“Qarabağda şimşək çaxır” kitabının təqdimatı olub

6 Baxış

1487253765998654909_1000x669

“Qarabağda şimşək çaxır” əsəri “İşğal vadisi” və “Sarı gəlin“dən sonra yazıçı Yusif Kərimovun son üç ildə Qarabağ hadisələrindən bəhs edən üçüncü kitabıdır. Müəllifin torpaq sevgisi, Vətən dərdi, yurd itkisi barədə çox böyük ürəkağrısı ilə yazdığı bu kitablarının leytmotivini Qarabağ mövzusu təşkil edir.

Senet.az xəbər verir ki, bu sözlər Beynəlxalq Mətbuat Mərkəzində nasir, publisist, Əməkdar Jurnalist Yusif Kərimovun “Qarabağda şimşək çaxır” kitabının təqdimat mərasimində səslənən fikirlərin ortasından qırmızı xətlə keçib. Bədii yaradıcılıqla məşğul olduğu 40 ildən artıq müddətdə 20-dək kitabı işıq üzü görən yazıçının Xocalı soyqırımının 25 illiyi ərəfəsində çapdan çıxmış Qarabağ ağrısından yoğurulmuş növbəti kitabı da müəllifin öz əbədi mövzusuna sadiq qaldığını göstərir.

Təqdimat mərasimini giriş sözü ilə açan Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşovun təklifi ilə tədbir iştirakçıları Xocalı hadisələri, ümumən Vətən torpağı uğrunda qurban gedənlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Ahıl Jurnalistlər Məclisinin sədr müavini, Əməkdar Mədəniyyət İşçisi Məzahir Süleymanzadə, yazıçı-jurnalist Fazil Güney, yazıçı-dramaturq Aqşin Babayev kitabda müəllifin faktlara, baş verən hadisələrə yanaşmaq bacarığından, həmin mövzuda yazdığı çoxsaylı yazıların içərisindən seçib kitaba daxil etdiyi publisistik və bədii əsərlərin yaradıcılıq məziyyətlərindən danışıblar.

Tanınmış jurnalist İntiqam Mehdizadə öz çıxışında kitabda çox dəyərli bədii nümunələr toplandığını, hətta film çəkmək üçün mövzu verən əsərlər olduğunu qeyd edib. O, müəllifə qələmə aldığı mövzunun davamı kimi “Qələbə” romanı yazmağı arzulayıb.

Sonda çıxış edən müəllif tədbirə təşrif gətirənlərə öz minnətdarlığını bildirib.