“Qaraca qız” əsərinin hansı variantı Ədəbiyyat dərsliyinə daxil edilməlidir?…

40 Baxış

11129901_1639936062892740_7117260619206843644_nFilologiya üzrə fəlsəfə doktoru AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, böyük elmi işçi Könül Nəhmətova

 

Süleyman Sani Axundovun “Qaraca qız” əsəri həm sənətkarlıq, həm də məzmun baxımından Azərbaycan uşaq ədəbiyyatının nadir incilərindəndir. Əsər bədii-estetik təsiri ilə yanaşı, məktəb yaşlı uşaqların psixoloji tərbiyəsində mühüm əhəmiyyətə malikdir. Bu cəhətlərini nəzərə alaraq “Qaraca qız” əsərinin günümüzdə də ədəbiyyat dərsliklərinə salınmasını zəruri hesab edirik.

Lakin ortada bir gerçəklik də vardır ki, əsər sovet hakimiyyəti illərində keçmişə nifrət ruhunu aşılama istiqamətində təbliğat vasitəsinə çevrilmişdir və maraqlıdır ki, kor-koranə olaraq bu günə kimi də eyni məqsədi daşımaqdadır. Bunun səbəbi isə bədii əsərin gerçək ideya istiqaməti deyil, “30-cu illərdə vulqar sosializmin təsiri ilə” (Nadir Vəlixanov) dəyişdirilməsidir. Müasir təlim və təhsil strategiyamız “Qaraca qız hekayəsinin 1913-cü il “Məktəb” jurnalında dərc edilmiş ilk nəşri ilə 1936-cı ildə ədibin “Əsərləri” külliyyatına daxil edilən nüsxəsi arasındakı fərqin araşdırılması və üzə çıxarılmasını zəruri edir. İlk nəşrdə ədibin “Qorxulu nağıllar” başlığı altında yazdığı “Əhməd və Məleykə”, “Abbas və Zeynəb”, “Nurəddin” hekayələrindən tanıdığımız Hacı Səmədin qızı Fatma ona kiçik bir epizod söyləyir. Bu epizoddan məlum olur ki, Fatmagilin oxuduğu məktəbdə Nabat adlı çirkin sifətli, gözləri çəp bir qız var imiş. Sifətinin çirkinliyinə görə yoldaşları onunla oynamaq istəmirlər. Bir gün Fatmagil oynayanda onların Gövhər adlı yoldaşlarından biri yıxılır, başı daşa dəyib qanayır. Nabat hamıdan tez Gövhərə yardım edir. Bu əhvalatdan sonra yoldaşları onunla dostlaşırlar.

Bu epizodu dinləyən Hacı Səməd həmin əhvalatı belə mənalandırır: “Qızım, insanın zahirinə baxma, batininə bax. Türklərdə bir məsəl var, deyərlər ki, “Ətə baxma, dona baxma, cana bax.” İlk variantında “Qaraca qız” əsərinin əsas motivi də məhz insanın mahiyyətinin rəngindən, dinindən, maddi və fizioloji imkanlarından asılı olmayaraq, şəxsi insani keyfiyyətlərinə görə müəyyənləşməsi idi. Lakin bu motiv 1936-cı ildə dəyişdirilərək millətin öz keçmişinə nifrət ruhunda tərbiyəsinə yönəldilmişdir. Əsərin dəyişdirilmiş və çıxarılmış ən mühüm hissələrini aşağıdakı kimi səciyyələndirə bilərik: 1. Hüseynqulu ağanın və Pəricahan xanımın yazıçı tərəfindən verilmiş xarakteristikası; Bu hissədə Hüseynqulu ağa “realnı” məktəbinin dördüncü sinfinə kimi oxuyub təhsilini yarıda buraxaraq, çöl işlərini sevməsi cəhətindən atasının bütün mülkünü səriştə ilə idarə edən bir mülkədar oğlu kimi tanıtdırılır. Zəhmli olması səbəbindən hər kəs ondan çəkinirsə də, ağa həm də çox rəhimdildir. Lakin yoldaşları ilə kef çəkməsi atasını narahat etdiyindən erkən evləndirilir. Atası Mehdi xan oğluna gimnaziyanı bitirmiş, “yüksək” tərbiyə görmüş bir bəy qızı tapır. Hüseynqulu ağanın təbiətindəki təmizlik onu həqiqətən də evə bağlayır, artıq yoldaşları ilə kənara əylənməyə getməyib dostlarına evində qonaqlıqlar verir. Mehdi ağa oğlunun evlənməsindən bir il sonra vəfat edir. Hüseynqulu ağa ilə Pəricahan xanımım xasiyyəti üst-üstə düşmür. “Pəricahan xanım gimnaziya təhsilində cəmi Avropa adətlərini götürüb, öz milli adətləri xoşuna gəlmirdi. Hətta öz ana dilindən öylə ikrah etmişdi ki, bu dil ilə danışmaq da istəmirdi və labüd qalıb danışanda da yarı rus, yarı Türk kəlmələrini qarışdırıb danışmaqla qulaq asanları özünə güldürürdü. Hüseynqulu ağa isə Avropa qaydalarını sevməyib, öz ata və baba adətlərini çox istəyirdi; hətta Pəricahan xanım nə qədər çalışdı isə də, ondan çərkəzi paltarını çıxarıb, Avropa libası geyindirə bilmədi”. XX əsrin əvvəllərində gimnaziya tələbələrinin ana dilindən uzaq düşmələri, dəb adı ilə milli adət-ənənələrə xor baxmaları bədii ədəbiyyatın əsas mövzularından birini təşkil edirdi. Bu gerçək problem C.Məmmədquluzadə, A.Şaiq və digər ədiblər kimi, S.S.Axundovu da düşündürmüş və əsərinin problemlərindən birinə çevirməyə vadar etmişdir. 2. Piri kişinin xarakteristikasını verərkən artırılmış sətir: “Lakin Piri kişi kimsədən qorxmazdı və bacardığı qədər qulluqçuları ağaların zülmündən mühafizə edərdi”.

Hüseynqulu ağanın təbiətindəki rəhimdillik bu cümləyə birinci variantda əsas vermirdi. Lakin ikinci variantda Hüseynqulu ağanın xarakteristikasını ehtiva edən hissənin silinməsi ilə onun zülmkar bir mülkədar kimi tanıtdırılması əsərə əlavə edilmişdir. 3. Piri kişinin namaz qılması haqqındakı məllumat; Əsərin birinci variantında Piri kişinin uşaqlıqdan tezdən durmağa adət etməsi onun namaz qılması ilə əlaqələndirilirdi: “Piri kişi uşaqlıqdan gün çıxmamış yuxudan durmağa adət etmişdi. İndi də tezdən dəstamaz alıb, sübh namazını qıldı…” Sonrakı variantda bu cümlə çıxarılmışdır. 4. Əsərin sonu tamam dəyişdirilmişdir. Bu günə qədər orta məktəb ədəbiyyat dərsliklərində yer alan əsərin sonluğu hamıya məlumdur. Aradakı fərqi göstərmək üçün birinci variantdakı sonluğu olduğu kimi buraya əlavə etməyi məqsədəuyğun bildik: “Pəricahan xanım ağlaya-ağalya dedi: “Amandır, qoyma bu qız ölsün, əlindən gələn səyi bu barədə müzayiqə etmə! – Xanım, bu qızın dirilməsi çətindir, ümid bir Allaha qalmışdır. Pəricahan xanım dizi üstə çöküb Allaha dua etməyə başladı. Piri kişi həqir bir nəzərlə ona baxıb dedi: – Böylə olan surətdə yazıq qızımı verin komama aparım. Qalsa, xanıma əziyyət edər! Bu sözlər Pəricahan xanımın ürəyinə ox kimi sancıldı. “Yox, qoymaram, qoymaram” deyə hönkürtü ilə ağlamağa başladı. Amma həkim də Piri kişinin fikrinə şərik oldu. Ona görə Qaraca qızı komaya apardılar. Hərçənd həkim onun sağalmasından ümidini kəsmişdi, amma yenə də belə ittifaqlarda lazım gələn köməkliklərin hamısını əmələ gətirirdi. Komada həkimdən və Piri kişidən qeyri Hüseynqulu ağa da var idi. Bu rəhimdil kişi öz qızının bu qayda ilə sağ qalmasına razı deyidi. Qaraca qızın yastığı başında çöküb səmimi qəlb ilə Allahdan bu qərib yetimin sağalmasını rica edirdi. Lakin öz canını özgə uğrunda fəda etmiş Qaraca qızın vaxtı tamam idi!.. Axır nəfəsində Qaraca qız qan ilə dolmuş gözlərini açdı. Günəşin şöləsinə bir müddət baxdı, sonra gülümsündü, gözlərini yenə yumdu! Qaraca qız öldü!.. – Komamın bülbülü uçub getdi!.. – deyə Piri kişi göz yaşını tökdü. – Xudaya, bu pak ruhun xatirəsinə biz müqəssir valideyni əfv et! – deyə Hüseynqulu ağa dua etdi. Bu xəbər bir dəqiqədə ağalığa yayıldı və hamını qəmgin etdi. Pəricahan xanım tutduğu əməldən peşiman olub qızı ilə bərabər yanıqlı-yanıqlı ağlayırdı. Qaraca qızın vəsiyyətini əmələ gətirdilər: Onu Güntəpədə dəfn etdilər. Hüseynqulu ağa Qaraca qızın qəbrinin üstündə böyük bir nişangah tikdirdi və baş daşının üstündə canını öz dostu Ağca xanımın uğrunda fəda etdiyini yazdırdı ki, bu böyük fədakarlıq baqi qalsın.”

“Qaraca qız” əsərinin birinci variantı ideya tutumuna görə daha dolğundur və eyni zamanda, orta məktəb şagirdlərinin dünyagörüşünün formalaşması baxımından faydalıdır. “Qaraca qız” əsərinin janrı bu günə qədər ədəbiyyat dərsliklərində hekayə adlıandırılır. Lakin son elmi araşdırmalarda əsər povest olaraq dəyərləndirilmişdir. Əsərin dəyişdirilmiş hissələrinin və bu elmi-nəzəri yeniliyin də gələcək dərsliklərin nəşrində nəzərə alınması zəruridir.

Bölmə : Manşet
KÖŞƏ YAZARLARI
TOP 10