“Qar”anlıq – Xülya Cəfərova

38 Baxış

 fddd

Qaranlıqda edilənlər əvvəl-axır gün üzünə çıxacaq. “İncil”dən

Günəşin çoxdandır ki uzaq düşdüyü, arabir boylanmaqla kifayətləndiyi boz dünya qucağında qaynaşan qarışqaları tezliklə əzməyə hazırlaşır. Milyon illər boyu bədənində fırlanan, özünə yuva quran həşəratlar artıq onu qaşındırmağa başlayıblar. Öz çirkabından arınmaq istəyir. O, tezliklə qaşlarını çatacaq, silkələnib özünə gələcək və yuyunub tər-təmiz olacaq…

Torpaq qəfildən yaranan tıxacın səbəbini anlamaq üçün maşını saxlayır. Əvvəlcə arxaya çevrilib ora-bura boylanan qızlarına nəzər yetirir, sonra nə baş verdiyini anlamaq üçün bayıra çıxır. Bir anın içində prospekt yöndəmsiz şəkildə saxlanılan avtomobillərlə dolmuşdu. Kimisi maşının pəncərəsindən boylanır, kimisi Torpaq kimi bayıra çıxıb vəziyyəti anlamağa çalışır, kimisi də maşından enib dəli kimi qaçmağa başlayır. Təşvişə düşən Torpaq içəri girib nə baş verdiyini anlamaq üçün cəld danışan ekranı yandırır.

-Camaat niyə təşvişə düşüb?

-Üzr istəyirik, sualınız anlaşılmadı. Xahiş edi…

Torpaq yeniləmə düyməsini basıb bəxtini bir daha sınayır:

-28.01.2050 tarixi üçün son xəbərlər.

-28.01.2050 tarixində, saat 09:27-dən etibarən qar yağmağa başlayacaq.

«Ah!», – arxa oturacaqlardan «qar» sözünü eşidən kimi təşvişə düşən qızcığazların həyəcan nidası eşidilir.

-09:48-dən etibarən isə şiddətlənəcək. Şiddətli çovğunun bir həftə davam edəcəyi müəyyən edilib. Qeyri-iş günü elan edilir. Hər kəs evinə qayıtmalıdır. Bu, fövqəladə vəziyyətdir!

-Ata, tez evə gedək!, – balaca qızın qorxudan böyüyən gözləri Torpağı da həyəcanlandırır. Əlini uzadıb hər ikisinin saçlarını sığallayandan sonra, – «İndi gedirik. Narahat olmayın, uşaqlar! Ciddi bir şey deyil!», – deyir.

-Ata, necə ciddi deyil? 5 il əvvəl olanlar nə tez yadından çıxıb?!

Böyük qızın tənə dolu baxışlarından ürkən Torpaq «Vaxt necə də sürətli keçib gedir. Dünənə qədər konfetlə başını aldatdığım qızım indi yalanımı üzümə vurur», – deyə düşünür.

Məktəbə gedən yolu yenidən geri qayıdarkən, Torpaq ürəyinin ortasında sanki ağırlıq hiss edir. Əlbəttə, heç nə onun yadından çıxmayıb. 5 il əvvəl ilk «QARANLIQ» baş vermişdi. Torpaq həmin vaxta qədər «QARANLIQ» barəsində heç bir anlayışı olmadan insanların necə də xoşbəxt yaşadıqlarını xatırlayıb köks ötürür. O dövrə qədər «qaranlıq» dedikdə, gecə zülməti, işığın olmadığı məkan nəzərdə tutulurdu. Lakin 2045-ci ilin qışı hər şeyi kökündən dəyişdirdi. Artıq «QARANLIQ» yer üzünün hər bir nöqtəsinin bəmbəyaz qarla örtülməsinə deyilir. Əgər planetin hər bir künc bucağı, meşələr, dağlar, dərələr, okeanlar, ağacların yarpaqlarının hər iki üzü, gövdələrinin qırışları, binaların damları, bir sözlə, gözlə görünən hər şey ağ libasa bürünərsə, yer kürəsi öz yolunu azar, ard-arda təbii fəlakətlər baş verməyə başlayar və həmin libas planetimizin kəfəninə çevrilər.

Torpaq maşını qaraja salıb narahatlığını büruzə verməməyə çalışaraq qızları evə qoyur. Mühafizəçilər artıq qapının ağzını kəsdiriblər. «QARANLIQ» təhlükəsi yaranan kimi, 18 yaşını keçən hər kəs icbari əməyə cəlb edilir. Yolların, evlərin təmizlənməsinə başlanılır. Gecə-gündüz təmizlik işləri aparılır.

Maşından enəndə Torpaq qarın xeyli sürətləndiyini hiss edir. Lakin dərsdən yayınmağa çalışan tənbəl uşaq kimi mühafizəçiyə, “Hələ ki vəziyyət elə də ciddi görünmür”, – deyir. Maskanın burunla alın arasında qalan yeganə açıq yerindən fışqıran iri, domba gözlərinin qıyılmasına əsasən mühafizəçinin gülümsədiyi anlaşılır. «Yarım saat keçsin, gör necə olur!», – səs tonundakı kinayə Torpağın gülümsəmək barəsindəki nəzəriyyələrini təsdiqləyir.

Bir neçə saat sonra Torpaq da başa düşür ki vəziyyət xeyli ciddidir. Evlərin daxilində və xaricində quraşdırılmış monitorlardan davamlı şəkildə göstərişlər yağdırılır, mühafizəçilər bir-bir evləri gəzib hər kəsi işə cəlb edirlər, küçələrdə yalnız təcili yardım və hökümət maşınlarının səsi eşidilir. Hər kəs öz həyətinin, küçəsinin, yaşadığı binanın təmizliyinə görə məsuliyyət daşıyır. Ötən dəfə bu proses yalnız mühafizəçilərin və təmizlik işçilərin öhdəsinə buraxılmışdı. Texnika və işçi qüvvəsinin azlığı nəticəsində fəlakətlər baş verdikdən sonra, növbəti dəfə hər kəsin əməyindən istifadə olunması barəsində qərar verilmişdi. Bir sözlə, hər kəs dünyanı xilas etməyə borcludur.

Axşam saatlarından növbəli iş rejiminə keçilir. Yorğunluqdan güclə ayaqda dayanan Torpaq birbaşa qızlarının otağına gəlir.

-Yemək yemisiniz?

-Bəli, ata, – böyük qız deyir.

-Ata, daha bayıra çıxma, soyuqdur, – balaca qızın qorxusu gözlərindən oxunur.

-Siz yatın uşaqlar, narahat olmayın.

-Ata, n’olar, ölmə…, – balaca təkid edir, – «Sən də ölsən, biz neyləyərik?»

Qızının sözləri torpağın ürəyinə iynə kimi sancılır. İlk «QARANLIQ» həyat yoldaşını əlindən almışdı. Bəyaz şeytan bütün dünyanı bürüyən kimi başlayan silsilə faciələr milyonlarla insanın həyatına son qoymuş, dünya əhalisinin sayını xeyli azaltmışdı. Səma oksigen çatışmazlığından dünyasını dəyişənlərdən biri idi.

-Qorxma, qızım, sənin böyüyüb ağıllandığını görməmiş ölmək fikrim yoxdur. Düzü, o gün müəlliminin şikayətindən sonra ümidim üzülüb, amma görək də…

Balaca qız atasının məktəbdəki dəcəlliklərinə işarə etməsindən azca qızarsa da, gülümsəyir. Böyüyün üzündən isə bacısının fonunda daha ağıllı təsir bağışlamasından duyduğu məmnunluq açıq hiss edilir.

Növbəti gün çovğun xeyli güclənir. Planetin dörd bir yanında gecə-gündüz işlər gedir, lakin bununla belə uçan kameralar vasitəsilə əldə edilən görüntülər, kosmosdan çəkilən rəsmlər dünyanın ağarmaq üzrə olduğunu göstərir. Nə qədər çox iş gedirsə getsin, bəyazın zülməti qaçınılmaz görünür.

Üçüncü gündən etibarən iş rejimi daha da sərtləşdirilir. 18 yaşını ötən şəxslərə gündə cəmi 4 saat yatmağa icazə verilir. Artıq iş yeri sakinlərin öz evi, həyəti ilə məhdudlaşmayıb. Sakinlər şəhər, ölkə daxilində müxtəlif məkanlarda işə cəlb olunurlar. Evin, həyətin təmizliyi kimi xırda işlərlə isə məktəb yaşına çatmış uşaqlar məşğul olmalıdırlar.

Şəhərin mərkəzində işə cəlb olunan Torpaq çovğunda həyətdə işləyən qızlarına görə narahatdır. Yumruğunu sıxaraq, – «Bircə bu bir həftəni yola verək, hər şey düzələcək», – deyə özünə təskinlik verir.

Dörd və beşinci günlər əsl cəhənnəm əzabı kimi keçir. Havanın temperaturu – 48,6 dərəcədir. Torpaq «Kim deyir ki cəhənnəm qaynar oddan ibarətdir? Bu soyuqdan betər cəhənnəm olar?!», – deyə düşünür. Heç kəsin təyin olunduğu məkan xaricinə çıxmasına icazə verilmir. Torpaq şəhərin başqa bir hissəsində qısılıb qaldığı bir vaxtda, qızlarının ağır əməyə məcbur edildiyini təsəvvür etdikcə qəzəbdən dəliyə çevrilir.

Hirsini yalnız altıncı gün səhər tezdənə qədər boğa bilir. Mühafizəçilərin gözündən yayınmağa nail olur. Binaların arası ilə yavaş-yavaş evə tərəf irəliləyir. Cəmi bir neçə dəqiqə sonra uzaqlaşdığı tərəfdən gələn səs-küyə əsasən, mühafizəçilərin artıq onun qaçdığından xəbərdar olduqlarını yəqin edir. Bacardığı qədər sürətlə hərəkət edir. Mühafizəçilərin yaxınlaşdığını görən kimi gah evlərin, ağacların arxasına, gah da qar topalarının altına girib gizlənir. Yavaş-yavaş güclə hiss etdiyi bədən üzvlərinin idarəsini itirməyə başlayır. “Əgər qızlarım olmasaydı, çoxdan təslim olardım”, – deyə düşünür. Lakin dözməlidir! Evə gedib balalarını bərk-bərk qucaqlayıb onları sevgisi ilə isitməli, qorumalıdır! Əgər “QARANLIQ” dünyanı zəbt edəcəksə, qoy hamısını bir yerdə aparsın! Bircə yeganə yaşama səbəbi olan qızlarını ondan almasın!

Axşama yaxın Torpaq yolun xeyli hissəsini geridə qoyur. Lakin huşunu itirmək üzrədir. Bir az dincəlib özünə gəlmək üçün daldalanacaq yer tapıb oturur. Yol boyu gördükləri onu xeyli sarsıdır. Küçələrdə ölüb qalan insanların cəsədlərini gördükcə canına vəlvələ düşən Torpaq özünə cəmi bir neçə dəqiqə istirahət üçün icazə verir. Şaxta o qədər şiddətlidir ki, artıq bədən üzvləri soyuğu hiss etməkdən boyun qaçırır. Əlini qaldırıb maskasını düzəldəndə altda nəyinsə ovulub töküldüyünü hiss edir. Qalın əlcəklərindən birini çıxarıb əlini maskanın altına salır. Zənnində yanılmayıb. Ovulub tökülən burnunun uc hissəsidir. Görəsən tez-tez Torpağın uzun burnuna sataşan Səma onun indiki halını görsəydi bəyənərdi? Bu fikir ağlından keçən kimi Torpağın həm dodağına təbəssüm qonur, həm də gözləri dolur. Yaşlar yanaqlarındaca donub qalır.

Əhəmiyyət vermədən yoluna davam edir. Bir neçə saat sonra öz yaşadığı küçədədir. Həyətin qapısını açmaq üçün qırx dəqiqəyə yaxın vaxt sərf edir. Ətrafda mühafizəçilərin sayı xeyli azalıb. Torpaq «Deyəsən artıq hamı QARANLIĞA boyun əyib» deyə ağlından keçirir. Artıq hərə öz hayındadır. Yerdəki cəsədləri basıb keçənlər, onları işə cəlb etmək istəyən mühafizəçiləri bıçaqla, balta ilə hədələyənlər, ortaq düşməni – qarı unudub bir-birinin üstünə hücum çəkən mühafizəçilərlə sakinlər, qışqıran, vay-şivən qoparan uşaqların, qadınların səsləri Torpağı dəhşətə salır. «Yaxşı ki Səma bu günləri görmədi»,- deyə düşünür. Bir neçə gün öncə dünyanı xilas etmək arzusunda idi. İndi isə sadəcə qızlarının sağ olmağından başqa bir şey istəmir.

Qızlar həyətdə deyillər. Təşvişlə evə qalxır. Heç yerdə yoxdurlar. Evin yuxarı mərtəbəsindəki eyvana çıxır. Ətrafa boylanır. Yaxınlıqdakı məzarlıqda tərpənən iki kiçik qaraltını tanıyan kimi yerindən götürülür. Həyətdən kənara çıxdıqları üçün uşaqlara hirslənsə də, indi buna vaxt yoxdur. Əsas odur ki, sağ-salamatdırlar.

Torpaq birbaşa Səmanın məzarı üstünə yollanır. Böyük qızın hıçqırıqlarını eşidəcək, balacanın da başını anasının sinəsi üstünə qoyduğunu görəcək qədər yaxınlaşır. Böyük qız Torpağı görən kimi onun üstünə qaçır.

-Ataaa!

-Buradayam, qızım…

-Ata, vallah mən həyətdən çıxmamışdım. Birdən gördüm ki bacı yoxa çıxıb. Gəlib gördüm ki buradadır.

-«Keçdi, qızım, ağlama! Yanındayam! Daha heç yerə getməyəcəyəm», – Torpaq bu sözləri deyə-deyə beynində balacanın nəyə görə başını qaldırıb onun üstünə qaçmadığını götür-qoy edir.

-Ölüb, ata! O da ananın yanına getdi!

Torpağın nitqi quruyur. Uşaqdan aralanıb məzara tərəf gedir.

-Bütün gün deyirdi ki QARANLIĞın gəlməsinə icazə verməyəcək. Deyirdi ki anamla bir yerdə xilas edəcək bizi…

Torpaq uşağın məsum, balaca bədənini qaldırır. Heç bir həyat əlaməti yoxdur. Əlində balaca bir taxta parçası var. Bu taxta parçası ilə dayanmadan məzarın üstünü təmizləyirmiş. Hər kəs küçəni, evi, şəhəri, dünyanı təmizləməklə məşğul olarkən, bu məsum körpə təkcə məzarın üstünün qarla örtülməməsinə çalışırmış. Çünki bütün dünya qara bələnsə belə, təkcə anasının məzarı örtülməsə, QARANLIĞIN qarşısını ala bilərdi…

Yeddinci gün Səmanın məzarı da daxil, hər yer bəmbəyazdır. Bu ağ örtük milyonlarla cəsədi gizlədir, onlarla şəhəri tamamilə ağuşuna alır. Heç bir nəqliyyat, texnikadan istifadə mümkün deyil. Binaların əksəriyyəti göstəriş yağdıran monitorlarla birlikdə qara dəfn olunublar. Bəziləri isə kiçik təpələrə çevriliblər. Gecə baş verən zəlzələlər, qasırğalar, daşqınlar və digər fəlakətlər nəticəsində onlarla ölkə yerlə-yeksan olub, bəziləri tamamilə xəritədən silinib. Bütün dünya boş bir düzənliyə çevrilib.

Günəşin çoxdandır ki uzaq düşdüyü, arabir boylanmaqla kifayətləndiyi boz dünya qucağında qaynaşan qarışqaları əzəndən sonra nəhayət rahatlıq tapır. Milyon illər boyu bədənində fırlanan, özünə yuva quran həşəratlar artıq onu qaşındıra bilmirlər. Öz çirkabından arınıb. Artıq dünya tərtəmizdir…

Bölmə : Nəsr, Yazarlar, Ədəbiyyat
KÖŞƏ YAZARLARI
TOP 10