Qarabağ rəssamlıq məktəbi – FOTOLAR

27 Baxış

149793921753853164_1000x669

Çoxəsrlik tarixə və zəngin bədii ənənələrə malik olan Azərbaycan təsviri sənətinin ümumi inkişafında ayrı-ayrı bölgələrdə yaşayıb-yaradan sənətkarların önəmli rol oynamaları danılmaz həqiqətdir. Sultan Məhəmməd, Mir Seyid Əli və Sadiq bəy Əfşar ənənələrini uğurla davam etdirən Allahverdi Avşar və Mehralının, Usta Qənbər Qarabaği, Mir Möhsün Nəvvab, Xurşidbanu Natəvan, İbrahim Səfi, Əkbər Kazım Muğan, Əli Qulu, Qurban Əli və s. sənətkarların milli təsviri sənətimizin yüksək bədii-estetik dəyərlərə malik nümunələrinin yaradıcıları kimi tanınmaları da bunu təsdiqləyir. Əgər bu sənətkarların təsviri sənət sahəsindəki fəaliyyətlərini xronoloji ardıcıllıqla izləməli olsaq, onda orta əsrlərdən başlayaraq ta XVIII əsrə qədər əvvəlcə Təbriz, XIX əsrin son qərinəsində Şuşa, XIX əsrin sonu – XX əsrin əvvəllərində isə Şamaxı və Naxçıvanda yaşayan yaradıcıların dünyamıza rənglərin işığında bənzərsiz göz qoymaqda ad çıxardıqlarını vurğulamalıyıq.

XIX əsrdə bölünmüş Azərbaycanımızın şimalında Şuşanın mədəni mərkəzə çevrilməsində bir qanunauyğunluq vardır desək, yanılmarıq. Bədxahlarımız tariximizə heç vaxt unudulmayacaq “Gülüstan” və “Türkmənçay” kimi yaralar vursalar da xalqımız bu ölçüyəgəlməz mənəvi-psixoloji ağrılara öz mənəvi yüksəlişi ilə cavab verdi. Yaramızın hələ də qaysaqlanmadığı elə həmin əsrin ortalarında Şuşada teatr tamaşalarının göstərilməsi, Qarabağ xanəndələrinin Şərqin musiqi məkanında özünəməxsus nüfuz qazanmaları, Kərbəlayi Səfinin ucaltdığı memarlıq inciləri, Usta Qənbər, Mir Möhsün Nəvvab və Xurşidbanu Natəvanın yaratdıqları rəssamlıq əsərləri də bunun təsdiqidir…

Qarabağda yaşayıb-yaratmış yaradıcıların bizim dövrə gəlib çatan, onların gözəllik duyumunu və sənətkarlığını ifadə edən bədii nümunələrin arxeoloji qazıntılar nəticəsində üzə çıxarılmış paralanmış nümunələrinin belə bizim mənəvi qidamıza və qürur qaynağına çevrilənləri də var, bütövlüyü ilə həm də ilkin təravətini və gözəlliyini bu gün də qoruyub saxlayanları da… Kimlərinsə obrazlı deyimində duyğulandırıcılığına görə “donmuş musiqi”yə bənzədilən Qarabağın memarlıq abidələrinin oxşar duyğuları aşılamaq gücü elə uzaqdan da görünəndir.

Qarabağlı yaradıcıların əhatə olunduqları əsrarəngiz yerli təbiətin onlar üçün ilk və fərdi gözəllik qaynağı olduğuna rəğmən deməliyik ki, bu sənətkarların ruhunda əsl yaradıcı olmaq missiyası daşıyanların əksəriyyəti rənglərə olan özünəməxsus münasibətini sona qədər qoruyub saxlaya bilmişdir. Düşüncələrini rənglərin məna-məzmun tutumu ilə qovşaqda gerçəkləşdirən sənətkarlar çox vaxt bu rəngarəngliyi duyulası tutumda ram etməklə onların ümumi kompozisiyanın ruhuna uyğunlaşdırmağa, onun bütövlüyünü əldə etməyə nail olmuşlar.

Etiraf edək ki, sənətin müxtəlif növlərində təsvirin incəliyinə və xırdalıqlara nail olmaq nə qədər çətindirsə, görünənlərin duyulası şərtilik və geniş bədii ümumiləşdirmələrlə ifadəsi ondan da çətindir. Ümumiyyətlə, fikrin yığcam-bayatı tutumunda ifadə edilməsi həmişə çətin olub və bu yüksək sənətkarlığın göstəricisi sayılıb. Bu mənada Qarabağ ünvanlı xalça-palazların və divar rəsmlərinin, metalişləmə və ağacoyma nümunələrinin naxış örtüyündəki yüksək icra sənətkarlığının məhz belə yığcamlığa və qeyri-adi ümumiləşdirməyə kökləndiyini söyləmək mümkündür.

Lap qədimlərdən Qarabağ torpağında təşəkkül tapan təsviri və tətbiqi sənətin zaman-zaman təkmilləşən və bir qədər də zənginləşən bədii ənənələri XIX əsrdə duyulası dərəcədə yeniləşdi desək, yanılmarıq. Belə ki, məhz bu yüzillikdə mədəniyyətimizin başqa sahələri kimi təsviri sənət də özünün daha fərqli inkişaf mərhələsinə qədəm qoymuşdur. Xalqımıza orta əsrlərdən başlayaraq dünya miqyasında başucalığı gətirən rəssamlıq sənətimiz Sultan Məhəmməd kimi sarbanı itirəndən sonra çox tez bir zamanda zirvəsinə qar yağıbmış kimi göründü və Təbriz məktəbində yaşanan qaynar yaradıcı həyat və burada yaradılan əsərlərin daşıdığı çoxqatlı bədii-estetik tutum müxtəlif səbəblər üzündən zəiflədi və tədricən gəlmə meyillərinin əlamətləri ilə qovşaqda inkişafını davam etdirməyə başladı. Az sonra sənət tariximizə “Qacar üslubu” kimi daxil olacaq sənət yönümü belə yarandı. Təsviri sənətimizin çoxəsrlik inkişaf mərhələsində çox önəmli sayıla biləcək həmin dövrdə yaradılmış sənət əsərlərinin bədii şərhində həm klassik miniatür üslublu əsərlərdən gəlmə şərti-dekorativ forma-biçimə, həm də Qərbi Avropa rəssamlığına xas olan realist-gerçəksiz xüsusiyyətlər qoşalaşmışdı. Bu üslubun Arazdan aşağıda – ölkənin güneyində yüksək dairələrdə təqdir olunması demək olar ki, miniatür üslubunun illərlə formalaşmış zəngin bədii ənənələrinin sonrakı inkişaf taleyini sual altına qoymuş oldu. Bütün bu baş verənlər təbii olaraq şimalda yaradıcılıqla məşğul olanların, o cümlədən də qarabağlı rəssamların da fəaliyyətinə təsir göstərdi. Şuşada yaşayan Qarabağ sənətkarlarının yaradıcılığının təsviri sənət tariximizdə qədim və ənənəvi miniatür sənəti bədii ənənələrinin bir qədər zəifləyib yeniləşməsi, özündə Şərq və Qərb rəssamlığının qovşağını yaşadan bədii prinsiplərlə əvəzlənməsi dövrünə təsadüf etdiyindən onların üzərinə böyük məsuliyyət düşürdü desək, həqiqəti söyləmiş olarıq. Bu mənəvi məsuliyyət heç şübhəsiz ilk növbədə uzun əsrlərboyu təkamül yolu ilə formalaşan Azərbaycan təsviri sənəti ənənələrinin qorunması ilə bağlı idi. Bu gün duyulası zaman distansiyasından qətiyyətlə demək olar ki, Qarabağda – onun iqtisadi-siyasi və mənəvi mərkəzi sayılan Şuşada çalışan fırça ustaları sələflərinin onlara miras qoyub getdikləri əvəzsiz bədii irsə xas olan bədii ənənələri yaşatmaqla yanaşı, onları yeri gəldikcə özünəməxsus bədii məziyyətlərlə zənginləşdirməyə nail olmuşlar. Buna XIX əsrin ikinci yarısında yaşayıb-yaratmış Usta Qənbər Qarabaği və onun qardaşı Səfərin, oğlu Şükürün, Mir Möhsün Nəvvabın və Xurşidbanu Natəvanın bizə ərməğan qoyduqları sənət nümunələrinin timsalında əmin olmaq mümkündür. Onların zəngin təxəyyülünün nəticəsi olan sənət nümunələri mülki və ictimai tikililərin divarlarını, nəfis xətlə yazılmış əlyazmalarını, ayrı-ayrı vərəqləri bəzəməkdədir. Bu sənətkarların hər birinin yaradıcılıq yoluna ətraflı nəzər salmaqla onların əsərlərində hifz olunan dünyaya azərbaycanlı-qarabağlı baxışının bədii-estetik məziyyətlərini duymaq mümkündür. Bir azdan biz sizi xəyalən geriyə – təzadlı hadisələrlə dolu XIX əsrə qaytaracaq, həmin dövrün bədii hadisələrinə əyanilik gətirməyə və dəyərləndirməyə çalışacağıq. Amma bu yerdə deyək ki, Azərbaycan incəsənətinə qarabağlı duyumu və görümü ilə rəngarənglik bəxş edənlərin siyahısı XIX əsrdə Şuşada yaşayan rəssamların fəaliyyəti ilə məhdudlaşmır. Elə Qarabağ ünvanlı bu qədim ənənənin sonrakı dövrlərdə də davam etdirilməsinin nəticəsidir ki, bu gün biz Qarabağ rəssamlıq məktəbi haqqında danışa bilirik.

XX əsrin ilk qərinəsində baş verən ciddi ictimai-siyasi hadisələrin axarı Bakını ölkədəki bədii hadisələrin mərkəzinə çevirdi. Burada təsviri və tətbiqi sənətin inkişafına və təbliğinə xidmət edən rəssamlıq məktəbi və muzey açıldı. Bütün bunlar heç şübhəsiz yeni siyasi sistemlə baş-başa qalan respublikada sənət həvəsli insanların yaradıcılıq axtarışlarının imkanlarını bir qədər də genişləndirdi. Əvvəllər öz istedadını yalnız yaşadığı bölgədə nümayiş etdirən yaradıcıların artıq həm də sosialist tutum alan ölkə paytaxtının mədəni həyatında iştirakları onların ruhlarında gəzdirdikləri mənəvi dəyərləri Avropa-rus bədii ənənələri ilə qovuşaqda ifadə etməyə imkan verdi. Həmin yaradıcıların arasında Qarabağın müxtəlif guşələrindən içində gəzdirdikləri yaratmaq arzusunu daha da alovlandırmaq niyyətində olanlar da az deyildi. Azərbaycan təsviri sənət tarixinin XX-XXI əsri əhatə edən xronologiyası milli incəsənətimizdə dərin iz salmış neçə-neçə sənətkarın adını yaşadır. Onların arasında artıq dünyasını dəyişmiş Əmir Hacıyev, Lətif Kərimov, Toğrul Nərimanbəyov, Cahid Camal, Kərim Cəlal və Cəlal Qaryağdı ilə yanaşı, bu gün də yaradıcılığını davam etdirən Altay Hacıyev, Xanlar Əhmədov, Zakir Əhmədov, Fəxrəddin Məmmədvəliyev, Məzahir Avşar, İlham Ənvəroğlu, Kamal Əhməd, Asif Azərelli, Rövşən Bayramov, Firdovsi Atayev, Elşən Hacızadə və Səyyar Əliyev kimi sənətkarların adlarını çəkmək olar. Azərbaycan incəsənətinin müasir mərhələsi haqqında məlumatı olan hər kəsə bu adlar yaxşı tanışdır. Əslən qarabağlı olan bu yaradıcıların hər birinin sənətdə öz yolu, fərdi və fərqli dəst-xətti vardır desək, həqiqəti söyləmiş olarıq. Toğrul Nərimanbəyovun rəngkarlıqda yaratdığı “Azərbaycan nağılı”, Lətif Kərimovun sirr qatına bələnmiş xalçaları, Cəlal Qaryağdı və Xanlar Əhmədovun axıcı və oynaq daş-tunc tutumdan “boylanan” gözəllik duyumu, Əmir və Altay Hacıyevlərin ənənə və müasirliyə tapınan “cizgi möcüzəsi”, Məzahir Avşarın türk mənəvi dəyərlərinə verdiyi düşündürücü plastik görüntü, İlham Ənvəroğlunun görünənlərin fəlsəfi tutumuna işıq salmaq istedadı, Səyyar Əliyevin Qarabağ dərdlərinə tutduğu bədii-fəlsəfi “güzgü” özündə ilk növbədə onların yaradıcılığının sənətkar “mən”ini yaşadır. Hər bir gözəllik yaradıcısının arzuladığı bu uğurlu nəticənin əldə olunmasındadır ki, adlarını vurğuladığımız təsviri və tətbiqi sənət ustaları Azərbaycan incəsənətinə özünəməxsus töhfə verməklə, onun rəngarəngliyinin təminatçısına çevrilmişlər.

İndiki durumda ən böyük arzumuz əsərlərində “Qarabağ məktəbi”nin bədii-estetik ənənələrini yaşadan soydaşlarımızın yaradıcılığının yaxın gələcəkdə dünya ölkələrində və doğma Şuşada nümayişinin baş tutması, Azərbaycanlı-Qarabağlı ruhunun mübarizliyinin əyaniləşdirilməsidir…

Ziyadxan Əliyev

KÖŞƏ YAZARLARI
TOP 10