“Qaranlıq səltənətin parlaq işığı” – Xəyalə Murad

37 Baxış

Без названия

Ötən ay mütaliə sıyahıma Rusiya dramaturgiyasının tarixində silinməz iz qoyan Aleksandr Nikolayeviç Ostrovskinin pyeslərini daxil etmişdim. Ard-arda oxuduğum, xəyalən canlandırdığım obrazları analiz edir, XIX əsr rus qadının necə yaşadığına dair məlumat toplayır, qadın psixologiyasını dərindən mənimsəməyə çalışırdım. “Cehizsiz”, “Tufan” dramları onun digər (“Yoxsulluq eyib deyil”, “Öz adamımızdır, razılığa gələrik”, “Qar qızı”, “Meşə” və s.) pyeslərindən fərqləndiyi və sonluq baxımından bir-birinə bənzədiyi üçün diqqətimi daha çox çəkdi. Belə ki, hər iki pyes qadın faicəsini özündə əks etdirir. Faciə nədir?

Həyatdakı barışmaz ziddiyyətlərdən, xarakterlərin, ehtirasların kəskin toqquşmasından və çox vaxt qəhrəmanın ölümü ilə nəticələnən əhvalatlardan bəhs edən dramatik əsərdir.

Bizim ədəbiyyat üçün M.F.Axundov, N.Vəzirov, H.Cavid, C.Cabbarlı nə əhəmiyyət kəsb edirsə, Ostrovski də rus xalqı üçün, rus dramaturgiyası üçün o dərəcədə vacib şəxsiyyətdir.

A.N.Ostrovski hələ məktəbli ikən bədii ədəbiyyatla maraqlanır, “Malıy” teatrının daimi tamaşaçısına çevrilir. Atasının təkidilə Moskva Universitetinin hüquq fakültəsinə qəbul olur. Lakin zamanla özünü bu sahədə görmədiyini anlayıb, üçüncü kursun əvvəlində universiteti tərk edir. Saysız-hesabsız tamaşaları izlədikcə (xüsusən M.C.Şepkin və P.C.Moçalovun çıxışına heyran qalırdı) ədəbiyyata olan sevgisi günü-gündən çiçəklənir, onu hekayə yazmağa vadar edir. O, çoxlu mütaliə edir, ədəbi mövzularda müzakirələr aparır, V.Q.Belinskinin məqalələrini oxuyurdu. İlk dəfə səhnələşdirilmiş pyesi 1852-ci ildə yazdığı “Özgəsinin xizəyinə oturma” adlanırdı. “Malıy” teatrında 1853-cü ildə tamaşaçıların ixtiyarına verilən bu pyes hər kəs tərəfindən sevildiyi üçün dəfələrlə nümayiş edilirdi. Beləliklə, 1853-cü ildən etibarən pyesləri səhnələşdiriməyə başlandı. Ostrovski dramaturq olaraq rus əsəbiyyatının tarixinə “Ailə rəsmi” (1846-47) ilə gəldi. İllər boyu bir-birinin ardınca müxtəlif pyeslər yazır, tamaşaçıları güldürərək düşündürməyi, ağladaraq heyrətləndirməyi bacarırdı. Aktyorların canlandıracaqları obrazı daha dərindən mənimsəmələri üçün məşqlərə gələr, onlara bəzi məsləhətlər verərdi:

“Yaxşı pyes tamaşaçılar tərəfindən bəyəniləcək, lakin obrazı lazımınca canlandırmadıqda uğursuz olacaq. Tamaşaçı teatra pyesin özünü öyrənməyə yox, aktyorun məharətli çıxışını izləməyə gəlir. Yoxsa ki, pyesi kağızdan oxumağa nə var?!”

 

Demokrat yazıçı

 

A.N.Ostrovski oxucu sevgisini 1849-cu ildə yazdığı və yalnız 1860-cı ildə səhnələşdirilən “Öz adamımızdır, razılığa gələrik” komediyası ilə qazandı. Yaradıcılığının növbəti mərhələsi Rus inqilabı nəticəsində yaranmış sosial yüksəliş dövrünə təsadüf edir. O, inqilabi demokratiklərlə yaxınlaşır. 1857-ci ildə, demək olar, bütün əsərləri “Sovremennik”də, o bağlandıqdan sonra “Oteçestvennıye Zapiski” qəzetində dərc olunub. N.A.Nekrasov, N.Q.Çernışevski, H.A.Dobrolyubov və b. ədiblərin tənqidi məqalələri Ostrovskinin yaradıcılığına müsbət təsir göstərir. O yazıçı, demokrat, həmkar idi. Dobrolyubov 1860-cı ildə “Qaranlıq səltənətin parlaq işığı” adlı məqaləsində yazır:

“Ostrovski obrazlarını yanlışları və doğruları ilə yaradır, münasibətlərinin həqiqi nəticəsini və bütün yaşananları parlaq rənglərlə təsvir edir”.

Dobrolyubovun fikrincə, Ostrovski əsil xalq yazıçısıdır. Yazdığı pyeslərin nəşrində dəfələrlə maneələrlə rastlaşmasına baxmayaraq, Ostrovski insanların mənafeyini müdafiə edir, yaradıcılığı vətənpərvərlik missiyasını yerinə yetirməklə bir tuturdu. Əsərlərində dövrünü – sosial ziddiyyətlərin dərinləşməsi, işçilərin ağır vəziyyəti, puldan asılılıq, qadın hüquqsuzluğu, ailə və sosial münasibətlərdə zorakılıq, özbaşınalıq və başqa bu kimi vacib problemlərini işıqlandırıb.

Ostrovski yaradıcılığının Azərbaycan dramaturgiyasının inkişafına təsiri

Azərbaycan ədəbiyyatında faciə janrının əsasını qoymuş, Azərbaycanda feodal-patriarxal quruluşa qarşı çevrilmiş maarifçilik hərəkatının genişlənməsində yaxından iştirak etmiş, dramaturq və yazıçı Nəcəf bəy Vəzirov tələbə ikən Ostrovskinin pyesini izləyib təsirlənmişdi. Eyni zamanda şair, dramaturq, Azərbaycan ədəbiyyatında romantizm cərəyanının nümayəndəsi Abbas Səhət də Ostrovski pyeslərindən təsirlənərək onun “Yoxsulluq eyib deyil” (1853) pyesinə iqtibas olaraq “Kasıblıq eyib deyil” (1912) adlı iki pərdəli mənzum pyes yazıb.

Ostrovski 1883-cü ildə Bakıya səfər edərkən Şərqdə ilk qızlar məktəbinin yaradıcısı, xeyriyyəçi, milyonçu H.Z.Tağıyevlə tanış olanda, onun zəkasına valeh olub. Xəzərin sahilində gəzib, Bakı küləyinin sərtliyinə təəccüblənib, Nobel fontanına tamaşa edib və dənizdən çıxan qazın necə yandığına heyrətlənib. Bakının gecə görüntüsünə heyran qalıb, onu Marsel kimi gözəl hesab edib.

Ostrovski pyeslərində qadın təsviri

 

Heç bir insanı istər ailədən, istərsə də cəmiyyətdən təcrid halında təsəvvür etmək mümkün deyil. Ostrovski öz pyeslərində qadınları ailədən cəmiyyətə, cəmiyyətdən ailəyə doğru təsvir edir. Bu yolla bizə XIX əsr rus qadınlarının cəmiyətdəki mövqeyinə dair hər cür xırdalıqları çatdırmış olur. Lakin yazdığı bir pyes digərini təkrarlamır. Məsələn, “Tufan” və “Cehizsiz” pyesləri eyni müəllif tərəfindən yazılsa da, fərqli cəmiyyətə, fərqli ictimai fikrə sahibdir.

Qadının ictimai rolu ailəsindəki mövqeyinə birbaşa təsir edir. Ailə – cəmiyyətin kiçik modelidir. XIX əsr rus qadını söz haqqına sahib olamamaqla yanaşı, valideynin təkidilə (hisləri nəzərə alınmırdı) ərə getməli, ərinin ailəsinin gündəlik həyat tərzini davam etməliydi. N.Q.Çernişevskinin, H.Nekrasovun, A.P.Çexovun yaradıcılığında qadının cəmiyyətdəki mövqeyi ailə qayğıları və evdarlıqla bağlı idisə, Ostrovskinin təsvirindəki qadın mənəvi faciəsilə, sevgiyə aclığı ilə seçilir.

Bəlkə də, Ostrovski qadın hislərini düşünən, pyeslərində ona lazımınca diqqət ayıran ilk rus dramaturqu idi. Düzdür, rus klassiklərindən Fonvizin və Qriboyedovun yaradıcılığına nəzər salsaq, onların da müsbət qadın obrazlarını təsvir etdiklərini görmüş olarıq. Ostrovski onlardan nəinki geri qalmır, hətta Qonçarovun təbirincə desək: “Düşündükləri kimi danışan və hərəkətə keçən” onlarla qadın obrazı yaradır.

A.N.Ostrovskinin qırxa yaxın pyesinin orijinal versiyasına nəzər salsaq, əsas qəhrəmanların kişi olmadığını fərq edərik. Düzdür, kişilər əsas qəhrəmanın taleyinə birbaşa təsir edir, amma əsas obraz kimi pyesdə əhəmiyyətli dərəcədə diqqət mərkəzində olmurlar. Onların yerinə – sevən, qayğı göstərən, zülm çəkən qadın obrazları baş qəhrəmanlardır. Müəllif əsasən ailədaxili münaqişəyə geniş yer ayırır və müasirlə keçmişin mübarizəsini təsvir edir. Güclü ilə zəifin, qoca ilə gəncin, “cəlladla qurban”ın qarşıdurması diqqətdən yayınmır. “Meşə” (komediya) və “Tufan” (dram) pyeslərində bu özünü daha qabarıq şəkildə büruzə verir. Məsələn, Kabanixa (“Tufan” dramında qayınana, evdə tək söz sahibi) baş verənləri hiss edir, lakin yenilikləri qəbul etməkdən üz çevirir, gəncləri “hər şeydən bixəbər gənclik” adlandırır, tez-tez “Kimin evində yaşlı insan varsa, həmin ev onun sayəsində var olur” deyə vurğulamaqla evdəki itirmək təhlükəsində olan mövqeyini bərpa etməyə çalışır. Kabanixa ailədə hər kəsi cidd- cəhdlə idarə etsə də, bəzən onları dinləyir, özünəməxsus tərzdə xeyriyyəçiliklə məşğul olur. Onun icazəsi olmazsa Katarina (“Tufan” dramının baş qəhrəmanı) süfrə başında yoldaşına bir kəlmə söz deyə bilməz. Yoldaşını uzaq səfərə yola salmaq üçün Kabanixanın göstərişini gözləməli, onun tələbilə göz yaşı axıtmalıdır. Ostrovskinin pyesləri arasında Kabanixaya bənzər qadın “Meşə” (1870) komediyasındakı əlli yaşlı Raisa Qurmışskaya (keçmiş mülkədarın dul xanımı) obrazıdır. Əslinə qalsa, “Meşə” komediyasında yaşlı və cavan (keçmiş və müasir) arasındakı münaqişə “Tufan” dramına nisbətdə bir qədər sadələşdirilmiş şəkildə təsvir edilib.

“Tufan” və “Cehizsiz” dramlarının oxşar və fərqli cəhətləri

 

Aleksandr Nikolayeviç Ostrovskinin yaradıcılığı çoxşaxəli – dram, faciə, komediya, dramatik xronikalar, müxtəlif ədəbi məqalələr, yaz nağılı, Moskva həyatından rəsmlər, kənd həyatından səhnələr və s. olması ilə seçilir. Bəlkə də, yaradıcılığının bu cür rəngarəng olması Ostrovskinin dövrümüzədək sevilməsinə, pyeslərinin müxtəlif teatrların səhnələrində dəfələrlə nümayiş olunmasına, əsərlərinə filmlər, nağılına cizgi filmi çəkilməsinə səbəb olub. Lakin şah əsərlərinin arasında “Tufan”(1859) və “Cehizsiz”(1878) dramları xüsusilə fərqlənir…

Yazının davamı “Ustad” jurnalının 17-ci sayında.

ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10