Qaranlıqla savaşıb, axşamları sevənlər üçün…  

292 Baxış

elxan 25Elxan Nəcəfov

Mən axşamları çox sevirəm. Hər gün gəlir və hər gün fərqli gəlir. Bəzən rəqs edərək gəlir, bəzən rəssam kimi gəlir. Bir də görürsən ki, sədası səmaya yayılan musiqi ifa edir. Axşamlar belədir. Siz də axşamları sevin!

Məsələn:

Günəş yavaş-yavaş dağların arxasında gizlənir. Gözəl bir qızın saçlarına düşən gün işığı kimi süzülə-süzülə “hələlik” deyərək gedir. Göy üzü qara donunu geyinib ulduzlu nişanlarını əyninə taxır. Bəli, yeni bir axşam başlayır. Yenə xəyala dalmaq, yuxu görmək zamanı. Soruşsalar ən gözəl zaman nə vaxtdır? – qəti tərəddüd etmədən “axşamlar” deyərəm.

Axşamların sizin üçün nə məna verdiyini bilmirəm. Qaranın duyğularınıza olan təsirini, ulduzların göz qırpması sizin üçün nə ifadə edir, onu da bilmirəm. Bildiyim budur ki, axşamlar mənim üçün tamam başqa bir zamandır. Onun duyğuları, onun xatırlatdıqları tamam başqadır. Həm gəlişi, həm də gedişi ilə məni düşündürür. Günəş batarkən göy üzü başqa bir rəng alır, çıxarkən başqa rəng.

Gecənin gəlişini həmişə görmüşəm. Həmişə də fərqli gəlib. Bir dəfə kədərli, bir dəfə gülərüz, bir dəfə şübhəli, bir dəfə inamlı. Amma hər dəfə sanki uzun ayrılıqdan sonra gəlirmiş kimi gəlib.

Bir dəfə özümə söz verdim ki, gecəni necə qarşılamışamsa, bu gün də elə yola salacam. Həmin gecəni Buzovna sahilində yola saldım. Dənizin saf sularına toxunan qızılı şəfəqlər təbiətin ən gözəl rəsm əsərini yaradırdı. Dostumun dediyi kimi, Günəş əvvəl gül çöhrəsini göstərdi, sonra sancılandı və sonra doğdu. Bəlkə də bu mənzərədir ki, biz Günəşin həmişə qadın obrazı kimi ədəbiyyatımızda təsvirini görmüşük.

Axşam bitib yerini al şəfəqli səhərə buraxdıqca, axşamın həzin duyğuları yorğan üstümüzdən yavaş-yavaş düşərcəsinə yox olurdu. Həmin anda da içimdə bir həyəcan yaşandı. Günəş gecə ilə gündüzün arasına girdi və öz növbəsində qalib gəldi. Mən yenə də axşamı bir gün uzunu səbirsizliklə gözləmək duyğusuna qapıldım. Bu niyə belədir, bilmirəm. Düşünürəm, düşünürəm bir neçə səbəb ola biləcəyini təxmin edirəm. Bəlkə axşamlar bütün ailə bir yerdə olur və həyatın bizə qismət etdiyi xoşbəxtliyi və bədbəxtliyi birlikdə yaşamağa məcbur edir deyə. Əgər bu deyilsə, ola bilsin, səhərlərin ən vacib işlərinin qərarını daha çox axşamlar veririk, ondandır. Ehtimallarımı uzun-uzadı sadalamayım. Axşamlar şübhəcildir. Unutqanlığı sevmir. Elə bir axşam yoxdur ki, insana yaxınlaşıb ondan gündüzün hesabını soruşmasın. Vay gündüzlər qara düşünənlərin halına. Bax o zaman axşamlar qara kabusdur. Narahat ürək döyüntüsüdür. Vahiməli yuxuların beşiyidir.

Gecədən qorxan insanlar çoxdur. Niyə insan gecədən qorxsun ki? Cavabı bu ola bilərmi? Gözəl xəyallar qurmurlar. Qara-qara düşüncələr içərisində savaşırlar. Hansı ki gözəl xəyallar qura bilsələr, gecələri iplə çəkərlər.

Bəli dostlar, axşamlar mənim üçün çox maraqlıdır. Siz də axşamları anlamağa çalışın. İnanıram ki, ulduzlar sizlərə də göz qırpacaqdır. Əslində axşamlar bütün pislikləri gizlətmək üçündür. Axşamın qaranlığı çox da qorxulu deyil, ən qorxulusu ürəyimizin qaranlıq olmasıdır.

 

 

 

 

KÖŞƏ YAZARLARI
TOP 10