Qarovulçu məktəblini Leninin şərindən necə xilas etdi?

99 Baxış

leninFəlsəfə doktoru, dosent Yusif Alı Afşar

 

Lenin və xilaskar qarovulçu

 

Heç yadımdan çıxmaz. Beşinci sinifdə oxuyurduq. İkimərtəbəli, böyük məktəbimizin həyətindəki geniş bağçada Vladimir İliç Leninin gümüşü rəngdə, sağ əlini irəliyə – məktəb darvazasına tərəf uzatmış, yarıaddımlamış formada iri bir heykəli vardı. Heykəlin qarşısında isə dirəklərə bərkidilmiş üç iri dəmir lövhə vardı. Birinci lövhəyə “SSRİ sülhün dayağıdır!” sözləri, orta hissəsində məşəl yanan ikinci lövhəyə Böyük Vətən müharibəsində həlak olan və itkin düşən həmkəndlilərimin adları, üçüncü lövhəyə isə Leninin “Oxumaq, oxumaq, yenə də oxumaq!” sözləri yazılmışdır. Elə məktəbimizdəki əlamətdar tədbirlər də həmişə burada – heykəlin önündə keçirilərdi.

Adətən böyük tənəffüslərdə bufetçi Bəzirgandan kişidən aldığımız yumşaq sovet bulkalarını elə “Lenin baba”mızın heykəlinin önündə, bu lövhələrdəki yazıları oxuya-oxuya yeyərdik. Bir az da qaçma-tutma oynayıb qayıdardıq sinfə. Bir gün yenə də bufetdən bulka alıb oraya getdik. Birdən ağlıma nə yerləşdisə uşaqlardan ayrılıb düz heykəlin qarşısına gəldim. Əlimi cibimə aparıb cib dəsmalımı oradan çıxartdım. Dəsmalı əlimdə bürmələyib: “Ay Lenin, al dəsmalı, arada burnunu silərsən” deyərək dəsmalı postamentin üstünə atdım. Aralıdan bu olayı görən uşaqlar qaçaraq bu xəbəri pioner baş dəstə rəhbərinə dedilər. Pioner baş dəstə rəhbəri də qaçaraq bu müdhiş xəbəri məktəbin “zavuç”una dedi. Eşitdiyi xəbərdən gözləri bərələ qalan “zavuç” da qaçaraq bu hadisəni direktora dedi. Dəhşətli məlumat eşidən direktorumuz da həmən ləngimədən pedeqoji şura çağıraraq bu “cinayəti” şuranın gündəliyinə daxil etdi. Məsələ çox böyümüşdü. Artıq məktəbdə, sinifdə hamı mənə “xalq düşməni” kimi baxırdı. Sinif rəhbərimiz Vaqif müəllim də bu hadisəyə görə məni 45 dəqiqə döysə də günahımı boynuma almadım. Müəllim döyüb yorulduqdan sonra pəncərə qarşısında olan dibçəklərin ikisini əlimə verib, qollarımı yuxarı qaldıraraq əməlimi boynuma alana kimi belə dayanmağımı dedi. Bilmirəm bu əziyyətlərə dözməyimin bir mənası vardımı? Onsuz da, uzağı 45 dəqiqə ərzində şagirdlərin dediklərinə əsasən mənim haqqımda pedaqoji şurada qərar çıxarılacaqdı. Elə bu müəmmalı düşüncələr içərisində var-gəl etdiyim bir zamanda harda varsan, harda yoxsan məktəbimizin qarovulçusu Əhmədpaşa əmi sinfə daxil oldu. Mənim gözlərimdən axan yaşı və cəzalı halımı görən qarovulçu ilə müəllimim arasında belə bir dialoq oldu:

- A kişi, bunun günahı nədi? Niyə bu kökə salıfsınız?

- Günahı çox böyükdür.

- Nağarıf ki?

- Leninin heykəlinə dəsmal atıb ki, al arada burnunu sil.

- Aya, kiri, bu elə şey deməyifdi. Məmim gözümün qavağında oldu dəsmalı orya atmağı.

- Necə oldu ki?

- Mən heykəlin dalındakı tut ağacının çırpılarını ayırırdım. Bu uşaq gəldi heykəlin qavağına və əlinə dəsmalını alıb məni də görmədən belə bir şeir oxudu:

Lenin, Lenin yolunda,

Qızıl bayraq əlində,

Çalışırıq, vuruşuruq,

Lenin babam sağ olsun,

Dörd tərəfi baş olsun…

Bu sözləri eşidən Vaqif müəllim:

- Sən nə danışırsan a kişi, bəs uşaqlar deyir ki, burnunu silməyə atıb dəsmalı.

- Yox, sənə dəqiq deyirəm. Mənim gözümün qavağında oldu. Şeiri oxuyub qurtaran kimi sevincək əlindəki dəsmalı Leninin ayağının altına atdı.

Bəlkə də həyatımda hələ o qədər sevinməmişdim ki, onda sevindim. Bir göz qırpımında ikinci mərtəbəyə qalxan Vaqif müəllim qarovulçu Əhmədpaşa əminin sözlərini direktora və pedoqoji şuraya çatdırdı. Buna inanmayan direktorumuz kişinin özünü də şuraya çağırtdırdı. Əhmədpaşa əmi “həqiqəti” danışdıqdan sonra mənim haqqımda olan fikirlər, düşüncələr dəyişdi. Qızmış müəllimlərin hirsi soyudu. Sən demə artıq iki nəfər müəllim mənim əleyhimə də danışıbmış.

Xilaskarımın sirli gəlişi illər uzunu məni çox düşündürsə də, səbəbini tapa bilmirdim. Bakı Dövlət Universitetinin ikinci kursunda oxuyurdum. Universitetin 5 nömrəli yataqxanasının 83-cü otağında qalırdım. İyun ayı idi. Günorta otaqda oturub “Klassik mexanika” imtahanına hazırlaşırdım. Birdən qapı döyüldü. Açanda sinif yoldaşım Osmanı gördüm. Görüşüb hal-əhval tutduqdan sonra içəri dəvət etdim:

- Yox, gəldim deyəm ki, Əhmədpaşa əmi Mərkəzi Klinik Xəstəxanada əməliyyat olunub, gedək yanına dəyək.

- Yaxşı, bu saat hazırlaşım gedək.

Əynimi tez dəyişib Osmanla yataqxanadan çıxdıq. Xəstəxanaya çatıb xilaskarımın yatdığı 210 nömrəli palataya qalxdıq. Görüşüb, ordan-burdan söhbət etdikdən sonra məni illərlə düşündürən məsələnin üstünə gəldik. Kişi bütün olayı başdan ayağa danışdı.

Sən demə o vaxt kimsə gedib mənim döyüldüyümü və haqqımda “pedsovet” çağırıldığını bu kişiyə söyləyibmiş. Kişi də bu xəbəri eşidən kimi qaçaraq gəlir sinfə. Elə yoldaca dəsmalla bağlı bir “həqiqət” uydurub tapır və məni “güllələnmə”dən xilas edir. Soruşdum ki:

- Ay Əhmədpaşa əmi, nə üçün mənə görə özünü belə çətinə saldın.

- Ay bala, sən o vaxt yaxşı uşaq idin. Yay vaxtı 5-6 dəfə səndən xahiş etmişdim ki, mənim quzularımı da öz quzularına qatıb otarasan. Sən də hər dəfə razı olurdun. Mən də kəndə qayıdıb yarımçıq işlərimi görürdüm. Bu yaxşılıqlara görə də səni qoymadım ki, məktəbdən qovsunlar…

 

 

 

 

 

 

 

 

 

Bölmə : Ədəbiyyat