Qarışqalar – Sevinc Elsevərdən yeni şeir

21 Baxış

sevinc elsever

Hafizə nənənin xatirəsinə…

kədərli evlərə
hücum çəkər qarışqalar
kədərli və yoxsul evləri işğal edərlər
kədərli uşaqların şəkərlərinə daraşarlar
tənha və yorğun qocaların
sandığına doluşarlar
xəstələrin yuxusuna
unudulmuş ölülərin
qəriblərin məzarına
yığışarlar
şirini sevməkləri yalandır
dərdi, acını axtarıb taparlar hər yerdə qarışqalar…
anamın yaşlı nənəsini xatırlayıram
konfetə daraşmış qarışqaları görəndə
tez-tez bizə gələrdi
qarışqa daramış konfetlərlə
bəy qızı olmuşdu ulu nənəm
qızıldan kəmər bağlamışdı bir zamanlar
başına qızıldan tac qoydurmuşdu atası
bəy atasını, bəy qardaşlarını damlamışdılar
sürgün etmişdilər
kədərini bürüb-büküb toxuduğu xalılarda gizləmişdi ulu nənəm
toxuduğu xalılarla ayaqda qalmış
müharibədən çıxmışdı
xəstə və yorğun anasıyla
“harda gizlədirəm, qarışqalar yenə tapır” –
soyduğumuz konfetlərin arasından qarışqalar töküləndə
deyinərdi pərt olaraq…
qarışqaları çırpıb təpişdirərdim üzü daşdan möhkəm konfetləri
çünki anamın nənəsindən başqa
bizə konfet gətirən yox idi o illərdə
müharibə gedirdi
atalarımız-analarımız işsiz idi
qarışqalar da
qarışqalar da acıya gəlirdi…

Sevinc ELSEVƏR