Qayıtmayan gedənlər – Nicat Həşimzadə

9 Baxış

Yazıçı Sabir Əhmədli

Senet.az oxucularına “Ustad” jurnalının 28-ci sayından Nicat Həşimzadənin “Qayıtmayan gedənlər” yazısını təqdim edir.

Unudulmuş yazıçılarımızdan biri də Sabir Əhmədovdur. O Sabir Əhmədov ki, qardaşı İkinci Dünya Savaşında, oğlu Qarabağ müharibəsində həlak olub. O Sabir Əhmədov ki, Azərbaycan nəsr tarixinin ən möhtəşəm nasirlərindən, ən uğurlu roman ustalarından biridir. Yazıçının məsuliyyəti olduğu kimi, savadlı oxucunun da öhdəsinə düşən məsuliyyətlər var. Təəssüflər olsun ki, biz ən mənasız məqamlarda özümüzü bəyənirik, ancaq vacib məqamlarda özümüzü unudub, özgələri bəyənirik. Mədəniyyət ən gözəl dağlara, çaylara, doqquz iqlim qurşağına sahib olmaqda deyil. Təbiətin bəxşişlərinə mədəniyyət adı verərək öz tənbəlliyimizə haqq qazandırmaq, məsuliyyətdən yayınmaq istəyirik.

Bu gün Sabir Əhmədov haqqında çox az sayda adam danışır. Nədənsə onun haqqında danışmaq istəmirlər. Səbəbini bilmirəm, ancaq onu dəqiq bilirəm ki, Sabir müəllim böyük yazıçıdır. Sabir Əhmədov “Azərbaycan dili naqis dildir, ədəbiyyat dili deyil” deyənlərə öz romanları, hekayələri ilə ən möhtəşəm cavabı verib və sübut edib ki, Azərbaycan dilində də mükəmməl romanlar yazmaq olur. Sabir Əhmədov sözləri elə gözəl cilalayır, cümlələri biri-birinin ardınca elə yazır ki, oxumaqdan yorulmursan. Xüsusən də, insan taleyinin təsviri Sabir müəllimin romanlarının başlıca mövzusunu təşkil edir. Sabir Əhmədovun yaradıcılığını realist ədəbiyyat saymaq olar. O, öz əsərlərində gördüyü insanların əzablarını yazır.

Azərbaycan oxucusu Azərbaycan yazıçısını bəyənmir. Onun geniş dünyagörüşünə, böyük bədii təfəkkürə və ciddi yaradıcılıq qabiliyyətinə sahib olduğuna inanmır, ya da inanmaq istəmir. Özümüzə qarşı niyə belə biganəyik? Bizim əksər oxucularımız “dünya” sözünü çox şişirdərək deyirlər. Dünya həm də özümüzük. Özümüzü niyə dünyadan bu qədər uzaq görürük?! Bəzən deyirlər ki, Azərbaycanın dünyaya çıxarılacaq yazıçısı yoxdur. Mən dünyaya çıxarılmağa layiq olan ən azı 20 müəllif adı çəkə bilərəm. Reallıq budur ki, Azərbaycan oxucularının çağdaş Azərbaycan ədəbiyyatından xəbərləri yoxdur və çağdaş Azərbaycan yazıçılarını oxumağı öz şəninə yaraşdırmır.

Sabir Əhmədovun latın qrafikası ilə heç bir romanı və heç bir hekayələr kitabı çap olunmayıb. Azərbaycan nəsr tarixinin ən ciddi 3 nasirindən birinin romanları niyə latın qrafikası ilə çap olunmasın? Bu gün Azərbaycanın gənc yazıçıları da, təəssüflər olsun ki, unudulmuş müəllifləri xatırlatmaq istəmirlər. Axı, ədəbiyyat, ümumiyyətlə, sənət şəxsi təmənnadan uzaq olmalıdır. Martin Paj yazır ki, sənətdən şöhrət və pul naminə istifadə etmək tərbiyəsizlikdir. Sabir Əhmədov öz əsərlərində Azərbaycan kəndlisinin, şəhərlisinin həyatını incə müşahidə qabiliyyəti ilə təsvir edir. Maraqlı cəhətlərdən biri budur ki, yazıçı, hətta mənfi obrazları da bir incəliklə, nəzakətli formada təsvir edir. Sanki yaratdığı obrazların müsbətini sevdiyi kimi, mənfisini də sevir. Və yaxud Sabir Əhmədov həyata Bulqakov məntiqi ilə baxır: “Pis insan yoxdur, bədbəxt insan var”.

Sabir Əhmədovun obrazları pis insan olmaqdan daha çox bədbəxtdirlər. Ya da ədəbiyyat, sənət dedikləri elə budur. Bütün pislərdə yaxşı cəhətləri kəşf etmək və onu yaxşı insan olmağa sövq etmək.

Hərdən insan həvəsdən düşür. Sabir Əhmədov kimi bir yazıçının təbliğ olunmadığı, latın qrafikası ilə kitablarının çap edilmədiyi zamanda ədəbiyyat sevdasına tutulmaq gəncləri xilas edə bilərmi? İndi biz ədəbiyyat əsrində yaşamırıq. İnsan öz zəkasının, öz potensialının gücü sayəsində yaratdığı robot-insana uduzur. Gün gələcək, robot insanlar bizi məsxərəyə qoyacaq. Biz onların gözündə çox bəsit görünəcəyik.

İndi Sabir müəllimin “Gedənlərin qayıtmağı” romanını oxuyuram. Roman müharibə həyatının ikinci cəbhəyə – arxa cəbhəyə vurduğu ağır sosial zərbələrdən, böyük məhrumiyyətlərdən, faciəvi insan talelərindən bəhs edir. Romanın əsas xəttini ərini, qardaşını, oğlunu cəbhəyə yola salan qadınların ağır şərtlər altında işləməsi, körpələrini aclıqdan ölməkdən qorumaq üçün min bir ağır zəhmətə qatlaşmasıdır. Məsələn, Ərşanın anası Xəzangül xala küçələri süpürür, təmizləyir. Özü də bunu böyük həvəslə, utanmadan, xəcalət çəkmədən edir. Qadın öz-özünə deyinir:

– Bəlkə də, məni qınayırlar, deyirlər ki, oğlu cəbhədə xidmət edən ana küçə süpürməməlidir. Ancaq mən bundan utanmıram. Axı, bu küçədə mənim oğlum gəzib, bu küçədə oğlumun ayaq izləri var.

Əsərdə insanı kövrəldəcək belə məqamlar çoxdur. Romanın ən sevdiyim cəhəti pafosdan uzaq olmasıdır. Sabir müəllim öz dövründə yaşamış bəzi yazıçılar kimi şanlı sovet əsgərinin böyük şərəfindən, əzəmətindən yazmayıb. Təbii ki, Sabir müəllim də könüllü cəbhəyə gedən kişilərin cəsarətini yüksək qiymətləndirir. Ancaq romanın hər səhifəsində əminliklə bir nəticəyə gəlmək olur. Sabir Əhmədov üçün insan taleyi böyük müharibələrdə əldə edilmiş böyük qələbələrdən daha vacibdir.

Orta məktəbdə dərs deyən tarix müəllimi şagirdləri döyürdü. Görəsən, o, müharibəyə getsəydi, sağ-salamat qayıtsaydı, yenə də uşaqları döyərdimi? Əsərin qəhrəmanı özünün və şagirdlərin düşündüyü bu fikri öz içində gizlində deyir. Tarix müəlliminin əlləri, şilləsi elə tərs idi ki, barmaq izləri bir həftə adamın üzündə qalırdı. Tale elə gətirir ki, tarix müəllimi müharibəyə gedir və əllərinə güllə dəyir. Hər iki əli yaralanır. Sonra yenidən məktəbə qayıdır. Ancaq bu dəfə istəsə də, uşaqları döyə bilməzdi. Nə əlləri, nə də sınmış, yaralanmış ürəyi buna imkan verərdi.

Bəs hər kəsin dəli adlandırdığı Murtuzanın gördüyü xeyirxah işlər? Sabir müəllim dəli Murtuzanı da özünəməxsus şəkildə təsvir edib. Murtuza dəli olsa da, əsgər ailələrinə su daşıyır, onlar üçün odun doğrayır. Sabir Əhmədov bu əsərdə, həmçinin qadınların kişisiz qalarkən yaşadığı bir çox məhrumiyyətləri əks etdirməklə yanaşı, onların bioloji tələbatlarının ödənilməməsi nəticəsində yaranan əsəb sarsıntısını da təsvir edib. Bəzən həmin qadınlar cinsəl tələbatlarını ödəmək üçün Murtuzanı evlərinə dəvət edirdi. Belə güman etmək olar ki, şəhid qadınlarının və ya əri cəbhədə olan qadınların belə əməllərini yazdığı üçün Sabir Əhmədova böyük təzyiqlər olub. Ancaq söhbət insan təbiətindən, insanın bioloji tələbatlarından, instinktlərindən gedir. O dövrdə belə məqamları yazmaq insandan böyük cəsarət tələb edirdi.

Yuxarıda “Sabir müəllimin latın qrafikası ilə kitabı çap olunmayıb” deyərkən cüzi yanlışlığa yol verdim. Sabir Əhmədovun yeni əlifba ilə bircə kitabı çap olunub. “Yazılmayan yazı” kitabı “XAN” nəşriyyatının “Xatirə ədəbiyyatı” silsiləsində nəşr edilib. Sabir müəllim bu kitabı enerjisinin tükəndiyi, ahıl vaxtlarında yazıb. Kitabı oxuyan zaman da bunu hiss etmək olur. Sabir müəllim, sanki ürəyində qalmış son sözləri yazıb son kitabında.

Bu gün biz, təəssüflər olsun ki, çox dəyərli yazıçımız Sabir Əhmədova layiq olduğu dəyəri verə bilmirik. Ya dərk edə bilmirik, ya paxıllıq edirik, ya da sənət, ədəbiyyat, ciddi sənət nümunələri və böyük nasirlər bizə lazım deyil. Sabir Əhmədovun romanlarını oxumaq insanı həyata, yaşamağa, mübarizəyə səsləyir.

Mən hər zaman insanlığın, həqiqi sənətin qələbəsinə inanmışam, indi də inanıram. Qardaşı, oğlu, əri cəbhədə olan hər kəs gedənlərin geri qayıtmağını gözləyir, hətta qara kağız alanlar da öz oğullarının, qardaşlarının, ərlərinin gəlişini gözləyirlər. Ürəklərində olan inam hissini öldürmək istəmirlər. Böyük həsrətlə müharibənin sonunu gözləyirlər. Kimlərsə qayıtmır, kimlərsə qayıdır. Kimlərisə qayıtmayanlar kimlərinsə qayıtmağı ilə təsəlli tapırlar. Qayıtmayan qardaşların, oğulların ətrini qayıdanlardan alırdılar.

Kimlərin qayıdacağını, kimlərin qayıtmayacağını bilmirəm. Ancaq bir həqiqəti dəqiq bilirəm ki, Sabir müəllim bir daha qayıtmayacaq. Bu dəyərli yazıçımızın romanlarını təbliğ edək, gənclər oxusun, unudulmuş yazıçılarımızı xatırlasınlar və xatırlatsınlar.

Bir məsələni də vurğulamağı özümə borc bilirəm ki, deyilənlərə görə, Sabir müəllimin oğlu Xəlil Rza Ulutürkün oğlu ilə birlikdə şəhid olub. Gedənləri unutmayaq. Çünki onlar gedəndə bizim üçün böyük dəyərləri əmanət ediblər. Dəyərlərimizi unutsaq, özümüzü, dünənimizi, bu günümüzü, sabahımızı unudacağıq, bizi də unudacaqlar və bir gün mütləq yaddaşımıza etdiyimiz xəyanətin ağır cəzasını çəkəcəyik.

ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10