gəlməyib”. Cümşüd müəllimin bildirdiyinə görə isə, aşıq İmran Həsənovun səsi sırf vokal səs olub və o bu səsi opera sahəsindəifadə edə bilsəydi dünya şöhrətli opera müğənnisi ola bilərdi: “Bülbülün atamın sənətinə, səsinə yüksək qiymət verməsi təsadüfi deyildi. Doğurudan da o güclü səsə malik idi. Aşıq İmran Həsənovun səsi üç oktava idi. Bariton səsli İmran Həsənovun bu səs imkanı ona daha böyük səhnələr vəd edirdi. Ancaq atam aşıqlığı, el-oba arasında olmağı, toylarda-məclislərdə dövran sürməyi üstün tutub və Operaya getməyib. Atam Opera Teatrına getsəydi və burada obrazlar yaratsaydı bəlkə də indi dünyaşöhrətli bir bariton idi. Amma o bundan imtina etdi. O, bununla heç nə itirmədi…

O, onsuz da öz sənətinin Koroğlusudur. Xalqımız onu aşıq sənətinin əzəmətli Koroğlusu kimi qəbul edib. Bu böyük xoşbəxtlikdir”. İmran sazının Avropanı fəth etdiyi tarix… Aşıq İmran sazının səsi nəinki keçmiş İttifaq Respublikalarında, hətta Avropanın mərkəzində, uzaq Almaniyada da eşidilib. Aşıq İmran sənətinin qüdrəti, aşığın ustadlığı, sənətinin böyüklüyü, şəxsiyyətinin bütövlüyü onun qarşısına hər zaman işıqlı yollar, aydın səhərlər açıb. Deyək ki, Sovet dövründə aşıq İmran Həsənov yeganə aşıq olub ki, o, Avropaya səfər edib. İmran sazının əzəməti 1972-ci ildə Almaniya Demokratik Respublikasında özünü göstərib. Təsavvür edin ki, ustad aşıq Almaniyanın Drezden, Berlin və Leypsk şəhərlərində xalqımızı, sazımızı yüksək səviyyədə təmsil edib.Drezden bizim üçün təbii əzizdir. Bəlkə də ustada məlum imiş ki, aşıq sənətinin ulu daşıyıcısı, dünyanın ən ünlü ozanı Dədə Qorquddan, oğuz ellərindən, qədim türk mədəniyyətindən bəhs edən “Kitabi Dədə Qorqud” kitabəsinin əlyazmasının bir nüsxəsi Drezdendə saxlanılır… Aşıq İmran sənət meydanında çox dövran sürüb, hər zaman bəxt atı yüyrək olub, səhnələrdə sözü ötkəm, təsirli görünüb… Qarabağa qara dastan yazdı getdi… 1999-cu il dekabrın 15-də dünyadan köç edən aşıq İmran Həsənovun ailəsinə, xalqına, elinə, dövlətinə, dövlətçiliyə bağlı bir el ağsaqqalı, ozanı, dədəsi olduğu bəllidir. Bunu əli saz, dili söz tutan hər bir insan bilir, dilə gətirir… Aşıq İmranın vətəndaşlığı, onun vətənpərvərliyi yaradıcılığında öz əksini tapır. Başdan qeyd etmişdik ki, aşıq əslən Göyçədəndir. 1988-ci ildə Qərbi Azərbaycandan (indiki Ermənisan) soydaşlarımızın erməni vandalları tərəfindən deportasiya edilməsi, ulu Göyçənin, onunla bərabər digər yurdlarımızın, ellərimizin dağılması, yurddaşlarımızın pərən-pərən düşməsi, üstəlik də daşnak ermənilərin Qarabağ torpağına iddialı olması, torpaqlarımıza təcavüz etməsi aşıq İmranı əməlli-başlı sarsıtmışdı. O, bir el ağsaqqalı kimi, bu statusa malik şəxsiyyət kimi narahatlıq keçirir və bunu öz yaradıcılığında ifadə edirdi. Aşıq İmran Həsənovun “Sənətimin sultanıyam” kitabında dərc olunan “Qarabağ dastanı” dediyimizə əyani misaldır. Onu da deyək ki, aşıq İmran yaradıcı aşıqdır, o bir neçə dastanın, saz havasının və yüzlərlə şeirin müəllifidir. Aşığın yaradıcılığında Qarabağ mövzusu xüsusi yer tutur. Məhərrəm Hüseynli və Firdovsi İmranoğlunun (Həsənov) toplayıb tərtib etdikləri “Sənətimin sultanıyam” kitabında “Qarabağ dastanı” çap olunub. “Aşıq xalqın görən gözü, danışan dilidir” Dastanda qeyd olunur ki, aşıq İmran Həsənov da ağılı kəsəndən doğulub göz açdığı Qərbi Azərbaycanımızın Göyçə mahalında qəddar və qaniçən ermənilərin bütün müsibətlərinin єahidlərindən birinə зevirilib: “1988-ci ildə bir daha hücuma keçən və “Böyük Ermənistan” yaratmaq xülyası ilə Göyçə və Qarabağdan insanları tərki-vətən edən mənfur erməni düşmənlərimizin azərbaycanlılara qarşı elansız müharibəsi el aşığı İmran Həsənovu hamıdan çox sarsıdır. Aşıq isə dözə bilmir. Ermənilərin xəyanətkarlığını görcək belə deyir:

… Sultan bəyin dərsi yaman dərs oldu, Şapalağı avand oldu, tərs oldu… Andranikin qulağına qəsd oldu Namərdliyin ad-sanıdır erməni. Aşıq İmran uzun müddət Göyçə və Qarabağ toylarında çalıb çağırmış aşıqlardan biri olub. Doğma Qarabağın hər bir elində, obasında ağır toylar etdiyindən hər kəs onu sevib hörmət bəsləyib. Xalqın bu günündə kim sussa da o, susmadı.Olduqca kəskin və tələbkar çıxışları ilə könüllü əsgərlərimizə-mərd oğullarımıza ruh verdi. Göyçə və Qarabağ onun yaralı yeri idi. Ata-babaların məzarını, ev-eşiyini, ulu və müqəddəs torpaqlarını əlindən alan qarı düşmənlərimiz onlara havadarlıq edənlərin səyi və köməkliyilə Xocalıda və bütün Qarabağda dəhşətli qırğınlar törədərək, torpaqlarımızın 20 faizini işğal edərək özlərini “qalib” saydılar… Soyqdaşlarının kütləvi köçü və qətlə yetirilməsi hamı kimi ustadı da qəhərləndirir. Dədə Qurbanidir dözümlü, tablı Əlçatmaz ozandı Valeh Gülablı, Qalıbdır mərdanə sual cavablı Səcdəsinə hörmətimdir Qarabağ… Koroğlu misallı aşıq İmran Həsənov döyüş illərində tez-tez cəbhə bölgələrinə gedir, sazını qələbə, zəfər havasına, “Cəngi”yə, “Misri”yə kökləyib, igidləri düşmən halayını pozmağa ruhlandırırdı. O, bir haqq aşığı kimi haqq ədaləti əlində bayraq tutaraq xalqın ağrı-acısını, ermənilər tərəfindən pozulan haqqlarını öz sazı ilə aləmə car çəkirdi…

Hətta “Qarabağ dastanı”nda belə bir məqam var ki, aşıq İmran Qubadlının işğalından bir ay avvəl cəbhədə əsgərlərimizin yanında olub, sazı sözü ilə onlara ürək-dirək verib, mənəvi dayaq olub, həm də igidlərimizi qələbə havasına kökləyib. Burdan da açıq görürük ki, İmran Həsənov həm qüdrətli bir ozan, həm də bir el ağsaqqalı, çox ləyaqətli bir vətəndaş olub… Təəssüf ki, hələ Vətən torpağının ərazi bütövlüyü bərpa edilməyib. Əfsuslar olsun ki, hələ erməni tapdağında Qarabağımız, Göyçəmiz, başqa dədə-baba yurdlarımız sancı çəkir, dərd-məlal içindədir…Hələ də işğal altında olan yurdlarımızın ah-naləsi dünyanın qulağına çatmır… Hələ də ustad aşığın- aşıq sənətinin sultanı İmran Həsənovun Qarabağ sarıdan ruhu nigarandır… Sağlıq olsun, gün gələr yurdlar yağı əsarətindən xilas olar, ellərimiz öz evinə qayıdar, ocağını yandırar. Onda aşıq İmranın ruhu şad olar və dağlara onun – Koroğlu aşığının şaqraq avazı, qartallara qanad saxladan sazının səsi yayılar… Ümidliyik ki, bu gün gələcək, çünki qələbə sorağını ellikcə hamımız gözləyirik!!!

 

İradə SARIYEVA

Bölmə : Araşdırma, Manşet
KÖŞƏ YAZARLARI
TOP 10