Qarpız

52 Baxış

qarpız və gül

Senet.az “Hədəf” nəşriyyatında yeni işıq üzü görmüş “5.45″ kitabından Müşfiq XANın 8 Martla bağlı “Qarpız” hekayəsini təqdim edir.

Müşfiq XAN

Qarpız

(hekayə)

“Xanım”, – deyə müraciət etdiyimdə,

diksinən O xanıma…

Altı-yeddi ilin söhbəti olar. Dekabr ayı idi. Yaxşı qar yağmışdı. “20 Yanvar” metrosunun yaxınlığında həmin qadını gördüm. Yaşı altmışdan çox olardı. Qarın üstünə peçenye qutusunu sərib isti yorğan-döşəkdəymiş kimi oturmuşdu. Dilənirdi. Addımlarımın qeyri-ixtiyari məni nə vaxt ona yaxınlaşdırdığının fərqinə də varmadım. Məqsədim evə – nənəmin yanına aparıb, heç olmasa soyuqlar bitənə qədər yedirib-içirtmək, daldalanacaq təklif etmək idi. Qadının bir addımlığında olanda necə müraciət edəcəyimə hələ də qərarsız idim. “Nənə”mi, “xala”mı, yoxsa “bibi” deyə müraciət etsəydim,  daha uyğun olardı? Lap yanına çatıb əlimi çiyninə toxundurmaqla ona sözüm olduğunu hiss etdirdim:

– Xanım… – bayaqdan bəri axtardığım söz özü qəfil ağzımdan düşdü.

Düşündüyüm sözlər sanki dişlərimin arasında ilişib qaldı. O, müraciətimnən diksinmişdi. Başını yuxarı qaldırıb məsum gözlərini üzümdə gəzdirdi. Bircə anda gözlərindəki qəm-qüssə yaş olub yanağına süzüldü. Bircə anda – filmlərdəki kimi…

Qadını razı sala bilmədim. Pərt olmuşdum. Hətta ona çörəkpulu verməyi də unudub kor-peşman yoluma davam edibmişəm…

Evə necə gəlib çıxdım, hansı yolla gəldim – yadımda deyil. Onda ayıldım ki, nənəmin bazardan almaqçün tapşırdığı vacib ərzaqlardan birini unutmuşam – şoru. Nənəm o olmasa, süfrəyə yaxın da gəlməzdi. Naəlac qalıb qonşumuz Fatma xalagilə getməli oldum. Ona görə “naəlac qaldım” deyirəm ki, Fatma arvaddan düppədüz xoşum gəlmirdi. Şarlatan, qeybətcil, şad gününə şitdik edən acgöz biriydi. Nənəmə görə məcbur qalıb getdim. Rayon adamıydı deyən evində həmişə şor olardı. Amma qapını açıb məni evə dəvət edənnən sonra, deyəsən, çox gözləməli olacaqdım. Çünki…

Telefon həmişəki cingiltili səsi ilə haray-həşir salıb sədasını bütün otaqlara yaydı. Fatma arvad deyinə-deyinə dəstəyi götürəndə düşündü ki, zəng edən yəqin qızıdı, yenə də ərinin hansısa şücaətinnən danışmaqçün zəng edib. Yox, əgər qızı deyildisə, onda kürəkəni Qasım olacaqdı və onun “vasmoy mart”ını təbrik eləməkçün zəng vurub. Qadın bu fikirlə telefonun dəstəyini qaldırıb qulağına apardı:

– Qasım?

– Fatma bacı, mənəm, – qonşuluqdakı tərəvəzsatan Gülbadam həvəslə özünü tanıtdı.

– Hə… Necəsən, bajı?

– Ay Fatma, gülüburnunda yelpənək gətirmişik. Ucuz da düşüb. Götürəcəksənsə, sənin payını saxlayım. Bayramdı, qızıngilə də pay apararsan.

– Əşi dayan görək… başa düşmədim, nə gətiribsən? – Fatma, deyəsən, yelpənək sözünü anlamadı.

– Xiyarı deyirəm də! Bizim tərəfdə “yelpənək” deyirlər axı.

– Həə. Mənə bir kilo saxla, qızım neynir e xiyarı… Maşallah, əri onu yağ-bal içində saxlayır. Dünən zəng eləmişdi. Deyir: “Ay mama, axşam ürəyim qarpız istəyirdi, Qasıma dedim. O da “vasmoy mart” olduğuna görə söz verdi ki, yerin deşiyində də olsa, tapıb alacam.” Bayaq da zəng eləyib xəbər verdi  ki, Qasım qarpızı tapıb. Belə kürəkənnən danış e, ay  Gülbadam bajı. Mənim kürəkənim belə kürəkəndi e! “Novıy qod”da badımcan dolması bişirtdirmişdi, yanvarda qızımın ad günündə yeşiknən çiyələk almışdı, fevralın zola-zolunda – “den Valentin”də kilosu iki yüz dollara Naxçıvan göycəsi alan adamdı. İndi də mart ayında hardansa qarpız tapıb alıb. Çünki qızımın ürəyi istəyir, başqa söz ola bilməz!

Əsəbiləşib Fatmagildən çıxdım. Nənəmçün şoru soruşmadım. Metronun yanındakı səfalət içində yaşayan o dilənçi xanım yadıma düşdü. Onu Fatmanın qızıyla müqayisə eləməyə ürəyim gəlmədi. Həyətdən bu fikirlə ayrıldım – Qasım evdə olmadığı vaxtlarda arvadının “fədakarlıq”larınnan görəsən Fatmanın xəbəri varıydımı? Ya da ki, nə bilim, xəbər tutsaydı, görəsən nolardı? “Lənət şeytana”, – deyib, piyada qapısını çırparaq uzaqlaşdım.

Təkrar evə gələndə qəfil yadıma düşdü ki, bu gün səkkiz mart Beynəlxalq Qadınlar günüdü. Xəcalətimnən nənəmin gözünə görünə bilmədim. Bu dəfə də kor-peşman qayıdıb odun sobası ilə qəşəng qızdırılmış məhlə çayxanasında boş masaların birində yerimi rahatladım.

Beynimin içi adətən olduğu kimi allax-bullaxdı. Pulum olsaydı, nənəmə çoxdan fikirləşdiyim bir hədiyyə var – onu alardım. Amma yoxuydu. Belə baxanda hamımız Klaranın zibilinə düşmüşdük. Söhbət bizim “vor zakon” Klaradan getmir ha. Yəqin ki, milliyyətcə yəhudi olan Klara Setkin 1910-cu ildə Kopenhagendəki qurultayda ilhamlanıb 8 Martın qadınlar günü olmasını təklif eləməsəydi, bu gün bir yığın düşük camahatın “kişilərin soyqırım günü” adlandırdığı bu bayram da olmayacaqdı. Amma o vaxt işin içində başqa iş var idi axı. Kəsə desəm, 1857-də Nyu-Yorkdakı qadınların nümayişini Klara 52 il sonra məlum qurultayda öz millətinin xeyrinə həll eləmişdi. Elə həmin gün – 1910-cu il 8 Mart tarixi yəhudi millətinin özünümüdafiə haqlarının simvolu olan Purim bayramına düşmüşdü. Bu Purim bayramının yeri yəhudi təqvimində bizim Qurban bayramı kimi dəyişir. Hə, bu bayram o bayram idi. Yoxsa Klaranın nə iti azmışdı ki, 52 il sonra Amerika qadınlarının nümayişini təzədən dəyərləndirsin? O vaxt həmin nümayişçilərdən çoxunun sümükləri də çürümüşdü.

Klara haqqında düşünəndə halım lap pərişanlaşdı. Axşama kimi çayxanada qalmayacaqdım ki! Nənəmin yanına getməliydim – evdə tək idi. Qəfil yadıma çörək və gül düşdü. Hardasa oxumuşdum ki, bunlar bir qadının xoşbəxt olması üçün doğru seçilmiş iki ən vacib məsələdi. Təəssüf ki, bunu əlli qəpik –  bir çörək və beş manat – yəni sadə bir qızılgül hesabı ilə toplayıb 8 Martda kimisə “xoşbəxt” eləməkçün beş manat əlli qəpiyin kifayət etməsinə sevinən saf axmaqlar da var.

Bəlkə də “çiçək və gül” söhbətini çörəyin həyat eşqini, qarın toxluğunu, gülünsə daha firavan həyat tərzini ifadə etdiyini nəzərə alıb yazmışdılar kitabda, nə bilmək olar. Amma bircə bunu bilirəm: tələsik yola düzəlib nənəmə gül almaqçün çayxanadan çıxanda, sevincimnən gözüm ayağımın altını görmürdü.

P.S. Düşünməyi unudan insanlar ölənə qədər qərara gələ bilmirlər…