Azərbaycan ədəbiyyatı tarixində həm hökmdar, həm də şair kimi fəaliyyət göstərən sənətkarlar çox olmuşdur. Bunların sırasında Qazi Bürhanəddini, Cahanşah Həqiqini, Şah İsmayıl Xətayini və başqalarını göstərmək olar. Bu hökmdar – şairlərdən Qazi Bürhanəddinin “Divan”ını tədqiqat obyekti olaraq, elmi şəkildə dilçilik – nöqteyi nəzərindən araşdırmaq daha məqsədəuyğundur. Qazi Bürhanəddin haqqında ən yaxşı araşdırmanı görkəmli alim, filologiya elmləri doktoru, professor Əliyar Səfərli aparmışdır. Dünya ədəbiyyatşünaslığında da Qazi Bürhanəddin haqqında tədqiqat işləri aparıb elmi məqalələr yazan bir çox alimlər olmuşdur. Bu alimlər şairdən təkcə ötəri olaraq bəhs etməmişlər. Onlar Qazi Bürhanəddinin bir hökmdar, dövlət xadimi, ağıllı, bilikli bir sənətkar kimi eləcə də, şeirlərini, qəzəllərini sevə – sevə, məhəbbətlə qələmə aldıqlarını öz araşdırmalarında qeyd etmişlər.
Bu tədqiqatçıların sırasında şairin həyatını “bəzm və rəzm„ (eyş – işrət və savaşda) deyə mənalandıran onun saray tarixçisi Əziz ibn Ərdəşiri, Türkiyə ədəbiyyatında təzkirəçi və tarixçilərdən Taş Köprizadəni (XIV əsr) “Şəqaiqün-nümaniyyə„) ‚ Xoca Sadəddini (XIV əsr) “Tacüt-təvarix„) ‚ Katib Çələbini (XVIIəsr) “Kəşfüzzünun”), F.Köprülü və Şəhabəddin Süleymanini (“Yeni Osmanlı ədəbiyyatı tarixi”), M.Ergini, ingilis şərqşünas alimi Gibbi (“Osmanlı ədəbiyyatı tarixi”), Amerika lisan məktəbi müdiri F.Qodseli (“Qazi Bürhanəddinin tuyuqları” adlı məqalə), rus şərqşünası P.Melioranskini ( “Vostoçnıye zametki”jurnalında“Qazi Bürhanəddin sivaslının divanından parçalar”məqaləsi) göstərmək olar. (1, 310)
Tədqiqat işinə başlamazdan öncə, şairin həyatı və yaradıcılığı haqqında qısaca da olsa, məlumat verək. XIV yüzillikdə yazıb – yaratmış şair dilimizi şeir, sənət dili kimi yeni bir zirvəyə yüksəltmişdir. Böyük bir tarixi vəzifəni yerinə yetirən Qazi Bürhanəddin Azərbaycan divan ədəbiyyatının, klassik poeziyanın gözəl nümunələrini yaratmışdır. (1, 306)
Qazi Bürhanəddin şair olmaqla yanaşı, həm də hökmdarlıq etmişdir. Onun hökmdarlıq fəaliyyəti Azərbaycan ədəbiyyatında, eləcə də dünya ədəbiyyatında incilər sırasında sayılıb – seçilmiş və şairi məşhurlaşdıran amil kimi formalaşmışdır.
Ərtənə hökmdarı Məhəmməd bəyin ölümündən sonra bütün dövlət işlərini Qazi Bürhanəddin aparmışdır. O‚ türkmən – moğol və qaramanlıların hücum edərək‚ Konya və Sivas şəhərlərini almasında böyük şücaət və igidliklər göstərdiyinə görə, 1378-ci ildə vəzir rütbəsini qazanır. 1381-ci ildə bir hökmdar kimi taxta çıxaraq öz adı ilə adlanan dövlətin əsasını qoyur. (1, 307)
Qazi Bürhanəddinin ədəbiyyatımızda yeri və rolu böyükdür. Onun ədəbiyyat tariximizdə ən böyük fəaliyyəti ilk dəfə olaraq, tuyuq janrını ədəbiyyat tariximizə gətirməsidir. Bundan başqa anadilli şeirimizin ilk böyük nümayəndəsi, eləcə də anadilli ədəbiyyatda ilk hökmdar – şair, qəzəllərinin son beytində təxəllüs işlətməyən şair kimi də məşhurlaşmışdır.
Mövzumuz “Qazı Bürhanəddinin “Divan”ının dilində sinonim müvaziliyi” olduğundan bu mövzu ətrafında tədqiqat işimizi aparaq. “Divan”ın dilində bu söz qrupları mənşə etibarı ilə milli və alınma leksikonda verilmişdir. Bunların hər biri haqqında ayrı – ayrılıqda məlumat verək.
Sinonimlər dilimizin əsas semantik kateqoriyalarından biridir. Onlar leksikanın böyük bir hissəsini təşkil edən, dilin spesifik xüsusiyyətlərini özündə əks etdirən və qoruyub saxlayan nitq vahidləridir. Azəzbaycan dili zəngin sinonimikaya malikdir. Bu isə dilimizin möhtəşəmliyi, elastikliyi, çevikliyi və ifadəliliyinə sübut olan amillərdən biridir. Sinonimlərin səciyyəvi xüsusiyyəti ümumi bir mənanı müxtəlif incə çalarlıqlarla ifadə etməsindədir. Məhz həmin cəhət sinonim sözləri nitqin xarakteri və şəraitə uyğun seçib işlətməyə imkan verir. Odur ki, sinonimlər nitqin ən zəruri, həm də ən mənalı leksik vahidləri hesab edilir. ( 4; 32 )
Sinonimlər dilin ifadə vasitələri olmaqla bərabər, həm də lüğət tərkibini zənginləşdirən amillərdən biridir. Sinonim sözləri müəyyənləşdirən əlamətlərin birincisi sinonim sözlərdə ümumiləşdirici bir əsas mənanın olmasıdır. ( 3; 121 )
Sinonimlər mütləq və nisbi mənalar ifadə edə bilirlər. Bir ümumi məna ifadə etmələrinə baxmayaraq, müəyyən bir sinonim cərgəni təşkil edən sözlər həm məna çalarları, həm də üslubi boyaları ilə bir-birindən fərqlənir. Çünki sinonimlərin ifadə etdiyi məfhum məna etibarilə nə qədər bir-birinə yaxın olsa da, hətta eyni kimi görünsə də, polisemantik bir mahiyyətə malikdir. ( 2; 28 )
Təkrarlardan qaçmağa müvəffəq olan mənanın daha güclü, emosional və təsirli olmasına şərait yaradan sinonim cərgələrin hər bir komponentinin dildə fəaliyyətə başlamasının öz tarixçəsi var. Sinonim cərgələri təşkil edən vahidlərin bəzisi tamamilə yad (alınmalar), digərləri isə doğma (qohum dillərdən alınanlar) sözlərdir. Və zaman içərisində yad sözlər bir növ doğmalaşıb, doğma sözlər yadlaşıb (arxaikləşib), mənaları daralıb, genişlənib, bir sözlə dilin ümumi lüğət tərkibində qaynayıb-qarışma prosesi gedib. Əsasən, türk tayfa dilləri arasındakı belə qaynayıb-qarışma, müştərəklik qədim və orta əsr Azərbaycan yazılı abidələri arasında, xüsusən, “Kitabi – Dədə Qorqud”da və eyni zamanda tədqiqat obyektimiz olan Qazi Bürhanəddinin “Divan”ında daha çox müşahidə olunur.
Qazi Bürhanəddinin “Divan”ı istər klassik ədəbiyyat nümunəsi kimi, istərsə də Azərbaycan ədəbi dili tarixinin öyrənilməsi baxımından böyük maraq doğurur. Dil tariximizin, müxtəlif qrammatik kateqoriyaların inkişafının, dilin lüğət tərkibindəki kəmiyyət və keyfiyyət dəyişikliklərinin daha hərtərəfli izləniməsi üçün əsər zəngin material verir. Şairin “Divan”ı XIV əsrdə doğma ana dilimizdə yaranmış ədəbi-bədii dil nümunələri içərisində özünəməxsus yer tutur.
Qazi Bürhanəddinin dilində işlənmiş lüğət vahidlərini öz mənşəyinə görə şərti olaraq üç yerə ( türk, ərəb və fars ) ayırmaq mümkündür. Məhz bu cəhətdən də poemanın dilində mövcud olan leksik paralellizmləri, sinonim cərgələri və müvaziliyi təxminən aşağıdakı kimi qruplaşdıra bilərik:
a) Hər iki komponenti türk mənşəli sözlərdən ibarət olanlar;
b) Komponentlərindən biri türk mənşəli, digəri isə alınma sözlərdən ibarət olanlar;
c) Hər iki komponenti alınma sözlərdən ibarət olanlar.
Biz məhz konkret olaraq əsərdən gətirilən nümunələrlə bunu əyani şəkildə görə bilərik.
1. Hər iki komponenti türk mənşəli sözlərdən ibarət olanlar.
Gecə – dün
Misaldan aydın görünür ki, “gecə” sözü bu gün də dilimizdə ən işlək sözlərdəndir. Amma “dün” sözü öz semantik mənasını itirmişdir. “Dün” sözü “gecə” mənasında Qazi Bürhanəddinin dilində daha bir neçə yerdə özünü göstərir.
Ol nalədən ki, dün gecəqıldum sənin üçün,
Bülbül xəcil düşər bu qamu huyü hay ilə( 5; 102).
Yeg-yaxşı
“Yaxşı” mənasını ifadə edən “iyi” və “yeg” sözləri şairin dilində demək olar ki, paralel şəkildə işlənmişdir. Amma bu sözlərdən heç biri müasir dilimiz üçün xarakterik deyildir. Əslində “iyi” və “yeg” oğuzca, “yaxşı” sözü isə qıpçaqça – yaxşı//yəxşi fonetik variantlarında işlənir. Təsadüfi deyildir ki, görkəmli alimimiz Tofiq Hacıyev türk mənşəli sözlərdən ibarət olan leksik paralellizmdən danışarkən haqlı olaraq onları tayfa dilləri ilə bağlayır. ( 6; 70 )
Tayfa birliklərinin (qruplarının) bir-birilə mədəni-siyasi, iqtisadi əlaqələrinin nəticəsidir ki, yaranan ayrı-ayrı milli-xalq dillərinin təşkilində təbii leksik-qrammatik “alış-veriş” ilə bir ümumi dil fondundan yaranmış müstəqil dillər arasında bənzərlik, oxşarlıq və hətta eynilik görmək mümkündür. Çünki həmin dövr türk dilləri arasında differensiasiyanın başlanğıcıdır. Ayrılma dövrünün başlanğıcında isə fərqdən çox ümumilik olur. ( 7; 68 )
Niyyətüm oldur ki, niyyət özgələrə qılmayam,
Yeg demişlər möminün zira əməldən niyyətin(5;500)
Bən cani-giran verdüm ana bənə ol eşqin,
Təlim edün ol bütdən yaxşılığı yamanə ( 5; 140).
Kəndü – öz
Adətən mənsubiyyət şəkilçiləri ilə işlənərək qayıdış mənası çaları yaradan “öz” sözü abidədə azlıq təşkil edir. “Öz” sözündən fərqli olaraq “kəndü” sözü Qazi Bürhanəddinin dilində geniş yayılsa da, ümumiyyətlə, ədəbi materialların dili üçün səciyyəvi olmamışdır. Hadi Mirzəzadə bu barədə yazmışdır. “Ehtimal etmək olar ki, bu qərb türkcəsinin təsiri nəticəsində bu və ya digər yazıçının dilində öz əksini tapmışdır”. ( 8; 136 )
Divanda həmçinin bu iki söz ( “öz” və “kəndü” ) paralel işlənmişdir.
Əsərdə geniş yayılmış bu hadisə digər orta əsr abidələrimizdə də qeydə alınmışdır.
Söyləyimədi dilüm ləli-ləbün vəsfini
Dedüm ana kəndüdən dil dilə dəprətməgil (5; 48)
Gözlərün sehr ilə düzdi könülümi özinə,
Qıldı hər gözüm yaşını bəhri-ümman afərin ( 5 ; 97).
Düş-uyxu (yuxu)
Xəyalün eşqinə gözüm yumaram,
Ki düş görməz isəm qılmaz isəm təhəllüm (5; 511)
Həram qıldı gözün uyxuyı bənüm gözümə
Həqiqətə baxıcax, billah, zəhi, sehri-həlal ( 5; 151).
Qazi Bürhanəddinin dilində, həmçinin, düş, uyxu sözlərindən əlavə yuxu sözünə də rast gəlinir.
Qancaru-necə
Bana tolaşdı zülfi dəxi kimi qoyısar
Qancaru vara fil çü o yaza başladı ( 5; 417).
Yüzini necə qılam vəsf necədür diyəyüm,
Ütarid anda çü şəl zöhrə çünki lal olısar ( 5; 418)
İnləmək-ağlamaq
Ağlasam, iniləsəm, yansam tapunda, ey nigar,
Mütrübü mey şahidü şəm ilə məcmə görsələr (5 ; 24)
2. Komponentlərindən biri türk mənşəli,digəri isə alınma sözlərdən ibarət olanlar.
Çəri- ləşkər
“Qoşun,ordu” mənalərını ifadə edən bu sözlərdən “çəri” türk mənşəlidir və abidədə geniş yayılmış lüğət vahidlərindəndir. “Ləşkər” sözü isə ərəb mənşəlidir və abidədə bir neçə yerdə özünü göstərir. Bundan başqa abidədə “qoşun, ordu” mənalarını ifadə edən “sipah” da işlənmişdir.
Zülfünlə gözün hindü həbəş çərisi ilə
Könlümə axar sülhə müsülman ələ girsə (5; 414).
Çü sən gisularunı tağıdasın,
Yüzə-yüz ləşkəri-cərrar döyiməz ( 5; 540).
Ləb-dodaq
Ləbünün qanı var idi yürəgimdə çünki sənün
Bir-iki kəlamı qıldun qamusın yuya buraxdun (5;182).
Dodağı busə dedivü həvalə qıldı yüzə
Əgərçi nəqd idi vəchi bir aya saldı bəni ( 5; 28).
Yüz –camal
Ləblərinün əsrükligi gözümdə dəgülmi?
Eşqi çiçəgi bitdi bu yüzümdə dəgülmi? ( 5; 51).
Cəmalünə nə nisbət qıla lalə
Nə dil bənzədi bilə səni lalə ( 5; 110).
Qan-xun
Gözi könüli oxladıvü ləli-ləbindən
Bir şübhə düşər anda əgər qanı var isə ( 5; 490)
Gözlərüm intizar ilə nə kim çəkər isə,
Dildən irürə xun ilə ümmana seylini( 5; 490).
Əsrük-sərxoş
Gözüni əsrükü ləblərüni meygun görəli,
Dayima öz-özümi əsrükü heyran sevərəm (5; 437).
Yarun cəmali dünyədə bədr aya bənzəməz,
Sərxoş gözi cəfası bizi aya bənzəməz ( 5; 424).
Tapu-xidmət
Ya ruh demədin dəxi can tapuna varur,
Bir rəmz ilə dək dəpgil, əgər dilər isən yar (5 ; 63).
Gərçi təqsirü günah oldı qulundan xidmətə,
Sizdən oldı canumuza lütfü ehsan, afərin ( 5 ; 97).
Sayru – xəstə
“Naxoş,xəstə” mənalarını ifadə edən “sayru” sözü qədim türk mənşəlidir və hətta, abidədə “xəstəlik” mənasında daha çox “sayruluq” işlənir. Səciyyəvi haldır ki,bu gün ədəbi dilimizdə istifadədən qalmış “sayru” sözünün izlərinə Borçalının Kosanlı kənd şivəsində rast gəlmək mümkündür (9 ; 234)
Ləbün möcüzəsi dirildür ölüyi,
Sağaldur gözün sayruyı zi kəramət ( 5 ; 182).
Xəstəyə olan şifa, əhdinə qılan vəfa,
Məclis içində səfa gül bitürən xar eşq ( 5; 21)
Saç-zülf
Saçun qılında dili gör ki, sirrimüz əyan olsun
Nə sərmayə gərək bizə,qo südümüz ziyan olsun (5 ;120)
Zülfiylə yüzinə gecə-gündüz mühəyyirəm,
Eşqüm neçə ki, gizlü isə sezəsincədür ( 5 ; 125).
3. Hər iki komponenti alınma sözlərdən ibarət olanlar.
Dildar-yar
Günəşdür yüzi dildarun, ilahi müstəqim olsun,
Könüli saxlasun allah anun yüz zəvalından ( 5 ; 23).
Yar işin, gör yarışın,gör uyıdub oyarışın,
Bu qamusı ilə eşqi kəmakəm uyar işin gör ( 18 ; 309).
Xunriz-xunxar
Görəli zülfi kəməndi ilə xunxar gözin,
Hər gözi qəmzəsinə bin başı bir alma derəm ( 18 ; 138).
Bir nəm dilər könülüm ta əm ola ləbündən,
Hər dəm bu gözdə əşki-xunrizi neylərəm bən (18 ; 520).
Ləşkər-sipah
Qazi Bürhanəddinin dilində işlənən bu sinonim cərgə qoşun, ordu mənalarını bildirir. Ləşkər ərəb mənşəli sözdürsə, sipah isə fars mənşəlidir.Maraqlıdır ki, Qazinin divanında ordu mənasında qədim türk mənşəli çəri sözü də işlənmişdir. Çəri sözü müasir ədəbi dilimizdə arxaikləşsə də, bu söz qoşun, ordu mənasında bu gün də müasir Türkiyə türkcəsində işlənməkdədir.
Başumda ləşkəri-sevda çü düzdi xəyl xanəsi
Əcəb dutma, əgər bu tən xəyal ola xəyalından (5 ; 23).
Dil saçına vardı, dəgdi gözi oxına,
Gördi siyahınü anlamadı sipahın ( 5; 65).
Üşşaq-aşiq-divanə
Bu iş necə üşşaq arasında olısar rast
Ki, aşiq ola bixudü məşuq ola xud pay ( 5 ; 420)
Zülf ilə aşüftəyüz, badi-həvadan dəgül,
Aşiqi-divanənün işi riyadan dəgül ( 5 ; 657).
Mey-şərab
Ləlün kibi mey neçəsi şirin olısardur,
Şəkkər ağızun kibi xoş ayəndə dəgüldür ( 5 ; 253).
Cigər kəbabü yaşumdur şərab, işbu əcəb
Ki, könülüm geyigi qəmzəsi ilə məcruh ( 5 ; 227).
Bədr-qəmər-mah(ay)
Ərz edər isə hüsnüni yılduzlara gecə
Dəxi deməyə müştəri bədr aya ki, mahi ( 5 ; 393).
Badə-qədəh
Gəl, ey saqiyi-səmənbər, bizə tolu badə vergil,
Biribi həvan odını qəmi cümlə bada vergil (5; 398).
Əvvəl içəndür gözüm eşq qədəhlərini,
Caridür anun içün gözümə idrari-eşq (5; 56).
“Divan”da biz əslində onlarla belə leksik paralelliyə rast gəlirik. Lakin bu sadəcə tədqiqat işimizin kiçik bir hissəsi olaraq bu misalları gətirməklə kifayətlənə bildik. Onu da qeyd etmək lazımdır ki, “Divan”ın dilində sinonimlər çox vaxt cüt şəkildə işlənir. Çünki sinonimlər bədii dildə cüt işlənəndə ifadəni daha da dəqiqləşdirə bilir.
ƏDƏBİYYAT
1. Səfərli Ə., Yusifov X. Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı. Bakı, “Ozan” nəş-tı, 2008
2. Cəfərov S. Müasir Azərbaycan dili (leksika) . II cild, Bakı, “Şərq-qərb”, 2007
3. Dəmirçizadə Ə. Azərbaycan dilinin üslubiyyatı, Bakı, 1962.
4. Əfəndiyeva T. Azərbaycan dilinin leksik üslubiyyatı. Bakı, “Elm”, 1980
5. Qazi Bürhanəddinin “Divan”ı. Bakı, “Öndər”, 2005
6. Hacıyev T. Azərbaycan ədəbi dili tarixi. Bakı, ADU nəşri, 1976
7. Məmmədova Afaq. “ Dədə Qorqud Kitabı”nın leksikası. Bakı ׃ 2009
8. Mirzəzadə H. Azərbaycan dilinin tarixi rammatikası. Bakı, AU nəşri, 1990
9. Azərbaycan dilinin qərb qrupu dialekt və şivələri. I cild, Bakı, AMREA nəşriyyatı, 1967
10. Azərbaycan SSR Elmlər Akademiyası Nizami adına Ədəbiyyat və Dil İnstitutu. Ərəb və fars sözləri lüğəti. Bakı, ASSRİ nəşriyyatı, 1966
Elvin Paşayev