Qarajda soyuqdan donmaq təhlükəsi

114 Baxış

kenanhaciSenet.az Kənan Hacının “Özgə qapılarında” silsiləsindən hekayəni təqdim edir:

 

“Özgə qapılarında” silsiləsindən I yazı

 “Özgə qapılarında” silsiləsindən II yazı

“Özgə qapılarında” silsiləsindən III yazı

“Özgə qapılarında” silsiləsindən IV yazı

 

 

Poladxan kişini kənddə tanımayan yox idi, neçə illər idi kənd camaatının ölüsünə qəbir qazırdı, dirisinə ev tikirdi. Arıq, amma olduqca sağlam, fiziki cəhətdən qüvvəli adam idi. Daim üzütüklü gəzirdi. O, həyatının mənasını fiziki işdə görən kişi idi idi, işləməyən, tənbəl adamlardan zəhləsi gedirdi. Onun dəyişməyən sabit bir həyat rejimi vardı, səhər evdən çıxıb axşam hava qaralanda evə qayıtmaq. Onun fikrincə kişi evə ancaq yatmağa gəlməlidir və kişinin əlindən hər iş gəlməlidir. Evdən oturan kişinin onun üçün arvaddan heç bir fərqi yox idi. Ağır fiziki işlə məşğul olmaq onun həyatının stimulu idi. Ömrü boyu sadə, yoxsul həyat tərzi keçirsə də heç vaxt heç nədən şikayətlənməzdi.

 

Həmişə düşünürdüm ki, bütün günü işdə-gücdə olan adam axı niyə belə kasıb yaşasın? İki oğlu, bir qızı vardı, qızını köçürmüşdü, arvadı isə ağır xəstə idi. Oğlanlarını da lap uşaqlıqdan zəhmətə alışdırmışdı. İndi böyümüşdülər və bir iş düşəndə atalarına qoşulub onunla birlikdə işləməyə gedirdilər. Amma qazancları o qədər də çox olmurdu. Poladxan kişi  anbar, quyu da qaza bilirdi, bənnalıq, suvaqçılıq işləri də əlindən gəlirdi. Çox vaxt kasıb-kusubdan işinin qarşılığında heç pul da almırdı. Xeyirə də, şərə də yarıyan adam idi. Ölənin təkcə qəbrini qazmırdı, onu qəbrə qoymazdan əvvəl yuyub-kəfənləmək də onun işi idi. Poladxan kişinin çörəyi meyitdən çıxırdı və o, bu işi adidən də adi bir iş kimi görürdü. Mənim atamı və əmimi o yuyub və baxmışam ki, bu kişi elə bil adam yox, maşın yuyur. Meyiti o qədər cəld şəkildə yuyurdu, lazimi qaydaları o qədər çevik yerinə yetirirdi ki, düşünürdün ki, bu adamı gecənin bir aləmi qəfil yuxudan oyadıb ölüxanaya gətirsən, mexaniki ölü yumaq vərdişləri avtomatik olaraq işə düşəcək. Poladxan kişi bizim qonşuluğumuzda yaşayırdı, atamla möhkəm dost idilər. Çox vaxt onları birlikdə yeyib-içən görürdüm, ya o bizə gəlirdi, qoltuğunda başı xamralı araq butulkası, ya da atam araq alıb onlara gedirdi. Onun arvadı sakit, dinməz bir qadın idi, ərinin içməyinə müdaxilə etmirdi. Mənim anamsa araq şüşəsini görən kimi giley-güzarı başlayırdı. Poladxan kişi də ərklə ay Xədicə bacı, sən Allah, qanımızı qaraltma, kefimizdən içmirik ki, bu zəhrimarı, deyirdi.

 

Deyirlər bir gün ölünü yuyanda bərk qorxubmuş. Növbəti dəfə bizə gələndə girəvəyə salıb ondan həmin hadisəni danışmağını xahiş etdim. Zənlə üzümə baxıb dedi: – Kopoyoğlu, danışım, sən də orda-burda uşaqlara danışasan, məni dolayasız? And içdim ki, bir adama deyən deyiləm. Balaca boşqabdan iri bir tutum turşu götürdü və o biri əlində tutduğu rumkanı dodaqlarına yaxınlaşdırdı: – Qoy bunu vurum, bir özümə gəlim, danışaram, – dedi. Başını geri atıb bir anda arağı boğazına tökdü və turşunu iyləyib ağzına atdı. O, arağı həmişə belə içirdi. Atamsa qurtum-qurtum içərdi və Poladxan kişi də həmişə ona buna görə irad tuturdu: -Ay rəhmətdiyin oğlu, öldürdün bizi ki! Arağa da, özünə də zülm edirsən. Atamsa adətini tərgitmirdi. Eyni qaydada içməkdə davam edirdi. On beş yaşımdan mən də araq içməyə başlamışdım və bir müddət sonra kənddə haqqımda “yeyib-içən oğlan” deyirdilər. İyirmi ilə yaxın dövrdə fəhlədən tutmuş ən yüksək vəzifə sahiblərinə qədər müxtəlif insanlarla araq içmişəm. Araq içənləri müşahidə edəndən sonra anladım ki, hər adam arağı bir cür içir. Poladxan kişinin araq içməyi tamam fərqli idi, atam heç cür onun kimi araq içə bilməzdi. Belə şeyləri sözlə ifadə etmək müşküldür.

 

Poladxan kişi nəhayət boğazını arıtlayıb filtrsiz “Prima”sından birini çıxarıb barmaqları arasında yumşaltdı, kibriti çəkib yandırdı, dərin bir tüstü alıb havaya buraxdı və həmin əhvalatı danışmağa başladı:

 

-Bir dəfə arxası üstə uzadılmış meyiti böyrü üstə çevirdim ki, kürəyini, arxa hissəsini yuyum, birdən qulağımın dibindən ağır bir zərbə dəydi, qulağım batdı, təsəvvür edirsən? Ona qədər heç vaxt qorxmamışdım, nə təhər qorxdumsa, ondan sonra məni sarılıq xəstəliyi tutdu.  Elə bildim adam ölməyib, ayılan kimi də məni vurdu. Sən demə, meyitin qolunda reski çevrilmədən hansısa damar oyanıb, hərəkətsiz əl sifətimə çırpılıb.

 

Atam da, mən də xeyli güldük. Atam dedi ki, doğrudan dirilmiş olsaydı, salardı səni təpiyinin altına ki, ay oğraş, ora-buramı niyə əlləyirsən? Poladxan da söz altda qalmadı:

 

-Yox alə, tanıyırdım rəhmətliyi, vuran əli yox idi, qorxusundan altını batıracaqdı.

 

Atam bu dəfə şaqqanaq çəkib əlini dostunun kürəyinə çırpdı. Arada atamla çox şit zarafatlar edirdi, deyirdi, əlimdən qaça bilməyəcəksən, ölsən, səni mən yuyacağam. Atam da ona şişka göstərirdi. Ağzı fal imiş elə bil, bir soyuq payız səhəri atam dünyasını dəyişəndə evdən çıxıb Poladxan kişini haylamağa getdim. Atamın vəziyyətinin pis olduğunu bilirdi, sübh tezdən onu çağırmağımdan məsələnin nə yerdə olduğunu anladı, heç nə demədim. O da sakitcə get, gəlirəm, dedi.

 

Atam yatağa düşmüşdü, canıyla əlləşirdi. Evimiz böyük olduğundan elektrik peçiylə evi qızdırmaq mümkün deyildi. Havalar getdikcə soyuyurdu və evin içində əməllicə üşüyürdük. Bir gün anam dedi ki, bəlkə Poladxanı çağırasan, həyətdə xeyli qırmızı kərpic var, gəlib balkonda bir kərpic peç tiksin. Dedim axı əlimizdə pul yoxdu, ona nə verəcəyik? Anam dedi ki, sən danış, pulunu sonra verərsən, evdə soyuqdan donuruq, razılaşacaq. Atanla da bir ton çörək kəsib. Yox deməz. Axşam Poladxan kişigilə gedib utana-utana vəziyyəti ona anlatdım, dedi get, arxayın ol, səhər tezdən sizdəyəm. Pul söhbətini də yadından çıxar. İki günə peçiniz hazırdı. Bilmədim ona necə təşəkkür edim. Gəlib anama dedim ki, Poladxan əmi səhər peçi tikməyə gələcək. Doğrudan da kişi kimi səhər gəldi və iki gün ərzində eyvanın yuxarı başında yaxşı bir peç tikdi, həyətdən qaz turbasını evə çəkdi. Dedi hələ yandırmayın, iki gün də dözün, qoyun suvağı qurusun, sonra yandırarsınız.

 

Atam dünyasını dəyişəndən sonra evimiz satıldı. Biz bir müddət orda-burda qalası olduq. Bir gün Poladxan kişi ilə rastlaşdım, harda qaldığımızla maraqlandı. Onda bir dostumun Maştağa yolundakı yarımtikilisində qalırdıq, Poladxan kişiyə vəziyyəti danışdım, başını buladı. Bir xeyli dinmədi. Handan-hana ağır-ağır dilləndi:

 

-Bizim qaraj boşdu, o cür yerdə qalmaqdansa get ananı götür, gəlin hələlik o qarajda qalın. Sonrası Allah kərimdi.

 

Atam dünyasını dəyişəndən sonra anam xeyli sınıxmışdı, özünə qapanmışdı, bütün günü fikirli-fikirli gəzirdi. Dinməz-söyləməz yır-yığış elədi, köçdük Poladxan kişigilin qarajına. Qış qapını kəsdirmişdi. Hər tərəfi beton olan qarajı heç cür isidə bilmirdik. Anam hər gün dizinə döyüb deyirdi ki, qışda burdan sağ çıxmayacağıq. Poladxan kişinin arvadı vərəm xəstəsi idi, qorxurduq ki, evinə getsək, xəstəlik bizə də yoluxa bilər. Aralı gəzib dolanırdıq. Bir neçə gün aramsız yağışlar yağdı, tədricən qarajın beton divarlarından da su axmağa başladı. Dəmir qapının arasından da soyuq özünü içəri təpirdi, gecələr soyuqdan yatmaq mümkün deyildi. Belə halda ev əşyalarının da yararsız hala düşmək təhlükəsi vardı. Gedib təsərrüfat malları mağazasından 25-20 metr istixanalar üçün nəzərdə tutulan kapron aldım, Poladxan kişinin oğluyla köməkləşib qarajın üstünə çəkdik ki, su içəri sızmasın. Heç bir xeyri olmadı. Qonşuların bizə təsəlli verməyə gücü çatmırdı, cəmi bir tin o biri küçədəki geniş-həyət bacamızı satıb Poladxan kişinin qarajına sığınmağımız çoxunu mütəəssir etmişdi, halımıza acıyanlar da vardı, soyuqqanlı şəkildə ötüb keçənlər də. Hamı məni atamın tikdiyi evi satmaqda qınayırdı. Doğrudan da evi niyə satdıq? O vəziyyətdə evi satmaqdan başqa əlacım qalmamışdı. Tərslikdən həmin dövrdə evlər su qiymətinə idi, bir sot torpağın qiyməti yüz dollara idi. İki yüz dollar verib iki sot torpaq sahəsi ala bilərdin. Mənim gələcəklə bağlı planlarım həyata keçmədi,  əlimizdəki o qədər də böyük olmayan məbləğ xərclənib tükəndi.

 

Neçə ay idi ki, Poladxan kişinin qarajında həyat uğrunda mübarizə aparırdıq. Buna yaşamaq demək olmazdı. Poladxan kişi bizdən bir qəpik də pul almırdı, əksinə, qarajın yağışda, qarda su keçirməməsi üçün nə mümkün idisə, onu edirdi. Arxa tərəfdən hava çəkən yerlər vardı, qarajın divarına çöldən suvaq çəkdi, damına şifer düzdü. Mən sadəcə, ona kömək edirdim, əlimdən başqa bir iş gəlmirdi. Bir gün anam dedi ki, xalçamızı Poladxanın arvadına bağışladım, havayı qalırıq, bizdən pul almırsız, əvəzində xalçanı götürün, dedim. Götürmürdü, halal xoşunuz olsun, dedim. Qəhər boğazıma dirəndi. Anam sonralar vaxtilə qonaq otağımızdakı dəyirmi stolu da onlara bağışladı, qarajda artıq yer tutur, dedi. Heç nə deyə bilmədim. Hara iş üçün müraciət edirdimsə, əlim boşa çıxırdı. Fikirləşirdim ki, görəsən biz hansı günahlarımıza görə bu qədər əzablar çəkirik?

 

Bir gün Poladxan kişinin oğlu Sahib gəldi ki, gedək, aeroportun talkuçkasında sənə iş axtaraq. Orda iş tapmaq mümkündü. Əlavə elədi ki, mənim bir tanışım var, voentorq işlədir, ondan xahiş edərəm, səni satıcı kimi işə götürər. Onda “Sədərək” yarmarkası aeroportun yaxınlığında yerləşirdi. Sahibin inamlı danışığı mənə bir az ümid verdi. Birlikdə “Sədərək” yarmarkasına gəldik. Mağazanı tapdıq, Sahib məni dostuyla tanış elədi. Həmin oğlanın adı Aslan idi, əslən naxçıvanlı idi. Sahib ona mənim iş axtardığımı dedi və əlavə elədi ki, yaxşı oğlandı, düz adamdır. Şərait yarat, işləsin, peşman olmazsan. Aslan xeyli məni inamsız baxışlarla süzdü, axırda dilini sürüyə-sürüyə yaxşı da, elə bu gündən başlasın görək, onsuz da yaxşı satıcı axtarırdım. Baxaq görək, işləyə biləcəkmi? Sahib onu əmin etdi ki, mən işləyəcəm. Həmin gün işə başladım. Aslan mənə piştaxtadakı, vitrindəki malların qiymətini, sayını yazıb verdi. Dedi ki, burda işləmək üçün bacarığın olmalıdır, müştəri tutmalısan, müştərilə dil tapmalısan, danışığın olmalıdır. Elə-belə polkada dayanmaqla işləmək olmaz. Birinci gün özü də yanımda dayandı ki, görsün alver edə bilirəmmi? Amma günün axırında deyəsən ağlı məndən bir şey kəsmədi. İkinci gün çox gərgin keçdi, Aslan hər hərəkətimə irad bildirirdi, “niyə müştəri tuta bilmirsən”, “boş-boşuna niyə dayanmısan”, “niyə oturmusan” və  bu kimi suallarla əsəblərimi tarıma çəkdi. Günün ikinci yarısı onunla mübahisə etdim və o, çıxıb harasa getdi. Axşam mağazanı bağlayanda qəfildən gəlib çıxdı və üstümə qışqırdı ki, a kişi, sən neynirsən, mağazanı niyə tez bağlayırsan? Ətrafdakı bütün mağazalar bağlanmışdı, tək-tük mağaza qalmışdı, hava da artıq qaralmaq üzrəydi. Bəlkə gecəni burda qalacağıq? – dedim, – Bir adam qalmayıb talkuçkada, bu vaxt mağazanı açıq saxlamağın mənası nədir?

 

Xeyli mübahisə etdik, axırda beynim çöndü, söyüb batırdım. Mağazanın açarlarını üstünə atıb dedim sənin mağazan da belə-belə olsun, özün də, pulun da mənə lazım deyil, mən getdim. Həmin məqamda o, məni vura da bilərdi, çünki çox pis söyüş söymüşdüm. Amma məndən bunu gözləmədiyindən yerində donub qaldı, bir kəlmə demədi. Çevrilib getdim, arxamca çağırmadı. İndi düşünürəm ki, doğrudan da mən alver işini bacaran adam deyiləm. Ola bilsin, o, haqlı idi. Yeniyetmə vaxtı Kiyev bazarlarında bir müddət gül satmışdım, amma orda gül satmaqdan asan heç nə yox idi. Bunun üçün təcrübəyə-filana ehtiyac yox idi. Piştaxta arxasında bir dəqiqə boş vaxtımız olmurdu, şıdırğı alver gedirdi. Axşam kirayə qaldığımız “babulya”nın evinə gedib çıxanda yorğunluqdan birbaşa çarpayıya yıxılıb qalırdıq. Çox vaxt yorğunluğu canımızdan çıxarmaq üçün sərxoş olana qədər içirdik. Mən içkiyə Kiyevdə aludə oldum, Bakıya qayıdandan sonra isə içmək vərdiş halını aldı.

 

Burdakı vəziyyət isə tamam başqa idi, hərbi geyimlər mağazası talkuçkanın ən az alver gedən obyektlərindən idi, burda alveri gücləndirmək üçün təcrübəli satıcıya ehtiyac vardı. Mən isə təcrübəsiz idim.

 

Mənim iki günlük iş macəram belə başa çatdı. Yenə işsiz qaldım. Qarajdan çıxıb normal bir ev tutaraq kirayə qalmaq haqda planım da beləcə məhv oldu.

 

 

 

 

 

 

 

 

 

 

 

Bölmə : Manşet, Nəsr, Ədəbiyyat
KÖŞƏ YAZARLARI
TOP 10