Qazinin ayağı

68 Baxış

shamil-sadiq-300x300Senet.az  f.ü.f.d.,dos. Şəmil Sadiqin “Aydın Yol” qəzetində çap olunmuş “Qazinin ayağı” hekayəsini təqdim edir.

 

- Mən indi də istəyirəm, sözü hamımızın əzizi, dostu, vətənin layiqli, dəyərli oğlu, …

- Qısa elə. Çox uzatma.

- Yox Kənan, mən burda olan dostların adından demək istəyirəm ki, biz hamımız sənin yanında üzüqarayıq. Çünki bu millət üçün, bu vətən üçün, canından belə keçməkdən qorxmamısan. Amma təəssüflər olsun ki, sənin dəyərini bilmirik. Bu vətən, bu millət sənə layiq ola bilmədi…

- Ə, nə gic-gic danışırsan? Mən kiməm ki, vətən mənə layiq ola bilməsin? Sən bilirsən nə danışırsan? Başın xarab olub, sənin?! Mənim kimi bir-iki dılğır gedib döyüşüb deyə bu millət, bu torpaq nə etməli idi ki? Mən indi milyoner olsa idim, demək ki vətən və ya dövlət mənim qədrimi bilmişdi. Boş şeylərdir bunlar. Mən kimdənsə medal almaq üçün getməmişdim döyüşə, bunun üçün gedənlər, yəqin ki məqsədlərinə çatıblar, sən narahat olma. Mənə görə üzüqara olmağınızda da çox səhv edirsiniz. “Vapşe” sizinlə oturandadır günah. Sən kimsən əəə, mənə yazığın gəlsin.

Kənan son sözünü bu cür deyib uzun illərdir görüşmədiyi dostların məclisini tərk etmişdi həmin gün. Dostlar nə qədər çağırsalar da, geri qaytara bilməmişdilər. Xasiyyətini də bildikləri üçün israr da etməmişdilər. Onun nə qədər kövrək və əsəbi olduğunu hamısı bilirdi. Yaxın dostları onu tanıdığı üçün içki məclislərində ehtiyatlı davranırdılar. Bu dəfə nəsə diqqətdən qaçmışdı.

Öz kiçik maşınında oturmuş, ən yaxın dostu olan düşüncələrə dalmışdı.

Onun ayağı üşüyürdü. Təkcə sol ayağı idi üşüyən. Lap barmaqlarının keyiməsini, daşlaşmasını belə hiss edirdi. Hərdən ona elə gəlirdi ki, əlini atıb çəkməsini çıxararaq ayağını ovuşdursa, bir az da olsa, qızınar sol ayağı. O həmişə qışın gəlməsini, ayağının bu cür üşüməsini çox istəyirdi. Çünki qış olmayanda o qədər də hiss etmirdi ayağını. Fərqinə belə varmırdı ki, onun ayağı var, ya yox. Ayağını maşının peçinin istisinə tutub qızdırırdı. Qızdıqca da üzündə təbəssüm oyanırdı. Sonra da rahatlayır və keyi açılmış ayağını hiss edir, öncə baş barmağını, sonra isə digər barmaqlarını tərpətməyə çalışırdı. Amma alınmırdı. Baş barmağından başqa bütün barmaqları bütövlükdə tərpənirdi. Çox cəhd edirdi, amma alınmırdı ki, alınmırdı. Hərdən buna əsəbləşsə də, sanki bu oyundan həzz alırdı. Sonra yenə, sonra yenə. Amma alınmırdı. Birtəhər baş barmağını digər barmaqlarından ayırmağı bacarırdı sadəcə. Bununla da təsəlli tapırdı. Sonra yenidən qara, çovğuna baxıb ayağının üşüməsini xəyal edir, həmin oyunları təkrar edirdi.

Bu anlarında Ağdam uğrunda gedən döyüşləri xatırlayırdı həmişə. Güllə yağışının altında yaralı vəziyyətdə qalan əsgər yoldaşını qurtarmaq üçün irəli atılması  və komandirin: “Kənan, dayan, getmə!” -əmrini eşitməsi və qaçması qarışıq şəkildə qulağlarında eşidilir, gözlərində canlanırdı. Davam edirdi. O artıq yaralı dostuna yetişmişdi. Komandirin əmrlərini də eşitmirdi. Göydən yağan alovu hiss etmədən başını dostunun sinəsinə qoyub “bir az da, döz, səni çıxaracam burdan” deyirdi təngnəfəslə.

Yaddaşını illərdir girov götürən sadəcə bu xatirələr idi Kənanın.

Birdən ayağının qaşındığını hiss etdi. Düz baş barmağının arasındakı mazol idi qaşınan. Müharibənin bitməsindən 10 il keçsə də, sanki həmin mazol yerində idi və onu hərdən narahat edirdi. Qaşımaq keçdi ürəyindən. Hər şeyi unutmuşdu yenə. Hər şey on il bundan öncəki kimi idi sanki. Çəkməni çıxarıb dəlicəsinə qaşımaq, qaşımaq istəyirdi, ayağının dərisini soyacaq qədər dəlicəsinə. Qaşınmaya dözmədi Kənan. Bir az da bezikmiş şəkildə əlini ayağına atdı ki, qaşısın. Elə bu zaman onu ağlamaq tutdu. Havada qalan sağ əlini sol əli ilə qaytarıb sürət qutusunu dəyişən tutacağın üstünə qoydu. Başını da rulun üstünə. Elə hönkür-hönkür ağladı ki. Lap həmişəki kimi. Həmişə belə olurdu. Ayağını qaşımaq istəyəndə əlini atar, ya qəstil, ya da boşluq əli geri itələrdi. Və o zaman onu ağlamaq tutardı. 10 il keçməsinə baxmayaraq, o, hələ də ayağının baş barmağını qaşımaq istəyirdi.

Ayağı olmasa da, o beynindən ayağını qaşımaq siqnalı alırdı. O sadəcə təsəvvür edə bilirdi. Ayağının dizdən aşağı hissəsi olmasa da, Kənan bunu beynində hiss edə bilirdi.

Ağdamda qalmışdı ayağı. Kim bilir, bəlkə, də hansısa ac bir heyvanın yemi olmuşdu. Bəlkə də hansısa bir it o ayağı yemiş, sümüyünü gizlətmək üçün yerə basdırmışdı. Bəlkə də Ağdam kimi kimsəsiz qalmış böyük bir qəbirin içində mamır basmışdı.

Kənan hər ayağı üşüyəndə vətəni, vətəni üşüyəndə ayağını xatırlayırdı.

Xəyala dalmağı çox yaxşı bacarırdı Kənan. Ayağı üçün o qədər hadisələr, o qədər zarafatlar, o qədər romantika uydururdu ki, özü belə gülürdü. Amma kiməsə danışmaqda əziyyət çəkərdi. “Sən bilmirsən eeee, sən bilmirsən”,- deyib gözlərinin yaşını silərdi.

Dostunu xilas etməyə gedəndə yanında partlayan qumbara dostunu və ayağını ondan almışdı. Müharibədən sonra evlənsə də, hələ ki uşağı olmamışdı. O uşağı necə əzizləməyi bacarmasa da, hərdən ayağını qundağa büküb əzizləməyi bacarırdı xəyallarında. Axı ayağı da nə vaxtsa olacaq uşağı kimi canından bir parça idi.

Hərdən fikirləşirdi ki, kaş itirilmiş ayağını özü ilə gətirə biləydi və onu yaxında bir yerdə basdıra idi. Bəlkə, onda hərdən ayağını ziyarətə gedər və doyunca ağlayardı. Nə itirilimiş torpaqların, nə də ayağının məzarı var idi təsəlli almağa.

Gündüzlər çölə-bayıra çıxmırdı. Utandığından yox, əsəbiləşdiyindən çıxmırdı. Ona yazığı gələnlərə əsəbləşirdi. Hələ bir vətənpərvər kimi görünüb “bu da Qarabağ əlilinin vəziyyəti” deyib ona yazığı gələnlərə əsəbiləşirdi. Ona görə əsəbiləşirdi ki, axı o Qarabağda döyüşməmişdi ki, dövlət buna görə ona xüsusi imtiyazlar versin. Axı o ona görə döyüşməmişdi ki, ayağını vurub qoltuğuma məmurların qapısını döyüb “mən Qarabağ əliliyəm, mənə torpaq verin, dükan verin, pul verin” desin və bu vəziyyətindən sui-istifadə etsin. Onun üçün VƏTƏN vardı. Və bu VƏTƏN üçün döyüşdüyünə görə kimdənsə nə təşəkkür, nə də sağ ol eşitmək istəyirdi. “Borcum idi, yerinə yetirmişəm, vəssalam, zəhmət çəkin öz adınızdan danışın”,-deyərdi.  Bir az qeyri-adi görünsə də, Kənan belə adam idi. Sadəcə ona verilmiş veteran maşını ilə gecələr taksi sürür, günlərini keçirirdi. Gündüzlər də kitab oxuyurdu.

Kənan bu dəfə maşınların işığında lopa-lopa yağan qarı seyr edərək Masazır dairəsində öz müştərisini gözləyirdi. Gecə saat 12 olsa da, müştəri yox idi. Yer  bir o qədər də ağarmamışdı, amma belə yağsa, tezliklə ağaracaqdı. Səhər Kənan yenə qara baxıb ayağını xatırlayacaqdı. Xatırlamaq ona yaman əyləncəli gəlirdi. Bu düşüncələr içində evə qayıtmağı fikirləşirdi ki, qapı açıldı. Bir nəfər salam verib maşına oturan kimi, “Ağdama sür”,-dedi – “bir az yaxşı sür.” Qardaşımın ayağı maşın altında qalıb əzilib. Kəsməyə hazırlaşırlar. Xahiş edirəm, təcili məni Ağdama çatdır.

Kənan bunu eşidəndə gülümsəsə də, müştərisi hiss etmədi.

Və o, Ağdama ayağının dalınca getdi… 

Bəlkə, bir daha qayıtmayacaqdı. Axı hərdən dəli şeytan onu maşını sürüb işğal altındakı torpaqlara keçməsini istəyirdi. Bəlkə, elə bu bir zərurət idi… 

Bölmə : Nəsr
KÖŞƏ YAZARLARI
TOP 10