“Qarabağ ilmələrdə” adlı xüsusi layihənin açılışı oldu

6 Baxış

hg

 

Sentyabrın 28-də “Azərxalça” ASC-nin “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda yerləşən nümayiş zalında Vətən müharibəsinin ildönümü münasibətilə hazırlanan “Qarabağ ilmələrdə” layihəsinin təqdimatı keçirilib.

Senet.az xəbər verir ki, layihə Mədəniyyət Nazirliyi, “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyi, “Azərxalça” ASC və “Təmiz Şəhər” ASC-nin birgə əməkdaşlığı sayəsində ərsəyə gəlib.

“Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Emin Məmmədov böyük qələbədən ilhamlanaraq belə bir layihəyə başladıqlarını söyləyib: “Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər oldu. Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və 44 günlük Vətən müharibəsinin sonunda düşmən üzərində tarixi zəfər çaldı”.

Layihənin vacib məqamlarına toxunan Emin Məmmədov bildirib ki, layihə çərçivəsində vətəndaşlarımıza sentyabrın 28-dən noyabrın 1-dək ölkənin müxtəlif bölgələrinə səyyar formada xüsusi avtomobillə daşınacaq “Qarabağ xalçası”na bir ilmə vurmaq təklif olunacaq. Həm Bakıda, həm də bölgələrdə çoxlu sayda insanımızın qoşulması planlaşdırılan sosial layihə çərçivəsində vətəndaşlarımız tərəfindən ilmə-ilmə toxunacaq xalça Vətən müharibəsində hər bir azərbaycanlının zəhmətini, birlik və bərabərliyini nümayiş etdirəcək. 44 gün ərzində Azərbaycan vətəndaşları bu gözəl xalçanı toxuduqdan sonra hazır xalçanın təqdimatı keçiriləcək. Layihə davam etdiyi müddət ərzində silsilə videoçarxlar və “Qarabağ ilmələrdə” adlı qısametrajlı sənədli filmin hazırlanması da nəzərdə tutulur.

Layihə rəhbəri Orxan Cabbarov çıxışında bu ideyaya dəstək olan qurumlara təşəkkürünü bildirib. O, ideyanın haradan qaynaqlandığını xatırlayıb. Bildirib ki, boya başa çatdığı Kəlbəcərdə insanlar bir yerdə toplaşaraq xalça toxuyardılar. Bu proses hər kəsin iştirakı ilə baş verərdi. Hər kəs xalçaya bir ilmə vurardı. Hananın kəsilmə mərasimi isə xüsusi bayrama çevrilərdi. “Çox istərdim bu xalçanın sonuncu ilməsi Şuşada vurulsun”,-deyə O.Cabbarov əlavə edib.

Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova bildirib ki, İşərişəhərdə “Azərxalça”nın yeni nümayiş salonu açılıb. Burada şəhər sakinləri istədikləri xalçanı əldə edə bilər. Şirin Məlikova layihənin çox maraqlı olduğunu söyləyib. Bildirib ki, layihə çərçivəsində toxunacaq Çələbi xalçasının üzərində xarıbülbülün təsvir olunması müasir dövrün ideyasımı əks etdirir. Şuşada xalça muzeyinin yeni ekspozisiya zalının fəaliyyətə başladığını söyləyən Ş.Məlikova bildirib ki, bu zal orada yaşayacaq yerli sakinlər və turistlərin xalça əldə etməsi üçün gözəl məkandır.

Sonra “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Əsgər Ələkbərov, “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin sədri Ayaz Mirzəyev, “Təmiz Şəhər” ASC-nin İdarə Heyətinin sədri Etibar Abbasov çıxış edərək belə bir layihənin ərsəyə gəlməsindən məmnun olduqlarını və cəmiyyət tərəfindən də layihənin dəstək görəcəyinə əminliklərini ifadə ediblər.

Sonda Vətən müharibəsinin iştirakçıları Nicat Quliyev və Məmməd Zülfəliyev xalçaya ilk ilmələri vurublar.

Qeyd edək ki, “Qarabağ ilmələrdə” sosial layihəsinə qoşulmaq istəyən Bakı sakinləri sentyabrın 30-dək “Azərxalça” ASC-nin “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda yerləşən nümayiş zalının qarşısında dayanan xüsusi maşına yaxınlaşaraq Qarabağ xalçasına ilmə vura bilərlər. Oktyabrın 1-dən sonra isə layihə komandası bölgələrə doğru yola düşəcək. Layihə komandasının marşrut istiqaməti “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İB-nin, “Azərxalça” ASC-nin və “Təmiz Şəhər” ASC-nin sosial şəbəkə səhifələrində əvvəlcədən elan olunacaq.

Layihənin sonunda 8 noyabr – Zəfər Günündə Qarabağ xalçası ictimaiyyətə təqdim olunacaq.

Bölmə : Sənət xəbər
ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10