Qazancımız – Cəlil Məmmədquluzadə

16 Baxış

3

Aşkardı ki, hər iş sahibi ilin axırında çotka və dəftərləri qoyar qabağına və başlar hesab etməyə ki, görsün qazancı nə olub və zərəri nə olub. Mən də bir həftə bundan irəli yoldaşlarımı yığdım başıma, qapıları örtdük və başladıq hesab görməyi; necə, məsələn, Ağdamda bir neçə müsəlman bir evdə oturub qapıları bağlayırlar və başlayırlar və başlayırlar tədbir qurmağa və sonra gedib hökumətə xəbər verirlər ki, məsələn filan müsəlman evində tüfəng saxlayır, filankəs keçən vaxtda filan xətanı eləyib.

Xülasə, yoldaşlarımı bir yerə cəm elədim və ağdamlılar kimi başladıq hesab görməyə.

Məlum oldu ki, biz doqquz ayın müddətində otuz doqquz nömrə “Molla Nəsrəd-din” jurnalı yazmışıq və bu otuz doqquz nömrələrin içində yüz otuz doqquz mütrüb şəkli çəkmişik və bu şəkilləri çəkmək cəhətindən min doqquz yüz doxsan doqquz məşədi və kərbəlayıları özümüzdən incitmişik.

Pəh, pəh, pəh!.. Afərin belə qazanca, afərin belə alış-verişə! Doğrudan bu lap qədim Molla Nəsrəddinin yumurta alış-verişinə oxşadı!

Xülasə.

Bəli, doqquz ayın müddətində otuz doqquz nömrə məcmuə çıxartmışıq və bu otuz doqquz nömrənin içində yüz otuz doqquz çaxır içən piyan, yəni bədməst müsəlman şəkli çəkmişik və bu şəkilləri çəkmək cəhətindən min doqquz yüz doxsan doqquz mollanı özümüzdən incitmişik.

Pəh, pəh, pəh!.. Mərhəba belə alış-verişə! Həqiqət hər kəs bizə ağıllı desə, heç özünün ağlı yoxdu!

Qərəz, keçək hesabımıza.

Bəli, bu doqquz ayın müddətində otuz doqquz nömrə jurnal cızmaqaralamışıq və bu otuz doqquz nömrədə yüz otuz doqquz qumarbaz şəkli çəkmişik və bu şəkilləri çəkmək səbəbindən min doqquz yüz doxsan doqquz mömün hacıları özümüzdən incitmişik.

Pəs, sən Allah, bu da bir alış-veriş oldu?

Bunlar hamısı keçəndən sonra, bu otuz doqquz nömrədə min doqquz yüz doxsan doqquz rəmmal, kimyagər, ilan oynadan, qüdrətdən həkimlik edən, qeybdən ruzi qazanan, tas quran, burun füləyən, falçı, qaraçı, qulibiyabani, damdabaca, əfsunkar, sehrbaz, kəndirbaz, itbaz, qurtbaz və nağıl, məsələ şəkli çəkmişik və bu şəkilləri çəkmək cəhətindən bütün islam aləminin yüz hissədən doxsan doqquz hissəsi biz ilə düşmən olub.

Maşaalah belə alış-verişə! Maşallah belə alış-verişə!

Müxtəsər, keçək hesabımıza.

Bəli, yoldaşlarımızla oturduq hesaba, hesab elədik, elədik, elədik, elədik, bir də gördük ki, işıqlanır; necə ki, Qazax şəhərində bəylər axşamdan oturarlar qumara, oynarlar, oynarlar, oynarlar, oynarlar, oynarlar, – bir də görərlər ki, işıqlanır.

Buradan bir haşiyə çıxaq:

Hərdənbir oturaram və papağımı qabağıma qoyub fikirləşərəm və öz-özümə deyərəm: “Ay rəhmətliyin oğlu, axı bu müsəlmanlardan nə istəyirsən?”, sonra öz-özümə cavab verərəm ki, “vallah heç özüm də bilmirəm ki, nə istəyirəm”.

Məsələn, dünən yenə Misirdə çıxan “Sancaq” qəzetinin 67-ci nömrəsini qabağıma qoyub oxuyurdum, orada bir belə məqalə var idi: “Milləti-islamiyyənin inhitatı”; yəni: “Müsəlmanların yuxarıdan guruppultu ilə aşağı düşməyi”.

Bu məqaləni oxuyandan sonra, yenə öz-özümə dedim ki, axı ay rəhmətliyin oğlu, bu müsəlmanlardan nə istəyirsən? Sonra yenə öz-özümə dedim: “Vallah bilmirəm, nə istəyirəm”.

Hə, bir şey yadıma düşdü, təzə xəbər: Maku sərdarı Murtuzaquluxan rəiyyətinə hökm edib ki, bir həftənin içində hər kənd iki yüz kəklik tutub sərdarın toy qonaqlığına gətirsin; əgər gətirməsələr sərdar qonaqlara buyuracaq, hökmə əməl etməyənləri kəklik əvəzinə yesinlər.

Amma, öz aramızdır, hürriyyətdən qabaq belə hökmlər çıxmazdı.

Dəxi qabili-ərz bir sözüm yoxdu:

Molla  Nəsrəddin.

“Molla  Nəsrəddin”,  6 yanvar,  1907,  N 1.

KÖŞƏ YAZARLARI
TOP 10