Qardaşım Mübariz’in 50 illiyinә…

47 Baxış

nazim

Mübariz mәndәn kiçik qardaşım, anamın-atamın da, nәslimizin dә yaşca ikinci uşağı olsa da,әn böyük qardaşımdır. Dünyaya mәndәn 17-18 ay sonra gәlsә dә, birincidir, başbilәnimizdir, bizim quşağın ağsaqqalıdır, yükün ağırını daşıyanımızdır, xeyirdә-şәrdә hamımızın tәmsilçisidir, hәr yönü ilә örnәk olanımızdır… Yaddaşımı zorlasam da onun doğumunu (12 iyun 1969-cu ili) xatırlaya bilmirәm, amma 1971-ci ildә 89-90 yaşında vәfat edәn rәhmәtlik Mәşәdi Bәhlul babamızın (atamızın atası) son günlәrindә Mübarizlә birlikdә onun yanında oynadığımızı, babamın da bizә baxıb gözlәrinin son işığı ilә mutlu-mutlu gülümsәdiyini yaxşı xatırlayıram. 1882 doğumlu Mәşә-Bәhlul babam Әzizә nәnәmlә çox gec evlәndiyi üçün 55 yaşında (1937’dә) ata (Türkcә baba), 86 yaşında da (1968’dә) baba (Türkcә dәdә) olmuşdu. Hәyatının son üç ilindә bir-birinin ardınca iki oğlan nәvәsinin doğulması babamı hәdsiz sevindirirdi. Patriarxal (ataәrkil) ailә quruluşunun hakim olduğu Azәrbaycan’da daha çox oğul vә oğlan nәvә nәslin davamı demәkdi. Qәribәdir ki, tәkcә babam yox, nәnәm dә belә düşünürdü. Bu durum, cәmiyyәtin sosioloji bir gerçәyi idi vә tәkcә bizim ailә ilә sınırlı deyildi… Qızı olmayan (üç oğul atası) Mәşә-Bәhlul babam rәhmәtlik anamı sadәcә gәlini kimi deyil, qızı kimi dә çox sevirmiş. Üstәlik bu gәlin-qız ona iki oğlan nәvәsi doğmuş, onu bәxtәvәr qocalardan etmişdi… Belәcә, uzun ömürlü Bәhlul babam dünyadan köçәndә gözü arxada qalmırdı, o biri tәrәfә arxayın gedirdi…

Mәn anadan olandan bәri çox xәstә olmuşam, uşaqlığımın ilk illәri demәk olar ki, xәstәxana(lar)da keçib. 1968-1969-cu illәrin güclü zәlzәlәlәri zamanı mәni qorumaq üçün hәyәtimizdәki darabada (çörәk dolabında) saxlayıblar. Göydә Allah, yerdә hәkimlәr (Ordubadlı Raqib doxtur), rәhmәtlik Әzizә nәnәm, rәhmәtlik anam (Rübabә Hәsәn qızı), sәlamәtlik atam (Murad Bәhlul oğlu), әmilәrim; rәhmәtlik Hәsәn babam, sәlamәtlik Xavәr nәnәm, xalalarım, dayılarım әl-әlә tutaraq, çiyin-çiyinә verәrәk mәni ‘ölüm’ adlı addamacdan addadıb bu tәrәfә keçiriblәr. Bu gözәl insanlardan ölәnlәrә rәhmәt, qalanlara uzun ömür dilәyirәm… Belә bir güclü, mehriban vә hәr şeydәn önәmlisi halal ailәyә mәnsub olduğum üçün bәxtәyarların bәxtiyarıyam…

Mübariz – ikinci oğul, ikinci nәvә – mәndәn fәrqli olaraq çox hәrәkәtli, hәyat dolu, şәn-şaqraq, şuluqçu (dәcәl), son dәrәcә canayaxın, suyuşirin (simpatik) bir uşaq idi. O, üç-dörd yaşından bәri mәnim cangüdәnim, qoruyucum, arxam-dayağım olub vә bunu bir görәv kimi hәlә dә davam etdirir… Mәhlәdә, qonşu mәhlәlәrdә, mәktәbdә, kәnddә (özәlliklә payızda bağların qoruğunun pozulduğu günlәrdә) mәnә güldәn ağır söz deyәnlәrә, çırtmıq vuranlara dәrsini verәn dә, onları doğulduqlarına peşiman edәn dә Mübariz olub… Belәcә Mübariz ilә biz sadәcә qardaş deyil, hәm dә dost olmuşuq…

Mübariz ilә çoxu şirin, azı acı çox xatirәlәrim var… Ömrümün yarısından çoxu qürbәtdә keçdiyi üçün bu xatirәlәri balalara – Әrşada vә Altaya danışmışam. Onlar üçün әn gözәl, әn şirin vәtәn söhbәti – Mübariz әmilәri haqqında danışdıqlarım olub. Bәzәn saatlarca bu xatirәlәri dinlәmәk istәyiblәr, qır-saqqız olub mәni yorana, özlәri yorulana qәdәr danışdırıblar, bu xatirәlәri dinlәyәrәk yuxuya gediblәr (daha doğrusu getmişik). İndi dә bu xatirәlәri Asya balama danışıram… İstedadlı şair Salam Sarvan’ın “Hәr kәsin xatirә lövhәsi olsun, / Hәr kәs mismarlansın öz divarına!” sözlәri mәnim üçün bir az daha geniş anlamlıdır. Çünki mәn Mübarizin xatirә lövhәsinә dә mismarlanmışam ya da mәnim xatirә lövhәmdә mütlәq Mübariz dә vardır… Onlardan sadәcә birini danışmaq istәyirәm…

1985-ci ildә universitetә imtahan verib konkursa düşdüm vә 1986-cı ilin aprel ayında bizi әsgәrliyә apardılar. Köhnә SSRİ’nin ucqar nöqtәsinә – Primorskiy krayın vәtәndәn minlәrcә km uzaq bir şәhәrindә (Artyom), sonra qәsәbәsindә (Kneviçi), sonra da kimsәsiz bir stansiyasında (Xarol) 27-28 ay әsgәrlik etdik. Mәn әsgәrliyi bitirib vәtәnә qayıdanda (1988-ci ilin iyul ayında) Mübariz 8-9 aylıq әsgәr idi vә o vaxtkı Leninqradda (Sankt-Peterburgda) xidmәt edirdi. Sevdiklәrimdәn tәkcә onu görmәmişdim vә onun üçün burnumun ucu göynәyirdi. Әsgәrliyi bitirib kәndә gәldikdәn qısa zaman sonra Mübarizi görmәk üçün Leninqrada getmәk istәdim.

O günlәrdә Rusiyada qarışıqlıq var idi vә Azәrbaycana çox sayıda meyitlәr gәtirilirdi. Faili mәchul (qatili bәlli olmayan) cinayәtә qurban gedәnlәrdәn biri dә bizdәn bir yaş böyük olan uşaqlıq dostumuz vә qapı qonşumuz Adgözәl (hamı ona ‘Gözәl’ deyirdi) Mәhәmmәd oğlu Qasımov (1967-1988) idi. Rәhmәtlik Gözәlin faciәli ölümü (qәtli) hamını sarsıtmışdı vә rәhmәtlik anam mәnim Leninqrada getmәyimi var gücü ilә әngәllәmәyә çalışırdı. Mәn universitetә hazırlaşmaq bәhanәsi ilә Bakıya getdim vә oradan Leninqrada getmәk istәrkәn bu dәfә dә rәhmәtlik Arif dayım (tәbii ki anamın israrlı xahişi ilә) bu sәyahәti әngәllәdi. Belәcә Mübarizlә görüşmәyimiz 1990-cı ilin yanvar ayına qaldı… Dörd ilә yaxın (1986-ci ilin aprelindәn 1990-cı ilin yanvarına) hәyatımın әn hәsrәtli illәri olduğunu bütün varlığımla hiss etmişәm… Bu dörd ildә Mübarizin üzünü görmәmiş olmağım bir yana, sәsini dә eşitmәmişәm. Hәr halda indi onunla saatlarca davam edәn görüntülü telefon söhbәtlәrimizin sәbәbi bu ayrılıq illәridir…

Mübarizin әsgәrlikdәn vәtәnә qayıtması dövrә arkadaşlarından gec oldu. 1989-cu ilin noyabr ayında qayıtması gәrәkirkәn 1990-ın yanvarında әsgәrlikdәn buraxılması bir az da SSRİ-nin dağılma prosesi ilә әlaqәdardır. O günlәrdә SSRİ-dә etnik çatışmaların zirvәdә olduğu zamanlardı vә şübhәsiz ki, çoxmillәtli Sovet ordusu da bu münaqişәlәrin tәsir etdiyi yerlәrdәn biri idi… Mәn dörd ilә yaxındı ki, uşaqlıq dostum, qardaşım Mübarizi görmürdüm vә dәli olmaq üzrәydim. “Ruh adam” kimi dolaşırdım. Bakı Dövlәt Universitetinin tәlәbәsi idim vә sevdiyim fakültәdә oxuyurdum. Hәr gün dәrsdәn sonra o vaxtkı 28 Aprel, indiki 28 May metrosuna yaxın olan Bakı dәmiryol vağzalına gedir, Moskva qatarından enәn әsgәrlәrin haradan gәldiyini soruşur vә bәlkә Mübarizi dә tәsadüfәn tanıyarlar deyә onları sorğu-suala tuturdum. Mübariz isә gәlmirdi… Heç bir xәbәr dә yoxdu. Leninqradda yaşayan Rәcәb Muradov, Cәlil Mәmmәdov qohumlarımız-qonşularımız da bu işlә maraqlanır, amma bir nәticә almırdılar. Nәhayәt, o günlәrdә Udmurtiyada (İjevskdә) olan Şaman әmimә yalvararaq onu Moskvaya yönlәndirdim. Әmim oradan da Leninqrada Mübarizin dalınca gedәcәkdi. Qara әmoğlu ilә Şaman әmim Moskvadan çıxmadan öncә hәr ehtimala qarşı Kursk vağzalında bir elan verdirir vә Mübariz Murad oğlu Muradovu Mәlumat Bürosunun yanında gözlәdiyini söylәtir… Sәn demә Mübariz dә o sırada Bakya getmәk üçün Kursk vağzalında imiş. Mübariz on dәqiqә sonra әsgәr yoldaşları ilә Mәlumat Bürosunun yanına gәlir, Şaman әmim vә onu tәk buraxmaq istәmәyәn Qara әmoğlu ilә görüşüb qucaqlaşırlar…

Hәmin gün әmim mәnә Mübarizlә görüşdüklәrini, Moskvadan qatarla yola çıxacaqlarını xәbәr verdi… Mәn üç gün yata bilmәdim vә onların gәlmәsini gözlәdim. 09 ya da 10 Yanvar 1990 günü onlar Moskva-Bakı qatarı ilә gәlib Sumqayıtda qatardan enmiş vә rәhmәtlik Arif dayım gilә getmişdilәr. Mәn 8-ci mikrorayonun avtobus dayanacağından Arif dayım gilә qәdәr olan әn az 1 km mәsafәni yәqin ki, 5-6 dәqiqәyә qәt әdib onların 4-cü mәrtәbәdәki mәnzilinә çıxdım. Qapını döydüm vә dayım qızı 8-9 yaşlı Şәbnәmin “Kimdir?” sәsini eşitdim. Mәn “Şәbnәm, mәnәm!” deyib qapını döymәyә davam etdim. Şәbnәm qapını açdı vә qapının önündә artıq 1.80-1.85 boyunda olan qardaşım Mübarizi görüncә donub qaldım… Mübariz әyilib mәni qucaqladı, mәn isә ayaq üstә elәcә quruyub qaldım… Bir az sonra toparlanıb hıçqıra-hıçqıra ağlamağa başladım vә yavaş-yavaş özümә gәlәndәn sonra gördüklәrimin yuxu deyil, gerçәk olduğunu anladım. Biz o gecә sәhәrә qәdәr yatmadıq, Arif dayım gilin tәk otaqlı mәnzilinin kiçik mәtbәxindә Mübarizlә ikimiz söhbәt etdik… Ertәsi gün axşam Bakı-Şәrur qatarı ilә Şaman әmim vә ikimiz Ordubada getdik… Anam başımıza dolandı bir neçә gün. Sonra (14.01.1990) mәn Bakıya qayıtdım. Azәrbaycan qanlı 20 Yanvar hadisәlәrinin әrәfәsindә idi…

12 İyun 2019 – Mübarizin 50 yaşı tamam olur… Saçları ağappaq, içindәki cocuğu isә öldürmәyәn fәdakâr, mәtin, qürurlu, inadçı, namuslu, halal dostum, qardaşım… Sәni 1990-cı ilin 9 Yanvar günündәki kimi “qucaqlayıram!”

Kürşadımızın, Mәğrurumuzun, Muradımızın toyunda gözәl bir Tәrәkәmә oynamaq dilәyi ilә 50 yaşını tәbrik edirik…

 

“Qardaşım Mübarizin 50 illiyinә…” yazımıza yorum yazanlara ümumi cavab

 

“Qardaşım Mübarizin 50 illiyinә…” yazımıza münasibәt bildirәn, bu uzun vә yorucu yazını sәbrlә oxuyan, tәbrik mesajları göndәrәn hәr kәsә tәşәkkür edirәm. Uca Yaradan hamınıza yardımçı olsun!..

İmtahanların vә imtahan sonrası hesabatların (raporların) әn sıx zamanında olduğumuz üçün vaxt elәyib sizә cavab yaza bilmәmişdim. İndi hamıya (özәlliklә uzun vә isti yorumlar yazan müәllimlәrimә, dostlara, qohumlara…) xitabәn tәk cavabla kifayәtlәnmәk mәcburiyyәtindә qaldığımı bildirmәk istәyirәm.

Bu yazı hәr şeydәn öncә yurd-yuva, el-oba, qohum-qardaş, böyük ailә hәsrәti çәkәn bir qardaşınızın ürәk sözlәridir. Bizә sıradan (adi) kimi görünәn hadisәlәrә, nә vaxtsa deyilәn sözlәrә, gәlәcәk nәsillәrә nәql edilәn cümlәlәrә, ürәkdәn gәlәn alqışlara, psixoloji olaraq rahatlamaq üçün ağızdan qaçan qarğışlara… zaman vә mәkan mәsafәsindәn baxanda anlamları dәyişir, onları daha çox hiss edirsiniz…

Hörmәtli İsgәndәr (Әliyev) vә Hüseyn (Hәsәnli) müәllimlәrimin çox sәmimi vә isti münasibәti bu “gözәl yaddaş” vә “Bәhlul kişinin o yaşda övlad görmәsinin maraqlı fakt vә ibrәt olması” mәsәlәsinә bir-iki cümlә dә әlavә etmәyimin vacibliyini hiss etdim…

Hörmәtli İsgәndәr, Hüseyn, Hәsәn (Aliyev) müәllimlәrim vә Nәsimi Mәmmәdli, Zәki Bayram, Mahirә Gayibova, Adalet Teymurov, Rövşәn Abdullayev, Amil Hәsәnli, Sehran Rüstәmoğlu, Eldar Kәrimov, Arzuman Haciyev, Cavansir Abbasov, Rasim İslamov, Lәtif Babayev dostlarım, qohumlarım, әzizlәrim! (eyni zamanda qısa vә uzun tәbriklәri ilә, müxtәlif bәyәnmә işarәtlәri ilә bizi sevindirәn arkadaşlarım) Mәn oxuduğunuz yazıda bir ailә tablosu çizmәyә çalışmışdım. Heç nәyi abartmadan, idealizә etmәdәn – sizin çoxunuz bu ailәni yaxından tanıyırsınız onsuz da. Tәkcә öz ailәmizin yox, hәr bir ailәnin müqәddәsliyini, tarixi dәyәrini, mәnәvi-iqtisadi sәrhәdlәrә sahib kiçik bir dövlәt olduğunu vurğulamaq istәdim… Ailәnin sosyoloji tәrәflәrini, millәt inşasındakı rolunu öyrәnmәk istәyәnlәr Ziya Gökalpın vә Mәmmәd Әmin Rәsulzadәnin әsәrlәrini oxuya bilәrlәr.

Qazax Türklәrindә ailә münasibәtlәri bizdәn dә güclüdür. Yeddi cәddini tanımayan, әzbәr bilmәyәn bir Qazax yetim (soysuz anlamında) sayılır. Qazax akınları (aşıqları) sözә başlamadan öncә mütlәq yeddi cәddini saymalıdırlar ki, onları adam yerinә qoyub dinlәsinlәr… (Düşmәn, doqquzuncu oğuldan qorx! – Бойся, враг, девятого сына! filminә vaxt ayırıb baxın!…) Ayrıca onlarda qohum evliliyi dә yoxdur. Hәtta öz aullarından evlәnmәzlәr… Akınların sözә başlamadan öncә yeddi cәddini sayması retrospektiv (keçmişә doğru) bir hesabat, perspektiv (gәlәcәyә doğru) bir haqq iddiasıdır vә bir bütünlük tәşkil edir… Çünki söz deyәnin mütlәq bir soyu-kökü olmalıdır. Bu mәnada soyağacı (şәcәrә) – hәr ailәdә olması gәrәkәn bir “kitab” halına gәlmәlidir.

Yaxşı, mәnim dә –bir Azәrbaycan (eynәn bir Qazax) Türkü kimi – söz demәyә, sizin vaxtınızı almağa haqqım varmı?!..

 

Ailәmizin yaxın keçmişi haqqında bәzi qeydlәr…

Öncәliklә mәlumunuz olsun ki, bu qeydlәrin çoxunun qaynağı, atamın anası olan rәhmәtlik nәnәm Şәrifbәyli Әzizә Mәşdәsgәr qızıdır, Türklәrin dili ilә ‘Azize babaannem’dir (1917 – 2009). “Canlı tarix” ya da “şahidlәriylә, tanıklarıyla tarih”, çağdaş tarix araşdırmalarında da önәmli incәlәmә metodlarından sayılır. Әslindә hәr evdә belә bir canlı tarix qaynağı vardır. Onların fәrqindә olmamışıq ya da deyilik…

“Söz uçar, yazı qalar!” hәqiqәtindәn hәrәkәtlә Әzizә nәnәmdәn dinlәdiyim yüzlәrlә hadisәdәn bir neçәsini (ailәmizlә bağlı olanlardan bәzilәrini) yazıram. Hәlә ki, fәzadakı sәslәri yaxalayıb deşifrә edәn texnologiya yoxdur qorxusu ilә bunları yazıram. Dünyadır da… (amma o texnologiya olacaq vә biz Füzulinin öz sәsindәn ‘Mәni candan usandırdı…’ qәzәlini dinlәyәcәyik. Axı enerji itmir…)

Atamın atası Mәşәdi Bәhlul babam 1882-ci ildә anadan olub. Onun atası Mәşәdi Murad babam (atam Muradın babası Murad kişidir. Üstüpü kәndindә onun adını daşıyan yerlәr dә olub – Mәşә-Murad demisi – rәhmәtlik Kamal Abdullayevin vә bizim Bәhlul Muradovun Xoşgәlindәki ev vә hәyәtyanı sahәlәrinin olduğu yer) 1905-1911 illәrdәki qanlı hadisәlәr zamanı ermәnilәr tәrәfindәn qәtl edilib. Ermәnilәr bizim kәndin (indiki Ordubad rayonunun Üstüpü kәndi) camaatını kәnd mәscidinә toplayıblar, mәscidin qapı-pәncәrәsini bağlayıb mәscidi yandırıblar. İnsanlar tüstüdәn boğulub ya da diri-diri yanıb kül olublar. Mәşәdi Murad babam o sırada bir neçә nәfәrlә çöldә olub. Ermәnilәr onları da Ülәbindә güllәlәyiblәr (Ülәbin kәndimizin sağ yәni qәrb tәrәfini tәbii bir qala kimi qoruyan Ülüs dağının әtәyindәki bir parçasıdır. Biz “Üstüpü”, “Ülәbin” yer adlarının [toponimlәrinin] “Ülüs” adından törәdiyini, bu adla әlaqәli olduğunu yazmışdıq daha öncә (o yazıya da ilk münasibәt bildirәnlәrdәn biri hörmәtli İsgәndәr müәllim idi). ‘Üstüpü’nün ‘Ülüs tüpü’ sözündәn [Ülüs dibi / Dağ dibi / Yüksәklik dibi mәnalarında] tәsәrrüf edilәrәk elliptik yolla yarandığını düşünürük. ‘Ülәbin’ dә bizә görә ‘ülüs binә ya da ulu binә’nin qısaldılmış halıdır. Kәndimizdә ‘bin / binә’ komponentli başqa yer adları da vardır: Ağbin vs.). Bәhlul babam öz atasının meyidini gecә ikәn dalına alıb (kürәyinә mindirib), gizlicә gәtirib kәnd qәbiristanlığında dәfn edib.

Mәşәdi Murad babamın böyük oğlu Mәşәdi Bәhman әmim olub vә qәbri Balakәndәdir. Onun qızı rәhmәtlik Şamama әmqızı hәyatının sonuna qәdәr yay aylarında gәlib kәnddә bizdә qalardı. Mәşәdi Bәhman babamızın (ya da әmimizin) qızı Şamama әmqızıdan olan nәvәlәri İsa vә Nadir әmoğlu da haqq dünyasına qovuşublar. Onların Bakıda, Türkiyәdә yaşayan uşaqları, nәvәlәri ilә indi dә әlaqәmiz vardır.

Mәşәdi Bәhlul babamın Şәki, Zaqatala, Balakәn macәrası da daha çox böyük qardaşı rәhmәtlik Bәhman babamla (әmimizlә) әlaqәdardır. Bәhlul babam Şәki (Nuxa) ipәk fabrikindә işlәyәrkәn Züleyxa adlı bir qızla evlәnib. Züleyxa nәnәmiz çox gözәl bir qadın imiş. Bәhlul babam Mәşhәdә imam ziyarәtinә gedәrkәn onu çox gur olan Araz çayından kürәyinә mindirib o taya (güneyә) keçirәn dә Züleyxa nәnә olub. Babamın Züleyxa xanımdan İdris adlı bir oğlu da olub. Bir dәfә necә olubsa (әslindә onu da Әzizә nәnәmdәn dinlәmişik, amma yazıb vaxtınızı almaq istәmirәm) babamla Züleyxa nәnә arasında sәrt bir tartışma olub (dalaşıblar). İnadçı Züleyxa nәnә balaca oğlunu (İdris әmimi) dә götürüb evdәn çıxıb vә onu bir daha görәn olmayıb. 1937 doğumlu sәlamәtlik atam (Murad Bәhlul oğlu) böyük qardaşı İdris әmimi illәr boyunca axtardı amma tapa bilmәdi… İnşallah nәslimizin İdris әmimdәn olan yarısı da harada isә ömür sürür… Onlarla da görüşüb qucaqlaşacağımızı hiss edirәm…

Mәşәdi Bәhlul babamın -Hüseyn müәllimi dә heyrәtlәndirәn- gec evliliyi daha çox bu sarsıdıcı hadisә ilә әlaqәdardır… Babam öz xanımını vә oğlunu uzun illәr axtarıb, amma tapa bilmәyib… Ailәsi (özәlliklә dә Әzizә nәnәmin ‘Cavahır Ana’ dediyi ögey anası vә Bәhlul babamın da bacısı olan Cәvahir bibimiz) çox sıxışdırsa da Bәhlul babam yenidәn evlәnmәk istәmirmiş. Hәtta bu basqılardan qurtulmaq üçün bir müddәt dә Azәrbaycandan Hәştәrxana gedib, orada yaşayıb vә işlәyib. Bu tarixlәri ilbәil dәqiq bilmәsәk dә 20-ci әsrin başları olduğunu tәxmin edirәm. Nogay vә Tatar Türklәrinin qәdim yurdu olan Hәştәrxanda (Hacı Tarhanda) Azәrbaycanlıların güclü qrupları (diasporu) olub. Hәtta orada böyük şairimiz Mәhәmmәd Hadinin bibisinin әri Mustafa Lütfi İsmailov (Şirvanski) tәrәfindәn “Bürhan-i Tәrәqqi” adlı bir qazet dә çıxıb (1906-1911). Hadi dә o qәzetdә işlәyib. 2006-cı ildә İzmirdәki tәlәbәmiz Sәlcuq Altuntaş Ege Universiteti Sosial Bilimlәr İnstitutunda (İzmirdә) bizim elmi rәhbәrliyimizdә 200 sәhifәlik bir yüksәk lisans (magistr) tezi dә hazırladı bu qәzet haqqında… Әziz dostum, mәşhur Hadişünas, İstanbuldakı Marmara Universitetnin müәllimi Mehdi Gәncәli’nin Hadi haqqındakı kitabında da bu qәzet üzәrinә geniş mәlumat vardır…

… Mәşәdi Bәhlul babam ilә Әzizә nәnәmin kәbini 1929-ci ildә kәsilib. O vaxt babamın 46-47, nәnәmin isә cәmi 12 yaşı var imiş… Heç kimә qәribә gәlmәsin bu evlilik. Nәnәm bu nikah haqqında ömrü boyunca saygı ilә danışardı. Çünkü babam tam 8-9 il bu gәnc vә yetim qıza toxunmayıb, hәtta ona oyuncaq alıb… Әzizә nәnәmin anası Şәrәfcahan nәnәmiz (hörmәtli Fәtalı dayoğlunun – milli vә dәyәrli ziyalımız, hamının çox sevdiyi Fәtәli Ağayevin atası Әsgәr dayımızın da anası) 1918-ci ildәki Qaçaqaç’da ermәnilәr tәrәfindәn Araz çayının quzey sahilindә güllәlәnib. Şәrәfcahan nәnәmizin babaları әslәn Әrdәbilli olan, Quzey Azәrbaycana (Qarabağın Zәngәzur vә Qafan bölgәsinә) köçәn ailәlәrdәndir. Mәrhum prezidentimiz Әbülfәz Elçibәyin dә soyu Әrdәbil (Güney Azәrbaycan) – Xudafәrin körpüsü – Quzey Azәrbaycan (Cәbrayıl qәzası) – Aran Qarabağ – Zәngәzur – Qafan (bizim bölgә dilindәki adı ‘Qarabağ’) – Ordubad – Kәlәki xәttindәn gәlir vә o xәtt şәrqdәn qәrbә doğru hәrәkәt edir. Üstüpü dә bu xәttin quzeybatı yolundakı (yönündәki) dayanacaq nöqtәlәrindәn biridir (bu xәtt üzәrindәki yerlәrin vә o yerlәrdә yaşayan insanların bir-biri ilә tarixi-sosial әlaqәsi haqqında geniş mәlumat almaq istәyәnlәr Mәmmәd Sәid Ordubadinin ‘Qanlı Sәnәlәr (Qanlı İllәr)’ kitabına, dәyәrli müәllimim vә dostum Prof. İsmayıl Musayevin ‘Azәrbaycanın Naxçıvan vә Zәngәzur bölgәlәrindә siyasi vәziyyәt vә xarici dövlәtlәrin siyasәti – 1917-1921-ci illәr, Bakı Dövlәt Universiteti, Bakı, 1998’ tәdqiqat әsәrinә baxa bilәrlәr…)

Rәhmәtlik Әzizә nәnәm Kәlәkidәki ya da Unusdakı bir yas mәclisindә ӘBÜLFӘZ BӘYin anası rәhmәtlik Mehrinisә xanımla tanış olub vә yuxarıda qısaca söz etdiyim bu Әrdәbil – Kәlәki – Üstüpü köç yolu haqqındakı söhbәti onunla da edib. Әbülfәz Bәyin anası Mehrinisә xanım Şәrәfcahan nәnәmizin ailәsini yaxşı tanıyırmış. İndi Ordubadın Әylis kәndindә yaşayan vә Kәlәki ilә sıx әlaqәsi olan Şәrәf (Cahan) dayqızımız bu haqda daha çox mәlumat sahibi olmalıdır mәn bilәn…

Tәkrar 1918-ci ilә – Qaçaqaç hadisәsinә qayıdaq… Qeyd etdiyim kimi, Әzizә nәnәmin anası Şәrәfcahan nәnәmiz 1918-ci ildәki Qaçaqaçda ermәnilәr tәrәfindәn Araz çayının quzey sahilindә güllәlәnib. Anasının qucağında olan 1 yaşlı südәmәr körpә Әzizә nәnәm öldürülmüş anasının döşünü әmirmiş… Vәhşicә qәtl edilmiş bacılarının meydini oradaki yüzlәrlә ölünün içindәn tapan qardaşlar (nәnәmin dayıları) öz bacılarını aparıb Culfanın Yaycı kәndindә dәfn edib vә bacılarını 1 yaşlı körpәsini ölümdәn xilas ediblәr. Belәcә Әzizә nәnәm 1 yaşından anasız qalıb. Atası Mәşdәsgәr (Mәşәdi Әsgәr) bәy dә nәnәmin ögey anası vә gәlәcәk baldızı Cәvahir nәnә ilә yenidәn evlәnib. Әzizә nәnәm onu öz anası bilib (hәr zaman rәhmәtlә yad edirdi – hәm analığından, hәm baldızlığından). Cәvahir nәnә dә qızlığı Әzizә nәnәmi halal, tәmiz, namuslu vә saf bir kişi ilә – öz qardaşı Bәhlul babamla evlәndirib.

1882 doğumlu Bәhlul babamla 1917 doğumlu Әzizә nәnәm 1929-cu ildә kәbin kәsdirsәlәr dә onların ilk övladı olan sәlamәtlik atam Murad Bәhlul oğlu 1937 doğumludur. Nәnәm atamı dünyaya gәtirәndә 20, babam isә 55 yaşında imiş. Onların ikinci övladı olan sәlamәtlik Bәhman әmim (Bәhman Bәhlul oğlu) 1941 doğumludur. Demәk ki, Bәhman әmim anadan olanda Әzizә nәnәm 24, Bәhlul babam da 59 yaşında imiş. Әzizә nәnәm arada hәyatdan şikayәtlәnib deyinәndә deyirdi ki, “Bizim Zeynәb adlı bir qızımız da oldu, amma Allah onu әlimizdәn alıb mәni bәdbәxt elәdi. Anam yox! Bacım yox! Qızım yox! Mәn niyә yaşayıram?!..” Zeynәb bibimin körpә ikәn vәfat edib ata-anasını qızsız, qardaşlarını bacısız, bizi dә bibisiz qoyması nәnәmi ömrü boyunca sarsıtmağa davam etdi. Uzun ömürlü, sağlam vücudlu Әzizә nәnәmin en böyük dәrdi isә qardaşı Rәhimin (doğum tarixi 1915 – ölüm tarixi ????) İkinci Dünya Savaşına gedib qayıtmaması idi. Nәnәm son nәfәsinә qәdәr Rәhim dayımızın yolunu gözlәdi. Qardaşının yaşadığına inandı. O, müharibәyә gedәndәn sonra doğulan iki oğluna da, sonralar isә sәkkiz oğlan nәvәsinә dә ‘Rәhim’ adı qoyulmasına razı olmadı. Rәhim dayının gәlib onun adını daşıyan bir bacoğlusu ya da bacınәvәsini görәrsә “demәk ki, mәni ölmüş bilirmişsiniz!..” deyәcәyindәn qorxdu…

Babamla nәnәmin sonbeşiklәri olan sәlamәtlik Şaman әmim isә (Şәmsәddin Bәhlul oğlu) 12 mart 1948 doğumludur. Demәk ki, Şaman әmim doğulanda Bәhlul babamın 66, Әzizә nәnәmin isә 31 yaşı olub. Mәşәdi Bәhlul babamın indi-indi mәnasını sosioloji yöndәn anlamağa başladığım bir sözünü (әslindә isә söylәmini, cümlәsini – alqışını, әzizlәmәsini) sizlәrlә paylaşmaq istәyirәm. Rәhmәtlik babam üç övladını – üç qardaşı göstәrib mutu-mutlu deyirmiş ki: “Murad – atamdır! Bәhman – qadamdır! Şaman – balamdır!” (Tәbii ki, babam ilk balası İdris әmimi dә unutmamışdı…) Demәk ki, insanın 55 yaşında da ataya, 59 yaşında da böyük qardaşa, 66 yaşında da övlada ehtiyacı var… Vә bir insan öz övladına istәdiyi bir adı qoya bilmәk üçün 55 yaşında da ata olsa atasının adını, 59 yaşında da ata olsa böyük qardaşının adını qoyduqdan sonra 66 yaşında “artıq atayam…” deyib sevdiyi adı qoya bilәrmiş…

Mәşәdi Bәhlul babam ermәnini niyә yüksәk divardan aşağı atdı? (Bu gerçәk hekayәni kәndin ağsaqqallarından rәhmәtlik İbrahim Baxşı oğlu Muradovdan – qudası İntiqam xaloğlunun evindә şәxsәn dinlәmişәm).

Ordubadın Üstüpü kәndi ilә bir vaxtlar ermәnilәrin dә yaşamış olduğu Çәnnәb kәndi bir-birinә qonşudur. Ermәnilәrlә münasibәtlәrin gәrgin olmadığı vaxtlarda, iki kәndin camaatı özәlliklә inşaat işlәrindә bir-birlәrinә kömәk edirmiş. Uzun bir yay günündә (üstәlik Ramazan yәni orucluq ayında) Mәşәdi Bәhlul babam bir ermәni evinin inşaatında fәhlә işlәyirmiş. Onlar yüksәk divarın üstündә ikәn Sәrkis adlı sәrxoş bir ermәni dә heç ara vermәdәn babama sataşırmış: “Mәşәdi, niyә oruc tutursan? Heç olmasa qışda tut orucu, bu uzun yay günündә oruc olar? Yemәk yemirsәn, bәs su da içmirsәn? Barı tut arağı iç! Siz musurmannar niyә sünnәt olursunuz? Sünnәt edilәndә … nә qәdәr kәsirlәr? Kәsik şeylә o işi necә edirsiniz?!..” kimi gic-gic suallarla babamı bezdirir. Babam onu vә onlarla işlәyәn digәr ermәnilәri bir neçә dәfә uyarır, onlara xәbәrdarlıq edir. Digәr ermәnilәr dә Sәrkisi sәrt dillә uyarsalar da Sәrkis heç kimi dinlәmir. Babam son dәfә deyir ki, “Sәrkis, mәni hәfsәlәdәn çıxartma, sәbrimi yoxlama!.. Keçinin әcәli çatanda buynuzunu çobanın dәyәnәyinә sürtәrmiş…” Sәrkis yenә söz dinlәmir vә babama sataşmağa, başqa sözlәr dә demәyә davam edincә güclü-qüvvәtli babam onu qolları üstә qaldırıb yüksәk divardan aşağıya atır… Sәrkis ağır yaralaır. Babamı da tutub Ordubad milis şöbәsinә aparırlar. Milis rәisi yaxşı adam olur. Babamdan soruşur ki, hadisә necә olub? Babam olanları deyir, rәis inanmır. Әn sonda deyir ki, “Mәşәdi, mәn ölüm, düzünü de!” Babam da ona cavabında deyir ki, “Sәn ölüncә (ölәcәyinә anlamında) Sәrkis ölsün, bir dә Aram!” Rәisi gülmәk tutur, soruşur ki “Mәşәdi, Aram kimdi?” Babam da deyir ki, “Qurumsaq Sәrkisin oğlu!” (Çәnnәbli Aram müәllim oldu sonralar…)

Rәis bir sәnәd hazırladır. Ermәni sәrxoş halda divar üzәrindә işlәdiyi üçün başının döndüyünü vә yıxılıb yaralandığını sәnәdә yazdırır. Babam da hәbsdәn qurtulur…

 

Cәfәrxanlılar – Cәfәrxanovlar – Muradovlar – Cәfәrxanlılar…

Rәhmәtlik Mәşәdi Bәhlul babamın Ordubadın Üstüpü kәndindәki mәzarında kril әlifbasıyla bu sözlәr yazılıb: “Cәfәrov Mәşәdi Bәhlul Mәşәdi Murad oğlu —1882 – 1971 — Övladlarından xatirә. Ruhuna fatihә” Mәn babamın pasportunu da görmüşәm, soyadı Cәfәrov, milliyәti dә Türk yazılmışdı. Әslindә isә bizim nәslin (tayfanın) adı Cәfәrxanlılar’dır… (ömür vәfa etsә bir gün Cәfәrxanlılardan da yazarıq). Cәfәrxan kişi – ulu babamız olub. Biz onun oğlu Mәmmәdin oğlu Muradın oğlu Bәhlulun soyundan gәlirik. Әslindә isә familiyamız (soyadımız) ya Cәfәrxanlı, ya da Cәfәrxanov olmalı idi (qardaşım Rüfәtin vә uşaqlarının soyadı Cәfәrxanlıdır. Mübarizin böyük oğlu Kürşad da Cәfәrxanlıdır. Qardaşım uşaqlarından Cәfәrxanlı soyadını daşıyan başqaları da vardır. Mәnim BDU-dakı tәlәbәlik illәrindә bilinәn soyadım da Cәfәrxanlı idi, rәsmi soyadımı isә dәyişdirә bilmәdim vә Muradov qaldı. Hәtta Prof. Nizami Cәfәrovun elmi rәhbәrliyindә hazırladığım elmi işimdә dә soyadım Muradov (Cәfәrxanlı) olaraq qeyd edilib.

Mәşәdi Bәhlul babam da öz soyadını Cәfәrxanlı vә Cәfәrxanov yazdırmaq istәsә dә Sovet hökümәti icazә vermәyib vә belәcә Cәfәrxanov yerinә Cәfәrov yazdırmağa mәcbur olub. ‘Cәfәrov’ soyadı isә bir neçә il sonra yәni 1937-ci ildә Muradov soyadı ilә dәyişilib. Belәcә yeni soyadımızın ilk daşıyıcısı da Mәşәdi Murad nәvәsi atam – Murad Bәhlul oğlu Muradov olub vә bu silsilә bu gün dә davam edir.

Soyağacımız (şәcәrәmiz) isә Murad Muradov, Bәhman Muradov vә Şәmsәddin (Şaman) Muradov qardaşlara vә onların oğlan övladlarına görә belәdir (bu soyağacının sxematik vә qızların -bacımın vә әmilәrimin qızlarının, onların övladlarının da olduğu geniş variantı da vardır):

… Cәfәrxan baba – Mәmmәd baba – Mәşәdi Murad baba – Mәşәdi Bәhlul baba – Murad (atam) – (Muradın vә Rübabәnin uşaqları) Nazim – Mübariz – Ceyhun – Rüfәt – Vüsalә – Dövran

… Cәfәrxan baba – Mәmmәd baba – Mәşәdi Murad baba – Mәşәdi Bәhlul baba – Murad (atam) – Nazim Murad oğlu – Nazimin uşaqları: Әrşat Turan – Altay – Asya

… Cәfәrxan baba – Mәmmәd baba – Mәşәdi Murad baba – Mәşәdi Bәhlul baba – Murad (atamız) – Mübariz – Mübarizin uşaqları: Kürşad – Mәğrur – Murad

… Cәfәrxan baba – Mәmmәd baba – Mәşәdi Murad baba – Mәşәdi Bәhlul baba – Murad (atamız) – Ceyhun – Ceyhunun uşaqları: Yağmur – Atabәy

… Cәfәrxan baba – Mәmmәd baba – Mәşәdi Murad baba – Mәşәdi Bәhlul baba – Murad (atamız) – Rüfәt – Rüfәtin uşaqları: Filiz – Rübabә

… Cәfәrxan baba – Mәmmәd baba – Mәşәdi Murad baba – Mәşәdi Bәhlul baba – Murad (atamız) – Dövran – Dövranın uşaqları: Cәfәrxan (Vüsal) – Cәsur

 

… Cәfәrxan baba – Mәmmәd baba – Mәşәdi Murad baba – Mәşәdi Bәhlul baba – Bәhman (әmim) – (Bәhmanın vә Rәnanın uşaqları) Könül – Ruhiyyә – Elnur – Elnurә

… Cәfәrxan baba – Mәmmәd baba – Mәşәdi Murad baba – Mәşәdi Bәhlul baba – Bәhman (әmim) – Elnur – Elnurun uşaqları: Bәhman – Rәna – Aysu

 

… Cәfәrxan baba – Mәmmәd baba – Mәşәdi Murad baba – Mәşәdi Bәhlul baba – Şaman (әmim) – (Şamanın vә Arifәnin uşaqları) Bәhlul – İfadә – Bәhruz – Xәyalә – Әzizә

… Cәfәrxan baba – Mәmmәd baba – Mәşәdi Murad baba – Mәşәdi Bәhlul baba – Şaman (әmim) – Bәhlul – Bәhlulun uşaqları: Bәhruzә – Gülşad – Turqut

… Cәfәrxan baba – Mәmmәd baba – Mәşәdi Murad baba – Mәşәdi Bәhlul baba – Şaman (әmim) – Bәhruz – Bәhruzun uşaqları: Şaman (Şәmsәddin) – Xumar

 

Üstüpüdә qardaş sevgisinә mükәmmәl bir örnәk… (Arzuman Fәrәc oğlu Hacıyevin yazımıza bildirdiyi münasibәtә -onun doğma babası üzәrindәn cavab):

Üstüpüdә rәhmәtlik qonşumuz Hacıyev Hacı Mәşәdi Fәrәc oğlu (Mayor Hacı) ağır xәstә idi. İkinci Dünya Savaşında böyük bir döyüş yolu keçmiş vә ağır cәbhә şәrtlәrindә amansız xәstәliyә – sәhv etmirәmsә xәrçәngә yaxalanmışdı… Hacı dayı bu xәstәlikdәn qurtula bilmәdi vә 1970-ci illәrin ilk yarısında cavan deyilә bilәcәk bir yaşda vәfat etdi (Allah onun gәnc yaşda vәfat edәn övladları – Fәrәc vә İlqar Hacıyev qardaşlara da qәni-qәni rәhmәt elәsin!). O, vәfat etdiyi anda mәhlәdә böyük bir şivәn qopdu. Hamı ağlaşırdı. Hacı dayının qızlarından Qumru bacının “Әmiiii! Aaayy әmiiii!” fәryadı hәlә dә qulaqlarımdadır… Rәhmәtlik anamdan soruşdum ki, “Qumru bacı Hacı dayının öz qızı deyil? Niyә atasına әmi deyir?” Anam da dedi ki, “Hacı dayının qardaşı olmadığı üçün uşaqları ona әmi deyir… O özü belә istәyib…”

Mәn bu hәsrәt dolu qardaş sevgisini vә anamın cavabını hәlә indi-indi başa düşmәyә başlayıram…

 

Hәr kәs dәyәr verә bildiyi qәdәr (ölçüdә) dәyәrlidir

Dәyәrli dostlar vә Nәsimi bәy qardaşım, biz (o taylı – bu taylı Azәrbaycanın tamamı) bu dәyәrlәrә sahib ikәn onların fәrqindә olmamağımız günahdır. Fәrqindә olanlar da bu milli-mәnәvi dәyәrlәri tәbliğ etmәli, yazıb gәnclәrә çatdırmalıdır mәncә. Biz – sәn demişkәn – “nostaljik duygularla” onlardan bir neçәsini qәlәmә almağa çalışdıq… Dәyәr verib oxuyanlar sağ olsun – Hәr kәs dәyәr verә bildiyi qәdәr (ölçüdә) dәyәrlidir

Hamınız dәyәrli olun, var olun, sonra da… nur olun!..

Bölmə : Manşet
ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10