Qayğıya həsrət körpə cani

18 Baxış

qayqiye hesretiDilman Şahmərdanlı

Uşağın əlindən möhkəm-möhkəm yapışmış, qapını bərk-bərk döyürdü. Bir xeyli döydükdən sonra qapının dalından səs gəldi: “Əh, gəlirəm, qapını qırma…”

Qapını üzü heç bir təəccüb və maraq ifadə etməyən və hər şeyə biganə kimi görünən bir kişi açdı və əvvəlcə qonşuya, sonra da tənbəl-tənbəl qaçmasın deyə onun  əlindən möhkəm yapışdığı Həsəni gördü. Ancaq Həsəndə qətiyyən qaçan sifət yox idi.

“Həsən, yenə neynəmisən?”-deyə ata ifadəsiz bir səslə və nə isə soruşmaq lazım imiş kimi soruşdu.

“Ata, bu əminin oğlunun burnunu qanatmışam!”-uşaq həvəslə cavab verdi və nə isə gözləyirmiş kimi diqqətlə atasının üzünə baxdı, ancaq onun üzündə heç bir dəyişiklik görməyib bütün planları alt-üst olmuş kimi gücsüzləşərək yerə baxdı və əlini qonşunun əlindən çıxarıb sakitcə evə keçdi. Qonşu da bir az deyinəndən sonra çıxıb getdi.

Ata otağa keçdi və yenə də əvvəlki kimi televizorun qabağında əyləşdi. Uşaqsa o biri otaqda yenə də atasının diqqətini çəkə bilmədiyinə görə acı-acı və səssizcə ağlayırdı. O, öz-özünə düşünürdü: “Gərək o uşağın qolunu sındıraydım…, yox, onda atam çıxarıb pul verəcəkdi, vəssalam. Bəlkə gözünü çıxarsam daha yaxşı olardı…, atamı məhkəməyə verərdilər, get-gəl edərdi, yorulardı, əsəbini məndən çıxardı. Bəlkə də o uşağı öldürsəm daha yaxşı olardı, onda mən heç vaxt atamın yadından çıxmazdım…” Beləcə, gələcəyin bu qatili atasının qayğısını özünə necə cəlb etmək yolları düşünürdü… O bütün qayğıkeş atalara və onların uşaqlarına nifrət edirdi.

Bölmə : Nəsr
KÖŞƏ YAZARLARI
TOP 10